Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 15:30

Nazim Hikmət sevgilisi Veraya niyə əxlaqsız demişdi? (3)


Nazim Hilmət və Vera Tulyakova
Nazim Hilmət və Vera Tulyakova
-


Qorki ağlayıb, dəhşətə gəlib, həbsxana rəhbərliyindən oğlana heç nə eləməyəcəkləri barədə vəd alıb və göz yaşına boğularaq oranı tərk eləyib. Proletar yazıçının gəmisi aralanar-aralanmaz oğlanı hamının gözü qarşısına güllələyiblər...


Vera Tulyakova-Hikmət


NAZİMLƏ SON SÖHBƏTİMİZ

(Nazim Hikmətin son sevgilisi olan Veranın bu xatirələri ilk dəfə 2007-ci ildə Rusiyanın "Oktyabr" dərgisində çap edilib. Əlyazmalar əsasında əsərin jurnal variantını Anna Stepanova hazırlayıb. Ruscadan tərcümə Günel Mövludundur)

Əvvəli burda


Zoşşenko bir müddət susub, sonra sakitcə soruşub:

– Nazim, siz bunu necə eləmək fikrindəsiniz?

– Qardaş, heç narahat olmayın! Moskvada mənim bir dostum var. O bu kitabı o dəqiqə nəşr eləyər!

– Dostunuz kimdir? – Zoşşenko soruşub.

– Simonov! Bilirsiniz, onun əla bir jurnalı var...

– Simonov? Yox, daha bu qədər də yox! –Zoşşenko sərt şəkildə əlyazmanı geri alıb. – Dostunuz bura, Leninqrada gəlib, məni hamının gözü qabağında qınayanlardan biridi. Sonra bir dəfə məni gənc paytaxt yazarlarının yanında görəndə heç nə olmamış kimi qışqırdı: “O! Mixal Mixalıç! Siz də burdasınız? Bəlkə bizə gedək?!” – sonra da əlini kürəyimə qoydu. Mən onun əlini itələdim. Ağır əli vardı.

Sonra Zoşşenko səndən xahiş eləyib ki, türk dilində şeir oxuyasan. Sən qəfildən Zoşşenkoya o vaxt beynində qurduğun bir hekayəni danışmısan.

Hadisə sadə, yaxşı bir adamın yaşadığı əyalət şəhərində baş verir. Hamı onu hələ körpə vaxtlarından tanıyır, kömək elədiyi, odununu doğrayıb, suyunu gətirdiyi qarılar ona ehtiramla yanaşır.

Qəfildən bu adamı böyük vəzifəyə qoyurlar. Bir dəfə onun kabinetinə bir adam gəlir və buranın zavxozu olduğunu deyir. Adam deyir ki, onun otağının avadanlığını dəyişmək lazımdır. cavan rəhbər etiraz eləmir, amma otağın təzə avadanlığını görəndə özünü naqolay hiss eləyir. Deyir ki, dostum, yaxşı eləmisən, amma bu bahalı əşyalar mənim nəyimə lazımdır? Sovxoz isə bu vaxt artıq ona üstündə çar gerbi olan yazı masası gətirir. Sonra da deyir ki, əsl müdir başının üstündən öz portretini asmalıdır. Keçmiş fəhlə qışqırı:

- Yox, bu lazım deyil!

Portret isə artıq başının üstündədir.

Sonra zavxoz deyir:

- Mənə bax, belə olmaz axı! Sənin arvadın hamı kimi növbəyə dayanır, hamının aldığından alır. Bu sənə yaraşmaz, belə şeylər sənin ad-sanını hörmətdən salır. Gərək ona dükanlara ayrıca giriş-çıxış təyin eləyək.

Beləliklə, keçmiş fəhlənin arvadı dükana ayrıca girib çıxır və bu ailə artıq şəhər sakinlərindən fərqli yaşamağa başlayır. Zavxoz isə dncəlmək bilmir:

Mixail Zoşşenko
Mixail Zoşşenko
- Sən hamı ilə salamlaşırsan – bu, yaxşı iş deyil. Bu gün qapıçı ilə əl görüşmüsən. Bu nəyə lazımdır? Belə hərəkət özünə qarşı hörmətsizlikdir.

