Keçid linkləri

2025, 09 May, Cümə, Bakı vaxtı 08:40

Xəbərlər

Amerikalı kardinal Roma Papası seçildi

Robert Frensis Prevo
Robert Frensis Prevo

Birləşmiş Ştatlardan olan kardinal Robert Frensis Prevo Roma Katolik Kilsəsinin 267-ci rəhbəri seçilib. O, XIV Leo adını götürüb.

Prevo 1955-ci ildə Çikaqoda doğulub. O, seminariya təhsili ilə yanaşı, Villanova Universitetində riyaziyyat üzrə bakalavr, daha sonra Çikaqodakı Katolik ilahiyyat ittifaqında ilahiyyat üzrə magistr dərəcəsi alıb. 1977-ci ildə Avqustin ordeninə qoşulub və sonra uzun illər Peruda avqustinlərin missiyasında xidmət edib.

R.F.Prevo ilk amerikalı Roma Papasıdır.

ABŞ prezidenti Donald Tramp kardinal Prevonun seçilməsini alqışlayıb. "Roma Papası seçilən kardinal Robert Frensis Prevonu təbrik edirəm. Onun ilk amerikalı Papa olduğunu bilmək böyük şərəfdir", - Tramp "Truth Social" paylaşımında bildirib.

"The New York Times"ın yazdığına görə, XIV Leo Birləşmiş Ştatlarda doğulsa da, italyan və ispan dillərini bilir, lakin ingiliscə danışmır.

Roma Katolik Kilsəsinin əvvəlki rəhbəri Fransisk aprelin 21-də 88 yaşında insultdan ölüb. O, aprelin 26-da dəfn edilib.

Əhməd Məmmədli həbs edildi

Əhməd Məmmədli
Əhməd Məmmədli

Bu gün, mayın 8-də Binəqədi rayon Məhkəməsində ictimai fəal, "Yoldaş media"nın təsisçisi Əhməd Məmmədli haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Ə.Məmmədli Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq... silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə...) və 126.2.4 ( Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunur. Gənc fəal ittihamları qəbul etmir. O, hələ prosesdən öncə Binəqədi rayon Məhkəməsinə gətirilərkən deyib ki, "azad media susdurula bilməz".

Ə.Məmmədli hesab edir ki, onu təsisçisi olduğu "Yoldaş media"ya görə şərləyərək tutublar.

Həmin maddələrlə fəala 11 ilə qədər həbs cəzası verilə bilər.

6 may

İctimai fəal Əhməd Məmmədli saxlanıb

Mayın 6-da axşam saatlarında ictimai fəal Əhməd Məmmədli saxlanıb.

Bu barədə onun yaxınları məlumat verib. Vurğulanır ki, fəalı Binəqədi rayon Polis İdarəsinin əməkdaşları saxlayarkən, o zorakılığa məruz qalıb.

Məsələyə, hələlik, Daxili İşlər Nazirliyindən (DİN) münasibət almaq mümkün olmayıb.

Amma Azərbaycanın yerli saytlarının iddiasına görə, mayın 6-da saat 22 radələrində bir şəxsə Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində qarın boşluğundan bıçaqla xəsarətlər yetirilib. Vurğulandığına görə, Ə.Məmmədli həmin məsələ ilə bağlı saxlanıb.

İctimai fəalın yaxınları isə Ə.Məmmədlinin şərləndiyini və belə bir ssenari düzəldildiyini bildiriblər.

Ə.Məmmədli 2022-ci ildə D-18 Hərəkatının (hərəkat 2023-cü ildə buraxılıb) sədri ikən polisin qanuni tələbinə qəsdən tabe olmama maddəsi ilə 30 sutka inzibati həbs edilmişdi. Ancaq o, həbsini sülhdən danışması, prezident İlham Əliyevi tənqid etməsi ilə əsaslandırmışdı.

Bəşir Süleymanlı saxlanma şəraitindən şikayətçidir

'İstəyirlər ki, heç bir institut qalmasın' - Seçkini izləyən QHT liderləri niyə həbsdədirlər?
Gözlə

No media source currently available

0:00 0:08:12 0:00

Həbsdə olan hüquq müdafiəçisi Bəşir Süleymanlı saxlanma şəraitindən narazıdır.

