DST ekspertləri AstraZeneca-nı müzakirə edəcəklər

AstraZeneca vaksini

Martın 15-də Venesuela AstraZeneca/Oksford vaksinini təsdiqləməyəcəyini, “xəstələrə təsir”lərin olduğunu bildirib, amma detallı informasiya açıqlanmayıb.

Martın 16-da Dünya Səhiyyə Təşkilatının (DST) vaksin təhlükəsizliyi üzrə ekspertləri AstraZeneca şirkətinin COVID-19-a qarşı vaksinini müzakirə edəcəklər. Bir sıra ölkələr bu vaksinin qan laxtalanmasına səbəb olduğunu əsas gətirərək ondan istifadəni dayandırıblar.

DST isə ölkələri peyvənddən istifadəni dayandırmamağa çağırır. Di gəl, Avropa Birliyinin bir sıra üzvləri Britaniya-İsveç şirkətinin hazırladığı dərmanın vurulmasına fasilə veriblər.

DST vaksinlə qan laxtalanması arasında əlaqəyə sübut olmadığını bildirir.

“Adamların panikaya düşməsini istəmirik və indilik ölkələrə tövsiyə edirik ki, AstraZeneca ilə vaksinasiyanı davam etdirsinlər”, – DST-nin baş alimi Sumya Svaminatan söyləyib.

Buna da bax: Gürcüstan peyvəndləməyə AstraZeneca ilə başlayır

Siyahı böyüyür

Fransa, Almaniya və İtaliya martın 15-də peyvəndin vurulmasını dayandırıb. Daha sonra onlara Portuqaliya, İspaniya, Latviya və Sloveniya da qoşulub.

Daha öncə isə Niderland, İrlandiya, Danimarka, Norveç, Bolqarıstan və Tailand oxşar qərar verib.

Avropa Birliyi indiyədək Pfizer/BioNTech, Moderna, AstraZeneca və Johnson & Johnson vaksinlərini təsdiqləyib, Rusiyanın Sputnik V vaksini isə ekspertizadan keçirilir.

Rusiya vaksininin istehsalçıları Avropanın aparıcı ölkələri ilə istehsal üzrə razılaşma əldə olunduğunu bildiriblər.

Martın 15-də Venesuela AstraZeneca/Oksford vaksinini təsdiqləməyəcəyini, “xəstələrə təsir”lərin olduğunu bildirib, amma detallı informasiya açıqlanmayıb.

Venesuela Rusiyanın Sputnik V və Çinin Sinofarm vaksinlərindən istifadə edir.

Buna da bax: Avropa Birliyi də Sputnik V alarsa... – Qərb mediası

Yan təsirləri üstələyən səbəblər

Avropa Tibb Agentliyinin bildirməsinə görə, bu həftənin sonuna durumu müzakirə edəcəklər, amma agentlik də DST kimi sakitliyə çağırıb.

“Covid-19-un qarşısının alınmasında AstraZeneca-nın faydaları, xəstəxanaya yerləşdirilmə və ölüm riski nəzərə alınmaqla, yan təsirləri riskini üstələyir”, – agentlik bəyanatında bildirib.

Bu arada pandemiyanın bitməsinə hələ çox qalmasıyla bağlı informasiyalar da yayılmaqdadır.

Estoniyanın Baş naziri Kaja Kallas Twitter-də yazıb ki, testi müsbət çıxıb və işini virtual davam etdirəcək. Hökumət onun “az qızdırması olduğunu, başqa simptomları olmadığını, ümumilikdə özünü yaxşı hiss etdiyini” bəyan edib.

İtaliyada yenidən karantin elan olunub, məktəblər, restoranlar, mağaza və muzeylər bağlanıb. Almaniya üçüncü dalğanın qarşısını almaqdan ötrü yeni qadağalar tətbiq ediləcəyini bildirir.

Hindistanda artıq 6-cı gündür günə 20 mindən çox yoluxma qeydə alınır. Hökumət adamların kütləvi toplandığını, maska taxmağa meyl göstərmədiyini səbəb göstərir.