Beləliklə, keçmiş fəhlə ayrıca çimərliyə gedir ki, xalq onu çılpaq görməsin. Yavaş-yavaş belə şeylər onun xoşuna gəlməyə başlayır. O özünün məxsusi adam olduğuna öyrəşir. Artıq yollarda öz maşını ilə güllə kimi şütüyür.

İndi ona yaxın düşmək mümkün deyil. Nəhayət, o bir gün hansı yola düşdüyünü başa düşür. Və özündən soruşur: necə oldu ki, o bu yerə gəlib çıxdı? Bunlar hamısı zavxozun günahıdırmı? Bu lənətə gəlmiş zavxoz doğrudanmı olub? İvan İvanoviç adlı adam olubmu? Beləliklə, sən gələcəkdə məşhur olacaq satirik pyesin «İvan İvanoviç adlı adam olubmu?»nu Zoşşenkoya danışmısan.

Zoşşenko ilə sən səhərə yaxın ayrılmısınız. Sağollaşanda, sən Mixail Mixayloviçdən onunla ikilikdə görüşməyi xahiş eləmisən. Vədələşmisiniz, günorta saat ikidə elə orda, «Avropa» otelinin restoranında nahar eləmisiniz. Zoşşenkonun hekayələri barədə danışmısınız. Sonra sən ondan soruşmusan:

– Qardaş, Zoşşenko, siz mənim ən sevimli yazıçılarımdan birisiniz. Qoqol, Dostoyevski qədər böyük humanistsiniz. Amma mənə deyin, siz niyə o biabırçı kitaba - «Stalin adına kanal»a qol qoymusunuz? O kitabın üz qabığı belə mənə polad qandalları xatırladır.

– Necə? – Zoşşenko bərk təəccüblənib. – Axı məndən əməkdaşlıq eləməyi Aleksey Maksimoviçin özü xahiş eləyib! Mənsə Qorkiyə çox şey borcluyam. Mən o hekayəni səmimi, ürəkdən yazmışam. Sizcə, “Bir "perekovka"nın tarixçəsi”* alınmayıb?

Sən elə hesab eləyirdin ki, saxta bir kitabda dərc olunmuş hekayə alına bilməzdi.

__________

*"perekovka" - sovetizmdir. 1930-cu illərdə Belomorkanalın tikintisi zamanı yaranıb. Əməklə islah prosesinin elə bir forması nəzərdə tutulur ki, onun təsiri nəticəsində məhkumlar öz cinayətkar keçmişlərindən imtina edib həyata baxışlarını dəyişsinlər. Kanalın tikintisindən sonra bir çox məhkumlar ya vaxtından azad edilmiş, ya da cəzası azaldılmışdı.


Təəcüblənirdin ki, necə olub, Mixail Mixayloviç bu Belomorkanal məsələsini lənətləməyib? Zoşşenko səninlə razılaşmayıb, o dövrlərdə köhnəliyi məhv etmək cəhdinin necə inam doğurduğunu, necə doğma olduğunu izah eləməyə çalışıb...

Qorkinin Solovkidən qayıdandan sonra qırxa yaxın adlı-sanlı yazıçı seçib, Belomorkanalın tikintisinə kollektiv səfər təşkil elədiyini sənə danışıb.

O yazıçılardan hər biri əmək vasitəsi ilə tərbiyənin faydası barədə oçerk, ya da hekayə yazmalı imiş. Qorki özü isə bütün redaktə işini üzərinə götürübmüş.

Bu iş üçün hakimiyyət Leninqraddan çayboyu ora üzəcək böyük gəmi ayırıb. Zoşşenko sənə təyin olunmuş səhər hamının Leninqrada gəldiyini, indi sənin qaldığın “Avropa” otelinin onların ixtiyarına verildiyini, bu restoranda masaların qalaqlanmış havayı yeməklərdən, içkilərdən az qala qırıldığını, hamının məhbusların yanına səfərdən əvvəl
Maksim Qorki (solda) və sovet lideri İosif Stalin
Maksim Qorki (solda) və sovet lideri İosif Stalin
necə həvəslə yediyini danışıb...

O, Nazimə özünü gəmidə necə pis hiss eləməyindən danışıb.