Bu haqda onun yaxınları bildiriblər. Onların deməsinə görə, B.Süleymanlı Kürdəxanıdakı istintaq təcridxanasında dördnəfərlik kamerada saxlanılır: "Bugünlərdə isə həmin kameraya bir nəfər də gətiriblər, bununla kamerada saxlanılanların sayı beş nəfər olub. Bu isə orada saxlanan şəxslərin yatması, sıxlıq və digər məsələlər ilə bağlı problemlər yaradıb".

Yaxınlarının vurğulamasına görə, məsələ ilə bağlı istintaq təcridxanasının rəhbərliyinə müraciət edilsə də, müraciət nəticəsiz qalıb.

Hələlik, bu şikayətə təcridxana rəhbərliyi və Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. Amma buna qədər Xidmətdən oxşar şikayətləri, bir qayda olaraq, əsassız sayıblar.

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri B.Süleymanlı bu il martın 14-də vətəndaş cəmiyyətinin bir neçə təmsilçisi ilə birgə saxlanıb. Onlara qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Həmin maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub. Binəqədi rayon Məhkəməsinin qərarı ilə istintaq müddətində onlar haqqında 3 ay 28 günlük həbs-qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun İstintaq İdarəsində 2014-cü ildə bir sıra qeyri-hökumət təşkilatları ilə (QHT) bağlı cinayət işi açıldığı bildirilib. "QHT işi"nin sonradan bağlandığı bildirilsə də, bu ildən onun yeniləndiyi açıqlanıb.

Xatırlatma

B.Süleymanlı 2014-cü ilin mayında da "QHT işi" üzrə qanunsuz sahibkarlıq, vergidən yayınmada suçlanaraq 3 il 6 ay azadlıqdan məhrum edilmişdi. O zaman da bu ittihamları qəbul etməyən Süleymanlı 2015-ci ilin martında prezidentin əfv sərəncamı ilə azadlığa çıxmışdı. Həmin vaxt o, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) icraçı direktoru idi. Bu qurum monitorinq apardığı zamanlar Azərbaycandakı seçkilərlə bağlı, əsasən, tənqidi hesabatlar dərc edib.

Son ilyarımda Azərbaycanda 40-a yaxın jurnalist, bloqer və ictimai fəal həbs olunub. Bəzi hüquq müdafiəçilərinə görə, hazırda Azərbaycanda 350-dən çox siyasi məhbus var. Azərbaycan rəsmiləri isə bunu qəbul etmirlər, onlar deyirlər ki, siyasi məhbus siyahılarında yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb olunublar.

Xalq Cəbhəsi üzvü həbs edilib

Asam Əli və Əli Kərimli
Asam Əli və Əli Kərimli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Asam Əlinin 30 sutka inzibati qaydada həbs edildiyi bildirilir.

Bu barədə AXCP-dən məlumat yayıblar.

Partiyadan qeyd edilib ki, A.Əli ilə dörd gün əvvəldən əlaqələri kəsilib, nəhayət, mayın 8-də onun inzibati qaydada həbs olunduğunu öyrəniblər.

AXCP A.Əlinin nədə ittiham edildiyini və başqa detalları açıqlamayıb. Məsələni, hələlik, rəsmi qurumlardan da dəqiqləşdirmək mümkün olmayıb.

AXCP sədri Əli Kərimli isə vurğulayıb ki, A.Əli sosial şəbəkələrdə bir elə də fəal olmayıb: "Məsələ belədir ki, öz maşını ilə, ictimai əsaslarla mənə sürücülük edən AXCP fəalı Zaur Rzalı həbs edildikdən sonra Asam bəy məni öz maşını ilə bir neçə dəfə müxtəlif tədbirlərə aparmışdı. Bununla da rejimin qara siyahısına düşübmüş. Son iki ayda məni müxtəlif tədbirlərə aparan və ya müşayiət edən altı AXCP fəalı həbs olunub".

Z.Rzalı aprelin 1-də Nərimanov rayon Məhkəməsində 30 sutka həbs edilmişdi. O, İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamaq) maddələri ilə təqsirli sayılıb. Partiyadan onun da şərləndiyi bildirilib.

