Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:44

Narkotika əməliyyatı günü Eynulla Fətullayevə işgəncə verilib


Emin Fətullayev
Emin Fətullayev
Jurnalist Eynulla Fətullayev vəkili İsaxan Aşurovun vasitəsiylə insan haqları üzrə müvəkkilə və beynəlxalq hüquq müdafiə təşkilatlarına müraciətində bildirib ki, üstündən narkotik tapılan gün – dekabrın 29-da saxlandığı cəzaçəkmə yerində ona işgəncə veriblər.

ONU TƏHQİR EDİB FİZİKİ TƏZYİQLƏR GÖSTƏRİBLƏR

Eynulla Fətullayevin atası Emin Fətullayev də deyir ki, dekabrın 28-də Eynulla pullu hamamda olub, həmişəki kimi gödəkcəsini və ayaqqabılarını paltar yuyulan otaqda qoyub. Həmin otaqda isə heç bir nəzarət olmayıb.

Dekabrın 29-da isə səhər yeməyindən sonra Eynulla Fətullayevi əməliyyat şöbəsinə aparıblar. Elə narkotik maddəni də burda onun ayaqqabısından və gödəkcəsindən çıxarıblar. Cərimə təcridxanasına aparanda isə onu təhqir edib fiziki təzyiqlər göstəriblər:

«Eynullanı karserə (cərimə təcridxanası) sürüyə-sürüyə aparıblar. Onu alçaltmaq üçün paltarını soyundurub cırıq və çirkli bir geyim geydiriblər. Pəncərəsində şüşəsi olmayan karserə salıblar. Bir gün ona nə su, nə də yemək veriblər. Bizim də xəbərimiz olmayıb. Vəkil və müstəntiqlər gələndən sonra ona normal geyim veriblər».

Penitensiar Xidmət İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən isə bildirdilər ki, Eynulla Fətullayevin üstündən narkotik maddə tapılan gün ona heç bir işgəncə verilməyib.

Elçin Behbudov
İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov deyir ki, cəzaçəkmə yerində məhbusa işgəncə verilə bilər. Ancaq o bu günlərdə Eynulla Fətullayevlə görüşüb vəziyyəti öyrənəndən sonra bu haqda danışa bilər:

«İşgəncə gizli şəkildə verilə bilər. Yaxın günlərdə Eynullayla özüm görüşəcəyəm».

«NAZİR MƏNİ QƏBUL ELƏSƏ, DEYƏCƏYƏM Kİ…»

Emin Fətullayev isə deyir ki, oğlu ətrafında baş verənlərlə bağlı daxili işlər naziri Ramil Usubovla görüşmək üçün müraciət edib:

«Nazir məni qəbul eləsə, deyəcəyəm ki, məhbusun üstündən həbsxanada tapılan əşya dəlil sayılmamalıdır. Çünki məhbusu saat 8-də barakdan çıxarıb saat 5-də gətirirlər. Paltarları da qalır orada, nə istəsələr edə bilərlər. Bundan başqa nazirə deyəcəyim başqa məsələlər də var».

Söz Azadlığı Müdafiə Komitəsindən isə deyiblər ki, jurnalistə işgəncəylə bağlı məhkəməyə müraciət olunacaq.

Eynulla Fətullayev müraciətində bir daha vurğulayıb ki, üstündən narkotik maddənin tapılması ona qarşı repressiyaların davamıdır və jurnalist fəaliyyətiylə bağlıdır.

Eynulla Fətullayev 2007-ci ildə 8 il yarımlıq cəza alıb. O, terrorçuluğu qızışdırmaqda, milli ədavət yaymaqda və vergidən yayınmada ittiham olunur. Narkotiklərlə bağlı ittiham sübut olunsa, jurnalisti daha üç il cəza gözləyir.

MÖVZU İLƏ BAĞLI FİKİRLƏRİNİZİ FORUMDA BİLDİRƏ BİLƏRSİNİZ
XS
SM
MD
LG