Müasir Amerika şeirində qafiyələr, sənsiz və mənsiz şeirlər (Məqalə)

Kay Ryan

ABŞ-dan riyaziyyat professoru Azər Əhmədov yazır: İstədim onu Azərbaycanda da tanısınlar

-

"Şeirdə bir sətirdə “sellər” sözünü işədirsən və oxucu o andaca hiss eləyir ki, növbəti sətirdə “tellər” sözü çox yerinə düşərdi. Amma növbəti sətirdə “tellər” sözü yoxdur! Qafiyəni inkar edirsən!"

Azər Əhmədov

SƏNSİZ VƏ MƏNSİZ ŞEİRLƏR

Azər Əhmədov

Bir az uzaqdan başlayım.

1960-cı illərin sonlarında meydana gələn l=a=n=g=u=a=g=e şeir hərəkatı ABŞ-da ilk sistemli, pərli-budaqlı postmodern şeir məktəblərindən hesab olunur.

Kökləri 30-cu illərə, William Carlos Williams’a və Louis Zukofsky’yə gedib çıxan, L=A=N=G=U=A=G=E və This dərgiləri ətrafında toplaşan bu qrupdakı şairlərin əsas tezisləri bu idi ki,

1) məna dili diktə etmir, tərsinə, dil mənanı diktə edir; 2) oxucu dildən bu mənanı çıxartmaq uçun şeirdə aktiv iştirakçı olmalıdır. Dil az qala bir xammal kimi oxucuya təqdim olunurdu l=a=n=g=u=a=g=e şeirlərində, müəllifin bələdçiliyilə oxucudan umulurdu ki, bu xammalla yaradıcı şəkildə özü işləsin.

Dil-məna münasibətləri fəlsəfədə və linqvistikada çox araşdırılıb. Bizim ədəbi mühitdə də mən müxəlif fəlsəfəətrafi müzakirlərin kənardan şahidi olmuşam, amma şairin vəzifəsi məsələyə bir filosof kimi deyil, dilçi-praktik kimi yanaşmaqdır. l=a=n=g=u=a=g=e şairləri də bununla məşğul olurdular.

Kiçik - kiçikmi? - bir detal: şeirə atılan hansısa söz onun içərisində yaradıcılığa başlayır, öncədən nəzərdə tutulmayan mənalar yaradır. Bu, həm də ona görədir ki, dilimizdəki (sözlər, söz birləşmələri və) cümlələr birdən çox məna verə bilər.

Tutalım, biz şeirdə, “şahbaz” sözü işlətsək oxucu bunu necə başa düşəcək? şahların bazı, yoxsa bazların şahı? Dilçilik elmindən xatırlatdığımız bu (uzun müddət izahsız qalan) məşhur fenomeni ifadə eləyən gözəl bir ata sözümüz də var: “söz ağzından çıxdısa artıq sənin deyil”. (Ola bilsin ki, atalar başqa bir mənada deyib bunu, amma söz artıq ataların ağzından çıxıb və biz o sözə istədiyimiz mənanı verməkdə sərbəstik.)

Dil-məna münasibətlərindən fərqli məsələ olan dil-düşüncə münasibətləri də linqvistikada çox araşdılrılıb - dilimiz düşüncəmizə necə təsir edir?

Çox məşhur bir misalı xatırladım: eskimoların dilində qar dənəciklərini ifadə edən coxlu söz var. Vaxtilə sual verirdilər ki, eskimolar fərqli qar dənəcikləri növünümü görüb bu sözləri yaradıblar, yoxsa onlar öz dillərinin hesabına qar dənəcikləri arasındakı fərqləri görməyə qadirdilər? l=a=n=g=u=a=g=e qrupu bu məsələyə də bir dilçi-praktik kimi yanaşaraq problemi poetik müstəviyə gətirirdi.

Məsələ təkcə fəlsəfə və linqvistika ilə də məhdudlaşmır. Şair həm də bir psixioloq və hətta nevrologiya alimi kimi də dilə yanaşıb onunla işləyə bilər.

