Ukrayna ABŞ-ın yardımı saxlamasından narahat olubmuş

Laura Cooper

Bu il iyulun 25-də Ukrayna Birləşmiş Ştatların bu ölkəyə 390 milyon dollarlıq yardımı dayandırmasından narahatlıq bildirib. ABŞ Prezidenti Donald Trump ukraynalı həmkarı Volodymyr Zelenskiy ilə elə həmin günü telefonla danışıb.

Hazırda Konqresdə bu məsələylə bağlı impiçment araşdırması aparılır.

Müdafiə nazirinin Rusiya və Ukrayna üzrə köməkçisi Laura Cooper noyabrın 20-də konqresmenlərə deyib ki, o, yardımın dayandırılmasından Ukrayna səfirliyindən gələn elektron məktublar vasitəsilə xəbər tutub.

“Ukrayna səfirliyinin əməkdaşları soruşurdular ki, Ukraynaya təhlükəsizlik yardımının axırı necə oldu?” – Cooper Nümayəndələr Palatasının komitəsində deyib.

Buna da bax: Ağ Ev rəsmisi Trump-ın Zelenskiy ilə söhbətini ‘nalayiq’ adlandırıb

Respublikaçıların iddiası

Cooper deyib ki, Kiyevdəki Ukrayna rəsmilərinin yardımın dondurulmasından agah olduğunu “əminliklə” deyə bilməz.

Respublikaçılar israr edirlər ki, əgər ukraynalılar yardımın dondurulmasından xəbərdar deyildilərsə, onda bu məsələdə alverdən söhbət gedə bilməz. Yəni, yardımın Demokratlar, keçmiş vitse-prezident Joe Biden və onun oğlu barəsində təhqiqata nail olmaqdan ötrü dondurulduğu iddia olunur və hazırda bu iddialar araşdırılır.

25 iyul telefon söhbəti zamanı Trump Zelenskiy-dən demokratların 2016-cı il prezident seçkisinə iddia olunan müdaxiləsi, potensial seçki rəqibi Joe Biden və oğlu Biden barəsində araşdırma aparılmasını istəyib.

Bu söhbətdən öncə Trump Ukraynaya yardımı, təlim və məsləhətçi göndərilməsini dayandırıb, baxmayaraq ki, Konqres bütün bunları bu ilin büdcəsində təsdiqləmişdi.

Nümayəndələr Palatası isə Trump-ın xarici hökumətdən şəxsi mənfəəti üçün kömək istəməklə vəzifəsindən sui-istifadə edib-etməməsini araşdırır.

Trump bu araşdırmanı “əcinnə ovu” adlandırıb.

Buna da bax: Trump-ın Avropa səfiri ona qarşı ifadə verir

Sondland nə deyib

ABŞ-ın Avropa Birliyindəki səfiri Gordon Sondland da dünən ifadə verib. O deyib ki, Prezident Donald Trump ukraynalı həmkarının Ağ evə səfərinin gerçəkləşməsi üçün siyasi rəqibi barədə araşdırmanın elan olunmasını şərt qoyub.

Ancaq Sondland onu da deyib ki, prezident hərbi yardımın da belə bir açıqlamaya bağlı olduğunu heç vaxt aydın söyləməyib.

Respublikaçı konqresmenlər sonuncu açıqlamadan yapışıblar.

“Əsl bomba budur”, – Şimali Karolinadan respublikaçı konqresmen Mark Meadows tvitində yazıb.

Palatada impiçment araşdırmasına sədrlik edən demokrat Adam Schiff isə Sondlandın ifadəsini “vacib və dərindən narahatedici” adlandırıb.