Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 22:54

Əli Həsənli "Şirrah" (20-likdən hekayə)


Bu hekayə "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin 20-liyinə keçib.


Əli Həsənli

ŞIRRAH


ŞIRRAH

Əmibala Kirsin ətəyində, qədim ayı zağası deyilən yerin güneyində qoyun otarırdılar. Sürü yaştanlı yal boyu dağılışıb hər yerdə quzeyə, qarşı dağlardan vuran küləyə səmt səpələnmiş, qonşu “Quşçular” obasının ayağına gedib çıxmışdı. Günün altında çılpaq, boz, sarıtdağa çalan yaşıl mamırlı qara-qançır qayalar təndir tirələri kimi qızğındı-hənirlidi. Qoca alnının tərini əlinin dalıyla silib aşkarca təntidiyini, nəfəsinin tıxandığını görüb həmişəki kimi öyrəncəkli tək atasından qalma, dəmirlə işlənmiş naxışlı, gərməşov çomağını nəbz kimi yal boyu aramla taqqıldada-taqqıldada çınqıllığın izinə düşüb özünü binələrdən aşağıda, qoşa sal qayanın arasından sürəkli fit kimi fışqırıb çıxan, süd kimi ağ köpüklü coşqun, sevdalılar tək çılğın, dəliqanlı şırranın ayağına verdi. Daha doğrusu, çınqıl özü onu istəsə də, istəməsə də ora gətirib çıxardı. Paltarını soyunub, səliqəylə, qocalara xas səbrlə, ağır-ağır qatlayıb patavalarıyla bir yerdə iri bir sal daşın altına qoydu. Yenicə doğulmuş körpə kimi lüt-anadangəlmə şövqlə gəlib şırranın lap altında, onun hul göyə qalxan dumanlı-çiskinli mətəsində dayandı. Suyun çisəntisi həyat cövhəri Kövsər bulağı kimi üz-gözünə, nəfəsinə toxunduqca ulu əcdadlarından miras qalan palçıqdan yoğrulmuş cılız, süst, yanqılı bədəninə dirilik, can gəldi, ruhu pərvazlandı. Su ana bətnindəki körpəni qoruyub-yaşadan baş suyu kimi yoxluqdan – yerin altından axıb özüylə birgə onu da axıdıb bu dünyadan başqa bir dünyanın-aləmin bətninə salanda öz varlığını təsdiq etmək üçün körpə necə qışqırıb ağlayırsa, elə işqırıqlı səs çıxardı; çılğın, kövrək, hönkürtülü, bir az da qeybdən gəlmiş kimi, suyun şırıltısı tək sehrli, ovxarlı, ovsunkar. Ancaq körpə kimi öz varlığını təsdiq etməkdən çox, sevincindən, yenidən bu dünyaya gəlmiş kimi kövrəldiyindən xoşbəxtcəsinə, uşaq kimi məsumcasına, şirincə hıçqırıb ağladı, elə bu səslə də əzalarına gələn cavanlıq gücündən, qüdrətindən yüngülcə, dəlicəsinə atılıb-düşdü, ərköyüncə dünyaya dil çıxardı. Cılız, əyri-üyrü, eybəcər barmaqlarıyla çırtıq çalıb oynadı, müqəddəs bir məbədin başına dolanırmış kimi ağzı dualı, urfalı şırranın başına dolanıb yallı getdi. Sonra günah iş tutmuş kimi pərt-pərt, dinməzcə bardaşqurma şırnanın altında oturub, başını aşağı dikib qədim daş heykələ dönərək heyranlıqla şırnanın şirin su dilində - Qarabağ ləhcəsində nəzmə çəkdiyi – zümzümə etdiyi gizli, qorxunc, başgicəlləndirici aləmlərin möcüzəli tarixçəsinə diqqət kəsildi, milyon illərdi insan ruhunu titrədən ulu, müqəddəs, İlahidən gəlmə şaqraq su zənguləsinə, əzanına qulaq asdı. (Qocaya vergi, vəh gəlmişdi bu anda elə bil, bu anda dönüb tamam başqa şəkil, görkəm aldığından bəlkə də həmin zənguləyə, əzana yad bir adama çevrildiyindən, (onu bu görkdə nəinki tanış-biliş, doğma qardaşı, qardaş oğlu da görsə tanımaz, çaşıb əlli iki min fikrə düşərdi,) özü özündən ürkdü, özünü tanımadığı yad adamdan soruşmağa ürək eləmədi.