HAŞIYƏ: Vurğulamaq vacibdir ki, oxucunun şeirə yaradıcı yanaşmasını ummaq təkcə postmdernizmə xas bir cəhət deyil. Şeir həm də əmək və intellekt məhsuludur, oxucunun onu anlaması üçün səy göstərməsi normal bir gözləntidir. Əksər modern şeirlərdə bu gözlənti var. Dil elementləri ilə zəngin olmasa da sadəlik üçün öz şeirimdən nümunə kimi istifadə edirəm:

QAYIDIŞ
Zoğalı-bənövşəyi bir gündə
mən gözlərimi yumub
əlliyəcən sayana qədər
o qaçıb mənim həyatımdan gizləndi
.
həyətdə çox axtardım onu
oyun belə necə bitə bilərdi?
.
barışmaq istəmədəyim
məntiqsiz sonluqların
ilkiydi
.
yoruldum
.
o bir də 30 il sonra qayıtdı həyatıma
nətəhərsən, canın-başın, soruşdu
burda “uçastkovı” işləyirəm
sənə dəyib-dolaşan yoxdur ki?
.
sonra əlini möhkəm kürəyimə vurub
dedi ki
heç nədən narahat olmayım

Şeirdə təsvir olunan hekayə əsasən aydın olmalıdır. Bir uşaq gizlənqaç oyununda gizlənmək əvəzinə ümumiyyətlə oyundan qaçır. Digər uşaqda bu hadisə əzabverci bir xatirə kimi qalıbmış…

Şeirdə iki səhnə var, “yoruldum” sözü bu iki səhnənin düz arasında, ayrıca abzas kimi yerləşdirilib. Oxucu bu sözü iki mənada anlamalıdır: qaçıb gedən uşağı axtarıb yorulmaq və həyatın məntiqsizliklərindən yorulmaq. “Həyətdə çox axtradım onu” əslində “həyatda çox axtardım onu” kimi oxunmalıdır; “həyat” sözü əlavə eyham üçün iki dəfə işlənib şeirdə, “həyət” sözündən əvvəl və sonra. “Heç nədən narahat olmayım” ifadəsi də iki mənada başa düşülməlidir: qaçib gedən uşaq “heç nə barədə narahat olma” deyir, digər uşaqsa bunu “kiçik bir şeyə görə narahat olma, unut getsin” kimi qavrayır.

Charles Simic

Şeirə yaradıcı yanaşıb onda mənalar yaratmağın başqa bir nümunəsi kimi (post)modernist şair Chalres Simic’in “Onun şrimp’ini dəlicəsinə sevirəm” adlı aşağıdakı çox gözəl şeirinə diqqət edək

Krevetka

(“şrimp” sözü aşağıda müzakirə mövzusu olduğu uçun dəqiqlik xatirinə bu sözu tərcüməsiz buraxıram. Səhv etmirəmsə, Türkiyədə karides deyirlər, amma bu sözlə yaxından tanış olmadığım üçün - və də türk sözü olmadığı üçün - işlətmirəm):

Biz heç nəfəs dərmirik
Ağzımız dolu və məşğuldur.
Çörək və pendir yeyir, arada da
Marça-març öpüşürük
.
Heç sevişib qurtarmamış
Təzədən mətbəxə dönürük
Mən istiotları dogradıqca
O mənə gülümsəyir və
Sobadakı şrimp’ləri qarışdırır
.
Onun ağzının kənarından
Axaraq çənəsindən gəlib
Açıq məmələrinə tökülən
Çaxırın dadı necədir?
.
Mən kökəlirəm ee deyir.
Güzgünün qabağında
O tərəfə dönür, bu tərəfə dönür
“Ah, ölürəm onun şrimp’indən ötrü”
Göydəki allahlara çığırıram.

