Rusiya Belarusda seçkisonrası etirazlarda “gərəkərsə”, “talan” baş verərsə, asayişi bərpa etməyə hüquq-mühafizə əməkdaşları kontingenti hazırlayıb. Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Putin bunları avqustun 27-də Rossiya dövlət televiziyasına gözlənilməyən müsahibəsində söyləyib.
“Belarusda ekstremist elementlər qırmızı xətti keçərək talan hərəkətlərinə başlamasalar, Rusiya qüvvələrindən istifadə olunmayacaq”, – Putin vurğulayıb.
Rusiya prezidenti onu da deyib ki, “Belarusun hüquq-mühafizə agentlikləri şəraitdən asılı olmayaraq təmkinli davranış nümayiş etdirirlər”.
***
Minskdə müxalifət liderləri dindirilir
Belarus hakimiyyəti müxalifət fiqurlarının dindirilməsini davam etdirir. Müxalifətin Koordinasiya Şurasıyla bağlı “cinayət təhqiqatı” aparılır.
Hazırda mühacirətdə olan müxalifət lideri Svyatlana Tsikhanouskaya-nın Koordinasiya Şurasının üzvü Maria Kalesnikava avqustun 27-də İstintaq Komitəsində dindirilməyə çağırılıb.
Tsikhanouskaya seçkinin nəticələrinə etirazlarda azı 6 nəfərin öldürüldüyünü, onlarla etirazçının itkin düşdüyünü bildirir.
Belarusun Konstitusiya Məhkəməsinin sədri isə Koordinasiya Şurasını “qeyri-konstitusion” adlandırıb. Şuranın idarə heyətinin iki üzvü Lukashenka-ya qarşı icazəsiz nümayişçilərin təşkili ittihamıyla həbs olunub.
Sizin brauzer HTML5-i dəstəkləmir
Stoltenberg Merkel-lə görüşüb
NATO-nun Baş katibi Jens Stoltenberg avqustun 27-də Berlində Almaniya Kansleri Angela Merkel-lə görüşdən sonra deyib ki, Lukashenka Belarus xalqının fundamental hüquqlarına “tam sayqı göstərməlidir”. Stoltenberg Lukashenka-nın NATO qüvvələrinin Belarus sərhədində yerləşdirilməsi iddialarını təkzib edib. Onun sözlərinə görə, gələcək təzyiqlər üçün NATO alyansından bəhanə kimi istifadə etmək “əsaslandırılmamış” addımdır.
Belarusda Roman Katolik kilsəsinin başçısı, arxiyepiskop Tadeusz Kondrusiewicz isə bəyan edib ki, Belarusun polis və təhlükəsizlik xidməti əməkdaşları avqustun 26-da Minskdə Müstəqillik Meydanı ilə üzbəüz kilsədə nümayişçilərə qarşı “qeyri-adekvat və qanunsuz” hərəkətlər ediblər.
Kondrusiewicz polisin davranışının araşdırılmasına çağırıb, bu davranışın ölkədə “gərginliyin azaldılmasına kömək etmədiyini” deyib.
Dünən onlarla etirazçı kilsəyə girəndən sonra polis kilsənin qapılarını bağlayıb və onları içəridə 40 dəqiqəyədək saxlayıb. Bu zaman yaxınlıqdakı meydanda mindən çox etirazçı dağıdılıb, 50-dək şəxs saxlanıb.
***
AB-nin xarici işlər nazirləri Belarusa sanksiyaları müzakirə edəcək
Avropa Birliyinin (AB) xarici işlər nazirləri Berlində iki günlük qeyri-rəsmi danışıqlarda Belarusa sanksiyaları müzakirə etməyə hazırlaşırlar. Belarusa mübahisəli prezident seçkisi və dinc etirazçılara divan tutulduğuna görə sanksiyalar gözlənir.
Buna da bax: Belaruslu müəllim: 'Bizi bağışlayın'
Məlumatlara görə, seçki saxtakarlığında iştirakda, nümayişçilərə qarşı repressiyada ittiham olunan 15-20 nəfərə sanksiyaların tətbiq edilməsi üzrə artıq razılaşma var.
“Dpa” agentliyi mənbəyə istinadla bildirir ki, avqustun 27-28-də Berlində keçirilən toplantıda sanksiya siyahısına siyasi dəstək istəniləcək və bundan sonra o, rəsmi təsdiqlənə bilər.
***
Minskdə yenə saxlananlar var
Avqustun 26-da axşam polis Minskdə azı 20 etirazçını saxlayıb. Təxminən min nəfər etirazçı Müstəqillik Meydanına yığışaraq prezident seçkisinin nəticələrinə etiraz ediblər. Etirazlar artıq 18-ci gündür davam edir.
