Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 00:49

Human Rights Watch Azərbaycanda insan haqlarının daha da pisləşdiyini bildirir


Arxiv foto, Bakıda müxalifət fəallarının keçirdiyi etiraz aksiyalarından biri. 12 iyun 2010
Arxiv foto, Bakıda müxalifət fəallarının keçirdiyi etiraz aksiyalarından biri. 12 iyun 2010
-

2011-ci ildə Azərbaycanda insan haqları sahəsində vəziyyət pisləşib. Hökumət bütün etiraz aksiyalarının qarşısını alıb, onlarla gənc saxta hökmlərlə həbs edilib.

Böhtana görə jurnalistlərə qarşı qaldırılan cinayət və mülki məhkəmə işlərinin sayı azalsa da, jurnalistlərə və başqa digər tənqidçilərə münasibət dəyişməyib.

Hökumətin paytaxt Bakının mərkəzində şəhərin gözəlləşdirilməsi adı altında apardığı abadlaşma nəticəsində insanlar evlərindən məcburi köçürülüb, evləri qanunsuz sökülüb.

DİN AZADLIĞINA MƏHDUDİYYƏTLƏR, HƏBSXANALARDA İŞGƏNCƏ VƏ PİS RƏFTAR DAVAM EDİB

Bu haqda beynəlxalq hüquq-müdafiə təşkilatı Human Rights Watchun dünyada insan haqlarının vəziyyəti ilə bağlı yaydığı illik hesabatın Azərbaycana aid olan hissəsində deyilir.

Hesabatın Mətbuat Azadlığı hissəsində deyilir ki, mart ayında müxalif yönlü «Azadlıq» qəzetinin jurnalisti Seymur Həziyevi 6 maskalı şəxs oğurlayaraq döyüb. Ona hökumət məmurlarını tənqid edən yazılar yazmamaq haqda xəbərdarlıq olunub. Apreldə isə «Azadlıq» qəzetinin müxbiri Ramin Dekonu 3 naməlum şəxs oğurlayıb. Onu 8 saat saxlayıblar, hökuməti tənqid edən yazılar yazmamaqla bağlı ona da xəbərdarlıq ediblər.

Oktyabr ayında «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı haqqında 3 aylıq həbs-qəti imkan tədbiri seçilib. 2011-ci ildə məhkəmənin qərarı ilə «Xural» qəzetinin avadanlıqları müsadirə edilib.

Aprel ayında İsveç televiziyasının jurnalistləri Bakıdakı mitinqi çəkərkən polis onların kameralarını alıb, çəkdiklərinin hamısını silib. İyul ayında Bloomberg Markets jurnalının fotoqrafı Diana Markosian Bakı aeroportundan deportasiya olunub. İyun ayında amerikalı jurnalist Amanda Erickson və britaniyalı hüquq müdafiəçisi Celia Davies 4 nəfərin hücumuna məruz qalıb. Hücum edənlərdən ikisinə cinayət işi qaldırılıb.

2011-ci ilin birinci yarısında məmurlar jurnalistlərə qarşı böhtanla bağlı 7 məhkəmə iddiası qaldırıb. May ayında tənqidçi redaktor Eynulla Fətullayev azadlığa buraxılıb.

HESABATIN TOPLAŞMA AZADLIĞI HİSSƏSİNDƏ BİLDİRİLİR Kİ, HÖKUMƏT TOPLAŞMA AZADLIĞINI MƏHDUDLAŞDIRIB


Bakının mərkəzində heç bir etiraz aksiyasının keçirilməsinə icazə verilməyib. Polis icazəsiz aksiyaları dağıdarkən 50-dən çox fəalı saxlayıb. Gecə vaxtı keçirilən məhkəmə proseslərində onlar 10 gün azadlıqdan məhrum ediliblər.

Aprelin 2-də keçirilən aksiya zamanı polis fiziki gücdən istifadə edib. 200-dən çox adamı, o cümlədən jurnalistləri, müxalifət fəallarını saxlayıb. Saxlananlardan 14-ü ədalətsiz məhkəmə qərarları nəticəsində 3 ilə qədər azadlıqdan məhrum edilib.

Hesabatın Siyasi Məhbuslar hissəsində deyilir ki, yerli hüquq müdafiəçilərinin məlumatına görə, mart-aprel aylarında keçirilən aksiyalarda həbs olunanlar da daxil olmaqla 2011-ci ilin 6 ayında siyasi məhbusların sayı 23-45 arasında olub.

