CNN Avropa Oyunları və insan haqlarından danışır

İlk Avropa Oyunları məşəlinin yandırılması mərasimi - 26 aprel 2015

-

«Odlar ölkəsi kimi tanınır, ancaq mətbuat azadlığı uğrunda mübarizə aparan bir qurum ona «Repressiya ölkəsi» ayamasını qoşub».

Mayın 28-də ABŞ-ın CNN televiziyası «Avropa Oyunları Azərbaycanın idman hakimiyyəti hərisliyinə xidmət edir» başlıqlı yazı dərc edib. Müəlliflər Ollie WilliamsAmanda Davies yazırlar ki, ilk Avropa Oyunlarında böyük Avropa ölkələrinin hamısı təmsil olunur. Düzdür, heç də hamısı əsas atletlərlə təmsil olunmur. Bəzi idman növləri Avropa Oyunları əsasında gələn il Olimpiya oyunlarına kimin gedəcəyini müəyyənləşdirəcək, bəziləri isə bu yarışa kiçik sınaq kimi baxır.

SİYASİ MƏQSƏDLƏR VƏ İDMAN

«Ancaq Azərbaycan üçün bu Oyunlara ev sahibliyi etmək ölkənin qlobal səhnəyə yenidən təqdim olunması kimi böyük bir planın vacib bir hissəsidir». Yazıda Avropa Oyunlarına 10 milyard dollar vəsait xərcləndiyi bildirilir. Qeyd edək ki, prezident İlham Əliyev bu yaxınlarda bir müsahibəsində bu oyunlara bir neçə yüz milyonun sərf olunduğunu, digər rəqəmlərin şişirdildiyini deyirdi.

CNN gələn il Azərbaycanda «Formula 1», 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini, ölkənin İspaniyanın «Atletico Madrid» futbol komandasına sponsorluq etdiyini, həmin komanda üzvlərinin «Land of Fire» şüarı yazılmış köynəklər geyindiyini vurğulayır.

«Bütün bunların mərkəzində Əliyev dayanır. 2003-cü ildə prezidentliyə başlamazdan öncə o, Milli Olimpiya Komitəsinin rəhbəri idi, hələ də bu vəzifədə qalır».

Simon Clegg

«Onun idmandan gəldiyini, idmanı anladığını demək olar», - Avropa Oyunları Əməliyyat Komitəsinin icraçı direktoru Simon Clegg deyir. «O, siyasi məqsədləri çatdırmaq üçün idmandan necə istifadə etməyi bilir, bu siyasi məqsədlərin nədən ibarət olduğunu bilir».

Ancaq Rusiya və Qətər kimi ölkələr də idman vasitəsilə özlərini yenidən təqdim etməyə cəhd göstəriblər. Hər iki ölkə qlobal idman tədbirlərindən dolayı insan haqları pozuntuları və korrupsiya hallarını təkzib edib.

«İnsan haqları müdafiəçiləri Azərbaycanda da vətəndaşların azadlıqlarının məhdudlaşdırıldığını bildirir», - CNN yazır.

SOVETLƏRDƏN SONRA ƏN PİS İL

«Deyərdim ki, ötən il Azərbaycanda insan haqlarının durumu baxımından Sovetlər Birliyi dağılandan ən pis il olub», - bunu «Human Rights Watch» təşkilatının direktor müavini Rachel Denber deyib.

«Düşünmürəm ki, ölkələrin bir gecənin içində bitkin keçid eləməsini gözləmək ədalətlidir. Ancaq məncə, onların ciddi şəkildə geriləməsini gözləmək də ədalətli deyil».

Rachel Denber

Denber Azərbaycan hakimiyyətini onlarla siyasi, insan haqları fəalını qondarma ittihamlarla həbsdə saxlamaqda ittiham edir.

Jurnalist Mehman Hüseynov hədəfə alınanlardan biri olduğunu söyləyir. O, CNN-ə Bakıda aksiya zamanı saxlanmasından, ölkədən çıxışına qadağa qoyulmasından danışıb.

«Sanki «boş bir cəmiyyət»də yaşayırıq. Hamı qorxur. Müstəqil jurnalistlər qorxudulub. Heç beynəlxalq tədbirlərin də bizə köməyi dəyməz», - Hüseynov CNN-ə deyib.

«BİZDƏ HƏBSXANADA JURNAİST YOXDUR»

Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov isə CNN-ə deyib ki, «bizdə həbsxanada jurnalist yoxdur».

«Bizdə açıq, müxalifət mətbuatı var. Xeyli sayda müxtəlif qəzet, jurnallarımız, müxalifət, açıq internetimiz var. Bəs jurnalistlər həbsədirsə, bu qədər qəzetlər haradandır?».

Azad Rəhimov

«Şəxsən mən insan haqları ilə Avropa Oyunları arasında əlaqəni anlamıram. Mən bunu başa düşmürəm. Çünki bu, tamamilə fərqli məsələdir».

CNN yazır ki, Azad Rəhimov Avropa Oyunlarına ölkədəki müsbət dəyişiklik prizmasından baxmağa üstünlük verir. Misal kimi o, son 15 ildə tikilən onlarla Olimpiya idman komplekslərini göstərir.

«Hökumət olaraq biz gəncləri cəlb edən idman qurğularına böyük diqqət ayırırıq. Biz gələcək nəslimizi sağlam görmək istəyirik və idman bunu əldə etməyin ən yaxşı yoludur».

Azərbaycanlı atletlər də xoşbəxtcəsinə bu fikirlərə dəstək bildirir.

«Şükür Allaha, hər şeyim var. Hökumətimiz bizə gərəkən hər şeyi verib», - güləşçi Rövşən Bayramov söyləyib.

ŞƏXSİ GÖSTƏRİ

Denber, «Human Rights Watch» isə israrla bildirir ki, nazir Rəhimovun və Azərbaycanın real motivləri heç də xalqla bağlı deyil:

«Məncə, onlar ölkənin deyil, öz şəxsi nüfuzlarını dünyada və ölkədə yüksəltmək istəyirlər», - Denber deyib. «Ölkəni göstəriyə çıxaranda öz şəxsi nüfuzlarını, güclərini göstərmiş olurlar».

Clegg isə bu fikirlərlə razılaşmır, ölkənin ambisiyalarının «sağlam» olduğunu düşünür. O, insan haqlarına dair suallardan yayınıb, bunu tədbir təşkilatçılarından deyil, siyasətçilərdən soruşmağı məsləhət görüb.