Qocanın gözü görmürdü. Bunun uzun, özü kimi müəmmalı tarixçəsi vardı. Deyilənə görə uşaqlıqda pişqurdlara dəyələr üçün siyirmə çubuq qırıb gətirəndə tilişkə batmışdı. O gündən əlindəki az qala özüylə yaşıd naxışlı çomağının hesabına fəhmlə yeriyirdi. Çomaq onun görən gözü, danışan dili, dilini bildiyi sirlərin açarı, onu qoruyan yenilməz qala, etibarlı silah-yaraq, yol yoldaşı, bələdçisiydi. Di gəl, (bəlkə buna görə) gözü görənlərin görəmmədiyi çox şeyi görür, gözü görənlərin bilmədiyi çox mətləblərdən agahdı. Gözü görənlərin tanımadığı, ürək edib ayaq basammadığı qorxunc, şeytanla qiyamətə qalan kimsəsiz, lal dağ sıldırımlarını, keçilməz zülmət dərələri, həqiqət kimi çılpaq, sərt yalçın qayaları büdrəmədən-sapmadan qarış-qarış gəzmişdi, süngü kimi sivri uclu uçqunların aşılanıb, torpağı çıxmış, qılınclaşmış zirvə tillərinin üstüylə qırğı kimi səkmişdi, filan meşənin hardan başlayıb harda qurtardığını, filan qədim, tutya ağacların hansı meşənin hansı dərinliyində (göylər kimi meşəni də, insan xilqətinin aləmdən aləmə köçməyini də yeddi qata - iqlimə bölürdü.) hələ də kökü kəsilmədiyini, çıraq kimi içərisindən nurlanan parlaq gövdəsiylə gecəylə bütün meşəyə, yolçuların yoluna işıq saldığını, filan otların, (o ot deyil, ulu nənəsinin ceyran nəvəsi filankəsdi, ot şəklində yarıb çıxıb əsgi, uçuq qəbrindən, düşməni çaşdırmaq, allatmaq, onu seçməməsi üçün o vaxtdan ota, cavan pöhrəyə, özü kimi şümşad boy-buxunlu vələsə dönüb) ancaq filan dağda yaşayan quş yumurtasının, filan yaldakı suyunu göylərdən götürən filan bulaqların hansı sağalmaz dərdə dərman olduğunu, zərrəcə izi-tozu qalmasa da yalnız ona məlum iyindən, qoxusundan, hənirindən, görünür havada hələ də yaşayan səsindən-sədasındanmı, ulu səcərələrinin vaxtilə haralardan karvanla gəlib, yuxu tutub, şər ruhların sehriylə ayla ayılmadan, karvanı itirib, necə deyərlər, qoyunu qurda verəndən sonra qərib yolçu kimi əlacsız-çarəsiz bütün günü özlərini səfil-sərgərdan kökündə hələk-vələk edərək, axırda əlləri hər yerdən üzülmüş bu xam, qulun kişnəyən vəhşi çöldə-biyabanda gecələdiyini, filan bulağın filan çaya qarışdığı baxımlı-münbit bir vadidə məskən saldığını, daha doğrusu, vadinin özünün onları çəkib gətirdiyini, filan çeşmədən döl tutub törəyib, indidən də böyük kənd-oba olduğunu, ona görə o çeşmə kimi qar-qar qaynadığını, durulub, saflaşıb gözü tutulmadığını, daim axdığını, özündə həyatın başlanğıcı su xislətini daşıdığını o əyyamın adamıymış kimi, çılğın-dəli-havalı, bir az da qəribə, inanılmaz, ancaq elə yerli-yataqlı, tutarlı dəlillərlə danışırdı, inanmayanların da könlünə inam-etiqad, köksünə qürrə dolurdu. Sonradan həmin fikirlərin vaxtilə kəndə gələn, ayıq günü olmayan, cecə arağı ölüsü hansı tədqiqatçı aliminsə elmi araşdırmalarında da özünə yer tapmağı bu inamı bir az da artırdığından, həmin qürrə kökslərinə sığmamış, bəzilərininsə beyinlərinə hava, hərəkətlərinə, davranışlarına dəlilik-divanəlik gətirmişdi. Onlara elə gəlmişdi bu gün çöllərə dağılışıb tük ürpədici səslə ulaşan o ac yalquzaqlar onların şəcərələrinin ac ruhudu, ulaşmır, öz nankor törəmələrini qarğıyır, beləcə, beləcə, qiyamətəcən ac-yalavac onları qarğıyacaq.
Kimin itiyi itəndə, mal-qarası örüşdən qayıtmayanda, başında bir qəza-qədər hərrənəndə, başını da özüylə birgə hərrədəndə ya vaxtilə adını çəkməyə belə ürək edəmmədiyi itgin düşmüş (ikinci cahan savaşında) doğmasının, əzizinin öldüsü-qaldısıyla maraqlananda, ya bu sadəcə ürəyindən keçəndə, yuxusu illər boyu ərşə çəkilib qəlbini üzən ağır bir nisgildən azad olmaq istəyəndə çoxlarının xoşlamadığı, ancaq hamının çəkinib ehtiyat etdiyi, ehtiyatlandıqlarından da məcbur olub hörmətini saxladığı, yolunu gözlədikləri qocanın bir bir nəlbəki, həmin adamın özündən, paltarından bir nişanə-miras, saçının tükündən bir tel, ayağının dəydiyi yerdən bir ovuc torpaq, tələb etməyi bəsiydi, o müşkül məsələ o andaca müşküllükdən çıxıb hamının gözü qabağında gerçəkləşib, həyat donu geyib öz özünün həll olsun? Qabıq kimi aralanıb utancaq-utancaq öz mübarək camalını göstərsin, öz-özünü açsın, pərdədən, dondan soyundursun, çılpaqlaşsın, həqiqətləşsin, yəni torpağı nəlbəkidə şəhadət barmağıyla eşib, ona nəsə yazıb, ya yazdığına cavab gəlib. Onun surətində qərar tutan, özündə başqa özü olan ondakıı nəyisə oxuyub uzun fikrə gedəndən sonra flan heyvan armudlu dərənin filan dağa söykəndiyi sal qayanın sırtında sağ-salamat uzanıb kövşədiyini yalnız özü eşidəcəyi səslə hansı sehrli duanısa çeynədiyini deyirdisə, sabah gedib heyvanın, doğrudan da, həmin qayanın o dediyi kimi dərəyə meyllənmiş sırtında, uçqunun lap altında (düşmən təhlükəsindən uzaq olsun deyə) burnu da qanamadan qorxusuz-ürküsüz, şirin-şirin kövşədiyinin öz gözləriylə şahidi olsunlar, ya üç gün, bir həftə, bir aydan sonra filankəsin itgin düşmüş əmisindən, dayısından, ərindən, qardaşından kəndə bir xəbər-ətər gəlib yetişsin, üstəlik sonralar qohumunu-qardaşını yaşadığı qərib yerə ailəlikcə qonaq da çağırsın, qayıdanda hökumət əlindən alacağını bilsə də altına son buraxılış xarici maşın alıb qoysun, qadındısa qolunu, boyun-boğazını qızılla-ləl-cəvahirlə bəzəsin, ya xəyanətkar arvadın bu qəfil, gözlənilməz gəlişdən dözməyib ürəyi partlasın. Ər özü də bilmədən onun mənəvi qatilinə çevrilsin.

