Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbaevin hazırda Londonda yaşayan nəvəsi Aisultan Nazarbaev Britaniyadan siyasi sığınacaq istəyib.
O bu barədə özünün Facebook səhifəsində yazıb:
"Mən inanıram ki, xalq ölkə daxilində hakimiyyətə qarşı birləşsə, bizim dövlətin altını üstünə çevrməyə gücümüz çatacaq. Çünki dibdən sonra yenə başlanğıc başlanır”.
“Biz dövlət sükanının arxasında oturanlara sübut edəcəyik ki, onlar Allah deyillər. Onlar əlbəttə, bizləri təqib edə, öldürə, azadlığımızı əlimizdən ala və bizi ən çıxılmaz həyat situasiyalarına sala bilərlər. Amma inanın, Allah bizimlədir və biz qalib gələcəyik”.
Nəvə Nazarbaev yazır ki, hazırda ailəsinin təzyiqləri altındadır və buna görə də “kardinal addımlara” gedib.
Aisultan Nazarbaev qeyd edir ki, məhz bu səbəblərdən Britaniyadan siyasi sığınacaq istəyib.
Buna da bax: Nazarbaev və qızının dindirilməsi tələb edilir
“Ailəmin acgözlüyü”
O bildirir ki, Rusiya və Qazaxıstan arasında genişmiqyaslı, xalqdan oğurlanmış milyardlarla dollarlıq korrupsiya sxemi barədə müstəsna məlumata malikdir:
“Mən ailəmin, o cümlədən anamın (Darigha Nazarbaeva və onun əri Kayrat Sharipbaevin) bu doymaq bilməyən acgözlüyünün mərkəzindəyəm”.
Aisultan Nazarbaevin bildirdiyinə görə babası onu məyus edib:
"Mən ona izah etməyə çalışdım ki, onun yaratdığı sistemdə ailəmiz və onun ətrafı bir-birlərinin əlindən bizneslərini almaqda davam etsələr, o hər şeyi itirəcək. Mən ona dedim ki, acgözlük sizin hamınızı məhv edəcək”.
29 yaşlı Aisultan Nazarbayev keçmiş prezidentin böyük qızı Darigha Nazarbaevanın və onun əvvəlcə gözdən düşmüş, daha sonra mühacirətə getmiş və Avstriya həbsxanasında intihar etmiş Rakhat Alievin oğludur.
Rakhat Alievin həbsxanada həqiqətən də özünü asdığına Qazaxıstanda bir çoxları inanmırlar.
Narkotiklər
Aisultan Nazarbaevə gəlincə isə, o ötən oktyabrda Londondakı International Park Plaza Hotel mehmanxanasının balkonuna çıxmış və özünü ataraq intihar edəcəyi ilə həfədələmişdi.
O vaxt polis onu bu fikrindən daşındıra bilmişdi.
Lakin bundan sonra Aisultan başqa bir tanışının mənzilini dağıtmağa başlamış və qonşular təkrar polis çağırmışdılar.
Buna da bax: Nazarbayevin nəvəsi Londonda polisi dişlədiyinə görə mühakimə olunub
Yerli məhkəmə onu şərti olaraq bir il müddətinə azadlıqdan məhrum etmişdi. O həm də cəza olaraq ictimai təmizlik işləri görməli və özünün narkotik asılılığından azad olması üçün 20 dəfədən az olmayaraq həkimə getməli idi.
Bundan başqa məhkəmə keçmiş prezidentin nəvəsinə 18 ay islaholunma müddəti vermiş və mənzilə vurduğu maddi ziyana görə 5 min funt sterlinq cərimə etmişdi.
Aisultan Nazarbaev narkotik asılılığını 2017-ci ildə etiraf etmiş və demişdi ki, ata babası onu bu bəladan “xilas” etməyə çalışıb.
O bildirmişdi ki, narkotiklərə babası, akademik Mukhtar Alievin və atası Rakhat Alievin ölümlərindənsonra daha da qurşanıb.