Azərbaycanda mehmanxanalar niyə bahadır? (VIDEO)

Sizin brauzer HTML5-i dəstəkləmir

Yanğından ziyan çəkənlər Prezident ofisindən hansı cavabla qayıtdı?

Azərbaycanda otellərin sayı Gürcüstandakıdan 4 dəfə azdır. Hər iki ölkənin 2018-ci il üzrə rəsmi statistikasına görə Azərbaycanda təxminən 600, Gürcüstanda isə 2390-a qədər otel var.

Elə bu günlərdə Dövlət Turizm Agentliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Hotel Assosiasiyasının prezidenti Martin Kleinmann da bu problemə toxunub və bildirib ki, Azərbaycanda otellər kifayət qədər deyil.

Trend informasiya Agentliyinin məlumatına görə, Kleinmann turistlərin öz büdcələrinə uyğun mehmanxanalara yerləşə bilmələri üçün bu sahəni tənzimləməyi vacib sayıb.

Dubaydan Azərbaycana istirahətə gələn Ömər Maki də deyir ki, Bakıda otellər bahadır. O gecəsi 200 manata mərkəzdəki otellərdən birində qalır:

“Gürcüstanda otellər Azərbaycandakından daha ucuzdur. Tutalım, Bakıda 4-5 ulduzlu otellər orta hesabla 200 manatdırsa, Gürcüstanda hardasa 120-150 manatdır”.

Buna da bax: 'Azərbaycanda otellər yüksək məmurlara məxsusdur'-Media icmalı

Azərbaycan Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyir ki, bu sahəni inkişaf etdirmək onların hədəflərindən biridir:

“Bizim də konsepsiyasımız Azərbaycanda daha aşağı büdcəli turizmin inkişafına şərait yaradılmasıdır. Bunun üçün də 3 və daha aşağı ulduzlu otellərin tikintisinə sərmayə yatırmaq üçün sahibkarlar həvəsləndirilməlidir”.

Kənan Quluzadə bildirir ki, bunun üçün həmin sahibkarlara vergi, lizensiya almaq və digər məsələlərdə müəyyən güzəştlər də nəzərdə tutulub.

Prezident İlham Əliyev özü də bir neçə il öncə ölkədə aşağı ulduzlu otellərə ehtiyacdan danışmışdı. O vətəndaşları bu sahədə biznes qurmağa çağırmışdı.

Buna da bax: Əhalisi Azərbaycandan 2,5 dəfə az Gürcüstanın turisti 2,5 dəfə çoxdur

Təyyarə biletləri ucuzlaşsa...

4 ildir ki Bakıda hostel işlədən Caməddin Murtuzayev deyir ki, prezidentin bu çağırışlarından sonra necə deyərlər bu sahədə biznes qurmaq istəyənlərə yaşıl işıq yandırılıb. Lisenziya, sadələşdirilmiş vergi və sair güzəştlər edilib. Amma o, təəssüflənir ki, bunlar biznesi inkişaf etdirmək üçün kifayət deyil. Əsas problem isə turist azlığıdır. Onun sözlərinə görə, yayda işləri yaxşı gedirsə, qışda əksinə turistlər azalır, qiymətləri aşağı salsalar da gələn olmur:

“Booking.com sisteminə girəndə də görmək olar ki, kifayət qədər təkliflər var. Qiymətlər də çox aşağıdır. Yəni, qış mövsümündə belə bir problemlə üzləşirik. Qışda qiymətləri 50-60 faiz aşağı salmağa məcbur qalırıq”.

Caməddin Murtuzayev deyir ki, belə də olanda onlar ilin 6 ayı xeyir götürürlərsə, qalan 6 ay ziyanla işləməli olurlar. O düşünür ki, Azərbaycanda təyyarə biletləri ucuzlaşsa, qış turizmi də inkişaf etsə belə problemlər olmaz.

Bakıda turizm şirkətlərindən birinin sahibi, turizm üzrə mütəxəssis Rəvan Qulamlı da razılaşır ki, turizmi inkişafı etdirmək üçün ilk növbədə ucuz təyyarə biletləri olmalı, viza rejimi sadələşdirilməlidir. Otellərin sayına gəldikdə isə Rəvan Qulamlı düşünür ki, Bakıda aşağı büdcəli otellər tapmaq olur:

“Bununla bağlı əsas problem bölgələrdədir. Bölgələrdə otellər azdır, aşağı büdcəli otellərin açılmasına ehtiyac var”.

Buna da bax: Vəd olunan islahatlar prezident ailəsinin biznesinə də toxunacaqmı?

Beşulduzlu otellər lideri

İqtisadçı Qubad İbadoğlu isə bu günlərdə belə bir hesablama aparıb və müəyyənləşdirib ki, Bakı 5 ulduzlu otellərin sayına görə liderdir. Özü də tək regionda yox, elə Avropada da, Amerikada da.

Məsələn, Parisdə 102, Moskvada 38, Vaşinqtonda 20, Brüsseldə 14, Tbilisidə 13 beşulduzlu otel varsa, Azərbaycanda belə otellərin sayı 109-dur.

2015-ci ildə Beyləxalq jurnalistika layihəsi olan OCCRP-nin araşdırması üzə çıxarmışdı ki, Bakıdakı Four Seasons, Marriott, Hilton kimi 10-dan çox məhşur otellər prezident ailəsinə birbaşa və ya dolayısı ilə bağlıdır.

Azərbaycan prezident administrasiyası sözügedən araşdırmaya reaksiya verməyib. Hökumət rəsmiləri adətən belə araşdırmaları “Azərbaycanı istəməyən qüvvələrin” işi adlandırılır.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənməyə çalışıb:

Sizin brauzer HTML5-i dəstəkləmir

Sizcə, Azərbaycanda hotellər niyə bahadır?

Həm rəsmilərin özləri, həm də müstəqil ekspertlər təsdiqləyirlər ki, turizmin inkişafında hər kəsin cibinə uyğun imkanların yaradılması önəmlidir.

Belə olan halda turizm inkişaf edər, dövlət büdcəsinin də neftdən asılılığı azalar.