Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 10:04

Ermənistanın Əkrəm Əylislisi. Onun romanını niyə yandırmışdılar?


Varqes Petrosyan
Varqes Petrosyan
-

“Ermənilər çox qəbirsevən xalqdır”

"- Biz Böyük Ermənistan uğrunda çalışırıq.
- Bağışlayın, amma bu sizi çox uzaqlara aparıb çıxarır... Məgər xəritə üstündə yaşamaq olarmı?.."



80-ci illərin sonunda - Qarabağ qovğasının başlanmasına lap az qalmış Yerevanın mərkəzi meydanında tələbələr bir erməni yazıçısının kitabını yandırmışdılar.

Kitabın adı beləydi: “Ad günündə boş stullar”.

Qarabağ məsələsi ilə birbaşa bağlı olmasa da, o zaman yetərincə tanınan, Ermənistan SSR Ali Sovetinin deputatı olan 55 yaşlı yazıçı Vardqes Petrosyanın bu romanı millətçiləri çox qəzəbləndirmişdi.

İlk baxışdan qəribə görünə bilər. Çünki romanda 1915-ci ildə Türkiyədə baş verən hadisələr “erməni qırğını” kimi təsvir edilir, erməni uşaqları öldürülür, qadınları zorlanır, erməni evləri talan edilir.

Bəs görəsən, Petrosyanın “günahı” nə idi?

Son romanı ilə bərabər tonqallara onun əvvəlki kitablarının da yüzlərlə nüsxəsi atılırdı.

Zori Balayan, Silva Kaputikyan və başqa şovinist yazıçılar Vardqes Petrosyanı bu romana görə Ermənistan Yazıçılar İttifaqının İdarə Heyətindən də, Ermənistan Mədəniyyət Fondunun rəhbəri vəzifəsindən də istefa verməyə məcbur etmişdilər.

Petrosyanın romanı dövrün konyukturasına qətiyyən uyğun deyildi. Üstəlik Moskvada rusca da çap olunmuşdu.

Petrosyanın romanı Moskvada "Sovetskiy pisatel" nəşriyyatında da buraxılmışdı, 1988
Petrosyanın romanı Moskvada "Sovetskiy pisatel" nəşriyyatında da buraxılmışdı, 1988
Romandan çıxarılacaq nəticə bu idi: erməni xalqı 1915-ci il hadisələrini unutmamalı, amma həmin hadisələrə görə yeni nəsilləri nifrət ruhunda böyütməməli, baş vermiş faciəyə onilliklərlə ağlamamalı, həmin hadisələri türklərlə müzakirə etməli, onlarla barışmalı, erməni diasporu isə iki ölkə arasına girməməlidir.

Qısaca kitabın süjet xətti: Hadisələr əsasən Ermənistan-Türkiyə sərhədinə yaxın yerdə baş verir. Türklərin Ağrıdağ, ermənilərin Ararat dediyi dağın göründüyü yerdə. Nune nənənin 85 yaşı tamam olur və ağbirçəyin arzusuna uyğun olaraq ad gününə onun dünyanın müxtəlif ölkələrinə səpələnmiş yaxın qohumları da dəvət edilir.

O qohumlar ki, 1915-ci il hadisələrindən sonra Osmanlı İmperiyasından ABŞ, Cənubi Amerika, Avstraliyaya və başqa ölkələrə qaçıblar.

Teleqramlar vurulur, amma ad gününə gəlməyənlərin sayı gələnlərdən çox olur...

Əsərin əsas qəhrəmanları Nune nənənin Ermənistanda yaşayan iki nəvəsidir: Aram və Varujan.

Varujan populyar yazıçıdır, amma yaradıcılıq böhranı keçirir

O hamıdan qaçıb təbiətin qoynunda guşənişin olmaq, özüylə təkbətək qalmaq, özünü analiz etmək istəyir. Amma dost-tanış, məişət qayğıları onun bu arzusunun gerçəkləşməsinə mane olur. Üstəlik də dəfn mərasimləri. Bir də nənə-babasının qəbri üstünə getməməsi ilə bağlı qınaqlar...

Varujanın düşüncələri:

““Ermənilər çox qəbirsevən xalqdır”. Varujan babasına iki şeyi bağışlaya bilmirdi. Əvvəla babası onu memar olmağa məcbur etmişdi. “Bizim evləri yerlə-yeksan etdilər” – demişdi – Biz yeni evlər tikməliyik”. Babası öz keçmişinin xarabalıqları arasında yaşayırdı. Varujanın memarlığa meyli yox idi, amma babasının sözündən çıxa bilməmişdi, necə də olmasa, onu böyüdüb-başa çatdıran, atasını əvəz edən babası olmuşdu. Bir tərəfdən də anası Varujanı qınayırdı ki, babasının sözünü yerə salmasın. Beləcə, Varujan dilini dişinə sıxıb memarlıq fakültəsinə daxil olmuşdu...”