29 yaşlı gənc fəal Bəxtiyar Hacıyev martın 11-də keçirilməsi planlaşdırılan etiraz aksiyasını dəstəkləyib. O, ordudan yayınmaqda ittiham olunaraq 2 il azadlıqdan məhrum edilib. AXCP fəalı, 20 yaşlı Cabbar Savalan narkotik saxlama ittihamı ilə 2 il yarım azadlıqdan məhrum edilib.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisinin Azərbaycana gəlməsi üçün viza verilməməsi davam edib.

Hesabatın Pis Rəftar və Saxlanma yerlərində Ölüm bölməsində göstərilir ki, işgəncə və pis rəftar davam edir. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin məlumatına görə, həbsxanalarda pis rəftarla bağlı 89 nəfər müraciət edib.

Yanvar ayında polis 31 yaşlı Elvin Əsgərovu saxlayandan sonra o ölüb. Avqustun 24-də 31 yaşlı Turac Zeynalov Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin saxlama kamerasında ölüb. Sentyabrda Turac Zeynalovun ölümü ilə bağlı araşdırma aparan AzadlıqRadiosunun Azərbaycan xidmətinin əməkdaşını təhlükəsizlik nazirliyinin əməkdaşları saxlayaraq deportasiya ediblər.

ŞƏHƏRİN «GÖZƏLLƏŞDİRİLMƏSİ»

Hesabatda Evlərdən Məcburi Köçürülmə və Qanunsuz Söküntülər haqqında deyilir ki, 2009-cu ildən Bakının «gözəlləşdirilməsi» adı altında yüzlərlə sakin evindən məcburi çıxarılıb. Onlara qarşı bəzən fiziki gücdən də istifadə olunub.

Məcburi köçürülməyə hüquq müdafiəçisi Leyla Yunus da məruz qalıb.

Hesabatın Din Azadlığı bölməsində bildirilir ki, 2010-cu ilin iyununda qanunvericiliyə dəyişiklik edilib. Bu dəyişikliklərə görə, icazəsiz dini fəaliyyətin qarşısını almaq üçün cərimələr qaldırılıb. Dini qruplardan toplantı keçirmək üçün hökumətdən icazə almaq tələb olunur.

İyun ayında Yehova Şahidləri dini icmasının 40 üzvünün iştirak etdiyi yığıncağın qarşısını polis alıb. Polis onları 10 saat sorğu-sual edib. Polis Sumqayıtdakı baptistlərə də icazəsiz toplaşmayla bağlı xəbərdarlı edib.

2010-cu ilin dekabr ayından orta və ali məktəblərə hicabla getmək qadağan olunub. Hicab qadağasına etiraz edənlərdən 5 nəfəri polisə müqavimət göstərməkdə ittiham olunaraq 2 il yarım azadlıqdan məhrum edilib.

2011-ci ilin yanvarında qeydə alınmamış İslam Partiyasının sədri Mövsüm Səmədov həbs olunub. O, prezident İlham Əliyevi tənqid edəndən sonra həbs edilib. 12 il azadlıqdan məhrum edilib.

Hesabatın Hüquq Müdafiəçiləri bölməsində deyilir ki, yerli hüquq müdafiə təşkilatının rəhbəri Vidadi İsgəndərov həbs olunub. O, parlament seçkilərinə müdaxilədə ittiham olunaraq 3 il azadlıqdan məhrum edilib. Vidadi İsgəndərov apreldə icazəsiz aksiyada iştirak etdiyi üçün iki dəfə qısa müddətli həbs olunub. Vəkil Xalid Bağırov Vəkillilər Kollegiyasının üzvlüyündən çıxarılıb. Vəkil Elçin Namazov isə həm vəkillikdən çıxarılıb, həm də onun haqqında cinayət işi açılıb.

Mart Azərbaycan İnsan Hüquqları Evinin fəaliyyəti dayandırılıb. Həmin ay Ədliyyə Nazirliyi Milli Demokratiya İnstitunun fəaliyyətini dayandırıb.

Hesabatda o da bildirilir ki, Avropa Birliyi, ATƏT və ABŞ-ın Bakıdakı səfirliyi gənc fəalların həbsi, mülki hüquqların pozulması ilə bağlı narahatlıqlarını bildiriblər. Avropa Şurasının insan haqları üzrə komissarı Thomas Hammarberg ifadə, birləşmə və sərbəst toplaşma azadlıqlarını təmin etmədiyi üçün Azərbaycan hökumətini tənqid edib.
XS
SM
MD
LG