Keçid linkləri

2025, 03 Yanvar, Cümə, Bakı vaxtı 04:47

Sahibkar rüşvət alanlar siyahısına yenilərin gəldiyini deyir


Lənkərandan AzadlıqRadiosuna müraciət edən sahibkar iddia edir ki, son vaxtlar onlardan rüşvət tələb edən idarələrin cərgəsinə daha biri də əlavə olunub. O da Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsidir. Sahibkar deyir ki, təkcə Lənkəran şəhərində Komitə əməkdaşlarının tələblərini ödəyə bilməyən xeyli kiçik müəssisə fəliyyətini dayandırmalı olub.

Adının çəkilməsini istəməyən bu sahibkar iddia edir ki, bir müəssisə beş çeşiddə mal istehsal eləmək istəyirsə bunun hər birinə ayrı-ayrılıqda uyğunluq sertifikatı almaq tələb edilir. Həmin sertifikatın da hər birinə 1400 manat vermək lazım olub.

Rüşvətlə bir yerdə gərək müəssisə 10 min manat pul verib işə başlasın. Ona görə də cənub rayonlarında istehsal müəssisələrinin əksəriyyəti fəaliyyətini dayandırmaq məcburiyyətində qalır.

Sahibkarın dediyinə görə, əvvəllər bir yerə rüsum, rüşvət verilirdisə son bir ildə adı çəkilən komitənin üç xidmətini ayrı-ayrılıqda “görmək” lazım olur.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talibov isə bu iddiaların haməsənən yalan olduğunu deyir. O, Komitənin qurumlarının ayrı-ayrılıqda fəaliyyət göstərməsinin də normal olduğunu bildirir.

Fazil Talıbova görə, sahibkar rüsumları şişirdir. Onun dediynə görə, əslində məhsulların sertifikatlaşdırılmasına ödənilən dövlət rüsumunun məbləği 20 manatdır, standartlaşdırma sahəsində normativ sənədlərin dövlət qeydiyyatı üçün rüsum isə iki manatdır.

“Əslində sahibkarın əlavə ödədiyi məbləğ xidmətlərin rüsumudur. Yəni sahibkarın dediyi rüşvət əslində rüşvət deyil, bu rüsumdur. Labaratoriya xidmətləri pulludur və bundan başqa əlavə pul alınmasından söhbət gedə bilməz, mən bu fikiri tamamilə təkzib edirəm”

Fazil Talıbov deyir ki, əgər sahibkarda belə faktlar varsa o müraciət etsin Komitəyə və hökmən bu məsələ araşdırılacaq.

Hələ ötən ilin sonlarında Tacirlər və İstehsalçılar birliyinin sahibkarlar arasında keçirdiyi sorğuda da sahibkarlar adı çəkilən Komitənin onların fəaliyyətinə ciddi əngəl törətdiklərini bildirmişdilər.

Amma Komitə rəsmisi belə bir sorğudan xəbərsiz olduğunu deyir.

Sahibkarla Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi rəsmisi arasında radiodebatı burada dinləyin.

XS
SM
MD
LG