Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:03

Şairin sualı: “Axı niyə bu insanları həbs edək?"


Azerbaijan - Azeri poets Feyziyye Hajiyeva (L) Vagif Bayatli Oder
Azerbaijan - Azeri poets Feyziyye Hajiyeva (L) Vagif Bayatli Oder

- Vaqif müəllim, indiki müstəqil Azərbaycan sizin arzularınızdakı Azərbaycana nə qədər yaxındır?

- Mənim arzuladığım Azərbaycan çox böyükdür. Mən Azərbaycanı bütöv görürəm, güney Azərbaycanla bir yerdə, Kərküklə bir yerdə. Dağıstanda, Gürcüstanda qalan torpaqlarımızla bir yerdə. Yəni mənim Azərbaycanımı deyirsizsə, bax belə, bu şəkildədir. Və bizim müstəqil Azərbaycanımız onun çox cüzi hissəsidir.

Mən arzu edərdim ki, mən özüm də bu Azərbaycanımızı görüm, elə o boyda görüm. Heç olmasa o torpaqlarımızda dilimizi azad görüm, insanların üzünü gülən görüm, heç bizimlə birləşməsinlər, müstəqil insanlar olsunlar.

- Mövcud sərhədlər daxilindəki Azərbaycandan danışaq. Bu müstəqil Azərbaycanda nələr sizi qane edir, nələr etmir?
- Məni qane edən yeganə şey odur ki, biz müstəqillik qazandıq, Azərbaycan türkcəsi dövlət dilidir. Biz müstəqillikdən sərbəst danışa bilirik, öz dövlətimiz oldu, Azərbaycan türklərinin arzuladığı həmin dövlət bərpa olundu. Yəni məni sevindirən yeganə məqam budur.

Amma bu dövlətin demokratik olmamağı...

Məsələn, elə bu yaxınlarda nə qədər insanı həbs ediblər. Neyləyiblər axı bu insanlar? Məhəmməd Məcidli, məsələn, mən onun atasını tanıyırdım – Çərkəz Məcid. Yaxşı şair idi, bütün həyatını bizim kəndin, Cəbrayılın maariflənməsinə həsr eləmişdi, milli məsələləri qaldırırdı.

Bu gün onun oğlu da Azərbaycanın demokratikləşməsinə çalışır. Mən Azərbaycanı belə görmək istəmirəm.

- Necə görmək istəyirdiz?
- Azad. Hər bir insan rahat nəfəs alsın.

- Məhəmməd Məcidlinin həbsindən danışdız. Arif Hacılını da – Müsavat Partiyası icra aparatının rəhbərini də... (sualı yarımçıq kəsir).
- Bəli, mən Arif Hacılını da çox yaxşı tanıyıram. Azərbaycan istiqlalına ilk səs verən millət vəkillərindən biridir. Əlbəttə, Arif Hacılını həbs eləmək, özü də belə qondarma ittihamlarla, bu, Azərbaycan tarixinin bir hissəsini həbs eləmək kimi bir şeydir.

- Ziyalılar 2 apreldə həbs olunan müxalifətçilər, gənc fəal Bəxtiyar Hacıyevlə bağlı prezidentə müraciət etməyə hazırlaşırlar. Qoşulacaqsızmı onlara?
- Mən artıq bu barədə prezidentə müraciət etmişəm. Qəzetdə gedib. Ayıbdır, XXI əsrin əvvəlidir, biz bu cavan uşaqların gələcəyini məhv edirik.

Bu insanları axı niyə həbs edək? Ayıbdır. Dünya azadlığa doğru gedir. Biz hansı əsrdə yaşayırıq? Ümumiyyətlə, bizi idarə edənlər bu haqda düşünsələr yaxşıdır.

- Həmin yazınızda belə bir məqam vardı: “həbsxanalar da atalardan oğullara qalır”. Belə çıxır ki, Azərbaycanda kimlərinsə qismətinə müstəqillik uğrunda mübarizə aparmaq düşür, kimlərinsə payına onun səfasını çəkmək. Belə bölgü aparmaq olarmı?
- Mən elə onu yazmışam da təxminən. (gülür).

Bu gülüşümü acı gülüş kimi, ağrılı gülüş kimi qəbul etməyinizi xahiş edirəm. Çox ağrılı şeydir, dünyada nəsildən nəslə başqa şeylər keçir. Azərbaycandasa təəssüf ki, həbsxanalar nəsildən nəslə keçir. Təəssüf.

Mən istərdim gözəlliklər nəsildən nəslə keçsin.

- Son sual. Azərbaycan xalqı və hakimiyyəti müstəqil dövlətin qədrini yetərincə bilirmi?
- Müstəqilliyin qədrini bilənlər çoxdur. Elə insanlar da var ki, canlarında o əsarət, qul psixologiyası hələ qalır. Hətta görürəm bəziləri deyir ki, nahaq biz müstəqil olduq.

Ancaq bütöv şəkildə Azərbaycan xalqı daim müstəqilliyə meyl edən xalq olub, müstəmləkə olan xalq daim dilini qoruyub saxlayıb, xanlıqlar şəklində olsa da, dövlətçilik ənənəsini qoruyub. Bu, güclü bir xalqdır.

Mən əminəm ki, tezliklə, heç on il keçməz Azərbaycan dünyanın ən demokratik və gözəl ölkələrindən biri olacaq.
XS
SM
MD
LG