Xatırlatma

Müxalifətdə olan AXCP-nin hazırda 15-ə yaxın üzvü uzunmüddətli həbsdədir. Üstəlik, bir çox fəalları inzibati qaydada həbs edilib. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs edildiyini açıqlayıb. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

Ukrayna Rusiyanın elan etdiyi atəşkəsi 'saxta' adlandırır

Sumı vilayətində zərərçəkən, 8 may, 2025-ci il
Sumı vilayətində zərərçəkən, 8 may, 2025-ci il

Ukraynanın baş diplomatı Rusiyanın elan etdiyi atəşkəsi “saxta” adlandırıb, Moskvanı 72 saatlıq atəşkəsin birinci günündə bütün cəbhə xətti boyunca yüzlərlə pozuntuda suçlayıb.

Kiyevdə və Ukraynanın digər böyük şəhərlərində atəşkəs gecəyarısı qüvvəyə minəndən sonra sakitçilik olub, dron, yaxud raket zərbələri haqda məlumat gəlməyib.

Amma xarici işlər naziri Andrey Sibiha X postunda yazıb ki, 1200 km-lik cəbhə xətti boyunca fərqli mənzərə yaşanıb:

“Rusiya qüvvələri bütün cəbhə boyu hücumları davam etdirirlər. Gecəyarısından günortayadək 734 atəşkəs pozuntusu, 63 hücum əməliyyatı baş verib, 23-ü hələ də davam edir”.

Rusiya prezidenti Vladimir Putin Rusiyanın mayın 8-dən 10-dək cəbhədə atəşkəsə əməl olunacağını bildirmişdi. Mayın 9-da Qırmızı meydanda Qələbə paradı keçiriləcək. Rusiya 2-ci Dünya müharibəsində nasist Almaniyası üzərində qələbəni məhz həmin gün bayram edir.

Rusiya da Ukraynanı atəşkəsi pozmaqda ittiham edib. Amma Kiyev atəşkəsə əməl etmək öhdəliyi götürməmişdi. Prezident Volodimir Zelenski və digər rəsmilər deyirlər ki, Moskvanın niyyəti müharibəni bitirmək istəməsinin görüntüsünü yaratmaq, Qələbə Günü mərasimləri vaxtı Ukraynanın hücum etməməsinə nail olmaqdır.

Bəzi ölkə liderləri Moskvadakı paradda iştirak edəcək.

Tramp 8 mayı İkinci Dünya müharibəsində Qələbə günü elan edib

Donald Tramp
Donald Tramp

ABŞ prezidenti Donald Tramp mayın 8-ni rəsmən İkinci Dünya müharibəsində Qələbə günü elan edib. Bu barədə mayın 7-də Ağ evin saytında məlumat dərc olunub.

Tramp daha öncə "Truth Social" şəbəkəsində yazmışdı ki, 11 noyabrı Birinci, 8 mayı isə İkinci dünya müharibələrində qələbə günləri elan edəcək. O bəyan edib ki, Birləşmiş Ştatlar İkinci Dünya müharibəsində qələbədən ötrü "istənilən başqa ölkədən daha çox iş görüb".

1945-ci il mayın 8-də nasist Almaniyasının kapitulyasiya edib. ABŞ-də bu gün "Avropada qələbə günü" adlandırılır, çünki İkinci Dünya müharibəsi sentyabrın 2-də Yaponiyanın təslim olması ilə başa çatıb. 8 may Avropanın bir çox ölkələrində bayram edilsə də, ABŞ-də rəsmi statusu yox idi.

Tramp Ağ evdə çıxışında deyib ki, ABŞ-yə müharibədə müttəfiqlər kömək edib. O, Rusiyanın da adını çəkib. Amma yenə də qeyd edib ki, qələbə, əsasən, Birləşmiş Ştatların sayəsində əldə olunub.

Nasist Almaniyası ilə müharibəni ABŞ, Böyük Britaniya və SSRİ aparıb. Sovet İttifaqı Qərb müttəfiqlərindən dəfələrlə artıq itki verib. ABŞ isə hərbi ehtiyaclara yönəlik maddi resurslara görə müttəfiqlərini qabaqlayıb. Rusiya hakimiyyəti məhz SSRİ-nin və onun tərkibinə daxil olan Rusiyanın nasizmin darmadağın edilməsinə ən böyük töhfə verdiyini bildirir.

