Umberto Eko: İnternet anarxiyasının gözəlliyi

İtalyan yazıçısı Umberto Eco

-

"İnternetdə hökm sürən anarxiya onunla nəticələnir ki, heç vaxt hansı linklərin maraqlı, hansıların fırıldaq olduğunu bilmirsən. Mən, “Həzz bağları”, “Böyüklər üçün çılpaq adamı güdmək”, “O-o-o-o, çılpaq qadınlar!”, “Şərq yarımkürəsinin seks ilahələri” kimi ümidverici adları bir-bir oxudum".

Umberto Econun elektron poçt, kompyuterlər və internet haqqında qeydləri

2016-cı ildə T&P saytı, italyan filosofu və yazıçısı Umberto Econun internet barədə fikirlərini toplayıb. Onların arasında Econun, şəxsi kompyuterinin ekranındakı işarələrin onu necə əsəbləşdirdiyi barədə də düşüncələri var, internetdəki erotik saytlar barədə də.

E-mail, təhtəlşüur və super eqo

1996-cı il

E-mail – səhifə-səhifə mətnləri hətta Avstraliyaya belə şəhərdaxili zənglər qiymətinə və bir neçə saniyənin içində göndərmək imkanı yaradan telekommunikasiya zibilidi. Məsafə və sürət müəyyən psixoloji problemlər

1974-cü ildə elektron poçtu kəşf etmiş Ray Tomlinson

yaradır. Məsələn, biz indi yüz dəfə sürətlə gələn cavabı daha səbirsizliklə gözləyirik, halbuki adi poçtla gələn məktubu sakitcə gözləyərdik. Təzəcə baş vermiş bir əhvalatın köməyi ilə sürətin gətirdiyi narahatlıqlardan birini təsvir eləyəcəyəm: Bir nəfər (adını Paskuale qoyaq) uzun illər işlədiyi firmada nəzakəti və xeyirxahlığı sayəsində rəhbərliyin və həmkarlarının hörmətini qazanıb. Günlərin bir günü Paskuale son dərəcə həssas bir missiya ilə xaricə göndərilir və həmkarları ilə e-mail (istifadə qaydalarını yenicə öyrəndiyi) vasitəsilə əlaqə saxlayır. Dostu ona işdə problem olduğunu xəbər verir (e-maillə). Paskualenin səfərdən əvvəl nəzarət elədiyi layihələrdən biri rəhbərliyi qane eləməyib və başqa adama verilib, həmin adam da layihəni yenidən işləyərək dəyişib. Xəbəri alan Paskuale dərhal (axı, e-maillə bu çox rahatdı) onun yerinə keçdiyi güman edilən adama məktub yazır və əclaf adlandırır, onun iş bacarığını şübhə altına alır və iddia eləyir ki, o, maraqlı tapşırıqları hər iki cinsdən olan işçilərinin arasında onların seksual xidmətləri qarşılığında bölüşdürür. Həmin adam qəzəblə Paskualedən dəli olub-olmadığını soruşanda (e-maillə), Paskuale bir az da ağır cavab verir və aralarındakı coğrafi məsafə olmasaydı, ona necə zərbələr endirəcəyini təsvir eləyir. Elektron məktubu eyni anda bir neçə ünvana göndərmək mümkün olduğundan Paskuale yazdıqlarının surətini firma başçısına da göndərir, üstəlik ora firma haqqında bəzi fikirlərini də əlavə eləyir, onun təbii tullantıların atıldığı zibilxanadan fərqlənmədiyini yazır.

