Günel Mövlud. Həbsxanada uşaq doğmaq niyə qadağandır?

Günel Mövlud

-

Amma məhkum Lamiyə Quliyevanın hadisəsi Azərbaycanda qəribə qanunların olduğunu ortaya çıxardı...

Günel Mövlud

Nikahdankənar uşaq doğmaq niyə qadağandır?

Həbsə düşən insanın seksual azadlığını məhdudlaşdıran qanun hansıdır?

Məşhur bir lətifə var. Yəqin ki, eşitməyən az adam tapılar.

Bir qadın həkimə gəlir. Deyir ki, ərim bir il əvvəl dünyasını dəyişib. 3 uşağım var. Biri beş yaşındadı, biri üç yaşında, biri də altıaylıqdı.

Həkim soruşur ki, bəs yoldaşınız bir il əvvəl rəhmətə gedibsə, uşağınız necə altıaylıq ola bilər? Qadın cavab verir ki, rəhmətə gedən ərimdir, mən yox...

Düz bir aydır bir tamaşa baş alıb gedir. Həbsdəki qadınlardan biri uşaq dünyaya gətirib. Təbii, o qadının həbsə düşməyi nə qədər ədalətli olub, o bu həbsə layiq olub, yoxsa sifarişlə həbsə salınıb, dustaq həyatı necə keçib, bunlar hamısı cavab tələb edən, kifayət qədər ciddi suallardır.

Amma məhkum Lamiyə Quliyevanın hadisəsi Azərbaycanda qəribə qanunların olduğunu ortaya çıxardı. Məlum oldu ki, evli məhbuslar üçün həyat yoldaşı ilə intim görüş imkanı tanınsa da, evli olmayan məhkumlar bu imkandan məhrumdurlar.

Sual yaranır, niyə? Bu imkanları məhdudlaşdıran hansı qanundur və o qanun hansı humanist prinsiplərə əsaslanır? Tutaq ki, bir qadın və ya kişi 15 illik həbs cəzası alır. Bu cəza məhkumun azadlıqdan məhrum edilməyini nəzərdə tutur. Qanunda məhbusun seksual azadlığını məhdudlaşdırılmasına işarə edən hansısa maddə, bənd varmı?

Yoxdursa, bu azadlıq niyə məhdudlaşdırılır? Bu nə həbsxana qaydalarıdır ki, evlisənsə, həyat yoldaşınla həbsxanada görüşə bilərsən, amma subaysansa, on beş il seksual həyatdan məhrum olmalısan? Bunun adı qanundur, yoxsa əxlaq polisliyidir? Siz ümumiyyətlə, bunun nə demək olduğunu başa düşürsünüz?

Sonra hələ bir həbsdəki zorlanma hadisələrinə, əslində homoseksual olmadıqları halda məhbus kişilərin bir-biri ilə məcburi cinsi əlaqəsinə təəccüblənir və ya dəhşətə gəlirsiniz?! Ortaya qəribə mənzərə çıxır. Qanunvericilik həbsxana qaydalarını mentalitetə uyğun nəzərdə tutur. Belə absurd qanunlar isə mentaletitə onqat uyğun olmayan əməllərə və həbsxana həyatına gətirib çıxarır. Siz nəyi qoyub, nəyi axtarırsınız?

Azərbaycan qanunlarına görə məhbus qadının həbsdə uşaq dünyaya gətirməyi də qadağan imiş. Yenə sual yaranır ki, niyə, hansı humanist prinsiplər əsas götürülür? Qadın 30 yaşına qədər ana olmayıbsa, bu yaşda həbs olunur və 15 illik həbs cəzası alırsa, onda ana olmaq üçün 45 yaşını gözləməlidir? Hələ məlum deyil, həbsdən çıxandan sonra belə konservativ bir ölkədə onun uşağının atası olmaq istəyən tapılacaq, ya yox? İndi bu yazıq qadın nə etməlidir?

Balaca bir ölkədir, hamı və hər yer özünü əxlaq polisi kimi aparır. Ginekoloq qəbuluna gələn qadından ərini tələb edir, qadın nikahdankənar uşaq doğursa, ailəsi, qohumları ən yaxşı halda uşağın atasını axtarıb, qadınla evləndirmək istəyirlər (ən pis halda ya qadını, ya uşağı, ya da hər ikisini öldürürlər). Sevgilinlə otelə gedirsən, nikah şəhadətnaməsi tələb edirlər, hamama gedirsən, kəbin kağızı istəyirlər, restorana gedirsən, daha nə bilim, neynirlər...

Sizin başqa işiniz-gücünüz yoxdurmu? Xalqın intim həyatını, qurşaqdan aşağısını güdməkdən yorulmadınız? O qədər pornosaytlar çıxdı, o qədər pornojurnallar buraxıldı, pornofilmlər çəkildi, internet gəldi, bütün pornodünyaya açıldınız, yenə də dincəlmədiniz? Görün, insanlar nə qədər yanıqdır ki, bir aydan çoxdur sosial şəbəkələri pornoviruslar bürüyüb. Bu viruslar bir istifadəçinin adından o zaman paylaşılır ki, həmin istifadəçi o virusu açmaq istəyir.

Qardaşlar, bacılar, atalar, analar, babalar, nənələr – açar sözləri axtarışa verin, yüzlərlə pornosayt açılacaq, girin, doyunca baxın. Doya-doya baxın. Baxın, kef edin. Nə zülümdü məhz poçtunuza gələn lüt şəklə baxmaq, ehtiraslı anlar vəd edən videoları açmaq istəyirsiz? Sizə o boyda porno dənizi təklif olunub, siz poçtunuza gələn bir damcı pornonu da udmaq istəyirsiniz. Bu nə acgözlükdü, bu nə yanıqlıqdı?!

Və bu acgözlük, bu yanıqlıqla, siz hələ kiminsə həbsdə, o yoxluğun içində intim həyata girməyinə, uşaq dünyaya gətirməyinə təəccüblənirsiniz?!

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)