Azərbaycan məmurlarının pulları üçün «cənnət» ölkə

Azərbaycan prezidentinin qızı Karlovı Varıda dəbdəbəli villaya sahibdir.

-

Çexiyanın visegradrevue.com saytında dərc olunmuş məqalədə bu ölkənin Azərbaycanla münasibətlərində insan haqlarının bəzən biznes maraqları naminə gözardı edilməsindən söz açılır.

ARAŞDIRMAYA ÇEXLƏR DƏ DİQQƏT AYIRMADILAR

Müəlliflərin fikrincə, Azərbaycan iyunda ev sahibliyi etdiyi ilk Avropa Oyunlarından dolayı beynəlxalq medianın diqqət mərkəzinə gəldi. «The Guardian» qəzetinin idman müxbiri Owen Gibson Azərbaycana buraxılmayandan sonra sual edirdi ki, «insan haqlarının durumu belə zəif olan ölkə beynəlxalq idman tədbiri keçirə bilərmi?».

Həbsdə olan 100-dək siyasi məhbusdan biri - jurnalist Xədicə İsmayıl 2012-ci ildə Cinayətlərin və Korrupsiyanın Araşdırılması Layihəsinin (OCCRP) «Çex Respublikasında Azərbaycan anklavı» adlı araşdırmasında vacib rol oynayıb. Həmin araşdırmada hakim Əliyevlər ailəsi daxil olmaqla, azərbaycanlı məmurların Çexiyada yaratdıqları şirkətlər, aldıqları torpaq sahələri, dəbdəbəli hotel və villalardan bəhs olunurdu.

«Çexiya Respublikasında bu araşdırma elə də işıqlandırılmadı. Cəmi-cümlətanı ikicə dəfə ona toxunuldu – bir dəfə müəlliflərdən biri Pavla Holcová bu barədə danışmaq üçün Çex Radiosuna dəvət olundu. İkinci dəfə isə tanınmış jurnalist, Qafqaz üzrə təhlilçi Petra Procházková bu mövzuda geniş məqalə yazdı… Azərbaycanda müxalifət mediası məsələyə maraq oyatdığı üçün məmurlar izləri itirməyə başladılar. Bir neçə dəyişiklik baş verdi, mülkiyyət sahibləri arasında yenidən bölüşdürüldü. Azərbaycan hökumətinin üzvləri, deputatlar birbaşa sahiblər olaraq yoxa çıxdılar. Sərvət onların qohumlarına ötürüldü və heç kəs də cəzalandırılmadı.

BİZNESDƏ DƏYİŞİKLİK

Araşdırma dərc olunandan sonra azərbaycanlıların Karlovı Varıdakı biznesində iki dəyişiklik yer aldı. 2013-cü ilin sentyabrında prezident Əliyevin qızı Arzu «Zodiac Immobilienbesitz» şirkətini 1.2 milyon dollara satdı. Ancaq şirkətin yeni sahibi olan Mahir Rzayevin də siyasi bağlantıları var. Vergilər nazirinin müşaviri olmaqla yanaşı, həm də prezident ailəsinin maliyyə sektorunda biznes tərəfdaşıdır.

İkincisi, «Hotel Jeseter»in tikintisi bitdi və yeni adla açıldı. «Retro Riverside» varlı müştərilər üçündür. Yerlilər ümid edirdilər ki, bu otel ərazidə həyatı dəyişəcək. Ancaq dəbdəbəli mehmanxanadakı qiymətlər yerli camaat üçün əlçatan deyil və xarici müştərilərin məkanına çevrilib.

Yazıda daha sonra Xədicə İsmayılın həbsindən bəhs olunur, onun həbsi üçün dekabrın 5-nin – Müqəddəs Nikolay gününün qəsdən seçildiyi bildirilir, belə ki, medianın başı qarşıdan gələn bayramların işıqlandırılmasına qarışacaqdı. Jurnalist həbsindən sonra bir neçə nüfuzlu mükafata layiq görülüb.

Karel Schwarzenberg

İNSAN HAQLARI VƏ BİZNES MARAQLARI

Yazıda daha sonra oxuyuruq:

Çex Respublikasının Azərbaycana rəsmi münasibətində insan haqları və iqtisadi maraqlar arasında görünən bir ziddiyyət yaşanır. 2007-2013-cü illərdə Karel Schwarzenberg xarici işlər naziri olanda Çexiya diplomatiyası bu yanaşmaları balanslaşdırmağa çalışırdı. Bu hətta çex sənayeçiləri və azərbaycanlı məmurlarla münaqişəyə də səbəb olmuşdu. Bu gün isə Çexiya siyasətçilərinin çoxu yerli biznes maraqlarına üstünlük verir, insan haqlarından yan keçir. Çexiyanın «People in Need» təşkilatı siyasətçilərin bəzilərini avtoritar rejimlərin davranışına «üzüağlıq» qazandırdığı üçün birbaşa və ya dolayısı ilə korrupsiyaya bulaşmış sayır.

Yazıda Sənaye və Ticarət naziri Jan Mládek-in bir sitatı xatırladılır: «Azərbaycan bizim Cənubi Qafqazda ən vacib tərəfdaşımızdır». 2013-cü ildə iki ölkənin ticarət dövriyyəsi 1.16 milyard avroya çatıb. Azərbaycan həm də Çexiyaya neft göndərən ikinci ölkədir. Prezident Miloš Zeman da Azərbaycanla münasibətlərin saxlanmasında maraqlıdır, 2014-cü ilin fevralında prezident Əliyevlə Soçidə görüşüb.

DİPLOMATİK QALMAQAL

«Ancaq onun hakimiyyəti dövründə Azərbaycanla münasibətlər heç də münaqişəsiz keçməyib. Azərbaycan rəsmən gileylənib ki, prezident Zeman-ın protokol rəhbəri Jindřich Forejt Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Çexiya prezidenti ilə görüşməsinə və ya eyni masada əyləşməsinə icazə verməyib».

Yazıda Çexiyanın azərbaycanlı dissidentlərə dəstəyindən də söz açılır. 2013-cü ildə «People in Need» təşkilatı hüquqşünas İntiqam Əliyevi «Homo homini» mükafatına layiq görüb. Bir il sonra İnsan Haqları Fondu Václav Havel mükafatını həbsdə olan hüquq müdafiəçisi Anar Məmmədliyə verib.

İntiqam Əliyevə mükafat təqdim olunanda, Karel Schwarzenber-in Azərbaycanı «ailə diktaturası» adlandırması diplomatik qalmaqal yaradıb, prezident Əliyev nazirin üzr istəməyəcəyi halda ölkəyə buraxılmayacağını deyib. Schwarzenberg isə heç vaxt üzr istəmədi.

Çexiya Respublikasının bu ilin martında BMT-nin İnsan Haqları Şurasına təqdim etdiyi rəsmi bəyanatda Azərbaycanda müstəqil medianın durumunun pisləşdiyi, insan haqları fəallarının təqib olunduğu vurğulanırdı.

Məqalədə o da qeyd olunur ki, Çexiya Xocalı qırğınını pisləyən yeganə Avropa Birliyi ölkəsidir. Çex parlamentinin xarici əlaqələr komitəsinin qəbul etdiyi qətnamədə vurğulanırdı ki, erməni silahlı birləşmələri Azərbaycanın Xocalı şəhərində 613 nəfəri qətlə yetirib.