Rusiyada müxalif siyasətçi və bloqer Aleksei Navalny-nin Antikorrupsiya Fondu (FBK) xaricdə dəyəri 3,5 milyon avrodan (3,8 milyon dollar) artıq dəbdəbəli əmlakın sənədlərini tapdığını, mülklərin Moskvanın prokuroru Denis Popova məxsus olduğunu iddia edir.
Bu, dövlət maaşıyla dolanan işçinin belə dəyərli daşınmaz əmlakı necə əldə etməsi haqda suallar ortaya çıxarıb.
Noyabrın 11-də yaydığı hesabatda fond bildirir ki, Monteneqroda sahəsi 1000 kvadrat metr olan, 19 mənzilli ev Popovun keçmiş həyat yoldaşı Irina Popovaya məxsusdur, Popov və uşaqları bu evdən mütəmadi istifadə edir.
Navalny-nin qrupu İspaniyada 645 min avroluq (710 min dollar) mənzilin də 2010-cu ildə Irina Popova tərəfindən alındığını aşkarlayıb. Onda cütlük hələ evli idi.
Popov əvvəllər Dağıstanın prokuroru olub, mayda Moskvaya prokuror vəzifəsinə namizədliyi irəli sürülüb. Prezident Vladimir Putin onu həmin vəzifəyə sentyabrın 7-də təsdiqləyib. Həyat yoldaşı isə rəsmən işsiz kimi göstərilir.
Buna da bax: Məhkəmə: Müxalifət liderləri Putinin aşpazına 1, 4 milyon dollar ödəməlidirlər“Ehtiyac yaranarsa araşdırılacaq”
Kremlin sözçüsü Dmitry Peskov deyib ki, FBK-nın Popov və əmlakı barədə materialları “ehtiyac yaranarsa” araşdırılacaq. Onun sözlərinə görə, Popov indiki vəzifəyə təyin olunmazdan öncə onun barəsində informasiya dərindən araşdırılıb.
Peskov söyləyib ki, prezident administrasiyasının nəzarət şöbəsi “lazım bilərsə”, Popovun bəyannaməsini yenidən yoxlaya bilər.
FBK-nın məlumatına görə, Popov-un həyat yoldaşının Rusiyanın Həştərxan vilayətində, Volqa çayının sahilində onlarla evi, oteli, restoranı, tennis meydançası, üzgüçülük hovuzu olan balıqçılıq kompleksi də var. Qrup Popovun tez-tez istirahətə və balıq tutmağa bu kompleksə getdiyini bildirir.
Popov rəsmən keçmiş həyat yoldaşına məxsus Mercedes ML350 avtomobilindən istifadə edir, FBK qeyd edir.
Moskva regionunda yay evi isə rəsmən Popovun 79 yaşlı anasına məxsusdur. FBK-nın məlumatına görə, Popov bu əmlakı deklarasiyasında göstərməmək üçün onu anasının adına qeydiyyatdan keçirib.
FBK davamlı olaraq Rusiya rəsmilərinin dəbdəbəli əmlakı və sərvəti haqda materiallar yayır, onları korrupsiyada ittiham edir. Ancaq bu təhqiqatların heç biri üzrə rəsmi araşdırma aparılmayıb.