Yazıçı haqqında ölüm fitvası münasibətlərə təsir edə bilərmi?

Ərəstun Oruclu: «Bu addımlar Azərbaycanın Qərbə inteqrasiyasına mane olmağa hesablanıb»

Rafiq Tağının «Sənət» qəzetində dərc edilən məqaləsinə görə İran dindarlarının onun ölümünə fitva verməsi iki ölkə arasında münasibətlərə hər hansı təsir göstərə bilərmi? Hazırda bu məsələyə Bakıda yanaşmalar müxtəlifdir. Bir yanaşma odur ki, öz ölkəsində hansı mövqe tutmasından və rəsmi şəxs olub olmamasından asılı olamayaraq kimsə başqa ölkədə hansısa şəxsin ölümünə fitva verirsə bu istər istəməz iki ölkə arasında münasibətlərə təsir edə bilər. Əslində kiminsə qatilinin mükafatlandırılması çağırışı terrora çağırışdan heç nə ilə fərqlənmir.

Digər bir yanaşma isə odur ki, Rafiq Tağının yazdıqları ətrafında qalmaqal ötəridir, yəni qısa müddətdən sonra hər şey gündəmdən çıxacaq. Ancaq, bəzi dindar dairələrdə İranda Rafiq Tağıya ölüm hökmü çıxarılmasını Allahdan və «Quran»dan gələn əmr kimi qiymətləndirib haqq qazandıranlar da var.


«Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə düşünür ki, peyğəmbərin təhqir olunmasından tutmuş, onu təhqir edənlərin ölümünə fitva verilməsinə qədər hər şey məqsədli şəkildə idarə olunan məsələdir. Onun fikrincə, əslində hüquq mühafizə orqanları bu cür yazının qəzetə necə düşməsi, burada xarici qüvvələrin iştirakı olub-olmadığını araşdırmalıdır. Amma bu araşdırma aparılmadan da cənab Oruclu iddia edir ki, əslində hər şey İran kəşfiyyat orqanlarının diktəsilə idarə olunur.


«Məhz İranda islamçılar hakimiyyətə gəlməzdən əvvəl Şah dövründə demək olar bu gün Azərbaycanda mövcud olan vəziyyətə yaxın bir vəziyyət olub. O vaxt heç kim inanmırdı ki, islamçılar hakimiyyətə gələcək. Amma bu baş verdi»
Ekspertin fikrincə, bu cür addımlar Azərbaycanın Qərbə inteqrasiyasına mane olmağa da hesablana bilər. Ona görə də Azərbaycanın xüsusi xidmət orqanları hadisələrin haradan qaynaqlandığını tam şəkildə üzə çıxara bilsə, Bakı beynəlxalq aləmə müraciət edib yaranmış vəziyyətdə öz mövqeyini daha əsaslı şəkildə müdafiə edə bilər.

Ərəstun Oruclu bu məsələlərdə Azərbaycan iqtidarının öz hakimiyyətini qorumaq üçün istifadə edə biləcəyinə də diqqət çəkir. O, deyir ki, onsuz da insan haqları, mətbuat və söz azadlığı sahəsində vəziyyətə görə Qərbin bəzi dairələrində tənqidlərlə üzləşir. Hakimiyyət də gələcəkdə söz azadlığını boğması barədə ittihamlara cavabında atdığı sərt addımlara bəraət üçün islamçılıq amilindən istifadə etməyə çalışa bilər.


Ərəstun Oruclu Azərbaycanda siyasi islamın elə də güclü olmaması, bəzən onların siyasətə gəlməsinin qeyri-real olduğu barədə fikirlərə də bir qədər ehtiyatlı yanaşmanın tərəfdarıdır. Onun sözlərinə görə, əslində İranda Şah hakimiyyətin devrilməsində də bu amillər ciddi rol oynayıb: «Məhz İranda islamçılar hakimiyyətə gəlməzdən əvvəl Şah dövründə demək olar bu gün Azərbaycanda mövcud olan vəziyyətə yaxın bir vəziyyət olub. O vaxt heç kim inanmırdı ki, islamçılar hakimiyyətə gələcək. Amma bu baş verdi».


“525-ci qəzet”in 22 noyabr tarixli sayında «Azərbaycana İrandan yeni təzyiq dalğası» sərlövhəli yazının müəllifi Seyfəddin Hüseynli hesab edir ki, hazırda baş verənlər rəsmi qurumların deyil, cəmiyyətin ayrı-ayrı üzlərinin çağırışları olduğundan o, bu addımların iki ölkənin münasibətlərinə təsir edəcəyinə elə də inanmır. Amma cənab Hüseynliyə görə, hər halda, az da olsa bu məsələnin siyasi tərəfi də var və İran hakimiyyəti bir növ Azərbaycanın hansısa siyasətinə ictimai proseslərdən yararlanaraq münasibət bildirmək istəyir. Baş verənlərin Azərbaycanda siyasi islamın güclənməsinə səbəb ola biləcəyilə bağlı məsələlərə toxunan Seyfəddin Hüseynli hesab edir ki, Azərbaycanda din və dünyəvilik anlayışının təməli sağlam olduğundan proseslər ictimai fikirdə heç cür təsirə malik olmayacaq. Seyfəddin Hüseynli hesab edir ki, yazı müəllifi və baş redaktor barəsində ciddi ölçü götürüldüyündən İran tərəfinin məsələni bu qədər şişirdilməsinə də ehtiyac yoxdur.


İslam Partiyasının sədri Hacağa Nuriyev bu cür yazıların ortaya çıxmasında daha çox Qərbi günahkar sayır. O, da hesab edir ki, Azərbaycan hüquq mühafizə orqanları vəziyyəti tam araşdırmalı və sifarişçiləri üzə çıxarmalıdır. Bu olmayacağı halda, cənab Nuriyev İranla Azərbaycan arasında münasibətlərin gərginləşə biləcəyini düşünür. İrandakı din xadimin Azərbaycanda kiminsə haqqında ölüm fitvası verməsininə gəlincə, Hacağa Nuriyev bunu bir Ayəttulahın qəbul etdiyi qərar yox, Allahdan, «Quran»dan gələn bir tələb sayır.


Mədəniyyətşünas alim Niyazi Mehdi isə hesab edir ki, baş verənlər nə iki ölkə arasında, nə də Azərbaycanın daxilində hansısa ciddi problemlərə gətirib çıxarmayacaq.