Azərbaycanda media azadlığı sahəsində vəziyyət pisləşib

Xanım Denberin sözlərinə görə, əsas odur ki, Azərbaycan hökuməti söz azadlığının təminatına dair beynəlxalq öhdəliklərə əməl etsin

Azərbaycan hökuməti söz azadlığını boğmaq üçün müxtəlif ittihamlardan istifadə edir. Məsələn, böhtana görə cəzadan müstəqil və müxalifət jurnalistlərinə qarşı istifadə olunur. Bunu Human Rights Watch insan haqları təşkilatının Avropa və Orta Asiya bölməsinin icraçı direktoru Raçel Denber deyir. Xanım Denberə görə, Azərbaycan hökuməti jurnalistləri susdurmaq üçün qanunlardan iki yolla istifadə edir: «Bu yollardan biri-şərəf və böhtana görə Cinayət Məcəlləsində, ikincisi isə Mülki Məcəllədə nəzərdə tutulan cəzalardır. Ancaq, hər iki halda məqsəd hökuməti tənqid edən jurnalistləri cəzalandırmaqdır».


Xanım Denberə görə, son bir ildə Azərbaycanda media azadlığı sahəsində vəziyyət xeyli pisləşib, elə bəzi jurnalistlərə-məsələn, «Azadlıq» qəzetinin əməkdaşı Sakit Zahidova qarşı məhkəmə iddiaları da bu ümumi vəziyyəti əks etdirir: «Məncə, Azərbaycan hökuməti media azadlığı sahəsində nümunə göstərməlidir, bu öhdəliyini yerinə yetirməlidir, cəmiyyətdə, mediada dözümlülük göstərməli, söz azadlığına imkan yaratmalıdır, böhtana görə cəza verməməlidir».


Azərbaycan cəmiyyətinin diffamasiya barədə müvafiq qanunun qəbuluna hazır olmadığını deyən hökumət rəsmilərinə cavab olaraq, Reyçel Denber bildirir ki, əgər hökumət bu qanunun pis nəticə verəcəyini düşünürsə, bu əslində idarəçiliyin olmamasının göstəricisidir. İnsan haqlarına hörmət edən ölkələrin çoxunda böhtana görə cəza nəzərdə tutulmur.


Reyçel Denberin sözlərinə görə, diffamasiya haqqında qanun əslində media azadlığının təmin edilməsi üçün yalnız bir addım olacaq, çünki jurnalistləri susdurmağın məsələn, zorakılıq kimi üsulları da var. Xanım Denberin sözlərinə görə, ən əsası odur ki, Azərbaycan hökuməti söz azadlığının təminatına dair beynəlxalq öhdəliklərə əməl etsin.


Reyçel Denber deyir ki, Human Rights Watch Azərbaycandakı prosesləri diqqətlə izləyir və bunlar gələn ilin yanvarında hazır olacaq növbəti illik hesabata salınacaq.