Çünki bütün meşəli sahillərdə onları nəzarət altındakı, əyinlərində təzə məhbəs paltarı olan yüzlərlə, minlərlə məhbus gözləyir və onlar hamısı nümayişkarcasına, qorxunc səslə:

- Zoşşenko! Zoşşenko! Zoşşenko! – deyə bağırırmışlar.

Şöhrət yazıçının lənətinə çevrilibmiş.

Zoşşenko bir-birinə oxşayan bu iltihablı gözlərdən necə qorxduğunu, bu gözlərdən daha çox isə yazıçı qardaşlarının baxışlarından qorxduğunu danışıb.

– Yoldaş Zoşşenko, – demisən, – Siz Qorkini çox sevirsiniz, mən də ona çox hörmət eləyirəm. Amma gəlin mənə, türk zindanının keçmiş məhbusuna izah eləyin: necə ola bilərdi ki, proletar zümrəsindən olan elə müdrik yazıçı ölkənin ən qorxulu həbsxanasına gəlsin, heç nə başa düşməsin və sovetlərin həbsxana cənnətini vəsf eləməyə başlasın?

– İlahi, o hər şeyi yaxşı başa düşmüşdü! Hər şeyi başa düşmüş və dəhşətə gəlmişdi! Mən də əvvəllər inanırdım ki, onun gözünə kül üfürüblər. Amma o görüşdən bir neçə həftə əvvəl Solovki həbsxanasının keçmiş məhbusu ilə tanış oldum, Qorki orada səfərdə olanda bu adam hələ orda imiş. O adam çox şey danışırdı, amma Qorki barədə bir hadisə mənə çox pis təsir elədi.

Solovkidə böyüklərlə yanaşı, uşaqlar – əksinqilabçıların uşaqları da varmış. Onlar üçün ayrıca kaloniyalar təşkil olunubmuş. Bir dəfə adadan bir neçə məhbusu yaxınlıqdakı şəhərə –Kemə un dalınca göndərirlər. Böyüklərin arasında bir nəfər də həmin uşaqlardan varmış. Qaça bilməsinlər deyə, onları çılpaq göndəriblər.

Kemdə onlar un taylarını yükləyəndə, geyinmək üçün hərəsinə qollar və baş üçün üç dəlik açılmış un kisəsi veriblər. Mühafizəçilərin danışıqarından oğlan başa düşüb ki, onların gəmisində Maksim Qorki də var. Deməli, hər şey başqa cür olacaq! Qorki onları müdafiə eləyəcək! Sonra onları kayutlara salıb bərk-bark tapşırıblar: kimsə ağzını açsa,
Belomor kanalının tikintisində təbliğat materialı
Belomor kanalının tikintisində təbliğat materialı
əmin adamı suya atacaqlar. Suyun altında isə üç dəqiqədən artıq dayanmaq mümkün deyil.

Solovkidə Qorkini iyirmi-otuz satqın intelligent dövrəyə alıb, hamısına necə danışmalı olduqlarını başa salıblar. Masaların üstündə güllər, bir sözlə başdan-ayağa yalan və göstərmə.

Qorki qayıdanda Solovetsk rəhbərliyi ona təntənəli yolasalma mərasimi təşkil eləyib. Qorki də nitq söyləyib və burada məhbusların necə yaxşı yaşadığını qeyd eləyib. Bu vaxt həmin oğlan, kayutda çılpaq oturan oğlan ona tərəf atılıb və qışqırıb:

- Aleksey Maksimoviç! İnanmayın! Hamı sizi aldadır!

Qorki otaq tələb eləyib və oğlanla təkbətək qalıb. Düz iki saat o oğlan uşağı Qorkiyə buradakı işgəncələrdən, iyirmi saatlıq iş günündən, insanların buzlu suda işlədildiyindən danışıb...

Qorki ağlayıb, dəhşətə gəlib, həbsxana
Belomor kanalının tikintisində məhbuslar
Belomor kanalının tikintisində məhbuslar
əhbərliyindən oğlana heç nə eləməyəcəkləri barədə vəd alıb və göz yaşına boğularaq oranı tərk eləyib. Proletar yazıçının gəmisi aralanar-aralanmaz oğlanı hamının gözü qarşısına güllələyiblər. Qorki bunu bilib və heç nə eləyə bilməyib. O artıq sınmışdı.

