Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:35

İsa Muğannanın «Məhşər» romanı yenidən nəşr olundu


 «Məhşər»
«Məhşər»
Tanınmış Azərbaycan yazıçısı İsa Muğannanın «Məhşər» romanı yenidən nəşr olunub.

«Hədəf Nəşrləri»nin mətbuat xidmətindən Mədəniyyət və Turizm İdarəsinə verilən məlumata görə, «XAN» (Xalqım, Azərbaycanım Naminə!) bədii ədəbiyyat layihəsi çərçivəsində nəşr olunmuş bu roman Azərbaycanın XIV əsrin sonlarındakı dövrünü əks etdirir.

Əsərdə Teymurun yürüşləri ərəfəsində Azərbaycandakı mövcud ictimai-siyasi şəraitdən, xalqın azadlıq mübarizəsindən və Nəsiminin bu mübarizədəki rolundan bəhs olunur.

Eyni zamanda, Teymurla Nəsimi və Nəsimi ilə xalq arasındakı maraqlı məqamlara aydınlıq gətirilib.

Dövrün bütün bu hadisələri İsa Muğanna tərəfindən özünəməxsus şəkildə əks olunub.

Müəllif bildirib:

«Yaxın və uzaq keçmişimizdən tarixi hadisələr, bədii süjetlər içində verilmiş SafAğ həqiqətlərinin qavranılmasını asanlaşdırmaq məqsədilə mən əsərlərin hamısını yenidən işlədim».

İ.Muğannanın dediyinə görə, oxucu altılığa daxil edilmiş bu əsərləri yalnız müəllifin göstərdiyi ardıcıllıqla oxumalıdır ki, fayda versin: «İdeal», «Məşhər» («Ənşər-mən şər»), «Qəbiristan», «GurÜn», «İsahəq, Musahəq», «Cəhənnəm».

Xəbərdə vurğulanır ki, yazıçı ilə bağlanmış müddətsiz müqaviləyə əsasən, İ.Muğannanın bütün əsərlərinin (müəllif tərəfindən olunmuş yeni düzəliş və əlavələrlə) çapı və yayım hüququ yalnız Hədəf Nəşrlərinə məxsusdur.

Kitabların satışından yazıçıya yüksək faizlə qonorar veriləcək.

Bu üzdən, yazıçının əsərlərini saytlara yerləşdirən və ya «pirat» şəkildə çap edən şəxslərdən və qurumlardan xahiş olunur, məsələyə obyektiv yanaşaraq görkəmli yazıçının maraqlarını da nəzərə alsınlar.
XS
SM
MD
LG