Yılmaz Vural Azərbaycana gələ bilər

Futbol mütəxəssisi Yılmaz Vural

-

Türkiyə mediası futbol mütəxəssisi Yılmaz Vuralın Azərbaycan yığmasına baş məşqçi gətiriləcəyi iddialarına yer verib.

Türkiyənin «Cümhuriyet» qəzetinin yaydığı xəbərə görə, Yılmaz Vural Azərbaycan Milli Futbol Komandasına baş məşqçi gətirilə bilər. O, Anadolu Agentliyinə (AA) bəzi əcnəbi mütəxəssislərlə yanaşı, özünün də adının hallandığını bildirib: «Mən də ən qüvvətli namizədlərdən biriyəm».

Yılmaz Vural AA müxbirinə açıqlamasında Avropa-2016 Futbol çempionatının seçmə mərhələsində «H» qrupunda oynadığı 3 matçın hər üçünü uduzandan sonra vəzifəsindən istefa edən Berti Vogts-u əvəzləmə imkanlarından danışıb: «Azərbaycanda buradakı qədər sevilirəm. Oraya getdiyimiz zaman gömrükdə məndən pasport soruşmurlar. Danışığımız, mədəniyyətimiz eyni olduğundan orada özümə doğma münasibət görürəm. Dolayısıyla hər zaman Azərbaycanın gündəmindəyəm».

Ötən il Türkiyədə Super Liqaya yüksələn «Mersin İdman Yurdu»nu yarım mövsüm çalışdıran 61 yaşlı mütəxəssisin sözlərinə görə, «Azərbaycan Futbol Federasiyasından mənə rəsmi təklif gəlməsə də, bir neçə əcnəbi məşqçi ilə bərabər mənim də adım masadadır. Mən də ən qüvvətli namizədlərdən biriyəm».

İndiyədək milli komanda çalışdırmayan Vural bir ölkə yığmasına rəhbərlik etməsini özünə şərəf sayacağını vurğulayıb:

«Azərbaycan potensialı olan bir komandadır. Maliyyə baxımından dəstəklənir və sürətlə qurumlandırılır. Oraya bir xidmətimiz olsa, qürur duyaram».