Hemingway-in günə 1 dollar maaş verdiyi gənc yazar

Ernest Hemingway balıq tutarkən Arnold Samuelson-lə danışır, Pilar yaxtası, 1934-cü ilin yayı.

-

Gənc yazar Arnold Samuelson öz kumiri Ernest Hemingway-lə görüşmək üçün Minnesotadan Key West-əcən 2 min mil məsafə qət etmişdi.

Çağrılmamış qonaq idi.

“...Mən Hemingway-in Key West-dəki evinin qapısını döydüm. Qapını açıb qarşımda dayandı. Üzündə narazılıq ifadəsi vardı. Gözləyirdi ki, danışım, nəsə deyim. Əvvəlcədən hazırladığım sözlərin biri də yadıma düşmədi. Hündürboylu, enlikürək adam idi. Bir qədər irəli əyilmişdi, sanki boksçu kimi zərbə vurmağa hazırlaşırdı” – Samuelson xatırlayır.

Samuelson Minnesota Universitetində jurnalistliyi oxumuşdu. Amma sonda diplom işi üçün 5 dollar ödəniş etməkdən imtina eləmiş, skripkasını da götürüb ABŞ-ı gəzib-dolaşmağa başlamışdı. Səyahəti haqda bir neçə yazını “Sunday Minneapolis Tribune” qəzetinə sata da bilmişdi.

1934-cü ilin aprelində Samuelson “Cosmopolitan”da kumirinin bir hekayəsini oxuyandan sonra qərara gəlmişdi ki, görüşüb ondan məsləhət alsın.

“Nə istəyirsən?” – nəhayət Hemingway soruşur. Samuelson hardan və niyə gəldiyini izah edəndən sonra yazıçı məşğul olduğunu deyir və ertəsi gün günorta 2-nin yarısı onu qəbul edə biləcəyini söyləyir.

Ernest Hemingway öz tüfəngi ilə

Samuelson ertəsi gün baş tutan görüş barədə yazarkən qeyd edir ki, yazıçı onu məsafədə saxlayırdı: “Mən evin içindəydim, amma həm də evdə deyildim. Sanki biz küçədə söhbət edirdik”.

Samuelson yazıçıya deyir ki, bədii əsər yazmaq onun üçün çətindir. Hemingway ona bəzi məsləhətlər verir. Deyir ki, “heç zaman bir oturuma bacardığından artıq yazma, özünü tükətmə, ertəsi günə də nəsə saxla”. Yaxud “yazmaq üçün masa arxasına keçəndə dünən yazdıqların üzərində işləyib yenidən yaz”.

Hemingway gənc yazara onu da məsləhət görür ki, çağdaş yazarları bir kənara “atsın” və “vəfat etmiş böyük yazıçılarla yarışsın”.

“Onları ötüb keçəndə anlayacaqsan ki, səndən yaxşı yazıçı olacaq”.

Hemingway gəncdən hansı yazarları oxuduğunu soruşur. Məlum olur ki, o, Tolstoyun “Hərb və sülh”ünü oxumayıb.

“Dəhşət kitabdır” – Hemingway deyir, - “Gərək oxuyasan”.

Bundan sonra yazıçı gənci evinin arxasındakı şəxsi kitabxanasına aparır, bir siyahı tutur və gəncə həmin siyahıdakı kitabları oxumağı məsləhət görür:

Ernest Hemingway-in Samuelson üçün tərtib etdiyi siyahı

“Mavi otel”, Stephen Crane

“Qayıq” (Open boat), Stephen Crane

“Madam Bovari”, Gustave Flaubert

“Dublinlilər”, James Joyce

“Qırmızı və qara”, Stendhal

“İnsan hisslərinin yükü” (Of Human Bondage), Somerset Maugham

“Anna Karenina”, Lev Tolstoy

“Hərb və sülh”, Lev Tolstoy

“Buddenbrook ailəsi”, Thomas Mann

“Hail and Farewell”, George Moore

“Karamazov qardaşları”, Fyodor Dostoyevsky

“İngilis şeirinin Oksford antologiyası”

“Nəhəng otaq”, E.E. Cummings

“Uğultulu təpələr”, Emily Bronte

“Uzaqda və çoxdan”, W.H. Hudson

“Amerikalı”, Henry James

Hemingway "Pilar" yaxtasında

Hemingway rəfdən Stephen Crane-in hekayələr toplusunu və özünün “Əlvida, silah”ını çıxarıb gəncə verir. ““Əlvida, silah”ın bu nəşrindən yalnız bircə bu nüsxə qalıb” – söyləyir.

Samuelson kitabı həmin gecə oxuyub ertəsi gün günorta sahibinə qaytarmağa gətirir. Çünki vaxt itirmədən qatara minib evə qayıtmaq istəyirdi.

Amma kitabı qaytaranda Hemingway-dən gözləmədiyi təklif alır. Yazıçının “Planın nədi” sualına gənc yazar “Heç bir planım yoxdu” cavabını verir.

Yazıçı deyir ki, yeni aldığı “Pilar” yaxtasında yatmaq və onu təmiz saxlamaq üçün işçi axtarır.

Gənc yazar bu təklifə dərhal razılıq verir. Beləcə, 1 il günə 1 dollar müqabilində yazıçının yanında çalışır. Onlar bir yerdə Kubaya da gedirlər. Sonradan Samuelson bu haqda xatirələrini kitab kimi çap etdirir. Bundan başqa o, Hemingway-lə ədəbiyyat haqda etdiyi söhbətləri də 1934-cü ildə “Esquire” jurnalında çap etdirir. Hemingway-in məşhur “Gənc yazarlara 7 məsləhət”inin də mənbəyi həmin məqalədir.

...Böyük yazıçıdan məsləhətlər alsa da, Samuelson ömrü boyu özünü yazıçı kimi təsdiq edə bilmədi...