Tramp özünə bloq açır

Donald Tramp

Trampın vebsaytındakı bloq “Donald J. Trampın masasından” adlanır. Burada yerləşdirilən postları paylaşmaq, bəyənmək olar

ABŞ-ın keçmiş prezidenti Donald Tramp vebsaytında mesajları üçün yer ayırıb. Mayın 5-də isə Facebook sosial şəbəkəsinin nəzarət qurumu onun platformadan istifadəsinə qadağayla bağlı yekun qərarını açıqlamalıdır.

Trampın bloqunda yerləşdirəcəyi mesajların başqaları tərəfindən Twitter və Facebook-da paylaşılmasına icazə verilir. www.donaldjtrump.com saytındakı bloqun hədəfi keçmiş prezidentin mesajlarını istifadəçilərə çatdırmaqdır.

Facebook onun hesabını yanvarın 7-də bağlayıb, buna bir gün öncə Kapitoli binasına ölümcül zorakılığı qızışdırmasını əsas gətirib.

Buna da bax: Facebook-un Trampla bağlı qərarı qüvvədə qaldı

Səbirsizliklə gözlənən qərar

Sosial platformanın bu gün açıqlayacağı qərardan şikayət verilə bilməz. Bu qərar dünyada potensial presedent yarada biləcək addım sayıldığından bütün dünyada siyasətçilər, azad söz ekspertləri, fəallar onu dörd gözlə gözləyirlər.

Facebook və Twitter-in Trampa qadağasını bəzi siyasətçilər, azad söz müdafiəçiləri tənqid ediblər.

Trampın vebsaytındakı bloq “Donald J. Trampın masasından” adlanır. Burada yerləşdirilən postları paylaşmaq, bəyənmək olar.

Buna da bax: Baydeni Trampdan çox dəstəkləyirlər

Ancaq onun şərhləri yenə eyni aqibətlə üzləşə bilər, çünki böyük platformalar istifadəçilərin qadağalardan yan keçərək alternativ hesablarda post yerləşdirməsini qadağan edir.

Twitter və Facebook ilin əvvəlində bəyan elədi ki, Trampla bağlı oxşar məqsəd güdən postlara qarşı tədbir görəcək.

Twitter-in sözçüsünün deməsinə görə, qadağanı pozmağa imkan verilməyəcək, amma vebsaytın sosial şəbəkənin qaydalarını pozmayan kontenti paylaşıla bilər.