Böyüklərin keçmişə ifrat bağlılığı, tarixdən qopa bilməməsi yeni nəslin, gənclərin həyatını onların istəklərinə uyğun olmayan yanlış yönə aparır.

Ermənistanda tarixi romanlar daha populyardır və oxucular Varujandan da tarixi mövzularda yazmasını istəyir.

Amma o yeni dövrdən, Ermənistanın qayğılarından yazmaq istəyir.

Romanda tarixi romanlar yazarı Baqratuninin bir qədər də komik obrazı yaradılıb.

Qəfildən onun keçəlini quş da batırır...

Baqratuni “erməni tarixinə öz həyətyanı sahəsi kimi baxır”, yəni “hər şey mənimdir” prinsipi ilə. Ona qalsa, Urartu da erməni dövləti olub.

Özü də Baqratuninin verdiyi bütün hökmlər qətidir.

Məsələn, əsərdə bir oxucu onun dediklərinə azca da olsa şübhə ilə yanaşır:

“- Urartu əlbəttə ki, erməni dövlətidir, varpet, amma...
- “Amma”sız-filansız... Əgər biz “amma” desək, onda türk tarixçiləri bundan istifadə edib nə deyər?..”


Nune nənənin digər nəvəsi Aram da öz xalqının tarixinə ayıq başla baxmağa çalışır. O cümlədən 1915-ci ilin hadisələrinə.

Əsərdə erməni şovinistlərinin ən çox xoşuna gəlməyən isə yəqin ki, Aramın fikirlərindən çox hərəkətidir. O, Moskvada olarkən bir türk həkim və onun oğlu ilə tanış olur. Onlar arasında 1915-ci il hadisələrinə görə mübahisə olur. Türk həkim öz adından həmin hadisələrə görə Aramdan üzr istəyir. Sonralar isə oğluna vəsiyyət edir ki, Ermənistana getsin, Aramla görüşsün. Aram bu qəfil gəlişə etiraz etmir.

Dəvəti qəbul etməsinisə belə əsaslandırır:

Ermənilərin Ararat, türklərin Ağrıdağ dediyi...
Ermənilərin Ararat, türklərin Ağrıdağ dediyi...
“Biz 21-ci əsrdə onlarla yanaşı yaşayacağıq.... Nədi, biz bir-birimizi tanımadan düşmən olmalıyıq?

Mənim hələ doğulmamış uşağım onun hələ doğulmamış uşağının düşməni olmalıdır?”

Türk həkimin oğlu Enis bəy Ermənistana gəlir, ermənilərlə yaxından tanış olur. Bir sözlə, Aram türklərin barış əlini qəbul edir. Düzdür, Aramla Enisin arasında çətin söhbət də olur. 1915-ci il hadisələri ilə bağlı. Amma onlar düşmən kimi ayrılmırlar.

Enis bey Ermənistanı qəfil tərk edəndə Aramdan üzr isməsə də belə bir məktub qoyub gedir:

“İstəyirəm ki, məni düzgün anlayasan. Sən heç nəyi unutmamısan, mən isə heç nə xatırlamıram. Yəqin sən nəyisə unutmalısan, mən də nələrisə bilməliyəm ki... xatırlayam. Bu nə vaxt olacaq? Bilmirəm. Mən ölkəmdəki bütün arxivləri alt-üst edəcəm və Nədim bəyin kitabını tapacam...”

Bu, yazıçının təklif etdiyi barış yoludur – dialoq yoludur. Bu yol Türkiyəyə qarşı “soyqırım”la bağlı hansısa beynəlxalq kampaniyanın aparılmasını nəzərdə tutmur.

Bəs Nədim bəy kimdir?

Əsərdə 1915-ci ilin hadisələrinə Mustafa Nədimin gözü ilə baxılır. Deyilir ki, kitabın müəllifi o zaman məktəb direktoru olmuş Mustafa Nədim adlı türkdür.

Onun kitabını Aramın babası 2-ci Dünya Savaşında vuruşarkən Bolqarıstanda görüb və üzünü köçürüb.

Kitabda Mustafa Nədim erməni qırğınlarını detallı təsvir edir. Amma özünün və bir çox başqa türklərin böyük risk altında onlarla erməni ailələrini necə xilas etdiyini də anladır.

Babası həmin kitabı Arama vəsiyyət edir və qorumağı tapşırır.

1915-ci il hadisələrini görmüş baba ermənilərin qətlinə görə bütün türk xalqının günahlandırılmasının əleyhinədir.

Əsərdə ən çox tənqid edilənsə erməni diasporu, xüsusən də onun ən radikal bölümü olan daşnaklardır.

Ən əziz saydığı qohumları, o cümlədən oğulları Nune nənənin ad gününə gəlmirlər, hərəsi bir bəhanə gətirir. Çünki hamısının başı öz biznesinə qarışıb, nə işlərini təxirə salmaq istəyirlər, nə də təyyarə biletinə pul xərcləyib ziyana düşmək.