Jurnalist Ülviyyə Əli həbs olunub

Ülviyyə Əli
Ülviyyə Əli

Bu gün, mayın 7-də jurnalist Ülviyyə Əli (Quliyeva) barəsində həbs-qətimkan tədbiri seçilib.

Bu barədə Xətai rayon Məhkəməsi qərar çıxarıb.

Onun barəsində 1 ay 29 gün müddətinə həbs-qətimkan tədbiri seçilib. Jurnalist həbsini qanunsuz sayır.

Ü.Əlinin "MeydanTV işi" ilə əlaqədar saxlanıldığı bildirilir. Ona Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Yaxınlarının sözlərinə görə, Ü.Əli məhkəmədən öncə bildirib ki, saxlanarkən zorakılığa məruz qalıb.

Hələlik, bu açıqlamaya Daxili İşlər Nazirliyindən münasibət bildirilməyib.

'MeydanTV işi' üzrə daha bir jurnalist saxlanıb

Jurnalist Ülviyyə Əli (Quliyeva) mayın 6-dan 7-nə keçən gecə saxlanıb. Bu barədə onun yaxınları məlumat yayıb.

Yaxınlarının əlavə etməsinə görə, artıq Ü.Əlinin yaşadığı evdə də axtarış aparılıb. Amma evdən nə götürüldüyü, hələlik, açıqlanmır.

Ü.Əli 2025-ci il yanvarın 16-da Bakı şəhər Baş Polis İdarəsində "MeydanTV işi" ilə əlaqədar dindirilib, onun ölkədən çıxışına qadağa qoyulmuşdu. Jurnalist bu qərarla razılaşmamış və apellyasiya şikayəti vermişdi.

Jurnalist MeydanTV ilə əməkdaşlıq etmədiyini bildirmişdi. "MeydanTV ilə heç bir işgüzar bağlılığım yoxdur. Hətta belə bağlılığım olsa belə, MeydanTV ilə əməkdaşlıq cinayət deyil", - o vurğulamışdı.

MeydanTV ilə əməkdaşlıq edən bir sıra jurnalistlər ötən ilin sonunda həbs ediliblər. Onlardan Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Natiq Cavadlı, Aytac Əhmədova (Tapdıq), Xəyalə AğayevaRamin Cəbrayılzadə (Deko) dekabrın 6-dan həbsdədirlər. Onlarla yanaşı, Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov da həbs olunub. Onların hər birinə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Adları çəkilən şəxslərdən başqa, fevralda daha üç jurnalist də MeydanTV ilə bağlı cinayət işi üzrə həbs olunub. Fevralın 4-də Şəmşad Ağayev, fevralın 20-də Nurlan Qəhrəmanlı (Libre), fevralın 28-də isə Fatimə Mövlamlı saxlanılıb.

Jurnalistlər özlərini təqsirli bilmir, qaçaqmalçılıq ittihamının saxta olduğunu, peşə fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər.

Xatırlatma

2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər. Sonradan onlardan bir çoxunun ittihamı ağırlaşdırılıb.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, indi Azərbaycan həbsxanalarında 300-dən çox siyasi məhbus var. Rəsmilərsə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs edilmir. Onlar iddia edirlər ki, həmin siyahılarda adları yer alanlar törətdikləri əmələ görə məsuliyyətə cəlb olunublar.

Əli Kərimlinin mühafizəçisinin qardaşı da həbs edilib

Elnur Quliyev
Elnur Quliyev

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Rahil Quliyevin inzibati qaydada 30 sutka həbs edildiyi bildirilir.

Bu barədə AXCP-dən məlumat yayılıb.

Partiyadan bildirildiyinə görə, dünən, mayın 6-dan onunla əlaqə saxlamaq mümkün olmayıb: "Bu gün, mayın 7-də öyrəndik ki, Rahil Quliyev də 30 sutka müddətinə inzibati qaydada həbs olunub".

Amma AXCP-dən məsələnin detalları açıqlanmayıb.

R.Quliyev AXCP sədrinin hazırda 30 sutkalıq inzibati həbsdə olan mühafizəçisi Elnur Quliyevin qardaşıdır.