Zoşenko ilə naharınız bu söhbətlə yekunlaşıb.

Yadındadı, aradan illər keçəndən sonra, altmışıncı illərin əvvəllərində biz səninlə Aleksey Tolstoyun dul qalmış arvadı Lyudmila İlyiniçnanın dəbdəbəli evində çay içirdik.

Bizdən başqa evdə bircə qonaq - Yekaterina Pavlovna Peşkova, Aleksey Maksimoviçin birinci arvadı vardı. O sakit, təmkinli qarı söhbətə elə də çox qoşulmurdu, açığı heç söhbət də alınmırdı. Vəziyyət get-gedə daha gərgin olurdu. Lyudmila İlyiniçnanın kübar danışığı bu boşluğu daha da dərinləşdirdi. Qəfildən sən elə bil içindəki uzun mübahisəni davam etdirirmiş kimi Yekaterina Pavlovnadan soruşdun:

– Əriniz o oğlanı necə buraxıb gedə bilib?

– Nə ər? Hansı uşağı?! – qarı çaşdı.

Sən həyəcandan rus sözlərini səhv sala-sala Zoşşenkodan eşitdiyin hadisəni ona danışdın. Yekaterina Pavlovna xeyli susdu. Sonra sakitcə dedi:

– Heç kimi ittiham eləməyin ki, sizi də ittiham eləməsinlər. O vaxt daha nəsə eləmək mümkün deyildi. – Bir az susandan sonra əlavə elədi: – Biz öz oğlumuzu da həmin yolda itirdik. – Və qəfildən partlayaraq sənə dedi: – Siz Aleksey Maksimoviçin axırıncı şəkillərinə baxanda onun gözlərinə fikir vermisiniz? Baxın, baxın, daha yaxşı olar ki, onun Romen Rollanı yola saldığı sənədli kadrlara baxasınız. Yox, o heç nəyi dəyişə bilməzdi…

Axşam, səninlə o uzun-uzadı söhbətdən sonra evə gəlmşdim. Sən mənə zəng eləyərək, əvvəlcədən heç nə izah eləmədən, xahiş elədin ki, bir cümləyə qulaq asım. Sən o sətirləri vəsiyyət oxuyurmuşcasına, aramla oxudun:

– Mən qapıların qıfıllanmadığı və soyğun, oğru, qətl kimi kədərli sözlərin olmadığı bir ölkədə yaşamaq istəyirəm…

Mən heç nə başa düşmədim. Sən təkrarladın.

– Necə ola bilər?! – Sən həyəcanlandın. – Zoşşenko Qorkinin tapşırığı ilə yazdığı «Bir "perekovka"nın tarixçəsi» hekayəsini bu prinsipial sözlərlə bitirir. Necə olub ki, mən bu sözlərə fikir verməmişəm? Amma onların gözündən qaçmayıb. Sonra da yadlarından çıxmayıb! Düz qırx altıncı ilə qədər! İndi də unutmayıblar...

Mən səninlə dolmuşdum, Nazim. Aramızda bir bağlılıq, sənin bağ qonşun Pasternakın deyə biləcəyi kimi, «səmavi yollar» vardı.

Nazim Hikmət
Nazim Hikmət
Amma hiss eləyirəm ki, mənim səsim olmayan məkanda mövcud olmaq sənə çətindir. Qəfildən mən həyacanla bu işlərin axırını düşündüm. Çünki mənim müəyyən, bir an da yaddan çıxara bilməyəcəyim bir həyatım – ərim, uşağım, ailəm – vardı.

Mən səninlə telefonda danışmaqdan zövq alırdım, studiyada görüşürdük, işgüzar məqsədlərlə Peredilkinoya gəlirdim, amma… Mən «olmaz» sözünə hələ uşaqlıqdan öyrəşmişdim. Mən – hərəkət azadlığı olmayan, reqlamentli həyatın məhsulu idim. Axı «OLMAZ!» deyilən bir şey var – vəssalam! İstəyirsən, lap yıxıl, öl! Sən – azad qartal isə bizim ölkədə azadlığın faciə ilə nəticələndiyindən xəbərsiz idin.

