Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsidə hələlik dönüş edə bilməmişik.
Bunu avqustun 8-də Bakıya gələn Rusiya prezidenti Vladimir Putin səfəri ərəfəsi “Azərtac”a müsahibəsində deyib.
O, “əmtəə dövriyyəsinin artırılması və sənaye kooperasiyası, qarşılıqlı sərmayə qoyuluşu da daxil olmaqla bütövlükdə iki ölkənin iqtisadi əməkdaşlığının stimullaşdırılması üçün nə etmək lazımdır?” sualına belə cavab verib:
“ Dünya iqtisadiyyatının mürəkkəb, əlverişsiz konyunkturu həqiqətən bizim işgüzar əlaqələrə də təsir göstərib. Bununla belə, Rusiyanın MDB ölkələri ilə xarici ticarətində Azərbaycan Belarus, Qazaxıstan, Ukrayna və Özbəkistandan sonra beşinci yeri tutur. Rusiya isə Azərbaycan mallarının idxalında liderlik edir.
Federal Gömrük Xidmətinin məlumatına görə 2015-ci ildə Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 2014-cü ildəki 4 milyard dollar ilə müqayisədə 30 faiz azalaraq 2,8 milyard dollara düşüb. Bu il vəziyyətdə hələlik dönüş edə bilməmişik: yanvar-may aylarının yekunlarına görə qarşılıqlı əmtəə dövriyyəsinin həcmi 568,5 milyon dollar olub. Bu, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 52,8 faiz azdır.
Düşünürük ki, bizim bazarda tələbat duyulan Azərbaycan kənd təsərrüfatı məhsullarının Rusiyaya satışının, həmçinin Rusiyadan Azərbaycana əkin sahələrinin genişləndirilməsi üçün zəruri olan gübrə və kənd təsərrüfatı texnikası ixracının artırılması qarşılıqlı ticarətin genişlənməsində mühüm rol oynaya bilər.
Hesab edirik ki, “Uralvaqonzavod” tərəfindən Azərbaycana dəmir yolu nəqliyyatı göndərilməsi, “Krasnoye Sormovo” zavodu tərəfindən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi üçün iki tankerin tikintisi və çatdırılması, Rusiyanın “R-Farm” şirkətlər qrupunun iştirakı ilə birgə əczaçılıq istehsalatının təşkili üzrə planlar tam həcmdə yerinə yetiriləcək.
Nəqliyyat, maliyyə, sığorta, telekommunikasiya, mədəniyyət və istirahət sahələrində xidmətlərin qarşılıqlı ticarətinin genişlənməsi ticari-iqtisadi əlaqələrin inkişafının daha bir mühüm istiqaməti ola bilər. Bu sahələr elə indi əmtəə dövriyyəsinin ümumi göstəricilərinə təxminən 20 faiz – 0,5 milyard dollar əlavə edir.
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində İran və Azərbaycan dəmir yollarının birləşdirilməsi nəzərə alınmaqla Rusiyanın və Azərbaycanın tranzit potensialından tamdəyərli istifadə edilməsi üçün yeni perspektivlər açılır.
Rusiya Ticarət-Sənaye Palatası nəzdində təşkil edilmiş Rusiya-Azərbaycan İşgüzar Şurası çərçivəsində ölkələrimizin biznes dairələri arasında qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsini vacib hesab edirik. Ümidvarıq ki, Azərbaycanda da analoji qurum yaradılacaq.
Əmtəə dövriyyəsinin azalması fonunda dövlətlərimizin investisiya sahəsində əməkdaşlığı tamamilə sabit inkişaf edir. Bu gün Rusiyanın 600-ə yaxın şirkəti, o cümlədən yüz faiz Rusiya kapitalı əsasında işləyən iki yüzə yaxın şirkət Azərbaycan bazarında fəaliyyət göstərir. Eyni zamanda, Rusiyanın Azərbaycana birbaşa investisiyaları 1,4 milyard dollara yaxındır.
Hazırda ölkələrimizin şirkətləri arasında qarşılıqlı hesablaşmalar əsasən dollarla aparılır. Biz bu şirkətlərin qarşılıqlı hesablaşmalarının milli valyutalara keçirilməsini stimullaşdıran şərait yaradılması işini davam etdirəcəyik.
Şübhəsiz ki, ikitərəfli ticari-iqtisadi əlaqələrdə bugünkü mənfi hallar müvəqqəti xarakter daşıyır. Əminik ki, biz tərəfdaşlar kimi sıx birgə fəaliyyət göstərməklə qarşılıqlı ticarəti davamlı artım trayektoriyasına çıxara biləcəyik”.