Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:45

Kitab oxumayın!.. Onda xoşbəxt öləcəksiniz!


Bakıdakı "Əli və Nino" kitab dükanının gəncləri kitab oxumağa həvəsləndirən fotosessiyası
Bakıdakı "Əli və Nino" kitab dükanının gəncləri kitab oxumağa həvəsləndirən fotosessiyası
-

Oxumaq çox vaxt aparır.

Oxumaq sərfəli deyil

Oxuyursansa, “luzer”sən.


Aqata Tomaşevska


KİTAB OXUMAYIN!.. ONDA XOŞBƏXT ÖLƏCƏKSİNİZ


Nədənsə, kitabın təbliği üçün aparılan işlər həmişə kənardan bir qrup adamın gələcəklə bağlı mənasız nikbinliyi və illüziyaları kimi görünür.

Kitab oxuyan azdır. Adamların, kitaba maraqlarının azalmasına səbəb gətirdiyi vaxt çatışmazlığı, diqqət toplamağa mane olan saysız-hesabsız əyləncə növləri və kitabın qiymətinin yüksək olması isə, əslində, bəhanədir.

Etiraf etməliyik ki, hər gün vaxtımızın çox hissəsi boş-boşuna keçib gedir və kitabı sevən adam üçün vaxt çatışmazlığı kimi bir maneə yoxdur.

Bəs görəsən əsl səbəblər nə ola bilər?

Polşalı jurnalist Aqata Tomaşevska bu sualın cavabını axtarıb. O lap bu yaxınlarda ölkədə keçirilən nüfuzlu “Nike” ədəbiyyat mükafatının təqdimetmə mərasimini təsvir edir:

“Dəbdəbəli geyinmiş ədəbiyyat adamları bazar günü axşam Varşava Universitetinin kitabxanasına yığışıblar. Bu fakt əslində ilk dəfə eşidiləndə qulağa xoş gəlir. Səs-küylü təqdimat mərasimi keçirilir, həm mükafat komitəsinin sədri, həm laureat İohann Bator uzun nitqlə çıxış edirlər, əsərin polyak ədəbiyyatına verəcəyi töhfələrdən bəhs edirlər, amma heç kimin kitab oxumadığı bir ölkədə bu fakt birdən-birə öz marağını itirir. Bir halda ki, bu mükafat qalib gələn kitabın satılmasına heç bir təsir etməyəcək onda o kimə lazımdır?
NIKE mükafatının təqdimatı, 2005
NIKE mükafatının təqdimatı, 2005

Rəsmi hissə bitəndən sonra ədəbiyyat adamları qırmızı şərabla qızıl balıqdan dadaraq bir yandan da kitabsız gələcəyin, yetişməkdə olan yeni savadsız insanlar dövrünün qaranlıq ssenarisini cızırdılar”.

Sən demə, ədəbiyyatın ölməsi faktı təkcə Azərbaycanda deyil, Avropanın göbəyində, Polşada da özünü təsdiqləyir. Ən son statistikaya görə polyakların 40 faizi 2013-cü ildə əlinə kitab almayıb (bura albom, soraq kitabçaları, lüğətlər də daxildir). Əhalinin cəmi 11 faizi mütəmadi kitab oxuyur, bununla belə mütəmadi sözü il ərzində cəmi yeddi kitab anlamına gəlir.

Müəllifin yazdığına görə, kitabı diriltmək üçün göstərilən bütün səylər, oxucu cəlb etmək üçün aksiyalar təsirsiz qalıb, hətta kitab təbliği kampaniyalarının biri özünə şüar da götürübmüş: “Oxumursan ki? Onda səninlə yatmayacam”. Xeyri yoxdur, nə edirsən et, polyaklar oxumamaq istəklərindən dördəlli yapışıb, ədəbiyyatdan yaxa qurtarmaq uğrunda mübarizə aparırlar. Müəllif onlara haqq qazandırır və oxumamaq üçün ortaya beş ağlabatan səbəb qoyur səbəb:

1. Oxumaq xeyir vermir.

Həqiqət budur ki, insan kitabsız əla keçinə bilər. O bütün həyatı boyu ədəbiyyatla əlaqə qurmadan sevimli, məşhur, uğurlu və ağıllı adam ola bilər. Başqa nə lazımdır? Heç nə! Bu, kitabın mühüm həyat atributu sayılmamasına bəs edər. Hətta Facebook kitabdan daha faydalı ola bilər.