Şeir əslində çılpaq bir şəkildə oxucunun qarşısındadır. Oxuyub bitirər-bitirməz, oxucunu ən gözəl bir şəhvət hissi bürüməlidir. Amma ağlı başından çıxsa belə, oxucu özünə sual verməlidir, “şrimp” sözü iki dəfə işlənib, bu sözün başqa mənası ola bilərmi? Bu sözün başqa mənası yoxdur, şrimp elə şrimp’dir, amma oxucu bu mənani yaratmalıdır! Ikinci dəfəsində müəllif “şrimp”i iki mənada işlədir, bunu anlayan(an)da oxucu artıq bihuş olmalıdır! Sizcə bu iki mənadan hansıdır şeirdəki “mən”in ağlındakı? – önündə çırıl-çılpaq qadın dayanıb! - HAŞIYƏNIN SONU

Amerika postmodern şeiri bir tək l=a=n=g=u=a=g=e hərəkatından ibarət deyil, çeşid-çeşid şeir məktəbləri postmodernizimin müxtəlif cəhətləri üzrə şeir anlayışımızı genişləndirmişlər. Postmodernizmə xas olan əsas cəhətlərdən biri ənənəvi şeirə təzə nəfəslə qayıtmaqdır… modern şeirin üstündən arxaya adlayıb da deyil, içərisindən keçib qayıtmaq. Bu istiqamətə aid olan postmodernistlər, 1970-ci illərdən başalyaraq, ənənəvi şeirin həm mövzülarina qayıdırdlar (məsələn, yenə də sevgidən yazmaq), həm də metodlarına (məsələn, şeiri qafiyələrlə, metaforalarla bol eləmək).

Belə şeir məktəblərindən ən əsası Yeni Formalizm (New Formalism) cərəyanıdır. l=a=n=g=u=a=g=e hərəkatı kimi Yeni Formalisltər də şeirdə dilin əhəmiyyətini önə çəkirdilər, amma brinicilərdən kəskin fərqli olaraq həm də çox açıq şəkıldə ənənəvi şeirə qayıdışa səsləyirdilər. Qafiyəli, ölçülü, simmetriyalı şeirə. Şeirdə musiqiyə çağırırdılar.

Sərbəst şeirin şəxsən mənim üçün cəlbedici tərəflərindən biri odur ki, şair öz şeirinin musiqisini bəstələməkdə də sərbəstdir...

Sərbəst şeirin şəxsən mənim üçün cəlbedici tərəflərindən biri odur ki, şair öz şeirinin musiqisini bəstələməkdə də sərbəstdir.

Sərbəst şeir simfoniya da ola bilər, hansısa xırda bir caz kompoziyası da. Yeni Formalistlər də modernist şeir nümunələrini (xususilə də Etiraf modern şeir məktəbini) tənqid edərək deyirdilər ki, o şeirlərdə ümumiyyətlə musiqi yoxdur! Modern şeirin böhran keçirdiyini iddia edirdilər.

Bizim ədəbi mühitdə sərbəst şeiri qəbul etməyən çox adam var, oxucuya bəlkə qəribə görünə bilər ki, ABŞ-da da belələri çoxdur və onların arasında çox boyük şairlər var! Robert Frost, məsələn, yazırdı ki, sərbəst şeir yazmaq torsuz tennis oynamağa bənzəyir.

Yeni Formalistlərin bəzi üzvləri o dərəcədə ənənəvi şeirə meyllidirlər ki, onlari artiq postmodern adlandırmaq da olmur. Bu yazımızdasa biz həm l=a=n=g=u=a=g=e, həm də Yeni Formalizm cərəyanlarının dar qovuşmasında duran çox maraqlı bir fiqurdan bəhs edəcəyik.

Kay Ryan

Kay Ryan 1945-ci ildə Kaliforniyada doğulub. 20 yaşın altında olduğu zamanlardan şeir yazir. İlk kitabını 30 yaşına yaxın öz vəsaiti hesabına (dostlarının köməyilə) çap elətdirib, amma yalnız 40 yaşında çap etdirdiyi kitab müəyyən diqqət çəkib.

50 yaşında ilk ciddi ədəbi mükafatını alıb, 60 yaşında məşhurlaşıb. McArthur Genious Award və Pulitzer mukafatçışıdır. 2008-2010-cu illərdə Amerika Şeir Laureatı (US Poet Laureate) olub.

