Virus internetdə nəyi dəyişdi – Qərb mediası

İspaniyada uşaqlar nənə-babaları ilə danışır

Koronavirus pandemiyası dövründə evdə qalan amerikalılar həyatlarının böyük hissəsini onlayn yaşamağa başlayıblar. “The New York Times” qəzeti internet istifadəçilərinin davranışının necə dəyişdiyini araşdırıb.

Qəzet yazır ki, amerikalılar indi Netflix və YouTube kimi striminq xidmətlərində əyləncə axtarır, bir-birləri ilə Facebook kimi sosial media şəbəkələri vasitəsilə əlaqə saxlayırlar.

“Son illər bu xidmətlərin istifadəçiləri daha çox smartfonlara üz tutmuşdular... İndi isə evdədilər, kompüterlər əl altındadır və amerikalılar o kiçik mobil ekranlarına baxmağın elə də xoş bir şey olmadığını yada salırlar”, – məqalədə deyilir.

Buna da bax: WhatsApp mesaj yönəltməyi məhdudlaşdırır – Qərb mediası

Facebook, NetflixYouTube mobil tətbiqlərdə istifadəçi nömrələrinin sayında durğunluq yaşayır, ya da sayı azalır, vebsaytlarına baxış isə artır. Qəzet bunu SimilarWeb Apptopia statistikasına əsasən yazır. Bu iki xidmət bir neçə müstəqil mənbəyə əsasən trafik sayını toplayır, intertnet üzərindən müqayisə edir.

İndi biz həm də təkcə mətn mesajı göndərməklə kifayətlənmirik, bir-birimizi görmək istəyirik. Google-un Duo videosöhbət tətbiqi, eləcə də bir dəstə dostun video söhbətə qoşularaq video oynamasına imkan verən Houseparty kimi tətbiqlərdən istifadə də artıb.

Biz həm də ətrafımızda baş verənlər, nəyin dəyişməsi, virus, karantin tədbirləri ilə maraqlanırıq. Yerli məhəllələri birləşdirən Nextdoor social media saytına da maraq güclənir.

Buna da bax: Karantindən çıxırlar, amma ehtiyatla – Qərb mediası

Məqalədə Amerikada məktəb tapşırıqlarının indi Google Classroom vasitəsilə yerinə yetirildiyini yazır. Toplantılar Zoom, Google HangoutsMicrosoft Teams üzərindən gerçəkləşir. Doğrudur, bu xidmətlərdən kütləvi istifadə gizlilik məsələlərinə də diqqəti artırıb.

Bu arada amerikalılar səhiyyə böhranı, onun iqtisadi fəsadları haqqında oturuşmuş media orqanlarından informasiya almağa çalışır. Biznes vebsaytı olan CNBC-nin oxucu sayı kəlləçarxa vurub. “The New York Times”, “The Washington Post” qəzetlərinin vebsaylarının trafikində son bir ayda 50 faizdə çox artım qeydə alınıb.

Bir-birini təkrarlayan koronavirus siyasətləri bitəcək və…

“The Financial Times” qəzeti isə yazır ki, ölkələr karantin tədbirlərini necə, nə zaman aradan qaldırmağı ölç-biç etdikcə, fərqli yanaşmalar siyasətin nə dərəcədə sağlam olduğunu göstərəcək.

Müəllif Ivan Krastev qeyd edir ki, koronavirus böhranında ölkələrin bir-birinin siyasətini kopyalaması Avropanın pandemiyaya reaksiyasında paradoksu üzə çıxardı. Bir tərəfdən cəmiyyətlər bir-birilə əməkdaşlıq etmək əvəzinə millətçiliyi üstün tutdular. Digər tərəfdən, hökumətlər xəstəliyin yayılmasını önləməkdən ötrü eyni siyasi paketi təkrarladılar. Baxmayaraq ki, AB üzvü ölkələrin hər birində sosial ənənələr və dövlət səhiyyə sistemlərinin durumu fərqlidir, müəllif vurğulayır.

Buna da bax: Avropa İttifaqı karantindən ‘tədrici çıxışı’ müzakirə edəcək

Məqalədə Covid-19 pandemiyasının ölçüsüz qeyri-müəyyənliyə səbəb olduğu, ikin mərhələdə hökumətlərin fiziki təcrid və iqtisadi qadağaların bədəlini və faydasını hesablaya bilmədiyi qeyd olunur. Bu ssenaridə isə ən məsuliyyətli hərəkət ən pis variantı düşünərək riskin qarşısını ən çox alacaq yolu seçməkdir.

“Başqaları kimi etmək ictimaiyyəti durumun nəzarətdə olmasına inandırmaqdan ötrü çox vacibdir – bu halda onlar evdə qalır, maska taxır, şirkətləri bağlayır, başqa qaydalara əməl edirlər”, – yazan müəllif böhrana fərqli reaksiyaların inamın alt-üst olmasıyla nəticələnəcəyini vurğulayır. Məsələn, İsveç yeganə AB ölkəsidir ki, fiziki təcrid, karantin qaydalarını rədd edib. “Adamlar soruşurlar ki, başqaları səfehdir ki? Ya İsveç düzgün hərəkət eləmir?” – Gothenburg universitetinin professoru Orla Vigso “The Guardian” qəzetinə deyib. İndi birdən İsveçin xəstəxanaları xəstəylə dolub daşsa, ölü sayı artsa, Stokholm hökuməti AB-dəki həmkarlarından daha ağır siyasi bədəl ödəməli olacaq.

Müəllif yazır ki, indi vəziyyət tezliklə dəyişə bilər, siyasətçilər artıq öz ölkələrində Covid-19-un necə yayılması haqda informasiya yığırlar və indi axına qoşulub getmək səhv olardı, yəni artıq hər bir hökumət özünəxas qərar çıxarmalıdır ki, bu da artıq siyasətin sağlıq durumunun göstəricisinə çevriləcək.

Cons Hopkins Universitetinin məlumatına görə, dünyada koronavirusa 1,4 milyon nəfər yoluxub, 80 mindən çox ölən olub.