Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 18:58

Göyçay müxalifətçiləri polisə aparılıb


Arxiv foto
Arxiv foto
Aprelin 22-də Bakıda keçiriləcək mitinqə gəlmək istəyən Göyçay müxalifətçilərinin bəziləri rayon polis idarəsinə aparılıb.

Bu barədə AzadlıqRadiosuna göyçaylı hüquq müdafiəçisi Oqtay İsgəndərov məlumat verib.

Onun sözlərinə görə, Ucarda yol polisi əməkdaşları saxlayıb və tələb edib ki, Göyçay polis idarəsinə getsinlər:

«Dedilər ki, sürücü yol-hərəkət qaydasını pozub. Cavab verdik ki, əgər belədirsə, onda sürücü və maşını aparın, amma bizi də buraxmayıb Göyçay polis şöbəsinə gətirdilər, burda isə bizə dedilər ki, Bakıda mitinq başlayan saata qədər sizi buraxmayacayıq».

Oqtay İsgəndərov deyir ki, AXCP-nin yerli təmsilçiləri - Şahverdi Mikayılov və Cəlaləddin Mehdiyevlə birgədirlər.

Göyçay polis idarəsindən AzadlıqRadiosuna içində həmin şəxslərin olduğu avtomobilin şöbəyə gətirildiyini təsdiqlədilər, dedilər ki, sürücü yol-hərəkət qaydasını pozduğu üçün onun barəsində protokol yazılır. Amma onu da bildirdilər ki, Oqtay İsgəndərov və yoldaşlarını polis idarəsində zorla saxlamayıblar, onlar sərbəstdirlər.

Oqtay İsgəndərov isə hazırda polis idarəsində bir otaqda oturduqlarını söylədilər: «Düzdür, qapını bağlamayıblar, hətta bizə çay da gətiriblər, amma deyiblər ki, burdan çıxmaq olmaz».
XS
SM
MD
LG