Arayış: Amerika Şeir Laureatı ABŞ Konqresi(nin Kitabxanası) tərəfindən adətən 1-2 illik müddətə seçilir və çox böyük bir şərəf sayilir. Laureat ölkə səviyyəsində şeiri təbliğ etməli və şeirə marağı artırmağa çalışmalıdır.

Həmçinin bax: Amerikanın xalq şairləri

Kay Ryan’dan əvvəlki laureat Charles Simic (2007-2008) olub, Ryan’dan sonra isə bu vəzifəni W.S.Merwin (2010-2011) tutub.

"The Paris Review" müxbiri:

- Siz laureat olduğunuz müddətdə poeziyanın faydasını kütlələrə çatdırmaq üçün nə işlər gorməyi planlaşdırırsız?

Kay Ryan:

- Məni həyəcanlandıran, riqqətə gətirən poeziyanın faydasızlığıdır.

- Məni həyəcanlandıran, riqqətə gətirən poeziyanın faydasızlığıdır.

Qısa (10-20 sətirlik) şeirlərlə çox maraqlanıram, Ryan’ın şeirləri ilk dəfə buna görə diqqətimi çəkdi.

Çox dar sutunlarda, düzbucaqlı görünüşlü şeirlər yazır. Özü deyir ki, cəmisi bircə dəfə çox uzun şeir yazıb, o da xalis zibil çıxıb.

Şeirlərində adətən 3-4 xırda cümlə olur. “Köpək balığının dişi” adlanan ən məşhur şeirləindən birinə diqqət edək (bu şeiri tərcümə etmək çox çətindir, aşağıda biz yalnız kobud hərfi tərcüməsini veririk):

Hər şeydə sükut
var. Səs-küyün sükutu
öz məğzini
kiçik, köpək balığının
dişi formasındakı
istirahet
fraqmentləri
çıxıntılarından alır.
Şəhərin bir
saatı bəlkə bu
zaman qalıqarının
bir dəqiqəsini saxlayır
özündə. O vaxt ki sükut
hakim idi, köpək balığı
kimi yığcam və təhlükəli.
Bəzən parklarda
quyruğunun ya da
üzgəcinin ucu duyulur.

Şeir kifayət qədər dərindir, belə qısa və dərin şeir qısa bir vaxtda yazıla bilməz! Bayaq biz oxucunun şeiri qavraması üçün səy göstərməsinin vacibliyindən bəhs etdik; məsələn, niyə quyruq? niyə üzgəc? müəllif bu sözləri niyə işlədir?

Ryan’ın şeirlərindəki dil elementlərini tərcümədə çatdırmaq çox çətindir mənə, hətta bir çox hallarda sadəcə mümkünsüzdür. (Elə yuxarıdakı şeirdə biz cox vacib bir elementi layiqincə verə bilmədik: məgz-istirahət cütlüyü seirdə zest-rest kimi verilir; burda “istirahət” həm musiqinin dinclik gətirdiyinə işarədir, həm də musiqi notlarındakı istirahət simvoluna işarədir ki, bu simvol da bir az dişə bənzəyir.) Növbəti nümunələrdə şeirlərin orijinal versiyasından istifadə edəcəyik.

Aşağıdakı şeiri Kay 19 yaşında yazıb. Atası öləndən sonra, qəzəbliymiş çox.

After Zeno (1965)
For my father
by Kay Ryan

When he was
I was.
But I still am
and he is still.

Where is is
when is is was?
I have an is
but where is his?

Now here—
no where:
such a little
fatal pause.

There’s no sense
in past tense.

Bu şeir xalis möcüzədir. “Still” sözü iki dəfə işlənir, amma mənalara baxın, birində mənası “mən yaşayıram” deməkdir, digərində isə “o ölüb”!!!

“is” və “was” sözləri ilə əsl jonqlyor kimi oynayır, 10 dəfə işlədib bu sözləri.