Qoca bu kənddən deyildi, bura qonşu obadan qaçaq düşüb gəlmişdi. Dayısıyla vaxtı ilə aralarında nə qovğaları – sevdaları olmuşsa birdəfəlik doğma kəndlərindən üz döndərmiş, ta ara səngiyənəcən buraya pənah gətirmək məcburiyyətində qalmışdı. Sonradan uşaq, nənəsinin dilindən eşitmişdi, əmisi guya o vədə dayısından nisyə bir çanaq buğdaya çarıq üçün bir zol dəri alıbmış. Yubadıb buğdanı vermirmiş, ta gələn taxıl biçininəcən səbrini basıb gözləyən dayı qəfil onu yolda biçindən çox-çox sonralar görüb necə qəzəblənibmişsə (bəlkə də buğdadan çox onun gör-görkəmindən) hamının acından ipliyi üzülsə də bunun yanağından qan damdığından (elə bil havayla, qeybdən ona məxsusi enən enən naz-nemətlə qidalanırdı) yaraşıqlı boy-buxunundan acığı tutub, sanki onun icazəsi olmadan niyə böyütmüşdü, bunu özlüyündə saymazlıq, yekəxanalıq sözündən qaçmaq kimi yozub oradaca şiltiyini atmış, yıxıb sinəsinə çökərək yumruqlarıyla üz-gözündə, başında sağ-islahat qoymamışdı, pezəvəng, ayı kimi seyiymiş, caynağına keçən hələm-hələm yaxasını ondan qurtarmazmış. Bir sözlə, yaşlı adamların dediyinə görə çox şumur, əzazil adamıymış. O vaxt bığ yeri yenicə tərləmiş, ərgən yaşına çatmış bacıoğlu baxıb görüb aşkarca boğulur, son nəfəsidi. Dayı bacıoğlu-zad hərrəyən deyil, bir zol dəridən ötrü qəsdi onu aşkarca öldürtməkdi. Belində bir ləzgi xəncəri varmış, xəncəri çıxarıb nə vaxt dayısının qarnına sapladığından özünün də xəbəri olmur, bir də onda ayılır artıq gecdi, qan dayısını götürüb gedib. Başa düşür ehtiyatsız tərpənib, qəsdi dayısını yüngülcə yaralamaq, özündən aralamaq, qaçıb aradan çıxmaq olsa da sən demə xəncər namərdlik edib, dayısı kimi kinindən, hikkəsindən onu saya salmayıb, öz bildiyini etmiş, dərinə işləyib ürəyinə xətər toxundurmuş, guya bacıoğlunun hayıfını dayıda qoymaq istəməmişdi. Bunu ömründə gözləmədiyindən, birdən-birə ayılıb həyəcandan, qorxudan ani beyninə gələn fikirdən qaçıb canını qurtarmaq, istəsə də donub qalır yerində, qan tutduğundan indi də ayağı sözünə baxmır, ona xəyanət edir, onu ələ vermək üçün elə bil qəsdən yerdən qalxıb, bir addım da atmır. Ancaq, bu xəyanət qocanın özünün də ürəyindən olduğundan ömrüboyu ayaqlarına minnətdar olur. Onu bu axmaq məqamdan arvadı duyuq düşüb qurtarır, tezcənə iki əliylə köynəyinin yaxasını cırandan sonra özünə gələn qoca can hayında nə baş verdiyini elə də anlamadan götürülüb qaçaraq özünü Kirs meşəsinin güngörməz qalınlığına verir. Bir həftə, on gün ac-susuz dağda-dərədə, kahada-mağarada gecələyəndən sonra üz-gözünü, boyun-boğazın tük basmış, pal-paltarı cırılıb, insan sifətindən çıxmış, tanınmaz olmuş halda ayaqyalın-başıaçıq gecəylə uşaqgilin kəndinə, köhnə binə yerlərinə, ata bir, ana ayrı böyük qardaşının komasına pənah gətirir. Dayısı bir müddət yataq xəstəsi olub. Rəhmətə gedəndən sonra ağsaqqal, ağbirçək yığışıb araya girib iki dəliqanlı qan qohumunu çətinliklə olsa da barışdırsalar da, ara sakitləşib hər şey unudulsa da qocanın üz-gözü bura öyrəşdiyindənmi, hələ də ehtiyatlandığından, onu görsələr hər şeyin yenidən təzələnə biləcəyindən, ya arvadı o vədə köynəyinin yaxasını cırıb guya qəsdən onun kənddən geyinib getməsinə səbəb olduğundan, nə qədər qanlı olsalar da istəkli dayısından sonra birdənbirə həyat gözündən düşüb, özünə qəsd etməyə can atdığı anda ona mane olduğundan, ya öz kəndlərinin camaatı sözbazlığına, dayıya o vaxt olandan-olmazdan nəsə qandırdıqlarına görə birdənbirə gözündən düşdüyündənmi, bir də doğma yerlərinə ayaq basmır. Burnunun ucu göynədiyi o yerlər gecələr də yuxusundan çıxmasa da burada qardaşının dul qalan kiçik baldızıyla evlənib ailə qurur. Kəndin ayağında, arxaca yaxın elə bitirməyən daşlı-kəsəkli boz çöldə xırdaca yer götürüb özünə üç gözlü bir koma qaraldır. Ancaq nə orada, nə burada övladı olmur. Bunu özündən intiqam alırmış kimi özü də istəmir, bu qərib yerdə, ümumiyyətlə, bu dünyada özünün bir törəməsi qalsın, şər ruhlarla özü kimi lənətlənsin. Sonradan ona agah olsa da, dayısını yox, dayısının şəklinə girmiş yüz illərdi eli-obanı bir-birinə vuran, qardaşı-qardaşa, atanı-oğula düşmən edən dayısında cəmlənmiş həmin şər ruhları Özü də qorxudan, həyəcandan, ya dayısının zərbələrindənmi o vaxtdan onsuz da zəif, mafrov, gözünə tor gəlir, dili dolaşıb kəko vurur. Hər şeyin kölgə kimi ancaq qaraltısını seçir, onu da lap yaxından. Səsin özü yox, əks-sədası, sözün özü yox, kölgəsi beynində şəkillənir, canlanırmış, dəvə karvanı kimi yol gedirmiş beynində. Azıb bu vəhşi yollarda çöl-biyabanda gecələyirmiş. Di gəl, gecələr yolu bənd-bərəni onun kimi bərk gedən olmazmış. Gözü projektor kimi ətrafına işıq saça-saça uzaqdakı qeyri-müəyyən nöqtəyə dikiləndə, qoca sanki adamlıqdan çıxıb həmin qeyri-müəyyən nöqtənin əliylə qorxunc, əcaib varlığa çevriləndə uşağın da, böyüyün də canına vahimə, vicvicə düşürmüş. Bir nur kimi bu işıqdan onların da dünyasına pay çatırmış, onların da yolu nur saçırmış, deyə qocanın haqqında nəinki əyər-əskik danışmağa, fikirləşməyə də ürəkləri gəlmirmiş. Heç kəsin ayaq basammadığı qorxunc yal-yamacı, quş da səkəmməyən şiş, sıldırımlı, şimşəkli qayaları, sirli-möcüzəli, qulun kişnəyən kar dərələri, zülmət bəndləri-bərələri də o vaxtdan gözü tor gətirəndən sonra gəzib-dolaşır, görə bilirmiş. Sanki gözləri tor gətirdikcə bəsarət gözü açılır, birdənbirə nurlanan iç dünyasına yönəlir, bayırda gizli-aşkar cövlan edənlər bütün aydınlığıyla iç dünyasında da etdirmir, ya əksinə iç dünyasında baş verənlər bütün ardıcıllığıyla bayıra da köçürmüş. Beləcə gündüzü gecə, gecəsi gündüz olurmuş qocanın. Dünyanın, yerin-göyün üzündən gündüzkü zil qaranlıq pərdə götürülür, hər şey qabıq kimi qapağından dənələnib, aranıb aralanır, qaranlıqdan sıyrılıb çıxıb bütün çılpaqlığı, mahiyyətilə özü olub özünü ona açırmış, danışırmış. Di gəl, beləcə bir anlıq, bircə göz qırpımında hər şey mahiyyətini ona açınca qocaya sanki fəhm, vəh gəlincə, qoca daha çox özünə qapılır, köntöy, əsəbi, dözülməz, adamayovuşmaz, cinli-havalı olurmuş, günlərlə boğazından tikə keçmirmiş, dərin yasa batır, elə bil dünyanın bütün bac-xəracını ondan alırlarmış. Ya insanlığı gözləyən qaçılmaz bəlaları öncədən görüb özündən keçirimiş, ildırımötürən kimi sənətini dəyişirmiş. Halsızlığından ayağını çəkib öz evinəcən belə gedəmmir. (xasiyyətinə bələd olduqlarından heç kəs ona dəyib toxunmurdu) yıxılıb çökdüyü yerdə yuxuya gedirmiş, ancaq sabahı quş yüngüllüyüylə, elə gümrah açırmış, elə bil o halsızlıq, hövsələsizlik ona güc veribmiş, tükənən, damarına-qanına sorulan o gücün halsızlığı-hövsələsizliyi onun surətində görünübmüş, ya dünənki o halsız-hövsələsiz qoca o deyilmiş. O halsız-hövsələsiz qoca kimiymişsə, nəçiymişsə camaatın etibarını qazanmaq üçün özünü onun şəklinə salıbmış.

