Xəzəri çirkləndirən şirkətlərə nə cəzalar verilir?

Arxiv fotosu. Xəzərdə neft platforması.

.

Bu günlərdə Neft və Qazçıxarma idarəsinə məxsus ərazidə baş verən qəzaya görə Xəzər dənizinə neft axması haqda məlumat yayılmışdı. Neftlə çirklənmiş dənizin neftçilər tərəfindən çəkilmiş fotoları sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrildi. Kimi dənizin florasının korlanmasından, kimi neftin havayı axmasından narahatlığını bildiridir. Qəzaya görə ARDNŞ-i səriştəsizlikdə günahlandıranlar da var. Baxmayaraq ki, ARDNŞ qəzanın baş verməsini təkzib edirdi.

10-DAN ARTIQ YERLİ ŞİRKƏT CƏRİMƏLƏNİB

Neft sızması və digər qəzalar nəticəsində Xəzərə dəyən ekoloji ziyanlar haqda indiyə kimi müxtəlif məlumatlar yayılıb. Bu məlumatların rəsmi təsdiqini tapanı da olub, təkzib olunanı da. Bütün hallarda ziyan Xəzərə və dolayısıyla vətəndaşlara dəyir. Bu qəzaları minimuma endirmək üçün hansı addımlar atılmalıdır? Ümumiyyətlə, dənizin neftlə çirklənməsinə görə kimlər məsuliyyət daşıyır və onlar necə cəzalandırılır?

Xəzər dənizindən yerli şirkətlərlə yanaşı xaricilər də neft çıxarır. Bu yaxınlarda Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı bu şirkətlərin 2014-cü ildə ətraf mühitə vurduqları ziyanla bağlı rəsmi qeydə alınmış nəticələrin hesabatını yayıb. Həmin hesabata görə, ötən il ARDNŞ-in tərkibində olan 10-dan artıq yerli şirkət cərimələnsə də bu siyahıda xarici şirkətlərin adı yoxdur.

Mirvari Qəhrəmanlı

“EKALOGİYAYA ƏN ÇOX ARDNŞ ZİYAN VURUR”

Elə, təşkilatın rəhbəri Mirvari Qəhrtəmanlı da bildirir ki, ekologiyaya ən çox ziyan vuran ARDNŞ-dir:

“ARDNŞ bununla bağlı zaman-zaman cərimələnib. Bu şirkətdən həm dənizə, həm havaya, həm də quruya ciddi fəsadlar verilir. Platformalardan çirkab suları dənizə axıdılır. Təəssüf ki, buna ciddi nəzarət olunmur. Keşlə qəsəbəsi də daxil olmaqla Neft Emalı Zavodunun arxasında yaşayanlar zəhərli maddələrin havaya buraxılması nəticəsində müxtəlif xəstəliklərə tutulur. Bu ərazidə yaşayanlarda xərçəng, qan təzyiqi xəstəliklərinin artması çox müşahidə olunur. Bu da keçmiş sovetlərdən qalmış mirasdır. Avadanlıqlar köhnədir, bu bir tərəfə. Bundan başqa da məsuliyyətsizlik əsas rol oynayır. Xarici şirkətlər mətbuat üçün açıqdırlar. Lazım olan informasiyaları verirlər. ARDNŞ-də isə açıqlıq, şəffaflıq yoxdur. Problemin bir tərəfi də budur”.

Buna baxmayara, bu günlərdə, martın 19-da Ekologiya Təbii Sərvətlər Nazirliyi ətraf mühitə vurduğu ziyana görə xarici şirkət olan bp haqqında iddia qaldırıb. İddiaya görə, şirkət su əsaslı qazma məhlulunu dənizə dibinə dağıtdığına görə 12.300 manat cərimə ödəməlidir.

Tamam bayatlı

“BİZ FƏXR EDİRİK Kİ...”

Şirkətin mətbuatla əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı AzadlıqRadiosuna müsahibəsində bildirdi ki, həmin məhsul zəhərli olmadığından və dənizin dibinə axdığından ekoloji ziyanı yoxdur:

“Planlaşdırılmamış su əsaslı qazma məhlulu tökülmüşdü. Bunu biz onsuz da planlaşdırılmış şəkildə, Ekologiya və Təbii Sətvətlər Nazirliyi ilə razılaşdırıb dənizə tökürük. Bəzən bu məhlul vaxtından əvvəl daşır. Bu da planlaşdırılmamış idi. Bu zaman biz nazirliyə məlumat veririk. Bu zaman cüzi cərimə edirlər. Dənizdə 30 metrdən aşağı canlı yoxdur. Bu məhlul isə 500 metr dərinliyə tökülür. Üstəlik tərkibində heç bir zərərli toksin yoxdur. Şirkətimiz Azərbaycanda fəaliyyət göstərdiyi 20 il müddətində bir dəfə də olsun heç bir platformamızda neft dənizə axıdılmayıb. Bizi buna görə nümunə göstərirlər. Biz bununla fəxr edirik”.

AzadlıqRadiosu məsələyə münasibət öyrənmək üçün ARDNŞ ilə əlaqə saxladı. Şirkətin mətbuat xidmətindən şirkətə qarşı səslənən iddialara cavab vermək istəmədilər.