Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:06

Hillary Clinton hansı məsələləri qabardacaq? (Yenilənir)


Yerevanda jurnalistlərə bildirilib ki, H.Clintonun mətbuat konfransı nəzərdə tutulduğundan bir saat gec başlanacaq- yerli vaxtla 19:10-da.

***
Clintonun Yerevana gəlməsi barədə xəbər verən Reuters ad çəkmədən yazır ki, diplomatik rəsminin verdiyi məlumata görə, ABŞ İranla sərhədddə yerləşən, enerji təchizatında Rusiyadan və xaricdə işləyənlərin göndərdiyi puldan çox asılı olan Ermənistanla daha güclü əlaqələr istəyir.

***
Cənubi Qafqaz ölkələrinə səfərinə Ermənistandan başlayan ABŞ Dövlət Katibi Hillary Clinton Yerevana gəlib.
Clinton yerli vaxtla 18:10-da mətbuat konfransı keçirəcək.

***
Skandinaviya ölkələrinə səfərdən sonra iyunun 4-də ABŞ Dövlət Katibi Hillary Clintonun Cənubi Qafqaza səfəri başlanıb.
O, iyunun 4-də Yerevanda Ermənistan prezidenti, eləcə də vətəndaş cəmiyyətinin fəalları ilə görüşür, iyunun 5-də Gürcüstana gedir, iyunun 6-da isə Azərbaycana.
İyunun 7-də Clinton İstanbulda Qlobal Əks-Terrorizm Forumuna sədrlik edəcək.

Danimarka, Norveç və İsveçdə Clintonun əsas müzakirə mövzuları iqlim dəyişikliyi və yaşıl, yəni ekoloji enerji idisə, Cənubi Qafqazda mövzular kəskin dəyişir.

3 KEÇMİŞ SƏFİRİN CLİNTONA MƏSLƏHƏTİ

3 keçmiş səfirin İnternational Herald Tribune qəzetində yazısl çıxıb. ABŞ-ın Qazaxıstanda və Gürcüstanda keçmiş səfiri və prezidentin Rusiya, Ukrayna, Avrasiya məsələləri üzrə köməkçisi olmuş William Courtney, ABŞ-ın Belarusda və Gürcüstanda keçmiş səfiri Kenneth Yalowitz və Avropa Komissiyasının Ermənistanda və Gürcüstanda keçmiş səfiri Denis Corboy yazırlar ki,

“Clintonun səfəri vaxtında edilir.
Cənubi Qafqazda qarşıdurma riski Amerikanın və Avropanın maraqlarına təsir edə bilər və buna görə mütəmadi və yüksək səviyyədə diqqət tələb edir.”
“Rusiyada Putinin prezidentliyə qayıtmağı vəziyyəti mürəkkəbləşdirir”.

Qarabağ barədə keçmiş səfirlər yazırlar ki, “Rusiya Ermənistanı silahlandırır və burda bazası var.
Azərbaycan öz neft sərvətindən istifadə edib, silahlanır.
Dağlıq Qarabağ münaqişəsinin bir gün gözlənilmədən donu açıla bilər.

Amerika və Avropa Dağlıq Qarabağ danışıqlarını ocağın üstündə bundan artıq saxlaya bilməzlər.
Azərbaycan prezidenti İlham Əliyevə daxildən təzyiq edirlər ki, hərəkət etsin.
Ancaq Amerika və Avropa bunun nəticələri, xüsusilə geniş regional müharibə haqda ona xəbərdarlıq etməlidirlər.
Azərbaycana enerji investisiyaları dağıntıya məruz qala bilər”.

FREEDOM HOUSE HESAB EDİR Kİ, MÖVZULARIN ƏSASI İNSAN HAQLARI OLMALIDIR

Keçmiş səfirlər diqqəti geoisiyasi məsələlərə, münaqişələrin həllinə cəlb etdiyi vaxt,
Freedom House insan haqları təşkilatı isə hesab edir ki, Hillary Clintonun Cənubi Qafqaz ölkələrinin liderləri ilə özəl söhbətlərində və bəyanatlarında mövzuların təməl daşı bu ölkələrdə demokratiyanın, insan haqlarının pozuntuları olmalıdır.

Dövlət Departamentinin səfər ərəfəsi verdiyi mətbuat açıqlamasında deyilir ki, Clinton Ermənistanda, Gürcüstanda və Azərbaycanda regional təhlükəsizlik, demokratiya, iqtisadi inkişaf və əks-terrorizm məsələlərini müzakirə edəcək.

Freedom House-un sədri David Kramer isə hesab edir ki, “Qafqaz regionunda demokratik cavabdehlik daşıyan sistemlərin həvəsləndirilməsi və müdafiəsi vacibdir”.

Kramer deyir: “ Biz başa düşürük ki, səfər zamanı bir çox siyasi maraq doğuran məsəllər müzakirə olunacaq, ancaq Freedom House regionda, xüsusilə Azərbaycanda və Ermənistanda insan haqları və demokratiya ilə bağlı narahatlığın vurğulanmasına çağırır”.

Freedom House Clintona hər bir ölkədə konkret nələri qabartmağa çağırır? – Təşkilat yazır ki,

“Azərbaycanda hakimiyyət siyasi fəalların gözünü qorxudur, hökumət əleyhinə nümayişləri dağıtmaqda gücdən istifadə edir, böyük çatışmazlığı çox olan məhkəmələrlə müxalifət liderləri həbsxanalara atılır.
Beynəlxalq mətbuat neytrallaşdırılmağa çalışılır. Hər hansı əhəmiyyətli ictimai dialoqa başlanması cəhdləri boğulıur.”

Ermənistan barədə Freedom House Clintona məsləhət görür ki, hökumətin cavabdehliyi və şəffaflığı məsələsini qaldırsın.
Təşkilatın fikrincə, Ermənistanda bizneslə siyasətin dərin münasibəti bu şəffaflığın və cavabdehliyin qarşısını effektiv surətdə alır.
XS
SM
MD
LG