Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 10:01

Anar Pərviz Cəbrayılı təbrik etdi, ittihamlara cavab verdi


ANAR

Xalq şairi Fikrət Qocaya açıq məktub



Qardaşım Fikrət! Qəribə görünə bilər ki, Yazıçılar Birliyində qarşı-qənşər otaqlarda oturduğumuz halda sənə məktubla müraciət edirəm.

Amma şifahi söhbətdən və adi məktubdan fərqli olaraq Açıq məktub yalnız bir şəxsə ünvanlanmır, onun bir məqsədi də müəyyən fikirləri geniş ictimaiyyətə çatdırmaqdır.

Sənə bu məktubla müraciət etməyimin səbəbi son vaxtlar bəzi qəzetlərdə və bəzi internet saytlarında baş verən qalmaqalla bağlıdır.

Bu barədə deyilənlər deyilib və əlavəyə ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Kimin kim olduğu da üzə çıxıb. Mən sənə yalnız mərdliyin, etibarın üçün dərin təşəkkürlərimi bildirmək istəyirəm.


"Ən ağır günlərdə bu təşkilatdan üz döndərməyən, ən çətin zamanlarda dilimizin, mənəviyyatımızın, milli şüurumuzun etibarlı qoruyucuları olan yüzlərlə yazıçını KQB tör-töküntüsü adlandıranlar o dövrdə KQB-yə güldən ağır söz deməyə cəsarət edərdilərmi?"

Tək bir uzun illər üstünə heç bir kölgə düşməyən dostluğumuz naminə deyil, daha çox həqiqətə, haqqa, ədalətə qahmar durduğun üçün belə bir addım atmaqdan çəkinmədin.

Bilə-bilə ki, buna görə hər növ ləyaqətsiz həmlələrə düçar olacaqsan. Bu yazına görə, mənə və valideynlərimə namuslu münasibətinə görə belə haqsız və həyasız hücumlara məruz qalmağın məni çox incidir.

Amma sənin yazdıqlarınla əleyhinə yazılanlar göz qabağındadır, ağlı və insafı olan obyektiv oxucu kimi haqlı, kimin haqsız olduğunu özü müəyyənləşdirər.

Sənə etiraz edənlər, doğrudan da orijinal metod tapıblar. Sən bir şey deyirsən, onlar sözü başqa yerə çəkirlər. Sənin, eləcə də hörmətli Hüseynbala Mirələmovun (ona, eləcə də adaşım Anar Mahmudoğluna da səmimi minnətdarlığımı bildirirəm) gətirdikləri faktların bircəciyini də təkzib edə bilmirlər, dəlillərinizin birini də inkar edə bilmirlər, fikirlərinizə məntiqli cavab tapmırlar, əvəzində yalnız söyüşü, təhqiri üstün tuturlar.

Bu münaqişə bir də onu təsdiq etdi ki, belələrinin həqiqətə qarşı yeganə silahları söyüş, təhqir və böhtandır.

Əlbəttə, belə polemika üsulunun heç bir mənası yoxdur. Sən həqiqəti, faktı ortaya qoyacaqsan, opponentlərin bunun heç üstünü vurmadan qulaqlarını tıxayıb, gözlərini qapadıb, kor tutduğunu buraxmadığı kimi nimdaş yalanlarını dönə-dönə təkrar edəcəklər.

Şərin tərəfində durmaq məhz budur – həqiqətə göz yumub yalana, böhtana, iftiraya züy tutmaq.

Bu Yazıçılar Birliyinin rəhbərliyi nə matax vəzifə imiş ki, bunun üçün böyük bir təşkilata, onun keçmişinə və bu gününə, qocasına-cavanına bu qədər kin və nifrət bəsləyəsən.

Yazıçılar Birliyini KQB tör-töküntüsü elan edənlər sovet vaxtında niyə bunu demirdilər, əksinə, bu təşkilata həvəslə daxil olur, onun tərkibində məsul vəzifələr tutur, rəhbər heyətlərinə məmnuniyyətlə üzv seçirdilər.


Fikrət Qoca
Yazıçılar Birliyinə belə çirkin hücumlar Cəfər Cabbarlıdan üzü bəri bütün rəhmətə getmiş üzvlərinin ruhunu incitmək, indi də bu təşkilatın üzvlük biletini fəxrlə daşıyan yüzlərlə yazıçını təhqir etməkdir.

Ən ağır günlərdə bu təşkilatdan üz döndərməyən, ən çətin zamanlarda dilimizin, mənəviyyatımızın, milli şüurumuzun etibarlı qoruyucuları olan yüzlərlə yazıçını KQB tör-töküntüsü adlandıranlar o dövrdə KQB-yə güldən ağır söz deməyə cəsarət edərdilərmi?

Düz deyirlər ki, “icazəli cəsarət” zəmanəsi yalançı qəhrəmanları ortaya çıxardı.

Əzizim Fikrət, nə etməli, belə insanlarla bir dövrdə yaşamaq bizim taleyimizdir. Hələ Allaha şükür etməliyik ki, indi 37-ci il deyil. Yoxsa donoslarla, böhtanlarla neçəmizin evini yıxardılar.

Sənin müdrik və ağrılı “Babalarım” şeirində verdiyin suala mən də cavab tapa bilmirəm.

Biri qaçaq olub,
Mərd olub,
Biri qoçaq olub,
Mərd olub.
Biri kasıb olub,
Mərd olub.
Bəs namərdlər hardandı,
Bax bu mənə dərd olub.


