MeydanTV-nin həbsdə olan əməkdaşları məhkəmə binasında onlarla qaba davranıldığını deyirlər

MeydanTV jurnalistləri

MeydanTV jurnalistləri

MeydanTV-nin redaktoru Aynur Qəmbərova (Elgünəş) və əməkdaşı Natiq Cavadlının istintaq dövründə həbsdə saxlanma müddəti daha 3 ay artırılıb. Aprelin 2-də Xətai rayon Məhkəməsi belə qərar verib.

N.Cavadlı haqqında qərarı hakim Rəfael Sadıxov, A.Elgünəşlə bağlı qərarı isə Sülhanə Hacıyeva verib.

Pis rəftardan şikayətlənən jurnalistlər bildiriblər ki, səhər saat 8-dən Bakı İstintaq Təcridxanasından məhkəmə binasına gətirilsələr də, axşam saatlarınadək ac-susuz saxlanılıblar. Onların haqqında həbs-qətimkan tədbirinin uzadılması üçün müstəntiqin vəsatəti və prokurorun təqdimatına günortadan sonra baxılıb. N.Cavadlı əlavə edib ki, bu müddətdə hətta əllərindəki qandalı da açmayıblar. Bunun işgəncə olduğunu vurğulayan jurnalist hakim R.Sadıxovdan işgəncə faktını araşdırmasını, prokurorluğa sorğu göndərməsini istəyib.

Hər iki məhkəmə prosesində istər jurnalistlər, istərsə vəkilləri həbs-qətimkan tədbirinin uzadılmasına verilmiş təqdimatın əsassız olduğunu vurğulayaraq onun təmin olunmamasını tələb ediblər. Jurnalistlər qaçaqmalçılıq ittihamını böhtan sayaraq hakimiyyətin korrupsiyasını ifşa edən fəaliyyətinə görə MeydanTV-nin cəzalandırıldığını söyləyiblər.

Sizin brauzer HTML5-i dəstəkləmir

'MeydanTV işi': Yeddi jurnalist eyni maddə ilə həbs edildi

Hər iki məhkəmə prosesində təqdimat təmin olunub

A.Elgünəş və N.Cavadlı haqqında həbs-qətimkan tədbirinin müddəti iyulun əvvəlinədək uzadılıb. Qərar jurnalistlər azadlıqda qalarsa, istintaq prosesinin gedişinə təsir göstərə biləcəyi ilə əsaslandırılıb.

Jurnalistlərin vəkilləri bu qərarlardan apellyasiya şikayəti verəcəklər.

Həbsdə saxlanılan şəxslər məhkəməyə Penitensiar Xidmət əməkdaşlarının nəzarəti altında gətirilib-aparılır. MeydanTV əməkdaşlarının şikayətləriylə bağlı bu qurumdan rəy almaq mümkün olmayıb. Daha öncəki açıqlamalarda həmin qurum, bir qayda olaraq, həbsdəki şəxslərin qanunvericilikdə nəzərdə tutulan bütün hüquq və azadlıqlarının təmin olunduğunu iddia edib.

Martda MeydanTV-nin həbsdə olan digər əməkdaşları – Aytac Əhmədova (Tapdıq), Ramin Cəbrayılzadə (Deko), Xəyalə Ağayeva haqqında da həbs-qətimkan tədbirinin müddəti uzadılmışdı.

MeydanTV-nin əməkdaşları dekabrın 6-dan həbsdədirlər. Həmin gün onlarla yanaşı, Bakı Jurnalistika Məktəbi direktorunun müavini Ülvi Tahirov da həbs olunub. Onların hər birinə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Adları çəkilən jurnalistlərdən başqa, fevralda daha üç nəfər də MeydanTV ilə bağlı cinayət işi üzrə həbs olunub. Fevralın 4-də Şəmşad Ağayev, fevralın 20-də Nurlan Qəhrəmanlı (Libre), fevralın 28-də isə Fatimə Mövlamlı saxlanılıb.

Jurnalistlər özlərini təqsirli bilmir, qaçaqmalçılıq ittihamının saxta olduğunu, peşə fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər.

Xatırlatma

2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittihamla razılaşmır, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduqlarını deyirlər. Sonradan onlardan bir çoxunun ittihamı ağırlaşdırılıb.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, indi Azərbaycan həbsxanalarında 300-dən çox siyasi məhbus var.

Rəsmilərsə, bir qayda olaraq, ölkədə heç kimin peşə fəaliyyəti ilə bağlı v siyasi motivlərlə həbs edilmədiyini vurğulayırlar. Onlar iddia edirlər ki, həmin siyahılarda adları yer alanlar törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.