Həyatın kitabdan daha mühüm: iş, ailə, paltar, alış-veriş, dostlar, yemək, şənliklər, seks, idman kimi sahələri var. Kitabdan fərqli olaraq bu sahələr insana nələrsə qazandırır. Kitabsa insanı asosiallaşdırır. Adətən çox oxumuş adamlar, oxumamış adamların arasında özlərini narahat hiss edirlər və oxuduqlarının köməyilə ətrafda özlərini heç də müsbət mənada fərqli göstərə bilmirlər. Belə olan halda nəyə görə qarşılığında heç nə qazanmadığımız bir məşğuliyyətə vaxt sərf edək, axı həmin vaxt ərzində xeyli sayda daha mənalı işlər görə bilərik.

2. Oxumaq çox vaxt aparır.

Bir filmə baxmaq yarım saatımızı, qırx dəqiqəmizi alır. Bir şənliyə gedib bol-bol əylənmək beş-altı saat, bir qəzet təqribən bir saatımızı alır. Fonda musiqi dinləyərək başqa işlərlə məşğul ola bilərik. Bəs kitab? Bir romanı oxuyub sonuna çıxmaq üçün ən azı on-on iki saat bir kresloya yapışıb qalmaq lazımdır! Bizim dövrdə kim bu qədər bekardır?! Bu, fiziki olaraq mümkünsüzdür, dövrümüzdə insanlar səhərdən axşama kimi işdə oturur, axşam yorğun-arğın evinə qayıdır, yolüstü mağazaya baş çəkir, ailə üzvləri, uşaqları, ev heyvanları ilə məşğul olur... Gecə yarısına qədər o artıq tamam sönür və gününün son akkordlarını televizora baxıb, Facebook-da qurdalanıb, sonra da güc-bəla ilə süstləşmiş bədənini yatağına çatdırır. Xüsusən də, o, həftə sonu, bayram günü, ya da tətildə belə ələkeçməz, qiymətli vaxtı kitab oxumağa sərf etmir, ya dostlarıyla, qohumlarıyla görüşməyə gedir, ya futbola baxır, ya da kompyuter qarşısında oturub Facebook-la qurdalanır. Nə məşğuliyyət tapırsansa tap, yenə də kitabın aldığından az vaxt alacaq.

3. Oxumaq adamı əldən salır

Hələ ibtidai sinifdən başlayaraq hər bir uşaq oxumağın əzablı bir iş olduğunu öyrənir. Elə boz, yorucudur ki, sanki insan təbiətinə ən yad, ən uyğunsuz bir məşğuliyyətdir. Orta və yuxarı siniflərdə olanda bu kədərli həqiqətlə barışırıq və ancaq buraxılış imtahanını verəndən sonra rahat nəfəs alırıq. Uzun-uzun mütaliə siyahılarından, öyrəndiklərini sınamaq üçün yazdırılan esselərdən, yoxlama yazılarından canın qurtarır. Hansı ağlı başında olan adam sonradan bu kabusa geri qayıtmaq istəyər?

Axı mütaliə çox üzücü məşğuliyyətdir. O təkcə çox vaxt aparmır, həm də başqa bütün məşğuliyyətlərlə müqayisədə daha çox diqqət, sakitlik, dinclik, tənhalıq istəyir, ətraf aləmdən, internetdən və mobil telefondan uzaq durmağını tələb edir. Amma görüləsi o qədər iş var ki.

Bunun üçün də internet qalib gəlir, diqqət çəkən statuslar, bir abzaslıq məqalələr və əlbəttə ki, bir-birindən maraqlı rəsmlər səni gözləyir. Hə, bir də filmlər var. Yaxşısı budur eyni zamanda bir neçə pəncərə açasan, üstəgəl çat və musiqi pleyerin də işləsin. Belə dolğun bir həyat yaşayan insan heç darıxarmı! Belə rəngarəng həyatın fonunda, kitab oxumaq tərki-dünyalıq, keyləşmə kimi görünür. Hələ məktəb illərindən bəri adamı kitabdan elə bezdirirlər ki, kağız xışıltısını eşidəndə başını tutub qaçır.