Əmidən çox onunla əsl sirdaş, yaşdaş, çöl yoldaşı olan qoca əmisinin çiynini yastana verib dirsəkləndiyi yerdə qəfil qeybə çəkildiyini görən uşaq əvvəl ürkən kimi olur, bədəni əsməcə tutur. Onsuz da möcüzəli əmisinin növbəti möcüzəsindən, sanki İsa kimi göylərə çəkilməyindən elə bil vahimələnir. Sonra yadına nə düşürsə, ya uzaqdan Kirsin ətəyindən qalxan həzin mehdənmi onun hənrini alıb rahatlanır, toxtayır. İnamlı addımlarla əminin üz qoyduğu qoşa yalçın qayanın dibinə, şırranın yaratdığı sehrli, ovsunkar aləmə enir. Əmisindən ehtiyatlandığından, ya onu fikirdən ayırmamaq üçün gizlincə, sinə-sinə onun paltarını soyunduğu iri saldaşın yanına gəlir. Gəldikcə də qədim, qoca üzü kimi qatlı-qırışlı, ağac kimi puçurramış daşdan elə bil tilsimlənir, daşın tən yarısı yaz şehindənmi, şırranın sıçrantısındanmı elə bil unnamış, sinəsində sıx-sıx damcılar, şəffaf tumurcuqlar bitirmişdi, onlar şırranın xırda balalarıydı, yumurtlayırdı, böyüyüb yumurtadan çıxıb, canına İlahi gücü-qüvvəti gəlib anaları kimi ləçəklənib göylərə - Tanrı dərgahına can atan şırrana, onun səcdəyə durmuş qoca əlinə dönəcəkdi. Suyun ibadəti bütün canlıların ibadətindən göylərə daha yaxın olanı, safı, Tanrı tərəfindən bəyəniləni, eşidilənidi. Anası şırran da bəlkə bu ilkin yolu keçmiş, nöqtə boyda o şəffaf yumurtacıqdan sıyrılıb çıxmış, pöhrələyib, qol-budaq atmışdı. Daha doğrusu, o yumurtacıq onun şar şəklində dolanmış, sıxlaşmış yolu, layihəsidi. Əmisi sarıdan arxayın olandan sonra hədsiz sevindiyindən, qayğısızlıqdanmı, əli özü uzanıb, onun iradəsindən çıxıb, şeytanın hökmünə tabe olub – şeytanlaşıb istəkli əminin şalvarını şeytan cəldliyi, çevikliyi, kobudluğuyla daşın altından çəkib çıxır. Cibindən kirli əsgiyə bükülü bir koma əzik-üzük pul çıxarır, hamısı təkliyiydi. Onlardan tünd tənbəki, xoş, adamı bihuş edən yovşan qoxusu gəlirdi, əminin qoxusuna qarışıb onu tamamlayırdı. Pulları xırda, titrək uşaq əlində tutub, doyunca tamaşa eləyib, bir müddət üzücü tərəddüdən sonra tələsik yerinə qoymaq əvəzinə yenə şeytanın əliylə əmisinin cibiylə öz qoynunu səhv salıbmış kimi öz qoynuna dürtür. Arxaya baxmadan qoynundakı tünd, baş gicəlləndirici qoxudan bihuş olub asta qaçan namərddi, deyə qaçıb qayaların üstüylə keçi kimi səkə-səkə, yalın keçəlləşmiş ətəyinə gəlir, qoyunların ağzını hər yerdə gədiyə sarı qısnayıb heç nə olmamış kimi, ya dərin həyəcan keçirdiyindən bərkdən fit çala-çala, yol boyu qonşunun çəpərinin üstündən alakal almalarını yolmaclaya-yolmaclaya içindəki qorxunu qovmaq, lmaclaya izi itirmək üçünmü, ya öz evlərindən çox həmişə əmisigilin evini simsar bildiyindənmi bir baş suçlu-suçlu öz ayağıyla onlara yollanır.

