Leonardo di Kaprionun həyat qaydaları

Leonardo Di Kaprio Karlovı Varı Kino Festivalında. 1994

"Esquire" jurnalı 2021-ci ilin sonlarında Hollivud ulduzu Leonardo Di Kaprionun həyat qaydalarını dərc edib.

"Bir çox aktyordan fərqli olaraq, mənim taleyim uşaqlıqdan müəyyən olunmayıb. Hollivudun kasıb məhəllələrində böyümüşəm və düşünmüşəm ki, böyüyəndə dəli olacağam.

Hollivudda doğulmağıma baxmayaraq, 13 yaşıma qədər, həqiqətən, düşünürdüm ki, aktyor olmaq masonluq kimi bir şeydir; insanın qanında olur və yalnız genlərlə keçir. Niyəsə ağlıma gəlmirdi ki, sadəcə özünə agent tutub sınaqlara getmək olar.

Məktəbi sevmirəm: orada səni bilmək istəmədiyin şeylərə fokuslanmağa məcbur edirlər. Məktəbdə mənə az adam fikir verirdi. Ən azı, özümü qolu qırılmış başdanxarab idiot kimi göstərənə qədər.

Buna da bax: Cim Kerrinnin həyat qaydaları

Birinci öpüş həyatımda ən iyrənc hiss olub. O qız ağzıma o qədər tüpürcək buraxmışdı ki, çox şükür, hər şey bitəndən sonra, bəlkə, iki kvartal yolu tüpürə-tüpürə getmişəm.

Gey deyiləm.

Məncə, məni tərs adam adlandırmaq çətin olar, ancaq faktlar bunun əksini deyir. 15 yaşım tamam olan il bəlkə də 160 fərqli dinləmə və sınağa getmişəm və bircə dənə də rol almamışam.

İstədiyim ən axırıncı şey tipik piyli pullu Hollivud əclafına dönməkdi. Mən yoxsul böyümüşəm və məhz o zaman, həqiqətən, xoşbəxt olmuşam.

Romeonu oynaya bilib-bilməyəcəyim haqda xeyli düşünmüşəm. Sonra "Heç nədən hay-küy" filmində Kianu Rivzi gördüm və qərara gəldim ki, əgər o, Şekspir filmində oynaya bilibsə, deməli, mən heç nədən narahat olmamalıyam.

Mənə elə gəlir ki, Amerikanın əsas problemi haqqında heç nə bilmədiyi ölkələrdə öz qaydalarını qoymağa çalışmasıdır.

Düşünmək istəyirəm ki, sənədli filmin rejissoru olmur, çünki onun rejissoru tanrıdır.

Buna da bax: Kirk Duqlasın həyat qaydaları

Afrika hələ də anonimliyimi qoruyub saxlaya bildiyim sonuncu yerlərdən biridir. Afrikada kifayət qədər çox vaxt keçirmişəm və orada insanların hansı problemlərlə qarşılaşdığını görmüşəm. Ondan sonra, evə qayıtdıqdan sonra başa düşdüm ki, daha ətrafımdakı insanları narahat edən heç bir problem haqda eşitmək istəmirəm.

Yadda saxlamaq vacibdir: hər dəfə bir şey alanda sən o əşyanı istehsal edən şirkətin siyasətini 100 faiz dəstəkləyirsən.

Mənə elə gəlir ki, bu gün ən böyük problem insanları daha az istehlaka məcbur etmək problemidir.

Ətraf mühitə səliqə ilə yanaşmağa çalışıram. Damımda günəş batareyaları var. Maşımın hibriddir – "Toyota Primus". Adi maşından 75 faiz daha az karbon qazı buraxır. Anama, atama və onun yeni arvadına da eyni maşından almışam. Ancaq bilirəm ki, bu kifayət deyil. Məsələn, kompost quyum yoxdur. (Kompost quyusu xüsusi qazılmış, içinə üzvi tullantıların atılaraq komposta çevrildiyi quyudur. – tərc.)

Bu yaxınlarda kinematoqrafın 100 ili tamam olub. Ancaq dərindən düşünəndə görürsən ki, bu 100 ildə kinoda görülə biləcək işlərin heç 1/100-i də görülməyib.

Buna da bax: Arnold Şvartseneqqerin altı uğur qaydası

Anlamıram ki, niyə bu gün bu qədər az insan kino çəkir. Axı, indi istənilən adam rəqəmli kamera alıb öz qarajında çəkiliş pavilyonu düzəldə bilər.

Əgər yalnız nəyisə dünyanın beyninə yeritmək üçün film çəkirsənsə və bu zaman dünyanı əyləndirməyə çalışmırsansa, bu, boş vaxt itkisi olacaq.

Heç bir siyasi məqsədlərim yoxdur və belə məqsədləri olan adamlardan çox qorxuram.

Ümumən, dünyanın quruluşu xoşuma gəlir.

O qədər də çox qorxum yoxdur: [sadəcə] köpək balıqları, yadplanetlilər və qlobal istiləşmə.

Hər zaman həqiqətə can at".