Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:13

HRW: «Azərbaycanda vintlərin bərkidilməsi dövrü»- [Video]


Bakıda keçirilən "Əsgər ölümlərinə yox" aksiyası
Bakıda keçirilən "Əsgər ölümlərinə yox" aksiyası
-
Human Rights Watch beynəlxalq insan hüquqları təşkilatı sentyabrın 2-də «Azərbaycanda Vintlərin Bərkidilməsi Dövrü: Vətəndaş Cəmiyyəti və Müxaliflərə Qarşı Hücumlar» adlı 100 səhifədən ibarət hesabat yayıb.

PİS NİYYƏTLİ SİYASƏT

Hesabatda bildirilir ki, Azərbaycan hökuməti ölkədə müxalifləri susdurmaq üçün məqsədli şəkildə pis niyyətli bir siyasət yürüdür. Hökumətin apardığı bu siyasət ölkədə siyasi müxalifətin fəaliyyətini məhdudlaşdırmağa, hökumətin fəaliyyətini tənqid edənləri susdurmağa və qeyri-hökumət təşkilatları üzərində nəzarəti daha da gücləndirməyə yönəlib. Ölkədə sərbəst toplaşma, ifadə və birləşmə azadlıqları hüquqlarının boğulması prezident seçkiləri öncəsi daha intensiv xarakter alıb.

Human Rights Watch qeyd edir ki, son 18 ayda sərbəst toplaşma, ifadə və birləşmə azadlıqları sahəsində durum kəskin şəkildə ağırlaşıb. Hökumət bu dövr ərzində qondarma ittihamlar irəli sürərək siyasi fəalları həbs edib, tənqidçi jurnalistləri həbsə atıb, dinc etiraz aksiyalarını dağıdıb və fundamental azadlıqları məhdudlaşdıran qanunlar qəbul edib.

Giorgi Gogia
Giorgi Gogia
«Canlı ictimai müzakirələr və dinc aksiyalarda iştirak etmək azad və ədalətli seçkilərin başlıca şərtlərindəndi», hesabatın müəllifi və təşkilatın Cənubi Qafqaz üzrə baş tədqiqatçısı Giorgi Gogia bildirib. «Hökuməti tənqid edən və ölkədəki vəziyyət haqda məlumatlar paylaşan çoxlu sayda insanın həbsdə olması və ya susdurulmaq üçün təzyiqlərə məruz qalması ölkədə azad və ədalətli seçkilərin keçirilməsini demək olar ki, mümkünsüz edir».

Azərbaycan hökuməti əsassız olaraq və siyasi motivlərlə həbs edilmiş jurnalistlərin, siyasi fəalların, hüquq müdafiəçilərinin və digər vətəndaş cəmiyyəti fəallarının azad edilməsini təmin etməlidir. Human Rights Watch bildirir ki, hökumət onu tənqid edənlərə qarşı qondarma və şübhəli ittihamlardan istifadə etmək hallarına son qoymalıdır.

39 İŞ

Hesabatda 2012-ci ilin fevralından 2013-cü avqustunadək ölkədə həbs olunan, saxlanılan, məhkum olunan və zorakılığa məruz qalan 39 müxtəlif şəxsin işindən bəhs edilir. Azərbaycan hökuməti uzun illərdən bəridir ki, ölkədə insan hüquqlarını ciddi şəkildə pozur. Lakin son illərdə ölkədə çoxsaylı həbslərin baş verməsi, sərt qanunların qəbul edilməsi və dinc etiraz aksiyalarına icazə verilməməsi və qarşısının alınması üçün göstərilən geniş çabalar aydın şəkildə göstərir ki, ölkədə ictimai və siyasi fəallığı məhdudlaşdırmaq istiqamətində hökumət yeni ciddi səylər göstərir.

Siyasi fəaliyyətlə məşğul olan gənclər hökumətin xüsusi hədəfinə çevrilib. Məsələn, 2013-cü ilin mart və aprel aylarında hökumət NİDA Vətəndaş hərəkatının 7 üzvünü həbs edib. Həbs edilən bu gənclərin hamısı Facebook and Twitter sosial şəbəkələrinin fəal istifadəçisi olaraq ölkədə iddia olunan korrupsiya və hüquq pozuntuları hallarına dair hökuməti tənqid edən statuslar yazmışdırlar. Həbslərin səbəbi olaraq hökumət iddia edir ki, Bakı şəhərində keçiriləcək dinc bir aksiyada bu gənclərin zorakılıq törədəcəkləri barədə guya planları var imiş. NİDA təşkilatının bir üzvü və 2 digər gənc fəal inzibati qaydada həbsdə olduqları müddətdə onların başları məcburi şəkildə qırxılmışdı.