Bu şeir çoxdan yazılıb, amma bu gün də aktualdır. Sevinirəm ki, hər şeyə rəğmən, nadan atmacalarına, çiy sözlərə baxmadan sənin qələmin əvvəlki kimi kəsərlidir, sərrastdır.

Elə ən son vaxtlarda çap etdirdiyin şeirlər bunu aydın-aşkar göstərir.

Kişinin şan-şöhrəti
Özünə ağır yükdü.
Ədası, şıltaqlığı
Qələm əhlinə görkdü
Özünə baxır, görür
Özündən də böyükdü.
Bəzən elə darıxır
Dünya ona dar olur
Tez-tez Qiblə dəyişir –
Səhər müxalifətdi
Axşam iqtidar olur.
Yüz yol özündən deyər,
Başqasından söz deməz
Yalançı deyil, amma
Bərk ayaqda düz deməz.
Paxıllığı tutanda
Öz-özünə “döz” deməz
Bəzən ağı qaralar,
Bəzən də lap ağ eylər
Dostların uğurunu
Ürəyinə dağ eylər
Heç özüm də bilmirəm
Nə deyim, vallah, buna.
Yazıqdı, bəla vermə.
Bəlaya mübtəladı.
Ağıl ver, Allah buna
Ağıl da bir bəladı.


Birliyimiz yazıçıları iqtidara, müxalifətə ayırmadan hamıya – cavanına da, qocasına
Pərviz Cəbrayıl

da onların yaradıcılığı baxımından qiymət verir, yazıçıların yubileylərini, kitablarının təqdimatını keçirəndə baxmır ki, bu müəllif iqtidardandır, ya müxalifətdən.

Bu cəhətdən Yazıçılar Birliyi Azərbaycanda tolerantlığın, dözümlülüyün bariz örnəyidir. Bizi yamanlayanlar isə bunun tam əksini nümayiş etdirirlər.

Əlvan dünyanın, ictimai həyatın bütün rənglərini, çalarlarını qavramadan, daltoniklər kimi hər şeyi yalnız qara rəngdə görürlər, bütün hadisələri yalnız və yalnız dar siyasət baxışıyla dəyərləndirirlər, bəyənmədikləri Sovet quruluşunun təməl prinsiplərini əsas götürürlər: “Bizdən deyilsənsə – düşmənimizsən”.

Yazıçılar Birliyində cavanlara münasibəti gənclər-qocalar ziddiyyəti kimi qələmə vermək dəfələrlə təkrar olunan və dəfələrlə ifşa edilən yalandır. İstedadlı cavanlar həmişə Birliyin rəhbərliyi tərəfindən, onun mətbu orqanları tərəfindən hər cür qayğı görüblər və görəcəklər. İstedadsızlar ən çox istedada qısqınırlar – istər qoca olsun, istər cavan... Hər yazan da yazıçı olmur, istər cavan, istər qoca...

Qoca demişkən, yaşlılara hörmət, ehtiram tarixin bütün çağlarında, bütün mədəni xalqlarda mərifətin, əxlaqın, tərbiyənin göstəricisi olub. Azərbaycan mentalitetində də bu bizim ən önəmli mənəvi dəyərlərimizdən biridir.

Bəzi cavanların yaşlılara ədəbsiz münasibətini görəndə ürəyimdən bir arzu keçir. Arzu edirəm ki, bizə qarşı belə naxələfliklə rəftar edənlər uzun yaşasınlar. İnanıram ki, ömürlərinin hansı çağındasa bu cür hərəkətlərinə görə xəcalət çəkəcək, peşman olacaqlar.

İnsafa gəlməyənlər də qoy uzun yaşasın, bizim yaşımıza çatanda o vaxtın cavanları tərəfindən indi bizə göstərdikləri münasibətlə qarşılaşsınlar.

Kefini pozma, Fikrət Qoca! Nə qədər qoca olsaq da, dəyərik min cavana.

18 iyul 2011


P.S. Bu yazını qələmə aldığım vaxt “Azadlıq” qəzetinin son nömrəsində gənc yazar Pərvizin iri məqaləsini oxudum. Şəxsən tanımadığım Pərvizin bu yazısında bəzi mətləblər diqqətimi çəkdi.

Əvvəla onu deyim ki, mən Heydər Əliyev mükafatını alanda “Azadlıq” qəzetinin elə bir nömrəsində üç müəllifin üç müxtəlif yazısında məni böyük alicənablıqla, qanacaqla və nəzakətlə təbrik etmişdilər.

Bu təbriklərdən biri də Pərvizin idi. Amma Pərviz bununla da kifayətlənməyib “Azadlıq”ın bundan sonrakı nömrəsində də məni son dərəcə nəcib, ədəbli şəkildə təbrik etdi. Mən də bu təbriklərə cavab olaraq Pərvizi Kitab mükafatı alması münasibətiylə səmimi qəlbdən təbrik edir, ona yeni uğurlar diləyirəm.

Pərvizin son məqaləsindən bildim ki, mənim kitablarımı kiməsə bağışlayıb. Güman edirəm ki, hər halda bədii zövqlə və ədəbi səviyyəsi olan bir şəxsə hədiyyə edib.

Oxucularımın sayını artırdığına görə, öz şəxsi kitabxanasını kasıblaşdıraraq başqa birisinin skitabxanasını zənginləşdirmək bahasına etdiyi fədakarlığına görə də Pərvizə təşəkkürümü bildirirəm.


"525-ci" qəzet

Həmçinin oxu
Əkrəm Əylisli "Pen klub" verilişində Fikrət Qocanı nədə ittiham etdi?
Fikrət Qoca: "Əkrəm şüşə evdə oturub, başqalarına daş atmasın”
XS
SM
MD
LG