Həyata ikinci dəfə başlamaq cəsarəti

Narkotikdən bir dəfəlik imtina etmək istəyən Paşa Səlimov: «Keçmişə qayıtmaq dəhşətlidir»

«İldə üç-dörd dəfə narkoman kimi müalicə olunurdum. Oğlum doğulandan sonra insan olmaq istədim. «Metodon»la mən yaşamağa başladım. Ailədə də mənə inam artdı. Nəyi itirmişdim onu yenidən əldə etdim. Anamın gülüşünü, inamını, dostlarımı və sevincimi qaytardım».


Uçurumun kandarından qayıdıb, həyata ikinci dəfə başlamaq cəsarət və hünər istəyir. Kamilə Sultanova da belə hünər sahiblərindəndir. Altı ay əvvəl narkotikadan asılılığının ənənəvi üsulla müalicənin fayda vermədiyini görüb o, sintetik nakortik sayılan «metodon»la müalicə proqramına qoşulur. Bu proqram Azərbaycanda artıq iki ildir fəaliyyət göstərir.


Nazirlər Kabinetinin narkotik və psixotrop maddələrin tibbi məqsədlərlə istifadəsi, habelə narkoloji xəstələrə tibbi tədbirlərin tətbiqi qaydaları haqqında qərarı var. Elə bu qərara əsasən də 2004-cü ildən Azərbaycanda əvəzedici müalicə proqramları fəaliyyətə başlayıb. Yəni dəfələrlə müalicə olunsalar da, narkotikdən imtina edə bilməyənlər Respublika Narkoloji Dispanserin baş həkimi ilə müqavilə bağlayır və gündəlik dispanserə gedərək narkotiki əvəzləyən «sintietik metodon» adlı maddəni qəbul edirlər. İndiyədək bu proqramda 124 pasient iştirak edib. Hazırda onlardan 89 nəfəri proqramda qalıb.


Bu proqram Avropa ölkələrində tətbiq olunsa da, mütəxəssislərin onun müsbət və uğursuz yönləri haqda mübahisələri həmişə davam edir. Həkimlərə görə, proqramın üstün cəhəti odur ki, uzun müddət narkotik maddədən istifadə edən xəstə əvəzedici maddə qəbul etdikdə ağırlar aradan qalxır. Eyni zamanda, sosial reabilitasiya gedir. Yəni işdən, ailədən təcrid olunanlar normal həyata qayıdır, oğul-uşaq, iş-güc sahibi olurlar.


Həmsöhbətim Kamilə Sultanova da - yeri gəlmişkən, ad şərtidir-«metodon» proqramına qoşulandan bəri həyatından məmnundur. Amma o bu xoşbəxtliyin bitəcəyindən qorxur. İki ay öncə «metodon» preparatı qurtaranda və onun Sloveniyadan gətirilməsi ilə bağlı 47 günlük fasilə yarananda ağrıların şiddətinə dözə bilməyib yenidən narkotikdən istifadə edib. Axı dedim ki, bu proqramın çatışmayan cəhəti də var. «Metodon» sintetik də olsa narkotikdir və xəstədə başqa narkotik maddələr kimi asılılıq yaradır. Respublika Narkoloji Dispanserin «metodon» əvəzedici müalicə şöbəsinin həkimi Afət Məmmədova deyir ki, preparatın arası kəsiləndəsə ağrılar daha da şiddətlənir: «Preparat kəsiləndə ağır sindromlar yaranır və bu sindrom təbii narkotiklərin yaratdığı sindromlardan daha ağırdır».


Kamilə Sultanova da, bu proqramda tanış olduğu Paşa Səlimov da (onun da adı şərtidir) danışırlar ki, həmin 47 gün onlar üçün böyük sınağa çevrilib. «Biz şokdaydıq. Bu fasilədə biz nələr çəkdik! Məcbur qaldıq narkotik çəkdik. Bu müalicəni dayandırmaq olmaz. Böyük dozada narkotik istifadə etməyə başladıq. Ölə də bilərdik…»


Paşa Səlimovun sözlərinə görə, preparatın qurtarması haqda onlara cəmi bir gün qalmış xəbərdarlıq olunub. «Preparat olmayanda dəhşətli ağrı verir. Onda gərək yüksək dozada narkotik qəbul edəsən. Bir neçə nəfər ağrıya tab gətirmədi dünyasını dəyişdi. Bir xəstənin yoldaşı isə dözmədi özünü asdı. Keçmişə qayıtmaq çox dəhşətlidir».


«Baş həkimin yanına getdik, kömək istədik. Bizə dedi ki, indiyədək nə etmisən, onu da elə. Axı bunu hansı həkim deyə bilər? Axı biz o yoldan dönmüşdük. Təzədən yenə narkotikə qayıdaq?»


Narkoloji Dispanserin həkimi Afət Məmmədova xəstələrin dediklərin təkzib edir. Deyir ki, əksinə həmin günlərdə xəstələrə stasionar müalicə təklif ediblər. Bəziləri də bu təklifi qəbul edib. Hətta bəzisi bu müalicədən sonra proqramı tərk edib. «Bir də ki, artıq proqram davam edir, preparat da gətirilib, keçmişə qayıtmağın nə mənası var» deyir Afət Məmmədova…


Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat Mərkəzinin rəhbəri Vahid Nağıyev deyir ki, arada yaranmış fasilə onların günahı ucbatından olmayıb. Sadəcə, bəzi sənədləşmələr və Sloveniya tərəfi preparatın göndərilməsini yubadıb. Növbəti dəfə eyni vəziyyətin yaşanmaması üçün Sloveniyaya indidən sifariş veriblər. Növbəti dərman preparatı yaxın zamanlarda gəlməlidir. Ancaq bununla belə, həkim etiraf edir ki, heç nədən sığortalanmaq mümkün deyil.


Elə xəstələr də bundan narahatdırlar. Və indi onlar bu yubanmalara görə, proqramın birdəfəlik dayandırılmasından qorxurlar. Həkim Afət Məmmədovanın sözlərinə görə, hələlik bu haqda söhbət getmir və bir də bu haqda qərarı yalnız Nazirlər Kabineti verə bilər. Növbəti şokun yaranmaması üçün dozanı aşağı salmağa və preparatdan qənaətlə istifadəyə başlayıblar.


«Konkret demək olmur ki, bir kiloqram nə qədər işlənə bilər. Bu müraciət edən xəstədən, fərdi dozadan asılıdır. Buna görə də proqrama xəstə qəbul etmirik.»


Əvəzedici müalicə proqramının növbəti mərhələsi detoksikasiya ilə əvəzlənə bilər. Doza tədricən azaldıla və beləliklə xəstə «metodon»dan imtina edə bilər. Bunun üçünsə preparatın stabil qəbulu lazımdır. Gələcəkdə narkotikdən bir dəfəlik imtina etmək istəyən Kamilə Sultanova deyir ki, özü üçün yaşaya bilməsə də, anası və övladı üçün yaşamaq istəyir: «Yaşamaq istəyirəm. Biz də insanıq. Biz də bir övladın valideyni, bir ananın uşağıyıq. «Metodon» bizə çox kömək edib. Gərək axıra çıxartsınlar. Bizə kömək edin!»