Keçid linkləri

2025, 03 Yanvar, Cümə, Bakı vaxtı 07:35

Nazarbayevin adı çoxmilyonluq rüşvət qalmaqalından təmizə çıxarıldı


İş adamı Ceyms Giffen (solda) Qazaxıstan prezidenti Nursultan Nazarbayev (sağda) və onun xanımı Sara (ortada) ilə birlikdə
İş adamı Ceyms Giffen (solda) Qazaxıstan prezidenti Nursultan Nazarbayev (sağda) və onun xanımı Sara (ortada) ilə birlikdə
NAZARBAYEVİN MÜŞAVİRİ 80 MİLYONLUQ RÜŞVƏT MƏHKƏMƏSİNDƏN QURTULDU

Yeddi il davam etmiş hüquqi proseslər, məhkəmələrin dalbadal təxirə salınması, Qazaxıstan prezidentinin siyasi cəhdlərindən sonra "Kazakhgate" adı ilə tanınan çoxmilyonluq rüşvət qalmaqalı başa çatdı. Qazaxıstan prezidenti Nursultan Nazarbayevin adı da bu rüşvət biabırçılığından silindi.

Keçən həftənin cümə günü – avqustun 6-da qalmqalın əsas qəhərəmanı olan Ceyms Giffen New York məhkəməsini gülərüzlə, şad-xürrəm tərk etdi. Yeddi illik məhkəmənin sonuncu günü o, az miqdarda vergidən yayınma, şirkətinin xaricilərə balaca bir rüşvət verməsi kimi ittihamları qəbul etdi. Əvəzində də əvvəllər onun azadlığa buraxılması üçün qoyulan girovun məbləği 10 milyon dollardan 250 min dollara endirildi, həbs müddəti isə cəmi altı ay olacaq.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev

ƏHVALATIN TARİXÇƏSİ

2003-cü ilin martında New York hava limanında həbs edilərək qolu qandallı məhkəməyə çıxarlanda 69 yaşlı Ceyms Giffenin belə yüngül cəza ilə azad ediləcəyi kimsənin ağlına gəlməzdi. O zaman Giffen ABŞ-ın dörd neft şirkəti – o cümlədən də indi nəhəng ExxonMobil neft şirkətinin bir hissəsi olan Mobil Oil Corporation adından 80 milyon ABŞ dollarını İsveçrə banklarında gizli hesablara köçürməkdə ittiham edilirdi.

NAZARBAYEV QIZINI RÜŞVƏT PULU İLƏ OXUDURMUŞ?

Prokurorlar bildirirdilər ki, bu pul Qazaxıstanın Tengiz yatağında Mobil şirkətinə bir milyard dollarlıq payın əldə edilməsi üçün həmin ölkənin rəsmilərinə rüşvət kimi verilib. İttihama görə Qazaxıstan prezidenti Nursultan Nazarbayev və o zamankı baş nazir Nurlan Balqimbayev bu puldan zinət əşyaları, bahalı kürklər və sürətli yaxtalar, başqa lüks əşyalar alıblar. Nazarbayev bu puldan qızının İsveçrə məktəblərində təhsil haqqını ödəməkdə də ittiham edilirdi.

Ceyms Giffen 1995-ci ildə Qazaxıstan prezidentinin müşaviri olmuşdu. Elə həmin il də onun balaca Mercator Corporation investisiya bankı ABŞ-ın neft şirkətləri ilə danışıqlarda Qazaxıstanın rəsmi təmsilçisi statusunu almışdı.

"Bloomberg" agentliyinin məlumatına görə Astana onun həbsindən sonra bütün mümkün vasitələrdən istifadə edərək Giffenin xilas edilməsinə, bu mümkün olmasa isə heç olmasa, Qazaxıstan prezidentin adının bu işdə hallanmamasına çalışırdı. Bunun üçün Vaşinqtonda və New Yorkda bütün nüfuzlu və imkanlı vəkillərin, lobbi qrupların imkanlarından istifadə edilib.

PREZİDENTİN MÜŞAVİRİ HƏM DƏ ABŞ KƏŞFİYYATININ İŞÇİSİ İMİŞ


Eyni zamanda Giffen özü də ifadələrindən birində ABŞ Mərkəzi Kəşfiyyat Agentliyi ilə əməkdaşlıq etdiyini deyib. Ehtimala görə Agentlik onun Qazaxıstan prezidentinə yaxınlığından istifadə edibmiş. Amma məhkəmənin gedişində hökuməti təmsil edən vəkillər israrla məsələnin bu tərəfi ilə bağlı sənədləri təqdim etməkdən imtina etdilər. Ona görə də məhkəmə prosesi dəfələrlə təxirə salınıb.

ABŞ prezidenti Barak Obama Vaşinqtonda qazaxıstanlı həmkarı Nursultan Nazarbayevi salmlayır, 13 aprel 2010
İndi ekspertlər guman edirlər ki, bu prosesin davam etdirilməsində ABŞ hökumətinin milli təhlükəsizliklə bağlı çətinlikləri yaranıb. Ona görə də çəkişmə bu şəkildə prokurorların ziyanına başa çatdırılıb.

İşin yekunda Giffenin şirkəti 1999-cu ildə adı çəkilməyən bir Qazaxıstan rəsmisinə rüşvət kimi iki qar avtomobili verdiyini, bununla ABŞ qanunvericiliyini pozduğunu etiraf edib.

2007-ci ildə ABŞ Qazaxıstan və İsveçrə hökuməti ilə razılıq əldə edib ki, İsveçrə banklarında Giffenin işi ilə bağlı hesablarda olan pulların hamısı yoxsul uşaqlar üçün fondlara, eləcə də Qazaxıstanda neft sənayesinin şəffaflığı ilə məşğul olan qurumlara verilsin. Avqustun 6-da keçirilən məhkəmə prosesində də Giffenin şirkəti həmin pullarını adını da dilinə gətirməyib.
XS
SM
MD
LG