Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 07:36

Yafəs Türksəs. Şeirlər


-

SAPAND DAŞI

Əridim, əridim dərdindən,
səsəm, surətəm.
Qəlbimdə yurd salan yurda qürbətəm,
itən qeyrətəm qaçqın kəlməsində -
geriyə dönməyə izim yox, Vətən.

Sevginin dili yox,
dil soyuğuyam,
elə yanmışam ki, kül soyuğuyam,
odum, közüm yox, Vətən.

Dərdimi dildə daşıyan deyiləm,
bir az naşıyam bu havalarda.
Qaraca Çobanın sapand daşıyam -
atıldım qürbət çöllərə, Vətən.


BİR SEVGİ UYDURMUŞAM

Bir sevgi uydurmuşam -
gözlərin kimi mavi, təmiz,
sözlərin kimi təzə.
Dilim də dualıdır -
bu eşqim gəlməsin gözə.
Bir sevgi uydurmuşam -
uşaq ev quran kimi.
Köçəcəyəm bu sevgiyə.
Düşünmüşəm hər şeyi incədən-incə,
Hazırdır sevgi məktubum da,
nöqtəsi qoyulmayıb -
oxuyub doymaq olar.
Nöqtəyə nə var, göz yaşı da qoymaq olar!
Hazırlaşıram küsüb-barışmağa da,
saçlarının ətrinə qarışmağa da.
Əllərimi incəltmişəm -
Saçlarından sünbül hörmək üçün.
Qəsdən yuxusuz qalıram -
rəngi qaçmış dünyanı
təzədən çəhrayı görmək üçün.
Sənə bir söz pıçıldayıb
qaçacağam 14 yaşıma.


QORXU

sənin yerişini
çoxaldıb şəhər
tez-tez diksinirəm
ayaq səsindən
sənin yerişinlə
yeriyən qızlar
səksənir
könlümün səksəkəsindən

hərdən
bir gözəlin gözündən baxır
17 yaşında qalan gözlərin
dalınca
heyrətdən daşa dönürəm,
sənin saçlarınla gedən gözəlin

Sevib oxuduğun mahnılar
hər gün
getdiyim yollardan
sapdır məni
neynim
səsinin də oxşarı çoxdur
hər gün paralayır
çapır sinəmi

məcrasından çıxmış
bir çay kimiyəm
bilmirəm hayana
axıram indi
sənin nişanəni
görməmək üçün
qızlara
qorxuyla baxıram indi


DİKSİNİRƏM

darıxıram vağzallarda
tıncıxıram havasız qalmış kimi
qatarlar keçir ürəyimin üstündən
uzaq yollar üstümə ulayır
lal bir mələrtiyə
erkən ağarmış saçlara
baxa bilmirəm
yurdda ölmək həsrəti boylanır
bir-birinə qarışmış üzlərdən

diksinirəm
zirzəmi
yataqxana
çadır deyəndə
“Q” hərfindən səksənirəm

kanalı dəyişirəm
ekranda kənd görəndə
ilan kimi çalır məni


İLK MƏHƏBBƏTİM

o dilsiz
ağızsız ilk məhəbbətim
kimin ümidinə qaldı görəsən?
xəzan yarpağıtək
soldu, saraldı
küləklər haraya saldı görəsən?

ən uzaq
ən yaxın sirdaşa döndü
gözümdə incitək bir yaşa döndü
Bilməm quşa döndü
ya daşa döndü
harada gizləndi
qaldı görəsən?

görən ağladımı
görən güldümü?
çağlayan çaydımı
duran göldümü?
həsrəti qəddimi əydi, bildimi?
ya başqa xəyala
daldı görəsən?


DE GÖRÜM, BƏNÖVŞƏSƏNMİ

gözümdə
yaşı duymadın
məntək yoldaşı duymadın
baharı
qışı duymadın
de görüm, bənövşəsənmi?

üstümdə
şehə baxmadın,
o həzin mehə baxmadın,
bu sirrə
sehrə baxmadın
de görüm, bənövşəsənmi?
boynunu
tikan əyibmi
kimsə xətrinə dəyibmi
küskünlük sənə eyibmi
de görüm, bənövşəsənmi?
dərdimə
oxşadın mənim
haraya daşıdın məni?
üşüdün
çaşdırdın məni
de görüm, bənövşəsənmi?