Yəqin ki, Paskuale öz karyerasını məhv eləyir. Bəs nə baş vermişdi? O, həyəcanlı xəbər alır, e-mail isə onda dərhal cavab vermək və öz reaksiyasını hər kəsə bildirmək istəyi doğurur. Öz qəzəbi ilə birlikdə bütün dünyadan qopmuş halda, kompyuterin ekranı qarşısında tək oturan Paskuale, qəlbinin ən qaranlıq tərəflərini bayıra püskürür. Aldığı xəbər onun təhtəlşüuru ilə rezonansa girir və super-eqosu ilə adətən olduğu kimi məsləhətləşməyə macal vermir. Maşın onu bir anda bütün dünya ilə birləşdirir, lakin onun sürəti ucbatından Paskualeunudur ki, əsrlərlə qəbul olunmuş ictimai razılaşma, hərəkət və ona cavab üçün fərqli surətlər gərəkdirir. Burdan belə bir nəticə çıxır ki, e-mail (qitələrarası avialaynerlər qədər dahi bir ixtiradı) həm də yeni bir problem yaradıb – mail-lag - ona psixoloji cəhətdən uyğunlaşmaq lazımdı. Və bu işdə melatoninin heç bir köməyi olmayacaq.

Çox şeymi kəşf eləmişik?

1998-ci il

Deyəsən, bu elan internetdə çıxmışdı. Ancaq dəqiq harda çıxdığını bilmirəm, çünki onu mənə elektron poçtla göndərmişdilər. Bu, yenilik təklif eləyən psevdospamdı -“Built-in Orderly Organized Knowledge”. İxtisarla – BOOK, yəni “kitab”. Nə məftilləri var, nə batareyası, nə mikrosxemləri, ötürücüləri, nə də düymələri. Cihaz rahat və portativdi, onu hətta peçin yanında oturanda da istifadə eləmək olar.

Bir çox predmetlər var ki, kəşf olunandan sonra artıq təkmilləşdirmək artıq mümkün deyil. Məsələn, stəkan, qaşıq, çəkic.

Umberto Eco həmçinin 1996-cı ildə dediyi "İnternetdən Gutenbergə qədər" mühazirəsi ilə məşhurdur.

XX əsrin sonunda “yüz il ərzində həqiqətən çoxmu təzə şey ixtira eləmişik” deyə özümüzdən soruşmağın vaxtıdı. Axı, gündəlik həyatda istifadə elədiyimiz predmetlərin əksəriyyəti XIX əsrdə meydana çıxıb. Məsələn, onlardan bəziləri: qatar (amma buxar maşını ondan bir əsr əvvəl yaranıb), avtomobil (onunla eyni vaxta təsadüf eləyən neft emalı sənayesi ilə birlikdə), çap makinası, qrammofon, diktofon, tikiş maşını, soyuducu və konservlər, pasterizə edilmiş süd, alışqan (və siqaret, elektrik işıqlandırılması), telefon, teleqraf, radio, fotoqrafiya və kinematoqrafiya.

Charles Babbage dəqiqədə 66 əməliyyat aparmağa qadir olan hesablayıcı makinanı ixtira eləmişdi. Və budur, biz artıq kompyuterə gedən yoldayıq.

Müasir kompyuterləri ilkin nümunəsini yaratmış ingilis riyaziyyatçısı Charles Babbage

Əlbəttə, bizim əsrimiz elektronikanı, pensillini və ömrümüzü uzadan digər dərmanları, plastmassı, nüvə sintezini, televiziyanı və kosmosa uçuşları bəxş eləyib bizə. Amma o da həqiqətdi ki, bu gün ən bahalı saatların və avtoqələmlərin yüz il əvvəlki klassik modellərini bərpa eləməyə can atırlar. Əvvəlki qeydlərimin hansındasa artıq demişdim ki, kommunikasiya sahəsindəki son təkmilləşmə - yəni internet - məftilli teleqrafın Marconi tərəfindən kəşf edilmiş məftilsiz teleqrafdan üstün olduğunu göstərir, başqa sözlərlə radiodan telefona qayıdış anlamına gəlir. Əsrimizin, ən azı, iki xarakterik kəşfini – plastmassla nüvə sintezini indi geri “kəşf eləməyə” çalışırlar, çünki onların planeti zəhərlədikləri aydın olub. Proqress, heç də həmişə nəyin bahasına olur-olsun, irəli getmək demək deyil.

