Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 09:38

Avropa Parlamenti Azərbaycana görə Qonşuluq Qətnaməsinə düzəliş etdi


Arxiv foto
Arxiv foto
.
Qətnamənin yeni variantında Azərbaycanda keçirilmiş prezident seçkiləri tənqid edilir.
Sənədin Azərbaycana aid bölümündə deyilir: «Avropa Parlamenti belə bir fakta təəssüf edir ki, Demokratik Təsisatlar və İnsan Haqları Təşkilatının (DTİHT) uzunmüddətli missiyasının gəldiyi nəticəyə görə, 2013-cü il, oktyabrın 9-da keçirilmiş son prezident seçkiləri bir daha ATƏT-in standartlarına uyğun olmayıb. Məhz bu nöqteyi-nəzərdən Avropa Parlamenti Azərbaycan hakimiyyətini DTİHT/ATƏT-in hazırkı və keçmiş hesabatlarındakı tövsiyələrə diqqət yetirməyə və onları çevik bir şəkildə icra etməyə çağırır».
Qətnamədə qeyd olunur ki, Azərbaycanın assosiasiya sazişlərini imzalamaq niyyətində hələ də tərəddüdlər hiss olunur.
AVROPA PARLAMENTİ SEÇKİ BARƏDƏ MÜSBƏT RƏYİNİ GERİ GÖTÜRDÜ
Avropa Parlamenti (AP) Azərbaycanın Avropa İttifaqı ilə iqtisadi əməkdaşlığının əhəmiyyətini vurğulayır, lakin əlavə edir ki, bu ölkədə demokratiya sahəsindəki çatışmazlıqlardan, qanunun aliliyi və insan haqlarının vəziyyətindən narahatdır.
Azərbaycan hakimiyyəti bir daha ifadə və sərbəst toplaşma azadlıqlarının təmin olunmasına, siyasi məhbusların azad edilməsinə, siyasi fəallara, insan haqları müdafiəçilərinə və jurnalistlərə qarşı təqiblərə son qoyulmasına çağırılır.
Sənəddə bütün bu göstərilənlərin Azərbaycanla hər hansı tərəfdaşlıq sazişi üçün şərt olduğu vurğulanır.
SİYASİ FƏALLARIN AZADLIĞA BURAXILMASI TƏLƏB EDİLİR
İlqar Məmmədov və Tofiq Yaqublu
İlqar Məmmədov və Tofiq Yaqublu
Avropa Parlamenti Azərbaycanda prezident seçkiləri ərəfəsində beynəlxalq normalara hörmət edilməməsini pisləyir, Tofiq Yaqublu və İlqar Məmmədov da daxil olmaqla son aylarda həbs edilmiş 14 müxalifət siyasətçisinin, jurnalistinin və insan haqları fəalının dərhal azadlığa buraxılmasını tələb edir.
Qətnamədə həmçinin Avropa İttifaqının özü, Azərbaycana dair aydın siyasətə malik olmadığına görə tənqid edilir.
Müşahidəçilər bildirirlər ki, Avropa Parlamentində ötən gün bu barədə debatların keçirilməsinə bu parlamentin Azərbaycan seçkilərini müşahidə etmiş missiyasının seçkiləri “azad və ədalətli” adlandırması səbəb olub.
Adıçəkilən hesabat ATƏT-in seçki missiyasının hesabatı ilə daban-dabana zidd idi.
Müşahidəçilərin fikrincə, AP qətnaməsi AP missiyasının seçkilərə verdiyi müsbət rəyin geri götürülməsi kimi də qiymətləndirilə bilər.
Azərbaycan prezidentinin seçkisində ən böyük missiyaya malik olan ATƏT seçkini kəskin şəkildə tənqid edən hesabatla çıxış etmişdi.