OXU, DAĞ ÇAYI

gördüm səni
gözlərimə toxudum
bütün ömrün həyəcandı
təlaşdı
a dağ çayı
bu gün elə oxudun
bağrım başı oda düşdü
alışdı

oxu
qarşı dağdan asılsan belə
min yerə bölünüb
çarpışsan belə
Məftunu qoynunda aparsan belə
oxu!
oxu, a dağ çayı!


HARDASAN, AY EV YİYƏSİ?

ağac-ağacı saçlayıb
yoncaların ağaclayıb
darvaza
qol qulaclayıb
hardasan ay ev yiyəsi
güzgü sınıb
daraq ölü
məktub ölü
varaq ölü
sağsağanda soraq ölü
hardasan ay ev yiyəsi
quş cəftədə yuva qurub
hənir yoxdu
zaman durub.
başıma bəd hava vurub
hardasan ay ev yiyəsi

quyu uçub
çarx sürüşüb
arxlara qarışqa düşüb
bayquş dinir
it hürüşür
hardasan, ay ev yiyəsi


QOCALA BİLMƏMİŞƏM

Özümə yaraşan günlərim az olub,
kasıbçılıq dolu kimi döyüb taleyimi.
Haqsızlıqdan doğan bir kasıbçılıqla
barışa bilməmişəm heç vaxt -
həmişə özümdən zəiflər at oynadıb
dörd yanımda.

Yaxşı oynamışam -
topum olmayıb,
yaxşı qaçsam da -
“ket”im olmayıb,
yaxşı oxusam da -
qızara-qızara almışam “beş”lərimi...
Köhnə paltarımdan utanıb
əzbər bildiyim dərsdən “iki” almışam.
həmişə gecikdirərdim sentyabrların 1-ni...

Uşaqlığımı
təzədən yaşamaq istəmişəm həmişə.
Həmişə qanadsız quş kimi çırpınmışam
taleyimin əlində.
Haqsızlıq içində boğula-boğula,
günlərimi poza-poza
əlli yaşıma çatmışam.
Dərd loto daşları kimi doldurub
ömür kartlarımı.
Duyğularım əcdaha kimi atılıb üstümə -
qoymayıb məni qocalmağa.

Futbol oynayanda
“ket”im olmayıb uşaqlığımda
indi də şairəm -
kitabım yoxdur.


DAŞINI SEVDİM

Gəldin yuxu kimi
Gəldin sirr kimi
Dərdini yağdıran bir sehr kimi
ətəkdə daşını
sandım pir kimi
başıma atdığın daşını sevdim
nə tövr eylədin
hicran bal oldu
nə fəsad eylədin
nitqim lal oldu
elə baxdın
bağrım başı xal oldu
usta zənn etmişdim
naşını sevdim

neynədin bal qatdım acı sözünə
əyri dedin
getdim yozdum düzünə
kipriklərin keşik çəkdi gözünə
yayındı gözlərim
qaşını sevdim


BİR GECƏNİN NAĞILI

Saxla işvə-nazını
Şərab ver, şərab
Gülüşlərin gizlədə bilmədi
Gözlərinin dibindəki kədəri
Saçlarının sızıltısını
Örtə bilməyib boyaq
Yanaqların titrəyir
Dodaqların oyaq
Sən məni xoşbəxt edə bilməzsən.

Şərab ver, şərab
İndi şampan şərabı kimi
Köpüklü gecələr
Bizə yaddır
İndi şeirlərim çırpınır
Alın yazımdakı misralar arasında
İndi dünyanın
Bizə əcdaha gözüylə
Baxdığı vaxtdır
Şərab ver, şərab.

Həyat düsturumuzda
Nələrsə çatmayıb
Çıx get
Görünmə gözümə
Bu qara sevdalar qəbiristanlığında

Səni elə indicə
Buradaca
İtirəcəyəm
Azdıracam bir şərab dumanlığında
Qeyb edəcəm

Şə…rab ver, şə…rab.

"Azərbaycan" jurnalı
XS
SM
MD
LG