İnternetdə səyahət

1997-ci il

Dünənə qədər mənim bir problemim vardı: internetdə mənə hansı qatara minməli olduğumu deyən proqram tapa bilmirdim. Bunun son dərəcə asan olduğunu düşünürlər: müxtəlif saytlar, o cümlədən, dövlət dəmiryolunun saytı var (başqa ölkələrdə də belədi), onlar pis-yaxşı işləyirlər, amma əhatə dairələri məhduddu. İtalyan saytında İtaliya ərazisində necə səyahət etmək lazım gəldiyi deyilir, amma Nansdan Lillə necə getmək olar yox.

Nəhayət, tamamilə təsadüfən “Deutsche Bahn” adlı gözəl bir proqrama rast gəldim (nə deyirsiniz-deyin, texnika sahəsində almanlar məğlubedilməzdilər).

Bu proqram, Avropanın bütün dəmiryollarına aid xəbərləri göstərir. Mən Neapoldan keçmə şərtilə Londondan Grossetə necə getməli olduğumu soruşdum. Birinci marşrut 29 saat vaxt alır və son dərəcə adidi. İkinci marşruta 34 saat sərf eləmək lazımdı, yalnız ona görə ki, Parisin bir vağzalından digərinə keçməli olursan. Əvəzində üçüncü marşrut möhtəşəmdi: o, 26 saat vaxt alır - mən Bardonekkyedə, Alessandriyada, Novidə, Viaredcoda dayanıram, gecə saat birdə Grossetdən keçirəm (dayanmadan), Neapolda Kampi Fleqrey vağzalına çatıram, Roma qatarına minirəm, Roma Ostienseyə çatıram və təxminən, on saat sonra Grossetə qayıdıram. Bu, ən həyəcanlı marşrutdu. Sadəcə oxumaq üçün kitab, bir də termos götürüb yola düşməlisən.

İmkansız bir şeyi təsəvvür eləyək. Mən “Madriddən keçən Battipalya-Roskoff” marşrutu üçün sorğu göndərdim. Milandan keçərək Battipalyadan Şamberiyə, sonra Paris, Madrid, Puatye, Nant, Renn, Morle və Roskoff. 66 saatlıq xəstə avaraçılıq. Məncə, daha bir şedevr “Madriddən keçən Battipalya-Sankt-Peterburq-Vitebski” marşrutudu (məni bu marşrutun şaqalsayağı “dadı” əyləndirdi, ancaq çox əmin deyiləm). Battipalya-Paris – aydındı, elə Paris-Madrid də aydındı, ancaq sonra macəra başlayır: Madriddən Brüsselə, ordan Mərkəzi Orşa və ordan birbaş Sankt-Peterburqa qədər. Cəmi 110 saat 34 dəqiqə. Başa düşdüyünüz kimi mən özümçün narkotik tapdım. Lap uşaqlıqda riyaziyyat dərsində partanın altında gizlətdiyim atlasa baxa-baxa özüm üçün macəralı kəşflər təsəvvür elədiyim kimi. İndi mən yalnız bir şeylə məşğulam: sehrli yuxular görməyə çalışıram və dayanmadan sxemləri, marşrutları izləyirəm. Əgər bunu virtual reallıq adlandırmaq mümkündürsə, onda onun varlığına şübhə yoxdu.

Kompyuter işarələri

1996 –cı il

Təsvir vasitəsilə kommunikasiyaya tez-tez ehtiyac olur: məsələn, fərqli dillərdə danışan insanların toplaşdığı hava limanlarında tualetləri kişi və qadın fiqurları ilə, restoranları isə çarpaz çəngəl-bıçaq təsviri ilə işarələmək faydalıdı. Burda söhbət hamının anladığı simvollardan (ya da işarələrdən) gedir. Amma onda “Alitaliya”nı, “Air France”ni və “Lufthanza”nı, hətta Paris, Əlcəzair, Pizanı da sözlərlə yox, eyni şəkildə təsvirlərlə təqdim eləmək daha yaxşı olmazdımı?

