Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:38

Əbülfəz Bünyadov Müalicə Müəssisəsinə köçürülüb: 'Vəziyyəti ağırdır'


Ə.Bünyadov
Ə.Bünyadov

2015-ci il noyabrın 26-da Nardaranda ikisi polis, altı nəfərin öldüyü əməliyyat keçirilən evin sahibi, həmin gün özü də güllələnib iflic olan Əbülfəz Bünyadov istintaq təcridxanasından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Bu, avqustun 28-də onun məhkəməsində məlum olub.

Bakı Apellyasiya Məhkəməsində Ə.Bünyadovun 15 il, onunla birlikdə mühakimə olunmuş Elxan İsgəndərovun isə 14 il həbsi barədə hökmdən verilmiş şikayətə baxılır.

«Müsəlman Birliyi»nin sədr müavini Elçin Qasımovun həbsinə etiraz olaraq, 2015-ci il noyabrın 5-də Sabunçu Rayon Polis İdarəsinin qarşısındakı etirazlara görə həbs olunmuş E.İsgəndərov məhkəmədə iştirak etsə də, hərəkət qabiliyyətini tam itirmiş Ə.Bünyadov gətirilməyib. O, məhkəməyə məktub göndərib ki, bu iclasda iştirak etmək istəmir.

Vəkil Fariz Namazlı «Nardaran-4» işi üzrə şikayətə qismən məhkəmə istintaqı aparılmaqla baxılması, yekun qərara qədər Ə.Bünyadov və E.İsgəndərovun ev dustaqlığına buraxılması barədə vəsatətlər qaldırıb. Vəsatətdə həmçinin, Nardaran hadisələrinə görə həbs olunub, 12 il 3 aydan 20 ilə qədər cəza almış 41 nəfərin, o cümlədən ilahiyyatçı Taleh Bağırovun, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi, Nardaran əməliyyatına rəhbərlik etmiş Kərim Əlimərdanovun və başqa şəxslərin dindirilməsi istənilib.

Əmir Bayramovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatətlərin heç birini təmin etməyib. Məhkəmə sentyabrın 11-nə təyin olunub.

Ə.Bünyadovun yaxınları AzadlıqRadiosuna bildirib ki, onun vəziyyəti ağırdır: «Əvvəlcə Kürdəxanı təcridxanasında saxlayırdılar. Gördülər ki, mümkün deyil, məcbur olub göndərdilər».

Xatırlatma

Ə.Bünyadov «Müsəlman Birliyi» Hərəkatının İdarə Heyətinin üzvüdür. O, Nardaran əməliyyatında yaralanaraq iflic olmasına baxmayaraq, həmin gün tutulub və bir ildən artıq həbsdə saxlanılıb. Durumu ilə əlaqədar 2016-cı ilin sonunda polis nəzarətinə vermə qətimkan tədbiri ilə həbsdən buraxılan Ə.Bünyadov 2018-ci il iyulun 11-də yenidən həbs olunub. Həmin gün ona və E.İsgəndərova Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.

Məhkəmə qarşısına xərəkdə uzanıqlı vəziyyətdə çıxarılan Ə.Bünyadov hökmə əsasən, 15 illik həbs cəzasının 3 ilini Qobustanda həbsxana rejimində çəkməlidir.

«Müsəlman Birliyi» hərəkatının sədri Taleh Bağırov, onun müavini Elçin Qasımov da daxil, təşkilatın xeyli üzvü həbsdədir. Onlar dövlət çevrilişi, terror cəhdi, qanunsuz silah saxlama və başqa maddələrlə 10 ildən 20 ilədək azadlıqdan məhrum ediliblər.

T.Bağırov və onunla birlikdə mühakimə olunmuş digər şəxslər kimi, Ə.Bünyadov da saxlanılarkən və ondan sonra DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldığını söyləyib.

Sözügedən idarənin əməkdaşları isə məhkəmədə ifadə verərkən, işgəncə iddialarını təkzib ediblər.

XS
SM
MD
LG