Qocanın gözündə dünyanın nizamı, mizan-tərəzisi pozulmuşdu bu vədə, hansısa burcün altına girdiyindən, hansı ulduzunsa qəzəbinə düçar olduğundan səslər əks sədalığından, sözlər mənasından, məna mahiyyətindən, mahiyyət mənbəindən qopub ayrılmış, öz qabığına girmiş, hər şey bir anda qara bir duman içində dünyanın ilkin yaradılışı kimi tutqun pərdə arxasında, öz-özündə, qabığında gizləndiyindən, əsl zindan həyatı yaşamağa məhkum olunduğundan ömür cansıxıcı, mənasız olmuş ana bətnindəki uşaq kimi ikiləşmiş, ekizləşmişdi. Qanıqara şırnağın altından durub, qayanın sırtına gəlib ağır-ağır paltarını geyinəndə şalvarının tərpəndiyindən, ya hələ də havada yaşayan yad hənirdən qocanın ürəyinə nəsə damdı. Daha doğrusu, ürəyinə daman gerçəkləşdi, öz həyati sübutunu tapdı. Deməli, Şırranla bakirə sevgili kimi başbaşa qaldığı xoş, şirin xəlvətlik bəlkə də qısa insan ömründə bir dəfə baş verən gizli, bəxtəvər anlar yad, namərhəm bir nəzərdən – kiçik, naşı bir müdaxilədən pozulduğundan – aşkarlandığından şırran birdənbirə diksinib elə səmtini dəyişmiş, onun üstünə vurmamış, əsəbi-əsəbi, suçluymuş kimi gah güneyi, gah quzeyi döyəcləmişdi. Dünyanın mizan-tərəzisi beləcə dəyişmişdi, ani səmt yayınlığından pozulmuşdu, uşağın əli də buna görə eyni əsəbiliklə onun iradəsindən çıxıb, şeytana qulluq edib, belə bir qəbahət işə qol qoymuş, büllur kimi saf, bakirə bir sevdaya xəyanət etmişdi. Əlini cibinə salmamış pulların yoxluğunu bilirdi. Arxayınca şalvarını geyinib, çarığının dabanını bərkidib ucunu çalın-çarpaz, səliqəylə qılçına doladı, gəlib buz kimi sudan bir-iki ovuc üzünə vurdu, uzanıb, ağzını, həyat nəfəsli bulağın gözünə dirəyib ürəyi yanırmış kimi qurtaqurtla doyunca içdi, dolu peyvənd su damcıları dodaqlarından cığır salıb çənəsi boyu sinəsinə, yaxasına süzüldükcə bu sərinlik ona ləzzət verdi. Oxəyy – deyib saf havanı ciyərlərinə çəkdi. Ancaq su nədənsə həmişəki tamı vermir, yanğısını söndürmək əvəzinə daha da yanqı verirdi. Bundan da təəccüblüsü oyuydu. bu damcılar su kimi, ümumiyyətlə, maye tək əyilmir, yastılanmır qopub dağılmır, əksinə mirvariləşib, sədəfləşib kəhrəba təsbeh dənələri kimi sanki cingiltiylə qocanın ayaq ucuna, oradan da qarışqa yerişiylə uzun yol keçib qayaya, qayadan da yumalanıb nəhayət öz əbədi-əzəli vətəni şırnağın mənbəinə qovuşur, sevincdən, həyəcandan ancaq indi əriyib, itib onda yox olur, yox olduqca da elə bil qocanın qəlbindən doğma, müqəddəs nəyisə də can kimi zorla qoparıb özüylə aparırdı. Bir anlıq qoca çənəsinə, boynuna özü boyda oyuqlar açmış bu kristal yadlıqdan müvazinətini itirib başı hərrənə-hərrənə şırranın döyəcinə dolanıb süst düşdü. Əvvəlki nizamı, mizan-tərəzini qaytarmaq ümidiyləmi titrək, qocaman əllərini bütün qaya boyu sürtdü. (elə bil qayanın səthindəki nahamvarlığı, namütənasibliyi kor gözləriylə hiss etmişdi, duymuşdu). əlinə sapı tən ortadan sınmış bir qamcı keçdi, ancaq indi ürəyində bir rahatlıq tapdı. Çünki ona yad, namərhəm əli qəsd etməmişdi. Nahaq yerə dağa-daşa düşüb düşmən axtarırdı. Bu düşmən düşündüyünün əksinə canı-ciyəri doğma qardaşı oğluydu. Havadakı hənir də lap əvvəldən bunu diktə etsə də qoca heç cür buna inanmırdı. Çünki uşaq heç kimin, göydə quşun belə səkəmmədiyi sıldırımlı, uçqunlu xəlvətliyə ömründə enə bilməzdi. Lap ensə də bu xəlvətlik o andaca onu udar, qeybə çəkərdi, yoxsa xəlvətlikdən çıxıb, aşkarlanıb, sehrini-ovsununu itirib dünyanın mizan-mərəzisində bir, çat, sapma baş verərdi. Qamçını qoltuğuna vurub, son görüşüymüş kimi Şirranla ürəkdən, hüznlə vidalaşıb, əlindəki naxışlı çomağını sinirli-sinirli yerə vura-vura suyu süzülmüş, halsız-taqətsiz enişli-yoxuşlu, narahat dağ cığırıyla evlərinə üz tutdu. Çünki qardaşı oğlunun iyini artıq almışdı, qardaşıoğlu onlardaydı, boynubükülü qul kimi öz hərəkətindən kor-peşman onu gözləyirdi. Qoca buna öz varlığı kimi əmindi. Bu da özünə görə qardaşoğlunun özündən intiqam almağı, saflığını, məsumluğunu saxlamağı, hələ itirməməyilə bağlıydı. Yolda qəfil havanın sıxlığından, burnuna vuran tünd miz iyindən, qotur dərmanı qoxusundan qoyunların ikiaddımlıqda, yalın döşündə yatışdığına arxayınlaşıb, həm də bundan qaralanıb addımlarını yeyinlətdi. Yalı aşcaq səsi özündən qabaq qapılarını əsəbi-əsəbi döyəclədi – Ay uşaq, Osman bizdə, ay gəlin, - harda batmısan, a qancıq, - cavab gözləməyib yaşına, gözünün maflığına uyuşmayan bir cəldliklə gəlib div kimi qapının ağzını kəsdirdi. Qocaman, arıq dizlərini yerə qoyub iki əlini çərçivəyə sürtüb bərk-bərk çərçivədən elə yapışdı, elə bil daxma uşağı da götürüb qaçacaqdı. Işdi-şayəd daxma, uşaq xam xəyala düşüb bunu etsə, onları həmin andaca bu çərçivəylə xırxalasın. Bir də çərçivəyə yad əlin toxunub toxunmadığını, əlini sürtüb, əlinin təmasıyla öyrənib bilsin, qardaşıoğlunu beləcə ömrü boyu çıxammayacağı çərçivəyə qapalı bir dövrəyə salsın.

Uşaq bu təhlükəni hər an gözləsə də simsar bilib pənah gətirdiyi əmisi evindən heç cür çıxıb getmir, elə bil nə isə onu tutub saxlayır, ya da maraqdanmı olduqca möcüzəli nəyinsə baş verəcəyinə inandığındanmı ayaqları yerə mıxlanıb qalırdı. Eynilə əmisinin ayaqları qətl günü mıxlanıb qalan kimi. Indi təhlükə başının üstünü qəfil aldığındanmı, əkilməyə siçan yolu qalmadığındanmı ya, özünü ani itirdiyindənmi əmisinin ayaqlarının arasından sivişib qaçmaq yerinə, əminin qüvvətli, ona olduqca doğma, mərhəm qolları arasına atıldı. Bu anda əmi həm qansız, başkəsən cəllad, həm istəkli, onun ayağına bir çöp də dəyməyə qıymayan, qardaşıoğlunun yolunda şirin canından belə keçən ən etibarlı, ən güclü xilaskardı. Bu xilaskar, istəkli qardaşı oğlunu özündən qorumalı, öz əlindən almalıydı. Uşaq cəllad əmidən qaçıb xilaskar əminin qoynuna sığınmışdı, ona pənah gətirmişdi, ancaq təsadüfdənmi, bəxti gətirmədiyindənmi cəllad əminin girinə keçmişdi. əminin qüvvətli ayaqları onu kəlbətin kimi sıxır, uşağın nəfəsi qısılıb tıncıxdıqca, qışqırığı həyəti başına götürdükcə ayaqlar onu daha bərk məngənəsinə alır, (elə bil əmi istəkli qardaşıoğlunu beləcə sıxıb-sıxıb xırdaca nöqtəyə, sonra lap yoxluğun özünə döndərəcəkdi), qocaman, qatlı-qırqışlı əllərsə saçlarını oxşayırdı.
Köpəkoğlu, de görüm pulları neyləmisən?