Serbiyada təqaüdçülərə kompyuterin sirrlərini öyrədən kurslar fəaliyyət göstərir.

Təxminən, buna bənzər hal hərdən kompyuterin arxasında oturanda da baş verir. Ondan "friendly", yəni mehriban olmaq tələb edilir ki, bu da “axmaqlığa davamlılıq” kimi başa düşülür: hesab olunur ki, səfeh sözləri yox, işarələri daha yaxşı anlayır. Bu ideyanın özü yanlışdı: istənilən səfeh adam- bir halda ki, kompyuterdən istifadə eləyir (videooyunlar üçün istifadəni demirəm, yazmaq, hesablama aparmaq, siyahı tutmaq, cədvəllər çəkmək, məktub göndərmək, pedofillərin qrupları ilə ünsiyyətə girmək üçün), oxumağı bacarır.

İndi isə həmin səfeh saysız-hesabsız işarələri yadında saxlamalıdı, özü də onların hamısını intuitiv anlamaq mümkün deyil. Mən “Winword 6”da yazıram – və artıq “bağlamaq”, “açmaq”, “qorumaq”, “sənədi çap etmək” işarələrini yadımda saxlamışam. Amma məsələn, orda ortasında sırayla düzülmüş nöqtələr olan balaca bir kvadrat var. İntuitiv olaraq onun “pəncərələri ayırmaq” anlamına gəldiyini başa düşmək qətiyyən mümkün deyil, üstəlik o “cədvəl qurmaq” adlı digər işarəyə və dəhşətli dərəcədə “sərhədlər və rəngləmə” işarəsinə oxşayır.

Müxtəlif interaktiv, multimediyalı, hipermətnli CD-lərdə nə istəsən, tapmaq mümkündü: pəncələr, ovuclar, qlobuslar, üst-üstə yığılmış vərəqlər, Şerlok Holmsun profili, özünü quyruğundan vuran rəngli oxlar. Üstəlik hər CD-nin öz işarəsi var. Hələ yaxşı proqram mənə sözlə də göstərişlər verir: “əvvəlki səhifəyə qayıtmaq”, ya da “yeni dəyişiklikləri ləğv etmək”.

Kimlərsə mənə etiraz eləyəcəklər: eyni proqram müxtəlif ölkələrdə istifadə oluna bilər və hər yerdə ingiliscə bilmirlər. Cavab verirəm: hazırda proqramların yerli dilə uyğunlaşdırıldığı faktını bir kənara qoysaq, bu və ya digər işarənin nə demək istədiyini anlamaqdan ötrü 200 səhifə qalınlığında təlimat kitabını oxumaq lazımdı. Ki, hətta doğma dilində yazılmış olsa belə, onu anlamaq qeyri-mümkündü. O kitaba dörd səhifəlik ingilis-italyan lüğəti də əlavə edilsəydi, daha yaxşı olardı.

Mister X-ın bağırsaqları

1995-ci il

İnternetdə gəzərkən öz yoğun bağırsağının fotosunu ümumi baxışa çıxartmış bir cənabın şəxsi səhifəsinə rast gələ bilərsiniz. Bəlkə oxucuların hamısı yoğun bağırsağının fotosunu əldə etməyin nə demək olduğundan xəbərsizdi. Deməli, bir neçə il əvvəl xəstəxanaya (dövlət və ya özəl) getmək imkanı yaranmışdı. Orda həkim sizin düz bağırsağınıza ucunda telekamera olan bapbalaca zond salırdı. Əgər başınıza gətirilənlərə fikir verməsəniz və lazımi qədər nəqli təxəyyülə sahib olsanız, onda rəngli televizorun ekranında zondun (ya da telekameranın) səyahətini “in interiore homine” izləyə bilərsiniz. Bu proses zamanı sizi müqəddəs Avqustinlə Jül Vern arasında bir şey gözləyir.

