Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyilə Milli Sahibkarlar Konfederasiyaları İttifaqı Beynəlxalq Əmək Təşkilatının konsepsiyası əsasında hazırladıqları «Layiqli Əmək» Dövlət Proqramı layihəsini artıq Nazirlər Kabinetinə təqdim ediblər. Sahibkarlar Konfederasiyasının rəhbəri Ələkbər Məmmədovun sözlərinə görə, bu proqram 2006-2009-cu illəri əhatə edəcək:
Ələkbər Məmmədov deyir ki, proqramda əsas dörd istiqamət götürülüb: Gənclərin məşğulluğunun artırılmasına dair siyasətin təkmilləşdirilməsi, yeni iş yerlərin təmin edilməsi, sosial dialoqun gücləndirilməsi və sonuncu beynəlxalq əmək standartlarının yerinə yetirilməsinə yardım. Cənab Məmmədovun sözlərinə görə, Beynəlxalq Əmək Təşkilatının konvensiyasına uyğun olaraq inkişaf etməkdə olan ölkələrdə əvvəlcə iş yerlərilə bağlı kəmiyyətə, amma bir müddət keçəndən sonra həmin iş yerlərinin keyfiyyətinə, «layiqli əmək» standartlarına nə qədər uyğun gəlməsinə diqqət yetirilir: «Bu yaxınlarda bir araşdırma apardıq məlum oldu ki, ali təhsil almış və işlə təmin olunan gənclərin 85 faizi öz ixtisası üzrə çalışmır».
Ələkbər Məmmədova görə, bu proqramın qəbulundan sonra indiyə qədər ancaq öz marağını fikirləşən iş adamlarından daha çox işçilərin qayğısına qalmaq tələb olunacaq: «Artıq iş adamları dəyişiblər, onlara başa salmaq lazımdır ki, insanlar layiqli işlə təmin olunduqda onlar daha çox mənfəət əldə edəcəklər».
Belə bir Dövlət Proqramının hazırlanmasına müsbət yanaşan Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov hesab edir ki, həmin qanun kağız üzərində qalmasa yaxşı nəticələr əldə etmək olar. Sahib Məmmədova görə, Azərbaycanda insanların layiqli işlə, layiqli əməklə məşğul olması üçün ən mühüm amillərdən biri inhisarçılığın aradan qaldırılması və sahibkarlığın inkişafına normal şərait yaradılmasıdır.
Sahib Məmmədov həm də hesab edir ki, nə qədər ki, Azərbaycanda xırda və orta sahibkarlıq inkişaf etməyib bir o qədər də bu insanların normal işlə təminat məsələsi istənilən nəticəni verməyəcək.