Hələlik, bu məlumatlara rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

9 aprel

AXCP fəalına 30 sutka verilib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elnur Quliyevə 30 sutka inzibati həbs verilib.

Bu barədə AzadlıqRadiosuna aprelin 9-da AXCP-dən bildirilib.

8 aprel

AXCP fəalının yeri bilinmir

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) fəalı Elnur Quliyevin yeri bilinmir. Partiyadan onun saxlandığı güman edilir.

AXCP sədri Əli Kərimli bildirib ki, E.Quliyev onun kütləvi tədbirlər zamanı ictimai əsaslarla mühafizəsində iştirak edən gənclərdəndir. Onun vurğulamasına görə, E.Quliyev bu gün, aprelin 8-i səhər onlara gəlməli idi: "Mühafizəçim Kənan Basqal həbs olunduğundan səhər saat 10-da Almaniya səfiri ilə görüşə gedərkən məni o müşayiət edəcəkdi. Elnur bəy təqribən saat 9:15-də artıq metronun "28 May" stansiyasından çıxmışdı və oradan bizim evə piyada gələcəkdi. Ancaq bir azdan Elnur Quliyevə zəng çatmadı... Əminliklə demək olar ki, Elnur Quliyevi də rejim oğurlayıb".

Hələlik, bu deyilənlərə Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Müxalifətdə olan AXCP-nin hazırda 15-ə yaxın üzvü həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs edildiyini açıqlayıb. Onlardan ikisi Ə.Kərimlinin mühafizəçisidir. Həmin şəxslərdən biri Niyaməddin Əhmədov terroru maliyyələşdirmə və başqa qanunsuz əməldə ittiham olunaraq 13 il azadlıqdan məhrum edilib. Ə.Kərimlinin başqa bir mühafizəçisi Kənan Basqal isə bu yaxınlarda başqa bir şəxsi bıçaqlama ittihamı ilə həbs olunub. Onlar da ittihamları qəbul etmirlər.

Bəzi yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, hazırda Azərbaycan həbsxanalarında 350-dən çox siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

Baş nazir Kobaxidze 'Gürcü arzusu'nun sədri seçilib

İrakli Kobaxidze
İrakli Kobaxidze

Gürcüstanın baş nazir İrakli Kobaxidze hakim "Gürcü arzusu" partiyasının yeni sədri seçilib. Kobaxidzenin baş nazir kimi legitimliyi beşinci prezident Salome Zurabişvili, müxalifət və cəmiyyətin bir hissəsi tərəfindən tanınmır.

""Gürcü arzusu"na sədrlik, əlbəttə ki, çox böyük məsuliyyətdir və, eyni zamanda, təbii ki, çox böyük şərəfdir", - Kobaxidze bildirib.

Cəmi 15 dəqiqə davam edən qurultayda partiyanın siyasi şurasının tərkibi də təsdiqlənib.

Kobaxidze partiyanın yerli hakimiyyət orqanlarına seçkilərə hazırlığa başladığını bildirib və bir neçə həftədən sonra seçki kampaniyasının rəsmən başlayacağını qeyd edib. "Partiya 10-cu yubileyində qələbəyə tam səfərbər olacaq", - o bildirib.

İrakli Qaribaşvili aprelin 25-də partiyanın sədrliyindən ayrıldığını və siyasətdən getmək qərarını elan etdikdən sonra bu post boş qalmışdı.

Rusiya Karneqi Mərkəzinin direktorunu axtarışa verib

Aleksandr Qabuyev
Aleksandr Qabuyev

Rusiya Daxili İşlər Nazirliyi (DİN) Karneqi Berlin Rusiya və Avrasiya Araşdırmaları Mərkəzinin direktoru Aleksandr Qabuyevi axtarışa verib. Aprelin əvvəlində "RİA Novosti" mənbəyə istinadən yazmışdı ki, ona qarşı iki maddə üzrə cinayət işi qaldırılıb: "arzuolunmaz təşkilat"ın fəaliyyətində iştirak və "xarici agent" vəzifələrinin icrasından yayınma.

Berlin Mərkəzi 2024-cü ilin iyulunda Rusiyada "arzuolunmaz təşkilat" elan edilmiş Karneqi Fondunun bir bölməsidir.