Siz, min-min illər ərzində öz daxili orqanlarında hərəkəti izləmək şanşı qazanmış ilk insan olmasanız belə, şübhəsiz özünüzü, ilklərin sırasında hiss eləyəcəksiniz. Bir neçə gündən sonra həkim sizə bağırsağınızın rəngli fotosunu təqdim eləyəcək. Yeganə problem ondadır ki, bütün sağlam insanların yoğun bağırsağı bir-birinə bənzəyir. Şirakın, ya da Klintonun bağırsaqları məni niyə maraqlandırmalıdı? Hətta Şeron Stounun da bağırsağından daha maraqlı bir şeyi var, əks halda Pol Verxuven öz “Əsas instinkt”ini yox, elmi-kütləvi sənədli film çəkərdi.

Hə, haqqında danışdığım cənab internetdə özünə şəxsi səhifə (hansı ki, müəyyən bir qiyməti var) alıb ki, hamıya yoğun bağırsağının fotosunu göstərsin. Gəlin, bu qərarın arxasında hansı psixoloji dramın gizləndiyini araşdırmağa çalışaq. Həyatın fərqlənmək, nəinki xələflərinin, hətta öz müasirlərinin belə diqqətini çəkmək imkanı vermədiyi bir insan qərara gəlir ki – donuzdan bir tük də qənimətdi – öz (təsadüfə bax ki, başqalarının bağırsağından heç nə ilə fərqlənməyən) yoğun bağırsağını potensial şəbəkə səyyahlarına göstərərək tarixə düşsün. Ya da heç olmasa, müasir dövrdə yadda qalsın. Kimsə məşhur olmaq xatirinə öz valideynlərini öldürür. İnternet anarxiyasının gözəlliyi, məhz, budur. Hər kəsin öz əhəmiyyətsizliyini nümayiş etdirmək haqqı var.

Günah gecəsi

1995 –ci il

Ötən gecə metafora haqqında ədəbiyyat siyahılarında, hipertekstual hekayələr yaratmaq üçün proqramlarda və müəlliflik hüququ haqqında qanundan əvvəl yaradılmış “Saf şüurun tənqidi” əsərinin qədim ingilis dilində tərcüməsində gəzişməkdən yorulandan sonra mən, “WebCrawler”i açdım və “seks” sözünü axtarışa verdim. 2088 ünvan göstərildi, onlardan yalnız 100-ü açıldı. İnternetdə hökm sürən anarxiya onunla nəticələnir ki, heç vaxt hansı

Los-Angelesdə fəaliyyət göstərən nəhəng porno saytlarından birinin baş ofisi

linklərin maraqlı, hansıların fırıldaq olduğunu bilmirsən. Mən, “Həzz bağları”, “Böyüklər üçün çılpaq adamı güdmək”, “O-o-o-o, çılpaq qadınlar!”, “Şərq yarımkürəsinin seks ilahələri” kimi ümidverici adları bir-bir oxudum. Ancaq ən ləzzətli tikələri mənə təkcə bir şərtlə vəd eləyirdilər – qeydiyyatdan keçib, baxmaq üçün pul ödəməliydim.

