Kino həvəskarları Cek Nikolsonu ən böyük aktyorlardan biri hesab edirlər. Bu, ilk növbədə onun "One Flew Over the Cuckoo's Nest" və "The Shining" kimi şedevr filmlərdə yaratdığı obrazlarla bağlıdır. Nikolsonun kino irsi karyerasına yeni başlayan aktyorlar üçün də dəyərli bir məktəbdir.
Karyerasının ilk dövrlərində bir çox layihələrdə çəkilən Nikolson hansısa səbəbdən aktyorluğun onu istədiyi yerlərə aparmadığını düşünərək özünü ssenari yazmaq işində sınayıb.
Ancaq, təbii ki, o, sonradan aktyorluq karyerasında uğur qazanıb. Bu işdə onun yol göstərəni isə Marlon Brando olub. Nikolson Brando fanatlarının ilk nəslinə aid olduğunu deyir.
Nikolson "Rolling Stone" jurnalı üçün yazdığı məqalədə qeyd edir: "Marlon Brando 20-ci və 21-ci əsrlərin böyük şəxslərindən biridir". Aktyor kimi formalaşdığı illəri xatırlayan Nikolson "On the Waterfront" filminə hər axşam iki dəfə baxdığını və Brandoya heyran olduğunu yazır.
Buna da bax: 1976-cı ilin 'Oskar'ı ən yaxşı filmə verildimiMetod aktyorluğu
Metod aktyorluğu üsulunu tətbiq edən çox sayda başqa aktyor olsa da, Nikolson onlardan heç birinin Brandonun yaxınına belə gələ bilməyəcəyini deyir.
Nikolson Marlon Brandoya o qədər pərəstiş edir ki, hətta "The Godfather" filmində təklif olunan roldan belə imtina edib. Səbəb həmin rolun Brando ilə heç bir səhnəni paylaşmaması idi. Nikolson bunun əvəzində "The Missouri Breaks" kimi bir layihədə rol almağı gözləyib. Ancaq "The Missouri Breaks" layihəsində işləmək Nikolson üçün son dərəcə çətin təcrübə olub. Bu imkan onu psixoloji gərginliyə düçar edib. O, bundan öncə Brando ilə işləməyin xəyalını qursa da, reallıqda hər şey onun gözlədiyi kimi olmayıb.
"Bu adamın etdiyi hər şey inqilabi olub"
"O məni tamamilə məhv etmişdi", – Nikolson Brandonun işini nə qədər gözəl bildiyini təsvir edərkən belə yazıb.
Buna da bax: Hollywoodun "vəhşi" ləqəbli xaç atası - Marlon BrandoNikolson Brandonun böyüklüyünü tanımayanlara nə deyəcəyini bilmədiyini deyir. O hesab edir ki, bu adamlar göz qabağında olan şeyi görə bilmirlər.
Nikolson məşhur aktyor olmazdan öncə Beverli- Hillzdə, məşhur Malholland-drayv küçəsində uşaqlıqdan pərəstiş etdiyi Brando ilə qonşu olub. Brando dünyasını dəyişəndə isə Nikolson onun evini satın alıb və kumirinin şərəfinə burada plümeriya çiçəkləri əkib.
Nikolson öz məqaləsində yazır ki, Brando təkcə gözəl filmlərdə çəkildiyi üçün dünyanın ən yaxşı aktyoru deyil. O, həm də o qədər də yaxşı olmayan layihələrə dəyər qata bildiyinə görə dünyanın ən yaxşı aktyorudur. "Mənə görə, bu adamın etdiyi, demək olar, hər şey inqilabi olub. Mənə görə, Marlon Brando ən böyükdür. Mənim üçün bu həqiqət ortadadır", – Nikolson yazır.
Buna da bax: Klassik Hollivud kinosunun beş elementiPikasso kateqoriyası
Kumirinin çəkildiyi filmlərin uzun siyahısından söz açan Nikolson qeyd edir ki, Brandonun karyerasının apofeozu "On the Waterfront" filmidir. Ancaq o, həm də göstərir ki, Brandonun "Julius Caesar" filmində canlandırdığı Mark Antoni obrazı Şekspirin əsərlərini oynayan amerikalı aktyorlar üçün məktəb olub.
Nikolson üçün Brando Pikasso ilə eyni böyüklük kateqoriyasındadır.
"Bir sənət adamı olaraq mən Brandonu Pikassoya bərabər tuturam. Mən Barselonadakı muzeylərdə Pikassonun erkən rəsmlərini … görmüşəm. Həmişə düşünmüşəm ki, Pikassonun çəkdiyi ilk rəsmi götürüb öldüyü günə qədər çəkdiyi hər şeyi göstərməyə davam etsən, bəzi adamların dahilikdən savayı yolu olmadığını görə bilərsən", - Nikolson yazır.