İnternet azadlığı 2015: Azərbaycan Zimbabve ilə Liviyanın arasında

Azərbaycan “qismən azad” kateqoriyasına düşsə də, onu reytinq cədvəlinin dibindən 21 pillə ayırır.

Freedom House təşkilatının 2015-ci il üçün İnternet azadlığı (Freedom on the Net 2015) hesabatına görə bütün dünya boyunca virtual aləmin sərbəstlik meydanı ümumilikdə daralıb, beləki indi daha çox hökumətlər ictimai maraq kəsb edən informasiyanı senzura edir, müşahidə və güdməni genişləndirir, şəxsi məxfilik alətləri üzərinə hücuma keçir.

Hesabatda deyilir ki, araşdırmalar bütün internet istifadəçilərinin 61 faizinin hökumətin, hərbi hakimiyyətin və ya hakim ailələrin tənqidinə senzura qoyulduğu, 58 faizinin isə bloggerlərin və istifadəçilərin siyasi, sosial və dini mövzularda informasiyanı mübadilə etdiklərinə görə məhbus edildikləri ölkələrdə yaşadığını göstərir.

Çin internet azadlığını ən çox pozan ölkə kimi qeyd olunur və bildirilir ki, onun ardınca İran və Suriya gəlir.

Daralan virtual aləm

Bu da vurğulanır ki, Freedom House təşkilatının 2014-cü ildən bəri araşdırdığı 65 ölkədən 32-də internet azadlığı tənəzzül edib.

Həm də bu meylin baş verdiyi ölkələr arasında Fransa kimi Avropa ölkəsi, Liviya kimi münaqişəli dövlət də var.

Bütün internet istifadəçilərinin 61 faizi hökumətin, hərbi hakimiyyətin və ya hakim ailələrin tənqidinə senzura qoyulduğu ölkələrdə yaşayır

Ötən bir il ərzində bir-biri ilə ərazi və təbliğat müharibəsində olan Ukrayna və Rusiyada da internet azadlığı geriləyib.

Bu da qeyd olunur ki, internet azadlığı sahəsində ən böyük irəliləyişə Şri Lanka və Zambiya kimi ölkələr nail olublar. Bu, həmin ölkələrdə hakimiyyətə yeni hökumətlərin gəlməsi ilə əlaqələndirilir.

Freedom House təşkilatının 2015-ci il üçün İnternet azadlığı hesabatında 65 ölkədə internet vərəqəmsal medianın sərbəstlik dərəcəsi araşdırılıb.

Gürcüstan və Ermənistan “azad internet” qrupunda

Bu hesabatın reytinq bölümündə ölkələr 0-dan 100-dək bal sistemi ilə qiymətləndirilib. Şərti olaraq “0” qiyməti ən azad internetə malik ölkəyə, 100 xal isə ən az internet azadlığı olan ölkəyə verilib.

0-dan 30-dək bal qiymətləndirməsinə düşən ölkələr internet azadlığına görə “azad”, 31-60 xal arasında olanlar “qismən azad” və 61-100 xal arasında olan ölkələr “azad olmayan” ölkələr kateqoriyalarına aid edilib.

Keçmiş sovet respublikalarından iki Qafqaz ölkəsi – Gürcüstan (24) və Ermənistan (28) “azad” qrupuna daxil edilib.

Bu qrupa İslandiya, Estoniya və Kanada liderlik edirlər və demək olar bütün Qərb demokratiyaları bu kateqoriyadadır.

Azərbaycan (56), Qırğızıstan (35) və Ukrayna (37) ilə birlikdə “qismən azad” kateqoriyasındadır. Demək lazımdır ki, Türkiyə də bu qrupdadır. Reytinq cədvəlində Azərbaycan Liviya ilə Zimbabve arasında mövqe tutub.

“Qismən azadlığın dibində”

Azərbaycan “qismən azad” kateqoriyasına düşsə də, onu reytinq cədvəlinin dibindən 21 pillə ayırır.

Qazaxıstan, Rusiya, Belarus, Pakistan, Özbəkistan və İran “azad olmayan” ölkələr qrupuna düşüb.

Hesabatda bu da qeyd olunur ki, Azərbaycan, Rusiya və Türkiyədə ötən il ərzində internet azadlığı tənəzzül edib.

Bu hesabatda Azərbaycanda internet azadlığı ilə bağlı bir neçə maraqlı məqamlara toxunulur.

Azərbaycan - haker xidmətinin müştərisi

Məsələn bildirilir ki, internetə nəzarət xidmətləri göstərən Hacking Team şirkəti 2015-ci ilin iyulunda Azərbaycan, Misir, Efiopiya, Özbəkistan və Vyetnam hökumətlərinin onun müştəriləri olduğunu açıqlayıb.

İnternetə nəzarət xidmətləri göstərən Hacking Team şirkəti 2015-ci ilin iyulunda Azərbaycan hökumətinin onun müştərisi olduğunu açıqlayıb

Bu ölkələrin hamısı internet fəallarını və bloggerləri məhbus edən dövlətlərin sırasındadır. Halbuki, Hacking Team şirkəti insan haqlarını pozan ölkələrə xidmət göstərmədiyində israr edir.

Hesabatda ayrı-ayrı ölkələrdə internet azadlığına hücumların spesifikasına da diqqət yetirilib.

Məsələn, Azərbaycanda internet azadlığı üzərinə təzyiq növlərinə misal olaraqhökumətyönlü şərhçilərin internet diskussiyalarını manipulyasiya etmələri, internetdə senzuranın tətbiqinə və istifadəçilərin cəzalandırılmasına yönəlik qanunvericilik aktlarının qəbulu, jurnalist və bloggerlərin həbsləri və məhbus edilməsi, tənqidi istifadəçilər üzərinə texniki hücumlar göstərilir.

Bunlardan Ermənistana yalnız sonuncusu şamil edilib, Gürcüstanda isə belə halların qeydə alınmadığı göstərilib.