Nune nənə əslində əsərdə “Ana Vətən - Ermənistan” obrazıdır

Yazıçı göstərir ki, lazım olanda diaspor Vətənin yanında olmur, onun üçün əsas olan şəxsi maraqlarıdır.

Edinburqda yaşayan Tiqran adlı gənc artıq ingilisləşib, özünü erməni saymır.

Özünü məcbur edərək erməni klublarına getsə də, tezliklə bu, onun üçün dözülməz məşğuliyyətə çevrilir:

Yerevanda "erməni soyqırımı" abidəsi
Yerevanda "erməni soyqırımı" abidəsi
“Erməni kilsəsi, klublar – konserv bankalarıdır. Kimlərsə həmin konserv bankalarında vətənin hisə verilmiş ruhunu qoruyub saxlamaq istəyirlər. Həmin adamlar bu qədər pul yığandan sonra öz gündəlik həyatlarındakı boşluğu nəyləsə doldurmalıdırlar axı...” – deyə o düşünür.

Erməni diasporunu tənqid edən yazıçı xaricdə yaşayan ermənilərin Vətən sevgisinin daha çox sözdə olduğunu, onların getdikcə yaşadıqları ölkələrin xalqlarına qarışdığını yazır.

Tiqran da nənəsinin ad gününə getmir. Amma o, əsərdə yeganə şəxsdir ki, həyatındakı saxtalığı etiraf edir:

O, ad gününə gəlməməsinin səbəblərini izah etdiyi məktubda yazır:

“Ermənistana gəlim? Vətənə gəlim? Sovet Ermənistanı heç mənim babam üçün də vətən olmayıb. Oraya turist kimi gəlim? Turist kimi getmək üçün daha maraqlı yerlər var...”

Nune nənənin nəvəsi, yazıçı Varujan xaricdə olarkən daşnak Tuçyanla mübahisə edir.

Tuçyan ona öz Vətən sevgisindən danışır:

“- Doğrudanmı siz anlamırsız ki, mən canımı Vətənim üçün fəda edirəm
- Siz canınızı yalnız Vətənin xəritəsi üçün fəda edirsiz, paron Tuçyan.
- Həm də xəritəsinə görə.
- Xəritəni sevmək, arzularla yaşamaq, ah-uf etmək elə də çətin iş deyil. Ən çətini Vətəni sevməkdir. Arzular nöqsansızdır, Vətən isə qüsursuz deyil...
- Biz Böyük Ermənistan uğrunda çalışırıq.
- Bağışlayın, amma bu sizi çox uzaqlara aparıb çıxarır... Məgər xəritə üstündə yaşamaq olarmı? Həmin xəritə “dənizdən dənizə qədər” olsa belə. Vətəni sevmək – əziyyətə qatlaşmaq, tər tökmək, özünü qurban vermək deməkdir...”


Yazıçının əsas mesajı da budur. Vətənpərvər erməni hansısa xəritələrin xəyaldan gerçəkliyə çevrilməsi üçün yox, Vətəninin real problemlərinin həlli üçün çalışmalıdır. Belə problemlərsə az deyil, əsərdə erməni kəndlərinin getdikcə boşaldığı, təhsilin səviyyəsinin düşdüyü, uşaqlara düşünmək yox, “hazır həqiqətləri əzbərləmək” öyrədildiyi təsvir edilir...

Vardqes Petrosyanın “Ad günündə boş stullar” əsəri o zaman Azərbaycanda da müsbət qarşılanmışdı.

Amma az sonra yazıçını Bakıda da tənqid etməyə başlayırlar - çıxışlarının birində

Sumqayıt hadisələrini “soyqırım” adlandırdığına görə.

Yazar-publisist Hidayət o zaman Petrosyana açıq məktub da yazmışdı:

“Sizin geri çəkilməyə, yolunuzdan dönməyə haqqınız yox idi”.

Hidayət Petrosyanı millətçi yazıçıların təzyiqi qarşısında mövqeyindən döndüyünü yazırdı.

Yerevanın mərkəzi meydanında kitabları yandırılmış Vardqes Petrosyanı indi Ermənistanda demək olar ki xatırlamırlar. Yazıçını 1994-cü ildə evinin blokunda yaxın məsafədən açılan atəşlə öldürüblər. Deyilənə görə, ailə-məişət məsələsi olub.

Ermənistanda hələ də kimlərsə humanist yazıçı Qrant Matevosyanı xatırlayanda Vardqes Petrosyan haqda da bir-iki xoş söz deyir. Haqqında ən az danışılan əsəri “Ad günündə boş stullar”dır Petrosyanın. O romandan sonrakı illərdə o, daha iri həcmli əsər yazmadı.

Qəbrini isə indi, deyilənə görə, ot basıb...


(Romanı burda oxu)
XS
SM
MD
LG