Hüquq müdafiəçisi Məlahət Nəsibova aksiyada saxlanılan zaman
Hüquq müdafiəçisi Məlahət Nəsibova aksiyada saxlanılan zaman
Digər tutulan və həbs olunanların siyahısına ən azı 6 jurnalist, Kür daşqınlarından zərər çəkənlərin hüquqlarını qoruyan 2 hüquq müdafiəçisi və evlərindən məcburi çıxarılan mülk sahiblərinə adekvat kompensasiya verilməsi üçün çalışan bir vəkilin işi daxildir.

«Hökuməti tənqid edən və ictimai əhəmiyyət daşıyan məsələlər haqqında danışan adamların təqib olunması ölkədə tənqidçiləri boğmaq üçün çox şübhəli və utanmazcasına açıq formada edilən bir cəhddir. Hökumət belə insanlara qarşı saxta ittihamlardan istifadə etməyi dayandırmalı və həbs edilənləri azad etməlidir», deyə Gogia bildirib.

TÖVSİYƏLƏR

Human Rights Watch Azərbaycan hökumətinə tövsiyələr verir.

– Siyasi motivlərlə həbs olunmuş siyasi fəallar, jurnalistlər, hüquq müdafiəçiləri və vətəndaş cəmiyyətinin digər üzvləri dərhal həbsdən azad olunmalıdır.

– Həbs olunan hər kəs üçün şəffaf məhkəmə prosesi, xüsusilə özlərinin istədikləri vəkillə təmin olunmaları, ailə üzvlərinə çatımı və digər ədalətli məhkəmə normaları təmin olunmalıdır.

– İşgəncə və pis rəftarla bağlı bütün mövcud iddialarla bağlı müstəqil, təcili, hərtərəfli və səmərəli təhqiqat aparılmalı və günahkarlar məsuliyyətə cəlb olunmalıdır.

– Beynəlxalq hüquq normalarına və Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun olaraq ifadə azadlığı tam şəkildə təmin olunmalıdır.

– Jurnalistlərə qarşı təzyiq və zorakılıqlara görə geniş yayılmış cəzasızlığa soz qoyulmalıdır.

– Jurnalistlərə qarşı, o cümlədən İdrak Abbasov, Xədicə İsmayılovaYafəz Həsənova qarşı törədilən hücum, təhdid və zorakılıqlarla bağlı səmərəli istintaq təhqiqatının aparılması təmin olunmaldır.

– Cinayət Məcəlləsinin böhtan və təhqirə görə cinayət təqibini nəzərdə tutan maddələrinin ləğvi edilməsi, o cümlədən internet platformasında da böhtan və təhqirə gorə cinayət təqibinin tətbiqi barədə əlavələrin ortadan qaldırılması üçün qanunvericiliyə düzəlişlər edilməlidir.

– Dəyən mənəvi zərərə görə əvəzin ağlabatan yuxarı həddə qoyulması təmin olunmalıdır.

– Bakının mərkəzində aksiyaların keçirilməsinə qoyulan de fakto qadağaya son qoyulmalı və icra orqanları dinc aksiyaların keçirilməsinə icazə verməlidir.

– Avropa Şurasının Venesiya Komissiyasının tövsiyələrinə uyğun olaraq QHT-lər haqda qanuna yenidən baxılması təmin olunmalıdır.

– Dövlət qeydiyyatı olmadan ianə alan QHT-lərə qadağalar qoyulmasıyla bağlı qanuna edilən dəyişikliklər ortadan qaldırılmalıdır.

Hesabatda Azərbaycanın Beynəlxalq Tərəfdaşlarına, xüsusilə Avropa Birliyi, Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı və digər maraqlı tərəflərə ünvanlanan tövsiyələr də yer alıb. Tövsiyə olunur ki, hökumətlə açıq və qapalı təmaslarda vətəndaş cəmiyyətinə basqılar, ölkədə toplaşma və birləşmə hüquqlarının pozulması barədə narahatçılıqlar dilə gətirilməlidir. Siyasi və vətəndaş cəmiyyəti fəallarının tənqidi fikirlər səsləndirdiklərinə görə cəzalanmadığı, sərbəst şəkildə öz fikirlərini ifadə edə bildiyi mühit yaradılması barədə hökumətə çağırış edilməlidir.

Human Rights Watch-ın Azərbaycandakı vəziyyətlə hazırladığı video:


XS
SM
MD
LG