Bu gün Dağlıq Qarabağda vəziyyət həddən artıq gərgin olaraq qalır, gərginliyin azaldılması üzərində işləmək lazımdır. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün – avqustun 4-də hökumətin iclasında deyib.
Paşinyan iddia edib ki, Azərbaycanın vəziyyəti kəskinləşdirməkdə bircə məqsədi var: 2020-ci il 9 noyabr üçtərəfli atəşkəs bəyanatını ləğv etmək, fiksasiya olunmuş reallıqların – Dağlıq Qarabağ, təmas xətti, Laçın dəhlizinin möhkəmləndirilməsindən qaçmaq. O, Azərbaycanın indiki mübarizəsinin bu üç instituta qarşı yönəldiyini vurğulayıb.
Buna da bax: Putin Təhlükəsizlik Şurasının iclasında Qarabağı müzakirə edib“Ermənistan bütün öhdəliklərini yerinə yetirib, Azərbaycan da üç öhdəliyi yerinə yetirməlidir: Azərbaycan prezidentinin imzasıyla qeyd olunmuş Dağlıq Qarabağın mövcudluğunu tanımaq, Dağlıq Qarabağda təmas xəttinə və Dağlıq Qarabağla Ermənistanı birləşdirən Laçın dəhlizinin mövcudluğuna hörmət etmək”, – Paşinyan söyləyib.
Onun sözlərinə görə, əks halda Ermənistan Azərbaycanın üçtərəfli bəyanatdakı öhdəliklərə əməl etməsi üçün beynəlxalq mexanizmlərə müraciət etməlidir.
Azərbaycan hələlik, Paşinyanın son açıqlamalarına reaksiya verməyib.
Buna da bax: Müdafiə Nazirliyi Qarabağda hərbi əməliyyat keçirildiyini bildirir (Video)Qarabağda avqustun 3-də baş verənlər
Avqustun 3-də Qarabağda vəziyyət gərginləşib. Azərbaycan erməni silahlı dəstələrini provokasiyada ittiham edib, bir əsgərin həlak olduğunu, buna cavab olaraq qarşı tərəfin mövqelərinə zərbələr endirdiyini, bəzi yüksəkliklərə nəzarəti bərpa etdiyini bildirib. Qarabağdakı separatçılar 2 əsgərin öldürüldüyünü, 15 nəfərin yaralandığını deyir. Onlar Azərbaycan qüvvələrini təmas xəttini pozmaqda suçlayırlar.
2020-ci il noyabrın 9-da Rusiyanın vasitəçiliyi ilə imzalanmış atəşkəs bəyanatı ilə 44 günlük əməliyyatlar dayandırılıb, Laçın dəhlizinə və Qarabağda qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib. Azərbaycan həmin əməliyyatlar nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Müharibədən sonra Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin, bu adda ərazi vahidinin artıq mövcud olmadığını dəfələrlə qeyd edib. Ötən ilin iyulunda Xankəndi şəhəri, Xocavənd və Xocalı rayonlarının da daxil odluğu Qarabağ iqtisadi rayonu yaradılıb.
Azərbaycan XİN isə avqustun 4-də yaydığı açıqlamada Ermənistanı üçtərəfli bəyanatı icra etməməkdə ittiham edib, erməni silahlı dəstələrin Qarabağdan çıxarılmadığını vurğulayıb.
Buna da bax: Qarabağda son günlər yaşananlarla bağlı qarşılıqlı ittihamlarLaçın dəhlizinə paralel marşrut
Paşinyan deyir ki, Azərbaycan indiki eskalasiya üçün Laçın dəhlizinə paralel marşrutu bəhanə edir, bu isə üçtərəfli bəyanatın kobud pozuntusudur.
“Guya Laçın dəhlizinin yeni marşrutunu bitirib və buna görə də mövcud dəhlizin bir neçə hissəsi onun nəzarətinə verilməlidir. Azərbaycanın oxşar ifadə və bəyanatları da üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır”, – Paşinyan deyib.