DEMOKRATİYA «QIRMIZI XƏTT» ELAN EDİLDİ
Azərbaycanda keçirilmiş prezident seçkilərindən sonra
Azərbaycanda keçirilmiş prezident seçkilərindən sonra
Avropa Parlamentinin qətnaməsində bildirilir ki, Avropa İttifaqı Şərq və Cənub qonşuları ilə işləməkdə davam etməli, lakin onların islahatları həyata keçirməsinin tərəqqisini ayrı-ayrı sahələrdə bir-bir təhlil edib qiymətləndirməlidir.
Avropa Parlamentindən alınan xəbərlərdə deyilir ki, Avropa İttifaqı Vilnüsdə keçiriləcək sammitdə Ukrayna ilə assosiasiya sazişini, yalnız Kiyev Avropa İttifaqının bütün tələblərinə cavab verdiyi təqdirdə imzalamalıdır.
AP deputatları bildiriblər ki, Ukrayna ilə assosiaya sazişi yalnız bu ölkə Avropa İttifaqı xarici işlər nazirlərinin 2012-ci il dekabr görüşündə müəyyən edilmiş şərtləri qəbul etdikdən sonra imzalana bilıər.
AP bildirir ki, qonşuluq siyasəti, hər bir fərdi ölkəyə onun tərəqqisi baxımından “çoxa-çox”, “aza-az” prinsipi ilə qiymət verildiyi halda real ola bilər.
AP deputatları bəyan ediblər ki, demokratiyanın təməl prinsipləri, keçilməsi qeyri-məqbul “qırmızı xətt” hesab olunmalıdır və Avropa İttifaqı öz qonşuluğunda demokratik təsisatların, demokratik siyasi partiyaların və vətəndaş cəmiyyətinin inkişafını dəstəkləməlidir.
AP həmməruzəçilərindən Jacek Saryusz-Wolski Şərq Tərəfdaşlığına daxil ölkələrdən danışarkən deyib ki, “burada başlıca problem qanunun alililiyi, seçki və ədliyyə sistemləri də daxil olmaqla demokratiyanın durumu və qərəzli ədliyyədir”.
Jacek Saryusz-Wolski
Jacek Saryusz-Wolski
“Bu problemlər həll olunmadan bizim sistemlərimizin və siyasi dəyərlərimizin uyğun olduğunu qəbul etmək mümkün deyildir” – deyib Jacek Saryusz-Wolski.
RUSİYA DAĞLIQ QARABAĞA GÖRƏ İTTİHAM EDİLDİ
Həmməruzəçi eyni zamanda Rusiyanın Avropa İttifaqı ilə assosiasiya istəyən ölkələrə təzyiqlərini pisləyib.
Qətnamədə bu təzyiq növləri kifayət qədər aydın şəkildə göstərilib.
Sənəddə deyilir ki, Rusiya Helsinki prinsiplərinə zidd olan bu cür cəhdlərdən, yəni Şərq Tərəfdaşlığı ölkələrinə qarşı cəza xarakterli ticarət tədbirləri, viza tələbləri, işçi qüvvəsinin sərbəst hərəkətinin əngəllənməsi, dondurulmuş münaqişələrə müdaxilə kimi hərəkətlərdən çəkinməlidir.
«Dondurulmuş münaqişələr» ifadəsinin ilk növbədə Dağlıq Qarabağa aid edilməsi sənədin başqa bir maddəsində də ifadə olunub.
Qətnamədə deyilir ki, Şərq Tərəfdaşlığına üzv olan bir ölkənin başqa bir üzv ölkənin ərazisini işğal etməsi tərəfdaşlığın təməl prinsiplərinə ziddir və Avropa İttifaqı Ermənistan və Azərbaycanla assosiasiya sazişlərinə baxılması prosesini, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının 1993-cü il 822, 853, 874 və 884 nömrəli qətnamələrinə, ATƏT-in Minsk Qrupunun əsas prinsiplərinə əməl edilməsi ilə əlaqələndirməlidir.
Sənəddə bu da qeyd olunur ki, Ermənistanın Rusiyanın Gömrük İttfaqına üzvlüyü onun Avropa İttifaqı ilə assosiasiya sazişini mümkünsüz edir.
XS
SM
MD
LG