Çin və onun Rusiya ilə münasibətlərini öyrənən A.Qabuyev 2015-ci ildən Karneqi Fondunda işləyir. O, 2023-cü ilin mayında "xarici agentlər" reyestrinə daxil edilib.

Apreldə politoloq Yekaterina Şulman Berlin Karneqi Mərkəzi ilə əməkdaşlığa görə 10 min rubl cərimə olunub. O, "arzuolunmaz təşkilat"ın fəaliyyətində iştirakda ittiham olunub.

Litva və Latviya Serbiya prezidentinə hava məkanını bağlayır

Vladimir Putin və Aleksandar Vuçiç
Vladimir Putin və Aleksandar Vuçiç

Latviya və Litva hökumətləri Serbiya prezidenti Aleksandar Vuçiçin 9 May paradına qatılmaq üçün Moskvaya gedərkən bu ölkələrin hava məkanlarından keçməsinə icazə verməkdən imtina edib.

Bu barədə Serbiyanın "Kurir" və "Novosti" nəşrləri məlumat yayıb. Bildirilib ki, Latviya hökuməti qadağanı "uçuşun məqsədinin siyasi həssaslığı" ilə izah edib, Litva isə "texniki və diplomatik həssaslıq" səbəbindən imtina edib.

Müvafiq ölkələrin rəsmiləri, hələlik, bu məlumata münasibət bildirməyib.

Həmçinin, "Kurir" xəbər verir ki, Slovakiyanın baş naziri Robert Fitsonun Polşa və Litvanın hava məkanından uçuşu qadağan edilib. Həm Vuçiç, həm də Fitso Moskvada təşkil olunacaq Qələbə günü tədbirlərində iştirak edəcək liderlər siyahısındadır.

Mayın 3-də Serbiya prezidenti A.Vuçiç səhhətindəki problem səbəbindən ABŞ-yə rəsmi səfərini yarımçıq qoyaraq Belqrada qayıdıb və xəstəxanaya yerləşdirilib. Ertəsi gün, Serbiyanın maliyyə naziri Sinişa Mali bildirib ki, hələlik Vuçiçin 9 mayda Moskvada Qırmızı Meydanda keçiriləcək parada gedib-getməyəcəyi dəqiq deyil.

Maliyyə naziri RTS televiziyasına müsahibəsində deyib ki, prezident sağaldıqdan sonra ictimaiyyətə müraciət edəcək. "Onu tanıyaraq, sözünün adamı olduğunu nəzərə alaraq, o, orada olacağını dedi, güman edirəm ki, vədini yerinə yetirəcək".

Daha əvvəl Vecim mayın 9-da keçiriləcək parad üçün Moskvaya gedəcəyini bildirmişdi. Bunun ardınca Avropa Komissiyası Serbiya prezidentinə xəbərdarlıq edib ki, onun Rusiyaya səfəri ölkənin Aİ-yə daxil olması ilə bağlı danışıqları çətinləşdirəcək.

Slovakiyanın baş naziri R.Fitso da mayın 9-da keçiriləcək qələbə paradında iştirak etmək üçün Moskvaya səfər planlaşdırdığını açıqlayıb.

Pakistan Hindistanın 5 təyyarəsinin vurulduğunu deyir, Hindistan təkzib edir

Kəşmirdə vurulan təyyarənin qalıqları
Kəşmirdə vurulan təyyarənin qalıqları

Pakistan ordusu bildirir ki, Hindistanın zərbələri nəticəsində 26 mülki şəxs həlak olub, 46 nəfər yaralanıb.

"Reuters" Hindistan polisinə istinadən xəbər verir ki, Pakistan silahlı qüvvələrinin Hindistanın nəzarətində olan Kəşmir bölgəsini atəşə tutması nəticəsində 10 mülki şəxs həlak olub, 48 nəfər yaralanıb.

Pakistan Silahlı Qüvvələrinin sözçüsü isə "Reuters"ə bunları deyib: "Üç "Rafale", bir SU-30, bir MiQ-29 daxil olmaqla, beş Hindistan təyyarəsinin vurulduğunu təsdiq edə bilərəm. Bir pilotsuz uçuş aparatı da vurulub".