4. Oxumaq sərfəli deyil

Söhbət oxuduğun kitaba xərclənən pullardan getmir. Sadəcə, başqa məşğuliyyət növləri heç olmasa qoyduğumuz kapitalı geri götürməyə kömək olur. Mərasimlərdə əməkdaşlıq edə biləcəyimiz adamlarla tanış oluruq, sosial şəbəkələrdə özümüzə imic yaradırıq, bu yolla həyatda uzaq hədəflərə çata bilirik, bizi görürlər, dəyərləndirirlər, iş olanda çağırırlar.

Hətta kinonun da bir mənası var: ona bir tanışınla baxıb sonra təəssüratlarını bölüşə, əhvalını yüksəldə bilirsən. Musiqi də bu cürdür, xüsusilə də rəqs musiqilərinin sədaları altında oynaya, ya da karaokedə mahnı oxuya bilərsən.

Bəs kitabla necə qürrələnəcəksən? Çətin ki, sənin son oxuduğun kitabın adını söhbət etdiyin adam eşitsin, eşitsə belə oxumağına bel bağlama. Bir yandan da hansısa serialın son bölümündən danış, görəcəksən xeyli adamın xəbəri var.

5. Oxuyursansa, “luzer”sən.

Mütaliəli olmaq “luzer”liklə, yəni uğursuzluqla səsləşir. Kitab xəstələrini adətən aşağıdakı qruplardan birinə aid edirlər:

- Botaniklər. Onlar həmişə ilk sırada otururlar, bütün ev tapşırıqlarını yerinə yetirirlər və onları məbadə başqa sinif yoldaşlarına göstərələr. Onlar dostluq və seksual münasibətlərdə əngəllərlə qarşılaşırlar. Siqaret, alkoqol qarşısında əsim-əsim əsirlər, beş yerinə dörd alanda qaş-qabaqları yer süpürür. Bütün sinifin onlardan zəhləsi gedir, amma bu, botaniklərin vecinə də deyil, onlar bu əngəlləri müəllimlərin tərifi və olimpiadadakı uğurlarla kompensasiya edirlər.

- Ana uşaqları. Belələri həmişə astma, ya da fəqərə yırtığına görə idman dərslərindən azad olunurlar. Botaniklərdən fərqli olaraq özlərinə yeməkdən korluq vermirlər, yemək qoxusu gələndə astmanı yaddan çıxarırlar.

- Lunatiklər. Heç kim onları tanımır, heç kim heç vaxt səslərini eşitməyib, adlarını bilən yoxdur. Dost çevrələrində ancaq heç kimin tanımadığı başqa lunatiklər var. Belə adamlar hansısa sahədə həddən ziyadə maraqları və qeyri-adi bacarıqları ilə fərqlənirlər.

- Kitab qurdları. Fərqləndirici cəhətləri: həmişə yanlarında ən azı beş kitab daşımalarıdır. Onların evləri yaşamaq üçün deyil, kitab kolleksiyasını bir araya gətirmək üçün nəzərdə tutulub, buna görə də belə adamlar bir yerdən başqa yerə köçərkən böyük çətinliklə üz-üzə qalırlar. Onlar manyakcasına qarşılarına çıxan bütün kağız materiallarını alıb kitabxanalarını genişləndirməyə çalışırlar. “Bütün bunları oxuyubsunuz?” – sualına ikrah dolu gülümsəmələrlə qarşılıq verirlər.

Filologiya tələbələri – yuxarıda sadalanan bəndlərin istənilən birinə uyğundurlar, amma nə qədər çalışırlarsa çalışsınlar onlardan yeni dövrün Qomboroviçi (XX əsr polyak yazarı – N.H.) çıxmır.

Aqata Tomaşevska
"Krytyka Polityczna" qəzetinə istinadən.

Çevirdi Namiq Hüseynli
XS
SM
MD
LG