“sense”-“tense”, “is”-“his”, “was”-“pause” qafiyələrinə diqqət edin. İlk ikisi adi qafiyələrdir, sonuncuna isə çəp qafiyə deyilir. Amma bir də ard-arda gələn “little”-“fatal” cütlüyünə baxın - Ryan iddia edir ki, bunlar da qafiyədir. Bu cür qafiyələrə qeyri-requlyar qafiyələr deyir.

Və nəhayət, “now here”-“no where” qafiyəsinə diqqət edin! Bu sonuncunu tapması ilə Kay xanım indi də fəxr eləyir. “no where” birləşməsində “w” hərfini bir tərəfdən o birisinə keçirməklə “now here” düzəldib. Bizdə buna cinas demirlərmi?

Amma fərq ondadır ki, Ryan’ın tapdığı bu sözlər çox xəfif qafiyələnir, onlar hətta alt-alta yazılsa da! Şeirə qulaq asanda bu qafiyələri ya az qala sezmirsən, ya da sezsən də onlara gözlə baxmaq da bir ayrı effekt doğurur! Ryan buna göz qafiyəsi deyir.

Terry Eagleton

Yeri gəlib deyim, şeirin oxunuşu kimi çox ciddi bir məsələ ilə bağlı (ədəbiyyat nəzəriyyəçisi Terry Eagleton yazırdı ki, şeiri oxumaq deyil, təkrar oxumaq mümkündür; yalnız ikinci oxunuş şeirin həqiqi oxunuşu ola bilər!) Ryan’in da fikri aydın və kəskindir.

O, şairlərin öz şeirlərini oxumalarina qarşıdır: “şair öz intonasiyası ilə dinləyicini aldada bilər!”. Məsləhət görür ki, şeirlərə qulaq asmasınlar, onu oxusunlar!

Bir çaya iki dəfə girmək mümkün olmadığı kimi, hər hansı söz də şeirin bir yerindəki mənasını başqa bir yerində də eynilə verə bilməz.

Yuxarıda dedik ki, “still” sözü iki dəfə təkrarlanır. Bizdə təkrarlanan sözlərə təkrir deyirlər. Ryan eyni sözləri xaotik şəkildə orda-burda bir neçə dəfə işlədir şeirlərində və deyir ki, bunlar da qafiyədir, təkrar qafiyələrdir.

“Bir çaya iki dəfə girmək mümkün olmadığı kimi, hər hansı söz də şeirin bir yerindəki mənasını başqa bir yerində də eynilə verə bilməz. Demək, bu sözlər təkrar deyil, qafiyədirlər!” “still” nümunəsində bunu biz aydın görürük, bir yerdə həyat, o biri yerdə isə ölüm mənasını verir. Amma işin maraqlı olan tərəfi odur ki, məsələn ard-arda gələn “is”lər də Ryan’a görə qafiyədir, onların rolu, mənası fərqlidir.

“sense”-“tense” qafiyəsinə Ryan bitirən qafiyə deyir. Ona görə, şeirin (birdən) qafiyəylə bitməsi beyində çox güclü və xüsusi bir təəssürat oyadır.

19 yaşında belə möhtəşəm bir şeir yazmasina baxmayaraq, Ryan çap oluna bilmir. 20 ildən artıq bir muddətdə onu nəşriyyatlar və ciddi ədəbi çevrələr qəbul etmir. Yenə də öz şeir anlayışına sadiq qalıb yolundan dönmur.

Bir “Tısbağa” şeiri var onun:”kim tısbağa olmaq istəyər, kim bunu bacarar?” Bu şeirdəki tısbağa Ryan’ın özüdür. Şeiri atsınmı, atmasınmı? Qərara gəlir ki, bütün Amerikanı velosipedlə gəzməyə çıxıb özü üçün bu məsələni aydınlaşdırsın. Sonucda tənhalığına çəkilib öz şeir fəlsəfəsini gəlişdirməklə məşğul olur.

Kay Ryan

“Recombinant rhyme” neologizmdir, Ryan yaradıb bunu, çox kobud tərcümə etsək daxili qafiyə anlamı verir. Misraların sonlarının qafiyələnməsinə dözə bilmədiyini deyir, şeirin fərqli-fərqli yerlərindəki qafiyələrə gəldikdə isə Ryan bu barədə böyük bir elm yaradıb!