Hindistan tərəfi, öz növbəsində, bu məlumatı təkzib edib. Bu ölkənin Kəşmirindəki dörd yerli hökumət rəsmisi "Reuters"ə bildirib ki, üç döyüş təyyarəsi Hindistanın Cammu və Kəşmir ərazisində qəzaya uğrayıb.

Hindistan Pakistana zərbələr endirdi. Pakistan cavab verdi

Hindistan hakimiyyəti Pakistanda, eləcə də Kəşmirin Pakistan hissəsində "terror" infrastrukturuna qarşı hərbi əməliyyatlara başladığını açıqlayıb. Məlumata görə, "Sindur" əməliyyatı çərçivəsində Pakistanın doqquz obyektinə hücum edilib.

"Hindistan Silahlı Qüvvələri terrorçuların düşərgələrinə dəqiq zərbələr endirib", - rəsmi Dehlinin açıqlamasında vurğulanır.

Pakistan Müdafiə Nazirliyi Hindistanın ölkə ərazisindəki hədəflərə raket zərbəsi endirdiyini təsdiqləyib. Kotli, Müzəffərabad və Bəhavalpur əraziləri hücuma məruz qalıb.

Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif vurulan bütün hədəflərin mülki obyektlər olduğunu iddia edir.

Çox keçmədən Pakistan "intiqam" almağa başlayıb, Hindistana cavab zərbələri endirib. Hindistan Pakistanın Kəşmirdəki bölücü xətt boyunca artilleriyadan atəş açdığını bildirir.

Hindistan və Pakistan arasında münasibətlər aprelin 22-də Kəşmirin Hindistanın nəzarətində olan hissəsində turistlərə silahlı hücumdan sonra kəskin pisləşib. Hücuma görə məsuliyyəti az tanınan separatçı qruplaşma – "The Resistance Front" öz üzərinə götürüb. Hindistan rəsmilərinin terror aktı kimi qiymətləndirdiyi hücumda 26 nəfər həlak olub. Hücum edən üç nəfərdən ikisinin Pakistan vətəndaşı olduğu bildirilir.

Cammu və Kəşmir
Cammu və Kəşmir

Cammu və Kəşmir

Cammu və Kəşmir Hindustan yarımadasının şimal-qərbində 1947-ci ildən Hindistan və Pakistan arasında mübahisə predmeti olan bir bölgədir. Hindistan və Pakistan üç dəfə-1947-1948, 1965 və 1971-ci illərdə Cammu və Kəşmir uğrunda müharibə aparıb. 2003-cü ildən ölkələr arasında qeyri-sabit atəşkəs rejimi qüvvədədir, lakin regionun statusu həll olunmayıb.

Cammu və Kəşmirin Hindistan hissəsində separatizm əhval-ruhiyyəsi güclüdür. 1980-ci illərin sonlarından bölgənin öz müqəddəratını özünün təyin etməsini və ya Pakistana birləşdirilməsini müdafiə edən üsyançı və terrorçu qruplaşmalar fəaliyyət göstərir. Yeni Dehli mütəmadi olaraq İslamabadı onlara maddi və maliyyə dəstəyi verməkdə ittiham edir. Əvvəlcə Hindistan (1974), sonra isə Pakistan (1998) nüvə silahı əldə etdikdən sonra Kəşmir münaqişəsinə diqqət artıb.

'Bloomberg': Aİ Rusiyanın 'kölgə donanması'nın 150 tankerinə sanksiya planlaşdırır

Maye təbii qaz daşıyan Rusiya tankeri
Maye təbii qaz daşıyan Rusiya tankeri

Avropa Komissiyası Rusiyaya qarşı 17-ci sanksiyalar paketi çərçivəsində 60 fiziki şəxs və təşkilata, həmçinin "kölgə donanması"nın 150 tankerinə qarşı məhdudiyyətlər tətbiq etməyi təklif edib. Bu barədə "Bloomberg" öz mənbələrə istinadən məlumat yayıb.

"The Financial Times" isə bildirib ki, yeni paket çərçivəsində məhdudiyyətlər Rusiyanın sanksiyalardan yan keçməsinə kömək etdiyi güman edilən 20-dən çox şirkətə qarşı tətbiq ediləcək. Bunlardan bəziləri Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Serbiya, Vyetnam və Özbəkistan daxil olmaqla üçüncü ölkələrdə yerləşir.

Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Brüsseldə görüşəcəkləri zaman, mayın 20-dək yeni sanksiyalar paketini təsdiqləmək istəyirlər. "Bloomberg" qeyd edir ki, sanksiyalar paketi tətbiq olunarsa, sanksiyaya məruz qalan "kölgə donanması" gəmilərinin ümumi sayı 300-ə çatacaq.

Sanksiyalar paketi Aİ-yə üzv olan bütün dövlətlərin təsdiqini tələb edir və sanksiyaların müddəti altı aydan bir uzadılır. Macarıstan dəfələrlə sanksiyalara veto qoymaqla hədələyib.

"Bloomberg" daha əvvəl bildirmişdi ki, Aİ 27 üzv dövlətin hamısının təsdiqini tələb etmədən sanksiyaları uzatmağın yollarını araşdırır.

Fridrix Merts Almaniyanın yeni kansleri oldu

Fridrix Merts
Fridrix Merts

Bundestaq ikinci cəhddən Fridrix Mertsin Almaniya kansleri vəzifəsinə namizədliyini təsdiqləyib. Parlamentin 630 deputatından 316-sının səsi tələb olunduğu halda, onun lehinə 325 deputat səs verib.

Merts ilk cəhdində kansler ola bilmədi

Almaniyada federal kansler postuna namizəd Fridrix Merts mayın 6-da Bundestaqda keçirilən ilk səsvermədə bu vəzifəyə təsdiqlənmək üçün kifayət qədər səs toplaya bilməyib.

Gizli səsvermə zamanı Mertsin lehinə cəmi 310 deputat səs verib, halbuki təsdiq üçün 316 səs tələb olunurdu. 307 parlamentari isə onun əleyhinə səs verib.

Bununla belə, Mertsin lideri olduğu CDU/CSU bloku və onunla koalisiyaya daxil olan sosial-demokratlar Bundestaqda çoxluğa malikdirlər – onların 328 mandatı var. Səsvermənin nəticələri göstərir ki, gələcək hakim koalisiyanın bir sıra deputatları Mertsi dəstəkləməyiblər və ya hətta ona qarşı səs veriblər.

Bundestaqın iclasında fasilə elan olunub. Kansleri seçmək üçün təkrar cəhd 14 gün ərzində baş tutmalıdır. Almaniya mediası ehtimal edir ki, mayın 6-da səsvermə keçirilməyəcək.

Səsvermənin nəticəsini "Almaniya üçün Alternativ" (AfD) ifrat sağçı partiya alqışlayıb. Bu partiya yeni çağırış Bundestaqda ən böyük müxalifət qüvvəsinə çevrilib. Müxalifətdəki Sol və Yaşılların nümayəndələri də Mertsin uyğun namizəd olub-olmaması barədə düşünməli olduğunu bildiriblər.

Agentliklər baş verənləri "şok" kimi təsvir edirlər. Bu, Almaniya Federativ Respublikasının tarixində misli görünməmiş hadisədir. Almaniya Konstitusiyasına görə, əgər kanslerliyə namizəd 14 gün ərzində mütləq səs çoxluğunu toplaya bilməzsə, o, nisbi səs çoxluğu ilə də seçilə bilər. Lakin siyasi baxımdan səsvermənin nəticəsi istənilən halda Merts üçün ciddi zərbə sayılır.

Hazırda kansler vəzifəsini sosial-demokrat Olaf Şolts icra edir.

CDU/CSU və SDP koalisiya sazişi imzalayıblar. Bu saziş, əsasən, kompromis xarakterlidir. Tərəflər miqrasiya siyasətinin sərtləşdirilməsi və müdafiə xərclərinin artırılması barədə razılığa gəliblər. Sənəddə, həmçinin, Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyi vurğulanır.

Ukrayna və Rusiya növbəti dəfə əsirləri dəyişiblər

Əsirlikdən qaytarılan Ukrayna hərbçiləri
Əsirlikdən qaytarılan Ukrayna hərbçiləri

Ukrayna və Rusiya "205-in 205-ə" düsturu ilə növbəti əsir mübadiləsini həyata keçirib.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) mübadilə prosesində vasitəçi qismində çıxış edib.

Davamı

XS
SM
MD
LG