Həmrəylik, yoxsa gündəmdə qalmaq?

İran səfirliyi qarşısında aksiyalardan biri. May, 2006

Azərbaycanda İranla bağlı keçirilən etiraz aksiyalarının səmimiliyi, ölkədə belə bir hərəkatın mövcudluğu və ya güclənməsi, heç də hamıda eyni reaksiya doğurmur. Məsələn, sentyabrın 22-də İranın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirən Milli İstiqlal Partiyası Siyasi Şurasının üzvü Ceyran Əmsər deyir ki, aksiyaları keçirməkdə məqsəd orada yaşayan azərbaycanlıların hüquqlarını müdafiə etməkdir. Partiyanın Siyasi Şurasında qərara alınıb ki, Bakı Şəhər İcra Hakimiyyəti icazə verməsə belə, etiraz aksiyaları davamlı olaraq keçirilsin: «Biz soydaşlarımızın müdafiəsində israrlıyıq. İndiyə qədər bununla bağlı bir neçə silsilə tədbirlər keçirmişik və bundan sonra da keçirməkdə qərarlıyıq».


Amma siyasi ekspertlərin hamısı heç də bu aksiyaların konkret olaraq İranda yaşayan azərbaycanlıların mənafeyi baxımından təşkil edildiyini demirlər. Politoloq Zərdüşt Əlizadə deyir ki, Azərbaycanda İranla bağlı heç bir hərəkat yoxdur. Ona görə də onun güclənməsi barədə danışmağa dəyməz. Etiraz aksiyaları isə sadəcə, bəzi adamların gündəmdə qalması üçün lazımdır: «Sadəcə, hökumətdən sifariş alan, Azərbaycanın daxili məsələlərini həll etməyə qüdrəti çatmayan adamlar, üzdə olmaq, adlarının hallandırılması üçün boş-boş şeylərlə məşğuldurlar».


Cənab Əlizadə əlavə edir ki, öz ölkəsində olan milli problemləri həll etməyə qadir olmayanların xarici dövlətin daxilindəki problemlərə müdaxiləsi anlaşılan deyil. Ekspertlər arasında İrana qarşı belə aksiyaların xarici dövlətlərin sifarişi ilə yerinə yetirildiyini istisna etməyənlər də var.


Politoloq Rasim Musabəyov isə hesab edir ki, İranda yaşayan azərbaycanlıların xeyli problemləri var. Ona görə də Azərbaycanda bununla bağlı etiraz aksiyalarının keçirilməsi təbii haldır: «İlk növbədə İrandakı azərbaycanlıların dili və mədəniyyəti ilə bağlı təhqiramiz hadisələr baş verir. Həbslər mövcuddur. Buna etiraz etməyə hər halda zərurət var. Mən etiraz etmək istəyən insanların səmimiliyini şübhə altına almaq istəməzdim». Cənab Musabəyov hesab edir ki, etiraz aksiyalarının səbəbini axtarmaqdansa, onu həmrəylik addımı kimi dəyərləndirmək lazımdır.


Politoloqların bəziləri isə düşünürlər ki, İran səfirliyinin qarşısında keçirilən aksiyaların hansı məqsəd daşıdığını təşkilatçının kimliyi və fəaliyyəti ilə də müəyyənləşdirmək olar. Əgər aksiyanı həyata keçirən qurumun başqa istiqamətlərdə fəaliyyəti nəzərəçarpan deyilsə, deməli, onun bu addımı gündəmə gəlməyə hesablanmış hərəkət də ola bilər.