Müzakirəmizi onun başqa bir möcüzəvi şeiri olan “Flaminqo” üzərində davam etdirəcəyik.

Wherever the flamingo goes,
she brings a city’s worth
of furbelows. She seems
unnatural by nature—
too vivid and peculiar
a structure to be pretty,
and flexible to the point
of oddity. Perched on
those legs, anything she does
seems like an act. Descending
on her egg or draping her head
along her back, she’s
too exact and sinuous
to convince an audience
she’s serious. The natural elect,
they think, would be less pink,
less able to relax their necks,
less flamboyant in general.
They privately expect that it’s some
poorly jointed bland grey animal
with mitts for hands
whom God protects.

Elə birinci sətirdəki flamingo-goes cütlüyünə baxaq. Biri “go” ilə bitir, digəri isə “go” ilə başlayır. Ryan üçün bu, qafiyədir! (bunlara davametdirən qafiyə deyək.) “goes” və “furbelows” da qafiyədir. Ryan buna özünü göstərmək qafiyəsi deyir. Yəni müəllif özünü göstərib lovğalanır ki, baxın, burda da istəsəm belə orijinal bir qafiyə işlədə bilərəm; əlbəttə, belə qafiyə gərək hansısa məqsədə xidmət etsin şeirdə. Amma “flamingo” və “furbelows” artıq qafiyələnmir. Demək sözlərin qafiyələnməsi münasibəti transitiv deyil.

Davam edək: 4-cü sətrə diqqət edin, unnatural-nature cütlüyünü fərqlənən eyni söz qafiyəsi adlandırır, cütlükdəki hər iki sözün kökü eynidir. 2-ci sətirdən “city’s” və 6-ci sətirdən “pretty” sözləri Ryan’a görə qafiyələnir, buna çox sonra gələn qafiyə deyir. Və çox maraqlı bir konseptə diqqət çəkmək istəyirirk burda. Şeirdə act-back-exact-elect və exact-relax-necks-expects-protects qafiyə simlərini gorürük. Bu iki sim kəşişərək aşağıdakı diaqram formasında şaxələnən qafiyələr yaradır:

act→back→exact→elect

relax

necks

expects

protects

Davam edək: şeirdə Ryan oduqca maraqlı qafiyə inkarı anlayışını daxil edir. Nə deməkdir bu? Deyəlim, şeirdə bir sətirdə “sellər” sözünü işədirsən və oxucu o andaca hiss eləyir ki, növbəti sətirdə “tellər” sözü çox yerinə düşərdi. Amma növbəti sətirdə “tellər” sözü yoxdur! Qafiyəni inkar edirsən!

Ryan iddia edir ki, bu, çox xüsusi bir effekt doğurur beyində! Bu cür tək qalan sozlərə Ryan yetim qafiyə deyir, mənsə buna yalvaran qafiyə deyərdim. Elə bu şeirdə, “oddity” sözü yalvarır ki, növbəti sətirlərdə “body” sözü də olsun. Yerinə də düşərdi (flaminqodan yazılan bir şeirdə “bədən” sözü niyə yerinə düşməsin ki?). Müəllif də çox asanlıqla işlədə bilərdi bu sözü, amma işlətmir!

Qafiyə inkarı konseptini Ryan başqa şeirlərində bir az da genişləndirirək daha incə variantllara əl atır ki, bunu hiss etdikdə mən çox həyəcanlandım.

Deyəlim, məsələn şeirdə bir söz işlədirsən ki, o söz elə bil özünə başqa bir yoldaş axtarır ki, qafiyələnsin, amma tapa bilmir! Sözün özünə yoldaş axtarmasını hiss etdirmək böyük ustalıq tələb eləyir. Bir yolu elə sözə yalvartmaqdır qafiyə üçün. Daha incə yollardan biri: şeiri oxuyub bitirəndə elə bilirsən ki, həmin sözə qafiyə şeirin harasındasa vardı, amma axtarıb-axtarıb tapmırsan. Qafiyə şeirdə az qala var, amma yoxdur! Burda artıq söz hansısa konkret bir yoldaş üçün yalvarmır, sadəcə qalıb ortalıqda veyil-avara. Bax, bu əsl yetim qafiyədir!