Sonra “şəbəkədəki balacalar” səhifəsinə keçdim, orda mənə əlliyə yaxın “balaca”nın ünvanı təklif olundu (“babe” sözü “gözəlçə” anlamında da ola bilərdi): hər birinin öz şəxsi səhifəsi, bəzilərinin Çok-En-Çen kimi cazibədar adları vardı. Demək olar ki, kor-koranə halda Cennifer Emos adının üstünə çıkkıldatdım. Ceniferin səhifəsi açıldı, şəkilləri (çiyninə qədər) göründü. Adi qadın idi, bildirirdi ki, çox ciddi bir kollec olan Oberlində işləyir, sonra da peşəkar kvalifikasiyasını ətraflı təsvir eləyirdi. Səhifənin əvvəlində qız yazırdı ki, avqustun 15-i saat 12:28-də onun siam pişiyi gəbərib, axırında isə xahiş eləyirdi ki, əgər onun səhifəsinə UD-dan girmişəmsə, hansısa Co Lenqə salam deyim. Seks barədə bir kəlmə də yox idi. Cennifer ya bir mütəxəssis kimi özünü reklam eləyirdi, ya da tənhaydı və ünsiyyətə ehtiyacı vardı. Kramersə boş vaxtlarında web-səhifə - yəni indi mənim baxdığım şeyi yaratmaq üçün xidmətlərini təklif edirdi. Potensial müştəriləri cəlb eləmək məqsədilə onlara erotik saytların əlaqə vasitələrini verirdi – gözəl qızların şəkillərini göstərir və səni şirinlərin, ya da yeməlilərin axtarışına ruhlandırır – o şəkillərdəkilər isə heç də yeməli deyildilər, əksinə sərt əxlaqlı, kifayət qədər ləyaqətli xanımlar idi. Ümidsizlik içində əvvəlki 100 ehtiraslı ünvanın siyahısına qayıdıram və elə bir şey tapıram ki, sözün hərfi mənasında stuldan hoppanıram. Den Mouldinq adlı bir nəfər bəyan eləyirdi ki, əgər mən döşlər, cinsi dodaqlar və qadın bədəninin başqa hissələrini, üstəgəl bu kompyuterin monitorunun heç vaxt göstərmədiyi qədər çox və qəddar hiperporno görmək istəyirəmsə, onda lazımı yerə “gəlmişəm”. Mən dərhal həmin sayta girdim və monitorda belə bir xəbər peyda oldu: mən pozğun adamam və bura girdiyimə görə xəcalət çəkməliyəm.

Den Mouldinq – yutalı qatı mühafizəkar (hətta ola bilsin ki, mormondu) uzun bir məktubda əvvəlcə məni internetdə porno göndərərək, ya axtararaq xətti yükləməkdə qınayırdı. Gecə saat 3 idi.

Seksual orqiya məni əldən saldı. Durub yatmağa getdim və yuxuda qoyun sürüsü, mələklər və mehriban təkbuynuzlar gördüm.

Mac vs DOS

1994 –cü il

Müasir dünyanın sımasını gizli-gizli dəyişən yeni dini müharibə hələ heç yerdə öz əksini tapmayıb.

İş ondadı ki, artıq dünya “Macintosh” kompyuterlərinin istifadəçilərinə və “MS-DOS” əməliyyat sistemli kompyuterlərin istifadəçilərinə bölünür. Və qəti əminəm ki, Macintosh — katoliklikdi, DOS isə — protestantlıq. Dahası,

Personal kompyuterlərin inkişafında böyük rolu olmuş Stiv Cobs

Macintosh — iezuitlərin qəbul elədiyi Ratio Studiorum tərbiyə proqramından sonra meydana çıxmış kontrreformasiya dövrünün katolikliyidi. O mehribandı, səxavətlidi, üzüyoladı, möminə neyləməli olduğunu addım-addım göstərir – cənnətə düşməkdən ötrü olmasa da, ən azından, sənədin çapının tamamlanmasına nail olmaqdan ötrü. O, katexizis kimidi - Vəhyin mahiyyəti anlaşılan sözlərlə və parlaq rəsmlərlə izah olunub.

