Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 06:00

Elşad Abdullayevin qardaşının işi üzrə 3 nəfər saxlanıb


Elşad Abdullayev
Elşad Abdullayev
-
Milli Təhlükəsizlik Nazirliyinin itkin düşmüş zabiti, Beynəlxalq Universitetin sabiq rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin işiylə bağlı saxlananlar var. Onlar Vaqif Hüseynov, Nəriman AğayevArzu Kazımovdur.

Bu haqda Respublika Prokurorluğunun yaydığı məlumatda deyilir.

Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib.

Məlumatda o da deyilir ki, həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi Mahir Abdullayevin bilavasitə itkin düşməsi ilə bağlı deyil, onların Elşad Abdullayevə qarşı törətdikləri dələduzluq cinayətləri ilə əlaqəlidir.

BAŞ NAZİRİN BİRİNCİ MÜAVİNİ KÖMƏKÇİSİ HAQDA DANIŞDI

Saxlananlardan biri Vaqif Hüseynov Baş nazirin birinci müavini Elçin Əfəndiyevin köməkçisi olub. APA hüquq-mühafizə orqanlarına istinadla yazır ki, Vaqif Hüseynov Elşad Abdullayevdən qardaşının tapılması üçün 1 milyon manat rüşvət alıb.

Elçin Əfəndiyev sabiq köməkçisinin həbsi ilə əlaqədar «Qafqazinfo» saytına deyib ki, Vaqif Hüseynov həqiqətən də onun köməkçisi olub:

«Lakin məsələ burasındadır ki, bu adam 3 il əvvəl vəzifəsindən gedərək köməkçim kimi fəaliyyətinə son verib. Yəni, onun kimdən və nə zaman 1 milyon pul almasında mənim adımın hallandırılmasının yeri yoxdur. İnanın ki, bu adamla mənim heç bir əlaqəm də olmayıb. Bu adam həbs olunubsa və hər hansı cinayətdə iştirakı varsa, istintaq prosesi hər şeyi üzə çıxardacaq, tələsmək lazım deyil».

ARZU KAZIMOV HAQDA

Saxlananlardan başqa biri Arzu Kazımovun isə «İnşaatservis- 2002» şirkətinin təsisçisi və rəhbəri olduğu bildirilir. Elşad Abdullayev mətbuata deyib ki, qardaşının qaytarılması üçün Arzu Kazımova 3 milyon dollar verib. Qardaşı qaytarılmadığı təqdirdə Abdullayev pulları geri istəsə də, pullarını geri ala bilməyib.

Arzu Kazımovun vəkili Ramiz Zeynalov isə Turan-a deyib ki, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı irəli sürülən ittiham və onun həbsi əsassızdır:

«Çünki nə Elşad Abdullayevin Arzu Kazımova qardaşının qaytarılması müqabilində pul verməsini, nə də bu pulların ondan Mahir Abdullayevin qaytarılması müqabilində aldığını sübut edən hər hansı sənəd və ya sübut var».

Vəkil deyir ki, Kazımov pulları Elşad Abdullayevdən 30 faiz sələmə alıb və bunu təsdiq edən notariat sənədi var.

Vəkil Arzu Kazımovun istintaq zamanı səhhətinin pisləşdiyini və xəstəxanaya yerləşdirildiyini deyir. O, xəstəxanada vəkillə görüşə imkan verilmədiyini də bildirir.
XS
SM
MD
LG