Qırmızı-ağ rəngli bayraqlar qaldıran nümayişçilər “Çıx get!” şüarı səsləndirərək ölkəni 26 ildir idarə edən Alyaksandr Lukashenka-nın istefasını, yeni seçki keçirilməsini tələb ediblər.
Polis onlarla etirazçının sığındığı kilsənin qapılarını bağlayıb. Təxminən 40 dəqiqədən sonra onların çıxmasına icazə verilib, Tut.by vebsaytı bu haqda yazıb.
“AFP” azı 20 nəfərin, “The Associated Press” isə onlarla etirazçının saxlandığını xəbər verir. Avqustun 26-da Brest şəhərində etiraz aksiyasında isə azı 3 nəfər saxlanıb.
“Vyasna” təşkilatının fəalı Valyantsin Stefanovich həbsləri qorxutma hərəkəti adlandırıb.
“Hakimiyyət döyməyi dayandırsa da, qorxu və təhdid onların əsas silahı olaraq qalır”, – o, “AP” agentliyinə deyib.
Bu gün – avqustun 27-də Avropa Birliyi (AB) xarici işlər nazirlərinin Almaniyada ikigünlük toplantısı başlamalıdır. İclasda Belarus rejiminin 20-dək üzvünə qarşı sanksiyalar müzakirə oluna bilər.
Pozuntular “cavabsız qalmayacaq”
Almaniyanın Xarici işlər naziri Heiko Maas avqustun 26-da Belarus hakimiyyətini “ağır insan haqları və təməl demokratik prinsiplərin pozuntusuna” görə tənqid edib, bu pozuntuların “cavabsız qalmayacağını” əlavə edib.
Maas-ın ölkəsi hazırda AB-nin rotasiya üzrə prezidentidir. O, müxalifətin Koordinasiya Şurasının üzvlərinin “saxlanmasını, dindirilməsini və qorxudulmasını” “qəti qəbuledilməz” adlandırıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
Koordinasiya Şurasının üzvlərinə qarşı cinayət işi açılıb, onlar ölkənin təhlükəsizliyini zərbə altında qoymaqda ittiham olunurlar.
Belarusdan Nobel mükafatı laureatı Svetlana Alexievich də Koordinasiya Şurasının tərkibindədir. O, avqustun 26-da İstintaq Komitəsinə dindirilməyə çağrılıb.
Ədib inanır ki, Belarusdakı böhran beynəlxalq ictimaiyyətin yardımı və Rusiyanın köməyilə həll oluna bilər. Belaruslulara “böhranı yoluna qoymaqdan ötrü dünyanın və Rusiyanın yardımı gərəkdir”, – o deyib.
“Fikrimcə, hələ uzun müddət siyasi silkələmə davam edəcək. Güman ki, Lukashenka-nın bizimlə danışmağa başlaması üçün dünya bizə kömək edəcək. İndilik, o, yalnız Putin-lə danışır və güman ki, Putin bizə kömək edəcək”, – Alexievich vurğulayıb.
Nobel laureatı böhranın dinc yolla həllini gözləyir.
9 avqust prezident seçkisindən sonra Lukashenka-nın səslərin 80 faizini yığması açıqlanandan sonra ölkəni kütləvi etirazlar bürüyüb.
Buna da bax: Lukashenka 'reallıq hissini itirir' – Qərb mediası
“Nə qədər çox bir yerdə olsaq...”
İstintaq Komitəsinin qərargahından çıxan Alexievich deyib ki, müstəntiqlərin suallarını cavablandırmaqdan imtina edib.
“Nə qədər çox bir yerdə olsaq, daha güclü olarıq və hakimiyyəti də bizə danışmağa daha çox məcbur etmək şansımız olar”, – deyən ədib əlavə edib ki, şuraya qarşı cinayət işi açılmasına əsas yoxdur.
Koordinasiya Şurasının iki üzvünə icazəsiz etirazların təşkilinə görə 10 günlük həbs kəsilib, bir neçəsi dindirilməyə çağrılıb.
Lukashenka nümayişlərə və tətillərə baxmayaraq hakimiyyətdən getmək istəmir. Minsk üzərində maliyyə və siyasi rıçaqları olan Rusiya isə AB və Birləşmiş Ştatlara Belarusun işlərinə müdaxilə etməməklə bağlı xəbərdarlıq edib.
“Belarusun daxili işlərinə hər hansı müdaxilə, yaxud hakimiyyətinə təzyiq göstərmə cəhdinin əks təsiri olar”, – Rusiya Prezidenti Vladimir Putin avqustun 26-da İtaliyanın Baş naziri Giuseppe Conte ilə telefon söhbətində deyib. Məlumatı Kreml yayıb.
Birləşmiş Ştatlar və Avropa Birliyi Belarusdakı seçkini azad və ədalətli saymayıb, Lukashenka hökumətini müxalifətlə dialoqa çağırıb.