DOS — kalvinistsayağı protestantlıqdı. Müqəddəs kitabın şərhində sərbəstlik verir, fərdi və dərk olunmuş həllər tələb eləyir, sənə incə hermenevtikanı sırıyır və xilasın hər kəs üçün olmadığını təbii hal sayır. Sistemi işləməyə məcbur eləməkdən ötrü proqramı özün interpretasiya eləməlisən – möminlərin barokko tərzi təkliyindən uzaq olan istifadəçi öz iztirablı daxili tərəddüləri ilə təkbətək qalır. Mənə etiraz eləyib deyəcəklər ki, “Windows”un dünyaya gəlişi ilə DOS, “Macintosh”un kontrreformaçı səbrinə yaxınlaşıb. Həqiqətən də, Windows anqlikanlığa bənzər sxizmi (kilsələrin ayrılması-red) xatırladır: həm kilsədə dəbdəbəli mərasimlər keçirmək, həm də təcili DOS-a qayıtmaq və gözlənilməz qərarlar vermək üçün zəruri olan fundamental dəyişikliklər etmək imkanıdı. Zatən, keşişlər əllərini qadınların və geylərin də başlarına qoymağa başlayıblar (başa əl qoymaq – ruhani olmaq üçün seçilmiş şəxsin başına əl qoymaqla ona dini titul vermək-red).

Windows-dan necə qurtulmalı?

1994-cü il

1984-cü ilə aid ilk "Apple" kompyuteri

Həmişə hava limanlarında kompyuterə aid jurnallar alıram: onlar son dərəcə informativdilər və uçuş zamanı bu jurnalları vərəqləmək xoşdur. Hə, deməli,“PC Week”in iyul nömrəsində Den Miller adı ilə imzalanmış səksən - Eşidirsiniz? Səksən məsləhət tapdım – mövzusu “Windows 3.1” proqramından nələri silmək olar. Bu proqram bir çox işləri bacarır. Həmin işlər istifadəçilərin əksəriyyətinə heç vaxt lazım olmayacaq, ancaq operativ yaddaşda yer tutur və digər proqramların əməliyyatlarını yubadır.

Millerin məsləhətlərdən bəzilərini yerinə yetirmək çox asandı, digərləri diqqət və böyük zəhmət tələb eləyir, həmçinin həlledilməz problemlər yarada bilər. Amma o məsləhətlərdən, heç olmasa, iyirmisinə əməl eləsəniz, proqramın daha sürətlə işləməyə başladığını görürsünüz. Mən sınadım və gördüm ki, Windows sadəcə haqqında heç nə bilmədiyim və mənə qətiyyən lazım olmayan işləri bacarmır, həm də kompyuterə səxavətlə saysız-hesabsız komandalar yükləyir. Halbuki onlar DOS-da artıq var. Üstəlik yalnız sizin “Autoexec.bat”ın direktoriyalarında yazılmış komandaların dəstəklənməsinə icazə vermək olar (mən mütəxəssislər üçün danışıram).

Beləliklə, siz son dərəcə zəngin imkanlara sahib proqramı əldə etmək üçün pul xərcləyirsiniz, sonra bir az da pul xərcləyib jurnalı alırsınız. Və o jurnal sizə, həmin proqramın imkanlarının yarısından necə qurtulmalı olduğunuzu öyrədir (üstəgəl yenə pul xərcləyirsiz – işi korrekt şəkildə eləməyə sərf olunmuş vaxta görə).

Adamın əlinin altında zəngin informasiya olması yaxşıdı, amma elə bir an gəlir ki, onların içində boğulmamaq üçün təsnifləməyə məcbur olursan. Əvvəlcə informasiyadan istifadə eləməyi öyrənmək lazımdı, sonra da ondan qədərində istifadə eləməyi öyrənmək.

Şübhəsiz ki, bu qarşıdan gələn əsrdə təhsilin problemlərindən biri olacaq. Dessimasiya sənəti isə (Roma ordusunda intizam cəzası; hər on nəfərdən birinin püşkatma yolu ilə seçilib edam olunması-red.) nəzəri fəlsəfə və əxlaqın sahələrindən birinə çevriləcək.