Uşaq ağlayıb and-aman eləyəndə, məndə pul yoxdu, mən pul götürməmişəm, cəllad əmi lap cin atına minir, ayaqları özündən asılı olmayaraq onu daha bərk sıxır, mərhəm əlləri saçlarını daha mərhəmcə oxşayırdı. Boynuna alsaydı, desəydi qələt eləmişəm, məni şeytan yoldan çıxardı, ya özümə nəsə almaq istəyirdim, ömründə belə əzazillik etməz, bir az qardaşoğlunun qarasına söylənib rəhmdil əminin acığı soyuyar, onsuz da gözündə bir qara qəpiyə dəyməyən o pulların hamısını ona bağışlayar, heç nədən qoca yaşında beləcə dindən-imandan çıxmaz, şulüzümlük etməzdi. Uşağın unudub qayanın üstündə qoyduğu, indi əminin qoltuğunda sıxıb durduğu qamçı da onun xeyrinə deyildi. əksinə onu biabırcasına faş edən əşyayi-dəlil, ona indicə dünyanın ən ağır hökmünü oxuyacaq, amansız hakim, haqdan enmiş ədalətli göz şahidiydi. Onu da deyək, bu anda hər ikisi iş verən bu göz şahidinə eyni dərəcədə nifrət edirdi. Uşaq üçün artıq xilaskar əmi ölmüşdü, əvəzində bir əmi qalmışdı, ya ikisi birləşib bir əmi olmuşdu; qəddar, vaxtilə öz kəndlərində törətdiyi əməli hər an törədə biləcək, əsl başkəsən, ya indi o iki eyni qəddar əminin arasında qalmışdı, bu şiltiyini atıb ona ötürürdü, o, itdən alıb itə verə-verə bunun üstünə fırladırdı. Yorulduğundanmı, ya nəyə görəsə əminin ayaqlarının ani boşaldığını uşaq fəhmiylə hiss edib, uşaq bicliyiylə fürsəti əldən vermədən, onun paçasının arasından necə pırtlayıb çıxdı, özü də bilmədi. Cəld qaçıb, keçəlləşən soğan ləklərinin arasından düşmüş sısqa cığırı sağa burulub keçərək çürük dirəkləri qoşa baş daşı kimi əyilib çökmüş köhnə doqqazın dönərgəsinə gəldi. Azadlığın əsl dadını indi duyaraq göz yaşları içində acı-acı gülə-gülə əmiyə yanıq, qıjırtı verdi, ağzına gələn söyüşü yağdırdı. O boyda kişinin əlindən asanca qaçıb qurtardığına öyündü, atılıb-düşüb, onu ələ salıb hövsələdən çıxarmağa çalışdı. Əmi bundan hirslənmədi, azacıq da olsa hövsələsi daralmadı. Eləcə sakitcə, qəmli-qəmli gülümsündü: - söy, bala. Qocasayaq uşağı tənbeh etdi, buna tənbeh də demək olmazdı. Çünki, bu tənbehdən çox öz hərəkətlərinin təhdidinə, qınağına daha çox oxşayır, uşağın qaçıb qurtardığına elə bil açıq-açığına uşağın özündən də çox sevinirdi. - Indi söyməli vaxtındı. Zülmün əzəli işgəncə, sonu azadlıq, azadlığın da sonu söyüşlə - qırmancla bitir. Bu iç düsturu ona dayısından qalma acı bir görk, ibrət dərsi idi. Bu gün dayının hərəkətinin, xislətinin onda təkrarı, çalarlanması deməyiydi. Qocaya ağır gələn dayı rəhmətə getsa də öz hərəkətlərini onda yaşatmağı, bacısı oğluna qarğamış kimi bir toxum tək onun qəlbinə səpib bəstəyib cücərtməyi, beləcə gözlənlilmədən, qəfil bütün amansızlığıyla özü istəmiyə-istəmiyə üzə çıxarmağı, özünü göstərməsəydi, uşaq dayıya çəkər, - qocanın xoşlamadığı bir el məsəlini hər addımda gözünə soxmağı, xatırlatmasıdı. Bütün bunlara baxmayaraq bu xatırlamalar haradasa dayısına ürəyində hədsiz bağlılıq, özünün də fərqinə varmadığı sonsuz gizli sevgisindən irəli gəlirdi. O xəncəri də o vaxt qınından bəlkə də öz ölmündən çox, dayısına hədsiz istəyinə, ondan bu cür qəddarlıq gözləmədiyinə, bunun ona çeçin gəldiyinə, öz incikliyini dayının gözündə böyütməyə görə çıxarmış, təəssüf ki, bu əlinin naşı hərəkətiylə əks hədəfə yönəldiyindən onun da, dayının da ağır faciəsinə səbəb olmuş, (qoca o vaxt özünün də dayısıyla birgə öldüyünə inanırdı) bacıoğlunu istəkli dayısının qatilinə çevirmişdi.

Axşam haradansa məsələni qulağı çalan qəzəblənmiş ata çəpərdən şümal bir görüş sıyrımı qırıb oğlunu saldı çubuğun altına, buda, budayasan. Çubuq hər dəfə uşağın belində-kürəyində açılanda yerində zol-zol damarlar əmələ gəlir. əvvəl qızarıb-allanıb, gül kimi açılıb, sonra çırağı sönüb qaralır, soluxub, ölüşkəyib qara-qançır suluqlar bağlayırdı. Ağrının şiddətindən, ya hikkəsindən uşağın səsi çıxmırdı. Içindəcə boğulur, əmisigildəki kimi qışqırıb haray qoparmır, eləcə hər çubuq belində-kürəyində şappıldadıqca onun ahənginə uyğun atılıb-düşür, elə bil qəribə şəkildə bu ağrı-əzabın havasına oynayır, hansısa hüznlü, olduqca qəmli bir mərasimi icra edir, ya bu ağrı-əzabın havasıyla – onunla birgə, onun şəkilində belə qıvrılıb açılır, daha doğrusu insan şəklində həmin ağrı-acının özünə dönürdü.