2020-ci il noyabr tarixli bəyanatın 6-cı bəndində deyilir ki, yaxın üç il ərzində (2023-cü ilin 9 noyabrınadək) Laçın dəhlizi boyunca Xankəndi ilə Ermənistan arasında rabitə təmin edən yeni bir nəqliyyat marşrutunun inşası üçün bir plan müəyyən ediləcək, bu marşrutu qorumaq üçün sonra burada Rusiya sülhməramlı kontingenti yenidən yerləşdiriləcək. “Azərbaycan hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və malların Laçın dəhlizi boyunca hərəkətinin təhlükəsizliyinə zəmanət verir”, – bəyanatda vurğulanır.
Buna da bax: Laçın dəhlizindəki ermənilər buradan çıxmayacaqlarını deyirlərPaşinyan qeyd edir ki, üçtərəfli formatda hər hansı plan mövcud deyil, Ermənistan tərəfi bir neçə dəfə belə bir plan təklif edir, indi də təklif edir.
“Söhbət yeni yolun tikintisindən deyil, tikintinin planından, sülhməramlı qüvvələrin dislokasiyasından gedir. Bu, üçtərəfli, çətin prosesdir, bizə belə bir plan təqdim olunmayıb”, – o vurğulayıb.
Xankəndindəki separatçılar bir neçə gün öncə bildiriblər ki, Bakı onlardan Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni yeni marşrut üzrə qurmağı tələb edib. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanln bu tələbini “qeyri-legitim” adlandırıb.
Azərbaycan XİN isə bugünkü bəyanatında qeyd edir ki, “Laçın dəhlizi üzrə yeni yolun inşası razılaşdırılmış marşrut üzrə artıq uzun aylardır ki, gedir və Ermənistan tərəfi bu yol ilə bağlı kifayət qədər məlumatlıdır”. Qurum Ermənistanı bəyanatın digər müddəaları kimi bu öhdəliyin icrasını da müxtəlif bəhanələrlə ləngitməkdə suçlayır.
Buna da bax: Ermənistan çağırışçıları Qarabağdan çıxarılır, 'müdafiə ordusu' isə…Erməni silahlı dəstələri
Bakı 9 noyabr bəyanatına zidd olaraq, erməni silahlı dəstələrin hələ də Qarabağdan çıxarılmadığını bildirir. Azərbaycan XİN 3 avqust hadisələrini də məhz həmin dəstələrin “təxribatlara əl atması” ilə izah edir.
Nikol Paşinyan Qarabağda Ermənistandan hərbçilərin olmadığını deyir.
Ermənistan rəsmiləri daha öncə Qarabağdakı çağırışçıların sentyabradək çıxarılacağını, ancaq “yerli özünümüdafiə dəstələri”nin qalacağını bildirmişdi.
Buna da bax: Rüstəm Muradov: '5 ildən sonra müddətin uzadılmasına qərar veriləcək'İkitərəfli formatda imzalanmış mandat
Nikol Paşinyan sülhməramlıların iştirakına baxmayaraq, təmas xəttində atəşkəsin daimi və getdikcə daha çox pozulmasını, “ermənilərin fiziki və psixoloji qorxudulmasını” qəbuledilməz sayır. O, Qarabağdakı sülhməramlı əməliyyatların detallarının dəqiqləşdiriməsini çox önəmli hesab etdiyini deyir.
Onun sözlərinə görə, bu lap əvvəldən vacib idi, ancaq Azərbaycan prosesə mane olub, Qarabağdakı sülhməramlı qüvvələrə mandat verməyib.
Paşinyanın sözlərinə görə, ikitərəfli formatda imzalanmış mandat da tətbiq oluna bilər. Əks halda, bu mandatın beynəlxalq miqyasda təsdiqi üçün addımlar atılmalı, yaxud sülhməramlılara daha geniş beynəlxalq mandat verilməlidir.
Buna da bax: Dağlıq Qarabağda 'Rusiya Şöhrət Xiyabanı' açılıbRusiya hərbi kontingenti Qarabağa beş il mddətinə yerləşdirilib. Bu müddətin bitməsinə altı ay qalmış tərəflərin etirazı olmasa, müddət daha beş il uzadıla bilər. Bakı dəfələrlə bildirib ki, Qarabağ Azərbaycan ərazisidir və Rusiya hərbçiləri oraya müvəqqəti yerləşdirilib.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.