Bəhs etdikərlimiz qafiyə növlərindən başqa da Ryan xeyli qafiyə növləri icad eləyib; dolaşıq qafiyələr, aşırı qafiyələr, bitirən quyruqlu qafiyələr, fon qafiyələri və s.

Flamingo şeirində impossible-bottle cütlüyü də Ryan’a görə qafiyədir, bunlara yaraşan qafiyə deyir. Bir çox başqa qafiyə tipləri də var ki, onlara ad tapa bilmir…

Mən bayaqdan yazıram və bir tək Flamingo şeirindəki qafiyə cütlüklərini sayıb qurtara bilməmişəm… Cütlüklər bir yana, haqqında bəhs etmədiyimiz maraqlı qafiyə simləri də hələ qalır, senious-audience-serious…

Biz yuxarıda şairin dilə və şeirə bir filosof, nəzəri linqvist, psixoloq, nevroloq və bəstəkar kimi yanaşa bilməsindən danışmışdıq. Kay Ryan’da bunların hamısı var, amma onun çıxışlarına qulaq asdıqca, sanki bir həvəskar psixoloq və yaxud həvəskar nevrologiya alimini dinləyirsən. Burada “həvəskar” sözünü işlətməyi vacib sayıram – mən bilmrəm Ryan’in bu elm sahələrində sistemli biliyi varmi (böyük ehtimalla, yoxdur), amma mühüm olan budur ki, o, heç buna çalışmır da. Ryan şeirin (xüsusilə də qafiyələrin) insan beyninə təsiri barədə özünün möhtəşəm və orijinal elmini (psevdo-elmini) yaradıb. Artistin vəzifəsi də budur!

Bizim klassik ədəbiyyatımızdan sətirdaxili qafiyələnmələr, müxtəlif təkrirlər, cinaslar və sairəni xatırlayıram. Modern şerimizdən, Rəsul Rzanın “qız qalası” – “qulaq asır” kimi çox maraqlı qafiyəsi indi də yadımdadır, yaxud, Rasim Qaracanın “tən ortadan” –“aortadan” qafiyəsi. Və yaxud, Ələkbər Salahzadənin alliterasiya ilə zəngin şeirlərini xatırlayıram. Əlbəttə, çox şairlərimizdə, ən azı bir neçə maraqlı, qeyri-standard qafiyə tapmaq mümkündür. Mən özüm də son şeirlərimdə “məni üşütdü” – “qış bitdi”, yaxud da “buxar vurur – yay bax budur” kimi qafiyələr işlətmişəm. Bunlar hər halda çəp qafiyələrdir, ikinciyə mən həm də göz qafiyəsi deyərdim. Yaxud “fotodan”-“sərhəd-olüm-ekran” kimi çox sonra gələn qafiyə növündən də istifadə etmişəm.

Amma istənilən çağdaş dövr şairimizin qafiyə repertuarını götürün, Ryan’ın zəngin yaradıcılığı ilə müqayisədə 1-in 100-ə, bəlkə də 1-in 1000-ə nisbətindədir.

Amma istənilən çağdaş dövr şairimizin qafiyə repertuarını götürün, Ryan’ın zəngin yaradıcılığı ilə müqayisədə 1-in 100-ə, bəlkə də 1-in 1000-ə nisbətindədir.

Maraqlıdır, bizim dildə Kay Ryan kimi qafiyələrlə bu qədər zəngin və rənagərəng modern şeirlər yazmaq mümkündürmü? Sual hətta gülməli görünə bilər, çünki biz əsrlər boyudur qafiyələrlə əlləşirik…

Ryan’ın şeirlərinin başqa maraqlı cəhətlərindən də çox qisaca bəhs etmək istəyirik: əvvəla, onun şeirləri təkcə qafiyələrlə deyil, metaforalarla da olduqca zəngindir. Bu, ayrıca bir yazi mövzusu olduğu uçun, oxucudan üzr istəyərək üzərində dayanmadan keçirik.