Səsə daxmasından çıxıb ayağıyalın özünü yetirən qoca əmi, uşağı huşsuz halda qardaşının əlindən alıb, əlindəki göyrüş çubuğunu hirsli-hirsli iki bölüb həyətin ortasına atdı. Qardaşı oğlunun heysiz, sınmış çubuq kimi sallanmış, yanına düşmüş sısqa qolundan dartıb aparmaq istəyəndə əmisinin hənirindən uşaq elə bil ayıldı, heydən düşmüş canına ani təpər, güc gəldi. Onun tanış mərhəm, acı tənbəki, yovşan qoxulu, titrək, qocaman, qatlı-qırışlı əlini öpüb bağrına basmaq, istəkli əmisinə sığınmaq, ovunmaq keçsə də ürəyindən qəfil bu əli qəddarcasına dişləyib qanını axıdaraq, buraxılıb qaçaraq döşdəki şəllikdə gözdən itdi. Birbaş armudlu dərəyə sarı götürüldü, dərənin ayağında, sıx pöhrəlikdə bütün namərhəm nəzərindən uzaq, Tanrı mərhəmətinə daha yaxın oldu, gecə də evlərinə gəlmədi. əmisinin həyətində odunların arasında gizlətdiyi pulları gecənin qaranlığında çətinliklə olsa da tapıb çıxarıb, əmisinin sınıq pəncərəsindən içəri atdı, onun mərəyində, qoyunların içində, onların hənirinə, nəfəsinə qısılıb, özü də sanki o dinc məxluqlardan birinə dönüb şirin-şirin yatdı. Ancaq o göyrüş çubuğu nəinki o gecəki yuxusunda da belində-kürəyində şappıldadı, böyüyüb ərgən yaşında da ona ən böyük ibrət dərsi, ədalətli hakim oldu. Nə vaxt birinin malına-mülkünə gəc baxmaq ürəyindən keçəndə o çubuq özü atasının əlindən onun uşaqlığı kimi sivişib çıxıb belində-kürəyində şappıldayır, qolunda-qılçında qara-qançır zollar, aşkarca qıvrılıb açılan canlı ilanlar qoyur, özündən asılı olmadan əlini-qolunu açıb o ağrı-acının havasına oynayırdı. O ilanlar kimi qıvrılıb açılır, sanki havanı çalırdı.

Qocanın insan səsinə oxşamayan, sanki qeybdən gələn qeyri-adi ilahi səsi vardı; adamın aşkarca cızdağını çıxaran, dərisini soyan, köz olub bağrının başını dağlayan zalım, şırran kimi sehrli, ovsunkar, ovxarlanmış səs. Bunu şırranmı ondan, omu şırrandan almışdı, bilmək olmurdu. Bircə şey bəlliydi şırranda da, onda da bu səs eyni mənbədən, ulu bir ruhdan, kökdən gəlir. Şırran yerin təkindən qopub göylərə ucalan əbədi-əzəli zənguləsidisə, - o bu zəngulənin yerə, uluların gorundan keçib keçmişə enən - boyunbağı kimi ulu bir karvanın görünməz bağrından qırılıb qalan qərib köçün hələ də yol gələn, bu günə çatammayan sərsəri könül nəğməsi, ağısıydı. Buna səs də demək olmazdı, hər nəyiydisə səs cığırqan körpə kimi, karvanını itirib susuz səhralarda yalqız qalan qərib, vəhşi it ulartısı tək ondan sonra gəlirdi, onun bətnindən doğulurdu, canından can kimi qopub ayrılır, ancaq onu təqib etməyindən qalmırdı. Bundan sonra qoca gözlərini yumub, taqətsiz, halsız ağır-ağır yerə çökür, dizlərini qucaqlayıb uzun müddət özünə gəlmir, üzünə-gözünə su səpməyincə, sillələməyincə ayılmır, handan-hana ölümlü-itimli min bir əzablı-keşməkeşli ulu bir yolçuluğdan, nəhayət sağ-salamat qayıtdığına, əhdinin çin, səfərinin uğurla başa vurulduğuna, qocayla birgə, qocadan çox yanındakılar Tanrıya şükkür-səna edirdi.

Bəlkə buna görə qoca çox nadir hallarda oxuyar, yalnız hədsiz qayğılananda, ya olub keçənlər qəfil bir göynərti kimi köksündə baş qaldırıb, köz kimi ürəyinin başını dağlayanda, bu dünyadan birdəfəlik əli üzülüb rular aləmiylə əlləşəndə bu səs qopurdu canından, kötükdən tilişkələr, qayadan qəlpələr, candan-can ruh qopan kimi cismani ağrılarından, üzüntülərindən, qocanın o dünyaya gedib gəlməyindən doğulurdu, dünya üzünə gəlirdi, qocanın bu dünyadan gedişiydi, o səsi bu dünyaya gətirən. Bu səsdən qocanın üzündə-əlində, canında-bədənində yara özəyi kimi, kötük tilişkələri, qaya qəlpələrinin yerinə oxşayan oyuq-çıxıntılar qalırdı. Bu həmin səslərin yeriydi, qocanın canından qopub oyularkən əlində-üzündə qoyduğu əbədi ayaq izləriydi.
Bu vaxt, yəni axşamüstü gün Kirsin arxasına enib qocaya heyranlıqla diqqət kəsilmək üçünmü orada ləngiyəndə, heç cür batmaq bilməyəndə, sürü onun bu dünyada qalan qırıq, toppuş şəfəqləri kimi saçaq-saçaq, çıraq-çıraq içərisindən işıqlananda, yananda, yalın döşündə çilçıraq tək yarğanqırağı yayılıb nizamla şirin-şirin dərmənəndə uşağı da yanına alıb bulağın başında bu mərasimi səsə-nidaya çevirmək üçün o qavalda, bu naxışlı, gərməşov çomağını sinəsinə basıb adi çomaqdan tarın, kamanın çıxartmadığı yanıqlı, ürək dağlayan havalar çıxara-çıxara şaqraq, zənguləli səsini şaqraq, zənguləli bulağın ahənginə qatanda dağı-daşı, otu-ağacı, bulağı, cansız qayalaracan dirildib, cana gətirib, bir anda özü kimi dil açdırıb bülbül kimi ötdürəndə, dünya sanki bu səsdən döl tutub bu səsə boylu qalanda obada-məhəldə qapılar, pəncərələr elə bil o səsin ahənginə uyğun öz-özünə taybatay açılır, çalkeçirlər qumrov kimi cingildəyir, bu səs açar kimi bütün evlərə düşüb hamını o səsin ahəngiylə qovub bayıra çıxarır, qocanı istəyən də, istəməyən də tələsik bardaqlarını, sənəklərini çiyinlərinə aşırıb, himləşə-himləşə, hövüllü-hövüllü su gətirmək bəhanəsiylə ovsunlaşmış bulağa sarı yan alan qızlara qoşulub dabanlaşma, qaranəfəs yalı aşanda qəfil geri qanrılıb obalarına boylanar-boylanmaz baxıb görürdülər ayrı vaxt ayaq üstə durammayan, başı-ayağı, bütün bədəni əsib sanki günahkar kimi havanı döyən qoca-qalxaq qarılar, ayların yataq xəstəsi ixtiyar, qocalar, nənələr-babalar da qocalığın-ağbirçəkliyin daşını atıb, bunu unudub, ya bu anda o səsdən dizlərinə-qollarına güc-təpər gəlib, enişdə-yoxuşda bu səs əllərindən tutub onlara dayaq ola-ola, yamac yuxarı qaldıra, itirilmiş gənclik eşqi-həvəsiylə bu səsin sehrinə-cazibəsinə sarı dartılır, uzaqdan elə bil yerimirlər, ruh kimi, insana oxşamayan xəyulə-mələk görkəmləriylə, pufə yüngüllüyülə havalanıb, qanad-quyruq gətirib yalın ətəyində ağır-ağır ləngər vura-vura uçurlar. Ayaqlarıyla yerə təkandan, Yerdən daha çox güc-qüvvət alırlar.

