«Biz Avropa standartlarına uyğunlaşmaq niyyətindəyik»

11 saylı cəzaçəkmə müəssisəsi

Məhbus Bəxtiyar Yusifov həbsxanada cəza çəkdiyi müddətdə vaxtını keçirmək üçün musiqi ansamblı yaradıb. Özü oxuyur, iki məhbus yoldaşı da qarmonda və gitarada ifa edir. Bəxtiyar deyir ki, onun ifa etdiyi mahnılar çoxdur, ancaq bugünkü həyat tərzinə yaxın olduğundan Eyyub Yaqubovun repertuarından «Kim bilir» mahnınısını daha çox oxuyur.

Bəxtiyar deyir ki, hələ yaxşı imkan olsa, musiqi alətləri yenilənsə, qrupları daha fəallaşar. Ayda-ildə bir dəfə konsert verdikləri klublarının qapısı hər gün açıq olar: «Musiqi barədə bizdə kasadçılıqdır. Qarmondur, gitaradır, aparaturadır… Bizdə sintezator yoxdur, nazirlik sintezator alınmasına kömək etsə, lap yaxşı olar».


Bəxtiyarın ansamblının konsert verdiyi klubun yuxarı hissəsinə Azərbaycanın dövlət bayrağı ilə yanaşı Avropa Şurasının üstündə 12 qızılı ulduzu olan göy rəngli bayrağı da vurulub. İndi Avropa Şurasının ekspertləri Azərbaycanın cəzaçəkmə yerlərinə tez-tez baş çəkirlər, Ədliyyə Nazirliyi ilə birlikdə proqram həyata keçirirlər. Proqramın rəhbəri Roman Hunya deyir ki, avropalı ekspertlərin məqsədi Azərbaycanın cəzaçəkmə yerlərini Avropadakı cəzaçəkmə yerlərinin standartlarına uyğunlaşdırmaqdır. Həmin standartlara görə, cəzaçəkmə yerində məhbusun hüquqlarına hörmət edilməli, ona mümkün qədər tək qalmaq imkanı verilməli, qaldığı otaq yaxşı işıqlanmalı, istilik və havatəmizləmə sistemi olmalıdır. Bura normal qidalanma, həkim nəzarəti, istirahət etmək, hüquqi xidmətlə təmin olunma da daxildir. Ən başlıcası, şərait elə olmalıdır ki, məhbus azadlığa sağlam və normal insan kimi çıxa bilsin.

«Biz rejim qaydalarına riayət etməliyik», «Öz hüquqlarım deyəndə, cəzanı çəkməliyik, pis-yaxşı», «Azərbaycanda hər şey puldur…»
Roman Hunya deyir ki, o və proqramın digər ekspertləri Azərbaycandakı bütün cəzaçəkmə olublar: «Biz əsas iki aspektə diqqət edirik. Cəzaçəkmə yerlərinin idarə edilməsi nə dərəcədə səmərəlidir, məhkumlarla rəftar, onların cəmiyyətə qayıdışı prosesi necə təşkil edilir. Qiymətləndirməmiz isə məxfidir, ictimaiyyətə layihə bitəndən sonra məlumat verəcəyik».


Layihə çərçivəsində Avropa Şurası ekspertləri ilk əvvəl 1 saylı cəzaçəkmə müəssisəsini digər müəssisələr üçün modelə çevirmək istəyirlər. Mən burdakı məhbusların bir neçəsindən onların saxlanma şəraitinin Avropa standartlarına uyğun olub-olmaması, ümumiyyətlə bu standartlar haqqında eşidib-eşitməmələri haqqında soruşdum. Başlarını yellədilər, deyəsən qəliz oldu. Onda belə soruşdum ki, bəs hüquqlarınız haqqında nə bilirsiniz. Cavabları belə oldu: «Bu bir az çətin oldu. Hüquq-zad, bir adamı tutub salıblar «reşotka» dalına, nə dedilər onu da eləməliyik», «Biz rejim qaydalarına riayət etməliyik», «Öz hüquqlarım deyəndə, cəzanı çəkməliyik, pis-yaxşı»,


«Azərbaycanda hər şey puldur…»


Ədliyyə Nazirliyi İnsan Hüquqları İdarəsinin rəisi Faiq Qurbanov isə deyir ki, uzun müddət cəzaçəkmə yerlərində nöqsanlar olub, elə indinin özündə də həmin nöqsanlara qarşı işlər görülür:


«Biz Avropa standartlarına uyğunlaşmaq niyyətindəyik. Bu gün əgər biz desək ki, Azərbaycandakı cəzaçəkmə yerləri Avstriyadakı, Almaniyadakı kimidir, həqiqətdən uzaq olarıq. Ancaq Azərbaycan dövlətinin niyyəti və iradəsi var ki, gələcəkdə bu sistem həmin ölkələrə uyğunlaşdırılsın».


«Kim bilir» mahnısını zümzümə edən Bəxtiyar isə deyir ki, o bu mahnını oxumaqla deyə bilmədiklərini, demək istəyir: «Əvvəlkinə baxanda indiki şərait pis deyil, yemək baxımından deyirəm. Ancaq həyatdan çox yorulmuşam, əzab-əziyyət çox olub, gələcək haqqında isə onu düşünürəm ki, prezident ya əfv, ya da amnistiya versə, çıxarıq».


Bəxtiyar onu da dedi ki, onların ansamblına yeni musiqi alətləri versələr lap yaxşı olar. 5 il cəza çəkən adam kimi deyir ki, musiqi məhbusun cəmiyyətə qayıtmasına çox kömək edir.


Avropa Şurası ekspertləri isə Azərbaycanın cəzaçəkmə yerlərinin Bəxtiyarın cəmiyyətə normal qayıtmaq istəyinin də əks olunduğu standartlara çatması üçün ilkin olaraq gələn ilin iyul ayına qədər işləməyi planlaşdırırlar.