Yeni yazan şairlərə tez-tez “klişelərdən qaçın” kimi məsləhətlər verirlər. Ryan düz klişelərin üstünə gedir! Onun bir çox məşhur şeirlərində klişelər şeirin düz mərkəzində yerləşdirilib, şeiri analamaq üçün bu klişelərdən xəbərdar olmaq çox vacibdir. Məsələn, əsas şeirlərindən sayilan “Home to Roost” şeiri bütünlüklə “toyuqlar evə yatmağa gəlir” deyimi üzərində qurulub…

…Şeiri hansı şəxsin dilindən yazmaq daha yaxşıdır? Birinci şəxsdəmi, yoxsa üçüncü və yoxsa ikinci?

Şeir sənətinə yaxın qohum olan hekayə janrında da eyni sualı vermək olar. Mən bizim ədəbi mühitdə bəzən eşidirəm:”hekayəni birinci şəxsdə yazmağa nə var, oğul ona deyərəm ki, üçüncüdə yaza”. (Əgər birincidə yazmaq asansa, onda asanı qoyub çətində yazmaq səfehlik deyilmi?)

Əlbəttə, ədəbiyyat nəzəriyyəsində bu məsələlər hamısı, özü də bütün janrlarda yetərincə araşdırılıb. Şeirə gəldikdə isə, mən ABŞ-da gənc şairlərə belə (əlbəttə, subyektiv) tövsiyyələr eşitmişəm ki, çalışın üçüncü şəxsdə yazın. Ona gorə yox ki, birinci şəxsdə yaxşı şeir yazmaq asandır, ona görə ki, birinci şəxsdə pis şeir yazmaq asandır!

Birinci şəxsin təkində yaxşi şeir yazmaq üçün şair gərək özünə çox əmin ola, çünki bu cür şeirlər avtobioqrafik olmağa çox meylli olduğundan gənc şair özünə əziz olan bioqrafiyasına vurğunluğundan şeirinin təsirini düzgün hesablaya bilmir, aşırı duyğusallığa meyl eləyir, poetik “mən”i ilə düzgün münasibət qura bilmir və s.

Üçüncü şəxsin təkində yazılan şeir də, əgər hansısa əsas xarakterə fokuslanırsa onda mahiyyətcə birinci şəxsdə yazılmiş şeirə yaxın olur və yenə də gənc şairlər eyni təhlükələrlə üzləşir. Kay Ryan’ın əksər şeirləri xalis üçüncü şəxs şeirləridir.

Ryan ümumiyyətlə etiraf şeirlərini xoşlamır. Birinci və ikinci şəxsin təkində də çox az yazıb. Brinici şəxsin cəmində maraqlı şeirlərini oxumuşam.

“Xalis 3-cü şəxs şeiri” ifadəmi bir az aydınalşdırım.

Üçüncü şəxsin təkində yazılan şeirlərdə çox zaman əsas xarakterə ağir fokuslanma olmasa da, hər halda bir az fokuslanma olur və yaxud da deyək ki, şeirin harasındansa hansısa bir “mən”, ya da bir “sən” gizli-gizli boylanır.

Ryan’ın əksər son dövr şeirlərinə nə qədər baxırsan bax, “mən”-“sən” görmürsən. Yaxından diqqət etdikdə mənə aydın oldu ki, onun şeir yazma prosesi də ənənəvi deyil, mənim tanıdığım və adət etdiyimidən çox fərqlənir.

Mən özümü çox şeir oxumuş birisi sayıram; yenə də məni təəccübləndirən, heyrətləndirən şeirlər, şairlər çox olub. Amma bütövlükdə şeir anlayışımı bu qədər kəskin dəyişən müəlliflərə az rast gəlmişəm. Kay’i oxuyana qədər inanmazdım ki, mənə ruhən bu qədər yad görünən bir şairi sevə bilərəm!

İstədim onu Azərbaycanda da tanısınlar.