Qızlar-gəlinlər varlarına-pullarına, xanım-xatınlar sevdalı könüllərinin hökmüylə barmaqlarındakı firuzə qaşlı antik üzüklərinə, (üzükləri bu vaxt qoşa firuzəyi qaşıyla barmaqlarına dolanmış soyuq, çəpgöz, zəhmli ilanlara oxşayırdı), zərif boynundakı mirvari boyunbağılarına qizırqalanmadan qocanın ayağının altına səpələyir, sanki bununla haqqın səsiylə - bu avaz üçün dünyanın ən qiymətli şeylərindən keçəcəklərinə özlərini inandırıb suçdan-günahdan yuyunub təmizlənir, qocalar-qarılar bu əbədi, Yer üzünün mizan-tərəzisinə uyuşmayan, ayrı bir dünyadan – aləmdən gələn Yer üzünü öz mizan-tərəzisinə uyuşduran Ilahi səsin səcdəsinə durur, kövrək, donmuş-daşlaşmış anaların hərəkət adına bircə göz yaşları qırışıq-bürüşük, tufanlı-dalğalı sifətlərindən sel kimi axır, Yerdəki mirvari boyunbağılara qarışıb, eynilə şırranın dombaları kim uzun yol keçib əbədi yuva qurduqları o gözlərdən süzülən onlarda itib yox olur, ya onlar kimi mirvariləşib, mərcanlaşıb anaların o qızların-gəlinlərinkindən də qiymətli hədiyyələrinə dönürdü.

Uşaq bir ucdan pulları qamarlayıb cibinə, qoynuna basır, corablarının arasına dürtür, baxıb görürdü, pullar yenə yerdə təpələşib; yığıldıqca Tanrının bərəkətiylə bir elə çatıncaya qədər çoxalır, elə bil üstündən götürülməkdənsə üstünə qoyulur, üzüklərin, boyunbağıların işığına axşamın zil qaranlığında təpələr eşilib düzənləndikcə, qız məməsi kimi qabarıb qalxıb yenidən şişir, təpələşirdi. Uşaq pulları dəstələyib üstündən bir qəpik də götürmürdü. Birinci, buna ehtiyacı yoxdu, göyrüş çubuğu daim başının üstündəydi. İkinci qoca görməsə də, saymasa da, o pulların nə qədər olduğundan çox güman agahdı, nə qədər olduğunu son qəpiyinəcən bilirdi. Təsadüfən yanlışlıq etsə, bu nəzərə almayacaq qədər cüzi olardı. O, firuzə qaşlı üzüklər, mirvari boyunbağılarsa qocanın beynində onların yiyələrinin adları-taleləri şəklində görünürdü, çin-çin düzülmüşdü. Üzü şırrana səmt, sanki ilkin mənbələrinə sarı dartılırdı. Qoca üzüklərə, boyunbağılara görə onları hansı qismət gözlədiyini sanki gözüyumulu dərk edir, qocaman qatlı-qırışlı sifətinin ani tutulub qaralması, sərtləşməsi, ya bu qırışların boşalıb, yumşalıb alt dodağının yüngülcə qaçması – titrəyib əsməsi də bunu göstərir, bu nizamı pozmasın deyə bəlkə onlara dəyib toxunmurdu. Eləcə talenin hökmünə buraxır, bircə kərə gözlərini onlara zilləyəndə o üzüklər, boyunbağılar qəfil çıraq kimi içərisindən yanıb qocanın görməsi üçün oradakı adamların üzünü işıqlandırır, tez də sönürdüsə, deməli nə ki qaranlıq mətləblər var, qocaya agah olub. Batan Günəşin şüaları hələ də onlarda qalıb, onları tərk etməyibsə, onları çox uğurlu-uyarlı bir sevda gözləyir. Bunu özləri də qocanın görkəmindən, əzalarından görüb anladığından qocanın nəsə deməyə, izah etməyə ehtiyacı qalmır, eləcə pulları çənləyib, kirli yaylığının arasına yığır, uclarını səliqəylə bağlayıb boğça kimi qoltuğuna vuraraq belini əyə-əyə, heysiz-taqətsiz ağır addımlarla saymazyana yalı aşıb uzaqdan qaraltısı görünən komalarına sarı üz qoyurdu. Nə həsrətdən, gizli umacaqdan-bayğınlıqdan qovrulub yanan qıza-gəlinə baxır, nə simicliyindən, ya o vaxtkı hərəkələrini hələ də yadından saxladığındanmı o pullardan uşağa bir qəpik verirdi.

Sabah, o biri gün baxıb görürdülər, uşaq bəy balası kimi başdan ayağa bəzənib. Əynində zövqlə duran qumaşdan paltar, ütülü ağ buxara kətənindən köynək, ayağında müşk kimi par-par parıldayan sapoq-xram çəkmə, altında nağıllardan çıxmış, yerlə-göylə əlləşən, Yerdən çox göy sakininə oxşayan şəkil kimi, qanadlı, şırran kimi başdan ayağa hərəkətdən, bütün əzalarıyla çılğınlıqdan yoğrulmuş, mənbəyindən qopub dağlarda cövlan eləyən, dağları şırranlı eləyən bir kəhər, özü də bir gündə elə bil boyu his olunacaq qədər böyüyüb, yaraşığa minib, ərgənləşib. Heç kəs buna təəccüblənmirdi, hamı bilirdi, dünənin uşağı bu şirin, bütün obanın istəklisi, qızların qəlbinə od salan yeniyetmə igid qocanın qeyri-adi, ilahi sehrkar səsindən, qopub düşüb. Vaxtilə yolunu azmış ulu karvanın dünyanı-aləmləri yortub axırı ki, bu günə gəlib çatmış törəməsidi, şırranı çapan süvarisidi.
XS
SM
MD
LG