Azərbaycan ATƏT-dən daha bir rədd cavabı aldı

ATƏT

-

Azərbaycan hökuməti ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun noyabrın 1-də keçiriləcək parlament seçkilərini izləməsi üçün yenidən müraciət edib. Qurum yenidən Bakıya rədd cavabı verib. APA-nın xəbərinə görə, bu barədə daimi nümayəndəliyin yaydığı bəyanatında deyilir.

TƏKLİF RƏDD OLUNUB

«Ötən həftə DTİHB ilə yenidən məsləhətləşmələr aparıb, məhdud sayda ekspert göndərilməsi ilə bağlı təklif vermişik. Təəssüf ki, DTİHB Azərbaycan tərəfinin xahişini yenidən rədd etdi. Bizim DTİHB-lə münasibətlərimiz həmişə konstruktiv olub. Direktor M.G.Link-in müşahidə missiyası göndərməmək qərarı verməsindən sonra biz Daimi Şuranı proses barədə məlumatlandırmışıq və büronu məsləhətləşmələr aparmağa dəvət etmişik», - bəyanatda bildirilir.

Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi DTİHB direktorunun Azərbaycanda keçiriləcək seçkiləri izləməmək barədə «qeyri-konstruktiv» qərarını qəbuledilməz hesab etdiyini də vurğulayır.

Bəyanatda o da deyilir ki, DTİHB öz öhdəliklərini icra etmədiyi halda, Azərbaycanın ATƏT-dəki daimi nümayəndəliyi DTİHB -nin aktuallığını yenidən nəzərdən keçirəcək.

Bu il sentyabrın 11-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda parlament seçkilərini müşahidə etməyəcəyini açıqlayıb.

Büronun direktoru Michael Georg Link deyib ki, Azərbaycan tərəfdən tətbiq edilən məhdudiyyətlərə görə bu addımı atmağa məcbur olublar: «Müşahidəçilərin sayına Bakının qoyduğu məhdudiyyətlər effektiv və etibarlı seçki müşahidəsi aparmağa imkan vermir. Ona görə də təəssüf ki, biz ümumilikdə bu seçkiyə müşahidəçi göndərməmək qərarına gəldik».

«LEGİTİMLİK ÜÇÜN EDİRLƏR»

Politoloq Zərdüşt Əlizadə Azərbaycan hökumətinin ATƏT bürosunun seçkiləri izləməsində bu qədər israr etməsinin səbəbini belə anladır:

«Keçirilən parlament seçkilərinin legitimliyi üçün bu addımı atırlar. Saxtalıq, seçki yarışında iştirak edənlərin imkanlarında dəhşətli fərq, hökumətin xalqa etinasız yanaşması, deputatların seçilmədən təyinatı – bütün bunlar hamıya bəllidir. Bunu pərdələmək üçün istəyirlər ki, Avropa strukturu öz iştirakıyla onların əyri işinin üstünü malalasın. Ona görə də israr edirlər. Onlar çox istərdilər ki, özünü müxalifət adlandıran qurumların hamısı bu seçkilərdə iştirak etsin. Sonra da desinlər ki, «gördünüzmü, seçkilərdə uduzdular»».

Azərbaycan müstəqillik qazandıqdan sonra birinci dəfədir ki, ATƏT DTİHB seçkiləri müşahidə etməyəcək. Bakı bu qurumun bəzi dairələrin sifarişiylə belə addım atdığını bildirir.