Keçid linkləri

2024, 06 Noyabr, çərşənbə, Bakı vaxtı 03:31

Xanımından səs almağa çalışan prezidentliyə namizəd


Qüdrət İsaqov
Qüdrət İsaqov
-

Builki prezident seçkilərinə qatılmaq istəyənlər arasında namizədliyini şəxsən irəli sürənlər də var. Onlardan biri, ixtisasca fizik Qüdrət İsaqovdur:

«Hesab edirəm ki, Azərbaycan cəmiyyətində 50 nəfər böyük təşəbbüskar insan varsa, onların biri də mənəm».

Mediada Qüdrət İsaqov haqqında məlumat azdır. O, bunun günahını jurnalistlərdə görür və media nümayəndələrinin ona üz tutmadığından gileyini dilə gətirir.

SEÇKİ DÖVRÜNƏ TRİBUNA KİMİ BAXAN NAMİZƏD

63 yaşlı namizəd fizika-riyaziyyat elmləri doktorudur. 1973-cü ildən bəri Milli Elmlər Akademiyasının Fizika İnstitutunda çalışır. Aparıcı elmi işçidir. Prezident seçkilərinə fikirlərini çatdırmağa ictimai tribuna kimi baxır:

«Bu prezident seçkiləri dövrünü müəyyən bir dönüş məqamı hesab edirəm. Hesab edirəm ki, cəmiyyətimizə, bütün insanlara, hökumətin, prezidentin nəzərinə müəyyən alternativ təkliflər və proqramların, fikirlərin çatdırılması olduqca vacib prosesdir. Prezidentliyə namizəd kimi çıxışlarımda öz fikirlərimi, elm və iqtisadiyyatla bağlı təkliflərimi səsləndirəcəyəm. Düşünürəm ki, təkliflərim eşidiləcək».

QÜDRƏT İSAQOV XANIMININ ONA SƏS VERMƏSİNİ İSTƏYİR

Qüdrət İsaqovun dediyinə görə, prezidentliyə namizəd olması fikrini dostları, tanışları yaxşı qarşılayıb. Ancaq əleyhinə çıxan da olub:

- Evimizdə bir qədər bunun əleyhinədirlər. Konkret desəm, xanımım əleyhinədir. O, siyasətdən çox uzaqdır, amma mən 1988-ci ildən meydanlarda olmuşam».

- Xanımınız namizədliyinizin əleyhinədirsə, necə bilirsiniz, seçkidə sizə səs verəcək?

- (Gülür) Bəlkə də təbliğat prosesində xanımı da inandırdıq.

Qüdrət İsaqov seçki proqramından da söz açır:

«Azərbaycan elminin və iqtisadiyyatının dünya standartları səviyyəsində qurulması, elmlə iqtisadiyyatın güclü əlaqəsi – mənim əsas təkliflərim, proqramım, platformam bu ətrafda olacaq».

Fuad Əliyev
Fuad Əliyev
PREZİDENTLİYƏ NAMİZƏD ZƏHƏRLƏNİB

Prezidentliyə namizədliyi təsdiqlənənlərdən biri – Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev zəhərlənib – partiyanın katibi Nizami Verdiyev AzadlıqRadiosuna belə məlumat verib. Onun dediyinə görə, Fuad Əliyev İmişlidə seçicilərlə görüşdən qayıdandan sonra özünü pis hiss edib. Sonra onun zəhərləndiyi məlum olub:

«Namizədliyi təsdiq olunandan sonra rayonlara görüşə çıxdı. Çaydan olub, ya yeməkdən olub, dəqiq bilmirik. Mənə zəng etdi ki, özümü pis hiss edirəm. Soruşanda ki «Nə yemisən?», yolüstü yeməkdən sonra halının pisləşdiyini söylədi. Həkim deyir ki, indi vəziyyəti stabildir».

Nizami Verdiyev bildirir ki, partiyadan Fuad Əliyevin namizədliyini irəli sürərkən, seçkidə səslərin əsas hissəsini yığacaqlarına inanıblar:

«Seçki tam demokratik keçsə, hər bir əsgər general ola bilər. Seçicilərimizdən çox şey gözləyirik. Digər partiyaların namizədlərinə baxanda görürük ki, Fuad Əliyevin şansı daha çoxdur».

Nizami Verdiyevin dediyinə görə, bəziləri onları kiçik partiya saysa da, üzvləri də, partiyalarına rəğbət bəsləyənlər də çoxdur. Nisbətən gənc – 43 yaşlı partiya sədrləri də daim seçicilərlə ünsiyyətdədir. Sədr – Fuad Əliyev keçmiş xarici dillər institutunun məzunudur.

Sənədlərini MSK-ya təqdim edən prezidentliyə iddialıların sayı artıq 17-yə çatıb. Onlardan 12 nəfərinin namizədliyi təsdiqlənib.

Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.
XS
SM
MD
LG