-
Orxan Bahadırsoy
Bu ölkəyə qonaq gələn əcnəbiyə bənzəyirəm
Bu ölkəyə qonaq gələn
Əcnəbiyə bənzəyirəm...
Niyə yadam öz ölkəmə, İlahi?!
Ünvan soruşaram,
Məkan gəzirəm...
Harda dəydi göz ölkəmə, İlahi!?
Yadlar doğmalaşmır,
Doğma yad olmur!
Əkdiyin ağaca ürək verməsən,
Dərdiyin meyvə də heç bir dad olmur!
Bilmirəm hardayam,
Bilmirəm nəyəm?
Bu ögey diyara
Çox aludəyəm!
Əgər ögeydirsə,
Nə aludəlik!
Hər şeyi unudub gedə bilərik!
Bəs niyə durmuşam bu qərib yerdə?
Mənim taleyimi kim bura yazıb?
Başqa bir yerdirsə ruhuma doğma
Bu qərib ölkədə nə itim azıb?!
Bu dar küçələrin ətrinə məstəm,
Deməyin nankoram!
Nə düşmənpərəstəm,
Nə dostpərəstəm!
Özümə bir doğma yer axtarıram!
Hündür körpülərin üstü bəzəkli,
Hündür körpülərin altı dolaşıq!
Bir yol soruşmağa
Mənzil tapmağa,
Bir doğma görməyə həsrət qalmışıq!
Nədir bu həyəcan,
Təlatüm nədir?
Sirri bilinməyir hələ həyatın!
Yaşamaq vardırsa,
Bəs ölüm nədir?
Qəlbin zəncirini doğrayıb atın!
Qaçdıqca bu yerdən uzağa qaçaq!
Hələ düşməmişik tuzağa, qaçaq!
Hər yeri xətadır,
Hər addımı şər!
Bir gün bu bədəndən can ayrı düşər!
Nə qədər diriyik,
Nə qədər sağıq,
Qurtulaq bu yerin ögeyliyindən!
Bu yerin eşqini, məhəbbətini
Çıxar at, əzizim, öz iliyindən!
Mənə narahatdır bu od, bu ocaq!
Yerim yundan deyil,
Taxtadır sanki!
Vüsalı, sevinci dursun bir yana
Bu yerin qəmi də saxtadır sanki!
Hamının içində bir intizar var,
Hamı gileylidir öz taleyindən!
Qəlbə qorxu salır bir nankor səsi,
Hamı uzaq düşür öz gileyindən!
Uca göydələnlər ulduza çatır,
Yamyaşıl parkların ehtişamı var!
Varlının eynidir günü, gecəsi,
Kasıbın həsrətli bir axşamı var!
Gözəl binalara,
Gen körpülərə,
Yamyaşıl parklara uzaqdan baxan,
Gözü gün görməyən,
Ocaq görməyən,
Vətən sevgisini qəlbinə sıxan,
Dilində sözləri yolsuz, cığırsız,
Bir söz danışmağa haqqı olmayan,
Hər gecə kimsəsiz, hər gecə yalqız,
Bir özgə haqqında gözü qalmayan,
Qarnı ac, gözü tox,
Özü var, yeri yox...
Hamının yanında var belə adam,
Soruşsan deyər ki -
Bura bağlıyam!
De nəyə bağlısan axı, ay yazıq!
Bu nə sirrdir ki, çoxuq biz, amma
Hamımız tənhayıq, təkik, yalqızıq!
Bu ölkəyə qonaq gələn
Əcnəbiyə bənzəyirəm...
Baxıb əlimdəki vəsiqələrə
Görürəm bu yerin vətəndaşıyam!
Bu necə vətəndir, bu necə yurddur,
Hər yerdə qəribəm, yadam, naşıyam!
Çoxdur mənim kimi yadlar bu yerdə,
Deyirəm nə qədər yad var bu yerdə,
Gəlin bu ölkədən uzağa gedək,
Vətən sevgisindən imtina edək!
Bu yer burjuanın, feodalındır...
Hakimi silahlı,
Qulu yalındır!
Bu yerdə ölkənin hakimləri yox,
Bu yerdə hakimin ölkələri var!
Bu yerdə kölgənin sahibi yoxdur,
Bu yerdə sahibin kölgələri var!
Bu yerdə yaşamaq çətindir, çətin!
Bu qədər sərvətin, varın, dövlətin,
İçində nə qədər ac var, İlahi!
Burda undulub aclar, İlahi!
Gəlin baş götürüb qaçaq bu yerdən,
Nəyimiz varsa da bu yerdə qalsın!
Ən alt paltarı da soyunub gedək,
Bütün sərvətimiz onların olsun!
Biz gözü toxlarıq,
Biz ac deyilik!
Canımız sağ olsun,
Bu bəsdir bizə!
Bu yer kimlərəsə cənnətdir, amma,
Zindandır, zülmətdir, qəfəsdir bizə!