Nazim, mən qərar verdim ki, Valentina Brumberqin neçə vaxtdır gizlətdiyim yalanını sənə deyim. Sənin növbəti xarici səfərdən dönüşünü gözlədim, sonra zəng elədim və gerçəyi dedim…
İlahi, sən necə də uzun-uzadı susdun! O sükut nə yaman uzun çəkdi...

Bağışla məni, Nazim, mən heç vaxt bilməzdim ki – axı hardan biləydim? – hisslər, xüsusilə də sənin hisslərin vəziyyətdən, ağıldan, dünyada hər şeydən güclü ola bilər. İlahi, o nə dərd idi?! Mən sənə öz gecikmiş etirafımla necə böyük ağrı yaşatdığımı, ailə vəziyyətimin isə heç nəyə son qoymayacağını, əksinə, daha da sürətləndirəcəyini bilmirdim.

Bu etiraf səni hələ gənc olduğunu, sevgiyə, xoşbəxtiyə layiq olduğunu sübut eləməyə tələsdirdi …

Sən elə səhəri gündən hücuma başladın. Sən mənə hələ cavan olduğunu sübut eləməyi qərara almışdın, həndəvərimdə gizli idarə mexanizmi qurmuşdun, mənə nəinki səni unutmağa imkan verirdin, əksinə, bircə dəqiqə də olsun, səni düşünmədən yaşamağa qoymurdun.

Gündə on dəfə zəng eləyirdin, harda olsam, məni tapırdın. Sən heç nəyi qəbul eləmək istəmirdin – nə işimi, nə ailəmi, nə sənin ifrat diqqətindən hiss elədiyim naqolaylığı. Sən ancaq özünü düşünürdün, mənə durmadan zəng eləyirdin. Mən ssenari şöbəsindən bircə dəqiqəlik də çıxa bilmirdim: o dəqiqə studiyanın bütün dörd mərtəbəsində axtarış elan olunurdu. Axı dəstəyin o başındakı Nazim Hikmətin özü idi!

Sən gah özün nəhəng tortlar, konfet qutuları, güllər, ətirlər gətirir, ya da bütün bunları sürücünlə göndərirdin. Məni büsbütün fəth eləmək, sənə vurulmağa, ağlımı itirməyə məcbur eləmək üçün Allah bilir, daha nələr fikirləşirdin?! İndi sən mənim qadın olduğumu bilirdin və indi sənin diqqətin mənə Dümanın romanlarının fərasətli qəhrəmanlarını xatırladırdı.

Sən mənim hər addımım barədə hesabat tələb edir, nə geyindiyimi, necə darandığımı, yanımda kimin oturduğunu, bir saatdan sonra nə edəcəyimi bilmək istəyirdin.

Sən işdən evə qədər olan yolumu saniyəölçən dəqiqliyi ilə hesablayıb, düz iyirmi dəqiqədən sonra evə zəng eləyirdin. Bu vaxt evdə olmasam, sən çəkinib eləmədən qonşularla mənim harada ola biləcəyimi, niyə gecikdiyimi müzakirə eləyirdim.

Bir dəfə mən işdən sonra əlimdə ağır zənbillərlə kommunal mənzilimə qayıdanda cavan qonşu qadın gülərək mənə dedi:

– Nazim zəng eləmişdi, dedi, sənə çatdırım ki, sən yavagəzənsən.

Bu lap ağ idi!.. Başa düşdüm ki, sən məsum «gəzmək» sözündən düzəltiyin bu sözün mənasını bilmirsən.

Birlkdə yaşadığımız illər ərzində bu, sənin mənə qarşı elədiyin yeganə kobudluq idi.

Mən gecikəndə sən elə əzab çəkirdin ki, qonşularım sənə ürəkdən acıyırdı, ayağımı qapıdan içəri qoyar-qoymaz, onlar məni qınayır və tez sənə zəng eləməyə məcbur eləyirdilər. Bu sevgi səni elə fağır, elə köməksiz eləmişdi ki, hamı sənə acıyır və kömək eləməyə çalışırdı. Tezliklə sən ikigündən bir studiyaya baş çəkməyə başladın...

ARDI
XS
SM
MD
LG